“Sarı gəlin”ə görə Almaniyada konsert vermək istəyən xanəndə

Vüsalə Musayeva: “Millətlər arasında dostluq yaratmaq üçün onları musiqi ilə ələ almaq lazımdır”

 

Xanəndə Vüsalə Musayeva artıq 4 ildir ki, Almaniyada yaşayır. Məlahətli səsi ilə kifayət qədər tamaşaçı kütləsinin qəlbini fəth edən ifaçı, yaradıcılığını qərib ölkədə də davam etdirir. İki övlad sahibi olan müsahibimiz,  yeri gələndə evinin xanımı və qulluqçusu olduğunu deyir. Dünyanın harasından yaşamasından asılı olmayaraq vətən sevgisi, vətənpərvərlik hissinin onu rahat buraxmadığını dilə gətirir. Səsləndirdiyi fikirlərdə də vətən həsrətini, o nisgili, sevgini duymamaq mümkün deyil. Müsahibim Almaniyada yaşasa da, özü ilə bərabər daxilində bir Azərbaycan daşıdığını və hər zaman torpağına, dəyərlərinə sadiq qaldığını bildirir.

 

- Vüsalə xanım 4 ilə yaxındır ki, Almaniyaya köçübsünüz. Sizi  vətənə, torpağa bağlı bir xanəndə olaraq tanıyırdıq. Birdən-birə sizi xaricə köçməyə nə vadar etdi?

- 2015-ci ilin əvvəllərində ailə qurdumAlmaniyaya köçdüm. Təbii ki, səbəbsiz yerə heçbaş vermir. Mənim bu sənətdə öz dəsti-xəttim və ifa tərzim var. Ancaq bəzi səbəblərdən, gördüm ki, sənətimi öz bildiyim yolla davam etdirə bilməyəcəyəm. Ona görə, zamanında getməyə qərar verdim.

 

- Buna səbəb nə idi?

- Açıq danışacağam, Azərbaycanda özümə qarşı  diqqətsizlik hiss etdim. Boş-boşuna, mənasız, boğazdan yuxarı kiminsə ünvanına təriflər yağdırmağı sevən biri deyiləm. Münasibətim olmayan, xasiyyətinə bələd olmadığım  insanlara xoş söz demək kimi bir vərdişim yoxdur. Hər hansı işim yolunda getsin deyə, kimlərinsə qapısında yatmaram. Belə xarakterə sahib biri deyiləm. İnsanlar var ki, nəyinsə müqabilində çalışır, özünü göstərir, ancaq mən sənətimi sevirəm və bütün bunları qarşılıqsız edirdim. Getməyimin səbəbi mənə qarşı yürüdülən fərqli siyasəti idi. Bu siyasət çalışdığım OperaBalet Teatrına da təsir göstərirdi. Teatrda çalışan bəzi sənət yoldaşlarım da mənimlə "intriqa” aparırdılar. Düşündüm ki, belə olduğu təqdirdə, orda qala bilmərəm. Mənim üçün çətin idi. Çünki toylara getmirdim. Bu səsi mənə Allah verib. Allah mənə nə qədər ömür bəxş edibsə, bu sənət də mənimlə birlikdə olacaq. Düzdür, vətənimi sevirəm, torpağıma bağlı insanam. Ancaq düşündüm ki, öz vətənimdə səsimlə irəli gedə bilmirəmsə, o zaman yeni bir səhifə açmaq və irəliləmək lazımdır. 

 

- Hazırda yaradıcılığınızın durğunluq dövrünü yaşayırsınız. Bunu qürbət ellərləmi əlaqələndirək, yoxsa küskünlükləmi?

- Heç biri. Övladlarım hələ çox kiçikdirlər. Onların yanında olmaq, böyüdüklərini görmək, müəyyən yaşa çatana qədər özüm baxmaq istəyirəm. Bunun üçün yaradıcılığa bir az ara verdim.  Yaxın zamanlarda böyük layihələrim olacaq. Düsseldorfda yerləşən Anton Rubinşteyn adına Beynəlxalq Musiqi Akademiyasına daxil olmuşam. Övladlarım azyaşlı olduqlarına və indi daha çox qayğıya ehtiyacları olduğu üçün zamanımı uşaqlarıma həsr edirəm. Bunun üçün müəyyən müddət təhsilimi də dondurmuşam. Bilirsiniz ki, təhsil almaq üçün də dərsə getmək, çalışmaq, məşq etmək zəruridir. Əslində burada daha geniş layihələr həyata keçirmək üçün oradan alacağım diplom mənə çox lazımdır. Buradakı Akademiyada vokal üzrə təhsil alacam. Bilirsiniz ki, mən Azərbaycan Milli Konservatoriyasında həm də vokal bölümündə oxumuşam.  Bu dəfə isə dünya ölkələrinin musiqilərinə müraciət edəcəyəm. Təbii ki, zamanla öz əsərlərimizə, muğamlarımıza da müraciət etməyi düşünürəm.

 

- Azərbaycandan uzaqda iki övlad yetişdirirsiniz. Onlara  vətənpərvərlik ruhunu, milli-mənəvi dəyərlərimizi necə aşılayırsınız?

- Övladlarımın hələ ki, çox balacadırlar. Ancaq elə kiçik yaşlarından onlara azərbaycanlı olduqlarını deyir, bayrağımızın mənasından bəhs edirəm. Milli geyimlərimizi, xəritədə Azərbaycanın harada olduğunu göstərirəm. Qızımı konsertlərimə aparıram. Vətəndən kənarda olsa belə, övladlarımı milli-mənəvi ruhda böyüdürəm. Dünyanın harasında yaşamasından asılı olmayaraq, vətən sevgisi vətənpərvərlik hissi insanın daxilində yaşayır. Əgər biz Almaniyada yaşayırıqsa, bu o demək deyil ki, kimliyimizi, soykökümüzü, hardan gəldiyimizi unutmuşuq.

 

- Qəribliyə öyrəşə bilirsinizmi? Necə keçir bir xanəndənin qürbət həyatı?

- Çətindir, amma yaşamağa məcburuq.  Qəlb qırılanda insan  düşünür ki, heç vaxt qəlbinin qırıldığı yerdə çiçək bitə bilməz. Pis vəziyyətdə olanda artıq ona qatlaşmağa məcbur olur. Məcburiyyətdən irəli gələn şeylər var ki, sən  istəsən , istəməsən , o, insanın həyatında yer alır. 4 ildir ki burdayam demək olar ki, bu mühitə alışmağa başlayıram.

 

- Səhnədə, efirdə olan bir xanəndəyə birdən-birə ev xanımı olmaq çətin olmadı ki?

- Əslində heç bir çətinlik çəkmədim. İndiyə kimi bu qədər bu qədər ev işi görməmiş, uzun müddət evdə vaxtımı keçirməmişdim. Ailə qurduqdan sonra  insanın həyatı dəyişir.  Ola bilər ki, mən evdən kənarda, məni sevənlərin əhatəsində sənət adamı, xanəndə ola bilərəm, ancaq evdə evimin xanımı, qulluqçusuyam. Bunları yerinə yetirmək üçün gərək insanın içində bir həvəs, istək, ən əsası da ailə dəyərlərinə hörmət olsun.

 

- Azərbaycanın milli bayram günlərində  Almaniyada konsert proqramı ilə çıxış etdiyinizi eşitdik.

- Almaniyanın Köln şəhərində "Bahar 2019-Köln” adlı bayram şənliyi keçirdik. Bayram şənliyi Almaniyada yaşayandiaspora fəaliyyəti ilə məşğul olan soydaşlarımız, DAK həmsədri Firudin Pərvizniya, Köln şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evinin təmsilçisi Əli Qəmbəri, diaspora fəalı Behnam Azad tərəfindən təşkil edilmişdi.

Tədbirdən əvvəl  bayraqmilli naxışlarla bəzədilmiş faytonla Köln şəhərində milli geyimlərimizi nümayiş etdirdik.

Güneyli-quzeyli soydaşlarımızın iştirakı ilə keçirilən bayramda soydaşlarımızla yanaşı, türkrus icmalarının təmsilçiləri, Almaniyadan olan qonaqlar - Köln bələdiyyəsinin təmsilçiləri, Bundestaqın deputatları da iştirak edirdi. Bundan başqa Cümhuriyyətin 101 illiyi ilə əlaqədar konsert proqramı ilə çıxış etdim.  Konsertimiz "Azad insan kölə olmaz” adı ilə keçirildi və kifayət qədər maraq cəlb etdi.   Eyni zamanda orada Azərbaycan günlərini qeyd etdik. Konsertə əfqanlar, iranlılar, almanlar gəlmişdi. Mən orada Azərbaycan mahnıları ilə bərabər, fars, rus, italyan, alma mahnıları da oxudum. Çünki millətlər arasında dostluq yaratmaq üçün onları musiqi ilə ələ almaq lazımdır.  Mənim ifamda səslənən o xarici mahnıları dinlədikdə fərəhlənirdilər. Nə qədər də olmasa, mən onlar üçün başqa bir xalqın nümayəndəsiyəm.

 

Məni narahat edən məsələ Almaniyada yaşayan azərbaycanlıların öz adətləri, dəyərləri ilə bağlı burdakılara kifayət qədər məlumat verməmələridir. Bir yerdə yaşayırsansa, öz milli-mənəvi dəyərlərini digər xalqlarla paylaşmalısan. Necə ki, digər xalqlar paylaşır. Almaniyada mütəmadi olaraq ərəb, əfqan günləri keçirilir. Belə olduqda, almanlar onların milli-mənəvi dəyərlərinə həm hörmət edir, həm də məlumatlanırlar. Ancaq Almaniyaya gələn bir çox azərbaycanlılar təbliğat məsələsinə gəldikdə tənbəllik edirlər. Əgər sən hər hansı bir ölkədə yaşayırsansa, öz mədəniyyətini, musiqini, mətbəxini tanıtmalısan. Hər kəsə məlumdur ki, bizim yeməyimizi, musiqimizi ermənilər öz adlarına çıxarırlar. Buna görə də, ələ düşən imkanlardan yetərincə istifadə etməliyik ki, onlara bu niyyətlərində mane ola bilək. Təbii ki, onların qarşısına sübutlara çıxaq.

 

- Hazırda qarşınıza hədəf qoyduğunuz layihələr varmı?

- Xalq mahnımız "Sarı gəlin”i burada oxumaqgeniş kütləyə təqdim etmək niyyətindəyəm. Hətta burada türk qardaşlarımız deyirlər ki, "Sarı gəlin” mahnısını ermənilərdən eşitmişik, bu, onların mahnısıdır. Mən də buna görə böyük bir solo-konsert vermək istəyirəm.

"O səs Türkiyə” musiqi yarışması kimi müsabiqə burda da var. O yarışmada iştirak etmək və həmin müsabiqədə  Azərbaycan mahnıları oxumaq istəyirəm.  Əslində bir dəfə qatılıb növbəti turlara vəsiqə qazanmışam, ancaq ailə durumuma görə, digər mərhələlərdə iştirak etmək imkanım olmadı. Müsabiqəyə qatıldıqda  öz mahnılarımızı ifa edəcəyəm. Çünki onlar yeni səs eşidəndə, bu, onlara maraqlı gəlir. Yeni mövsümdən bir çox layihələrim olacaq. Türk Sənət Musiqi Xorunun solisti kimi də dəvət almışam. Yeni mövsümdən danışıqlar gedəcək, şərtləri mənə uyğun olarsa, qəbul edəcəyəm.

 

Xəyalə Rəis

Kaspi  2019.- 2 avqust.- S.8.