“Yaşı yalnız idman edəndə, kürəyim ağrıyanda hiss edirəm”

85 yaşlı Pyer Rişar yubileyini təmtəraqlı keçirmək istəmir

 

Onun haqqında çoxlu lətifələr gəzir, onların bəzilərini isə özü böyük həvəslə danışır. Onlara inansaq, aktyorun real siması ekrandakı ölüvay obrazlarından fərqli təəssürat yaratmır. Məsələn, bir dəfə Nyu-York aeroportunda tanımadığı bir adam gömrükdə ondan çemodanını keçirməyi xahiş edib. Pyer Rişar sadəlövhlüklə razılaşıb və çemodan açılanda məlum olub ki, sahibi qaçaqmal aparır. Buna görə də o həyatda ekranda olduğu qədər bəxti gətirən deyil. Dostu Jerar Depardye özünün "Oğurlanmış məktublar” kitabında Pyeri xarakterizə edərək yazıb: "Mən sənə həmişə təlxək kimi yanaşmıram, səni Dostayevskinin knyaz Mışkini sayıram. Sənin kövrəkliyini başa düşürəm, mənim Pyerim. Mən bu kiçik məktubumda səni olduğun kimi göstərməyə çalışıram: Sağ qalmağın üçün özünü insanlardan qorumalısan. Hansı ki, küçədə kürəyinə şappıldadıb "Sən güclü tipsən, arxamca gəl, mən yolu tanıyıram” deyirlər. Sonra ilk tupikdəcə bıçağı kürəyinə saplayırlar. Sən axı bu cür adamlara sadəlövhlüklə inanır və yumulu gözlərlə onları izləməyi bacarırsan. Küçədə və ya cəngəllikdə həmişə yadında olsun: yalnız birinci zərbəni vurmağı bacaran, dərhal ürəyinə yatmayan insanlarla səyahət etmək lazımdır”.

Qara çəkməli, hündür sarışın

Pyer Rişar şöhrətə də çox gec çatıb. 70-ci illərin ortalarında – 40 yaşı ərəfəsində kinoulduz olub. Ancaq həmin illərə qədər Fransanın ən yaxşı komediya aktyorlarından idionun filmlərini nə vətənində, nə də başqa ölkələrdə yaddan çıxarırdılar. Ata babası aristokrat ailədən idi. Ana babası isə İtaliyadan gələn immiqrant kimi tanınırdı. O, bütün ömrü boyu fransız dilində pis danışırdı. İkinci babası sarışın nəvəsi doğulanda çox sevinmişdi. Onu özü ilə hər yerə aparır, firma müəssisələrinin hazırladığı yeməklərdən yedizdirirdi. Məhz bu babasının Pyerin gələcək uğurları haqqında proqnozu düz çıxmışdı. Babası "Sən nəvələrimin içərisində yeganə uğur qazanacaq adamsandemişdi. Pyer Rişar məhz babasının uzaqgörənliklə söylədiyi bu sözləri işləri düz getmədiyində də xatırlayırdı. Çünki uzun illər onun aktyorluq karyerası üçün çətinliklər yaranmışdı. Komik olmaq istəyəndə ata babası və onun ailəsi ilə maneələr yaşadı. Pyer filmlərdə çox çəkilsə də, rolları gah epizodik, gah da kütləvi səhnələrdə olurdu. 70-ci illərdə kabaredə çıxış edəndə də bəxti gətirmədi. Sanki rejissorlar onun istedadını görmürdülər. O, öz istedadını göstərmək üçün az qala dəridən-qabıqdan çıxırdı. Ancaq görünür, hər şeyin öz zamanı var... "Sarışın”ın uğurundan sonra o, «Oyuncaq» filminin prodüseri oldu. Filmlərindən söz düşəndə də «Oyuncaq» filmini sevdiyini söyləyir. «Uğursuzlar» filminin qəhrəmanını isə heç xoşlamadığını deyir: «Mən xoşbəxt adamam və həyatda həmişə bəxtim gətirib».

Pyer Rişarın ən böyük uğuru rejissurada debüt edən Fransis Veberlə işbirliyi idi. Məhz bu rejissor onu ekranda Jerar Departyeyə yaxınlaşdırdı. «Uğursuzlar» filmini Meksikada 50 dərəcə istidə çəkirdilər. Jerar Depardye əqrəbləri dişləyirdi. Eyni zamanda, it və pişiklərlə də münasibətləri yaxşı idi. Sonra onlar «Atalar» və «Qaçqınlar» filmlərində çəkildilər ki, bu ekran əsərləri Fransa, SSRİ və ABŞ-da hitə çevrildi. Sonradan başqa rejissor və ssenaristlər bu iki ulduz haqqında eyni filmlərdə rollar düşünməsələr də, onlar həyatda dost olaraq qaldılar.

Pyer Rişar heç vaxt seks simvol kimi görünmürdü, amma qadınlar tərəfindən həmişə bəxti gətirirdi. Onun «Aşiq aşpazın min bir resepti» filmində çəkilən gürcü Nana Gorcadze Pyeri inanılmaz dərəcədə arvadbaz adlandırırdı.

Aktyor 60-cı illərdə balerina Daniel Minadzoli ilə evləndi və onların iki oğlu dünyaya gəldi. Onlar ayrılandan sonra Rişarın macəraları bitmədi. Özündən 30 yaş kiçik mərakeşli Aişə ilə sevgisi dillərdə dolaşdı. Sonra qızı yaşda olan brazilyalı model Seyla Laserda ilə evləndi. Onlar artıq 20 ildir ki, bir yerdədirlər.

Son illər Rişar çox nadir hallarda çəkilir. Ancaq kino televiziya ekranlarında uzun müddət görünməsə , bu, onun populyarlığına xələl gətirmir. Qara çəkməli, hündür sarışını publika əvvəlki kimi sevir. Ətrafa pozitiv emosiyalar saçan bu cür cəlbedici kişini necə sevməmək olar? İndi tamamilə ağarmış pırtlaşıq gur saçları, rahat geyimi, boynunda alabəzək yaylığı, qırmızı çərçivəli eynəyi, dünyaya aydın nəzərlərlə baxan mavi gözləri ilə yenə hamının sevimlisidir.

85 yaş hardan çıxdı?

Yubileyinə gəlincə, aktyor bu tarixi bayram kimi qeyd etməyi düşünmür. Səbəbini gizlətmir.

- Sizin yubileyinizdir. 85 yaşKeçən il ad gününüzü Fransada sakitcə qeyd etdiniz. İndi təmtəraqlı mərasimə hazırlaşırsınızmı?

- Qətiyyən qeyd etməyəcəyəm.

- Necə yəni, axı yubileydir?

- Ailə, yoldaşım uşaqlarım deyirlər ki, gəl, qeyd edək. Özümdən başqa yubileyim hamının xoşuna gəlir. Mən artıq həyatımdakı ad günlərimdən təngə gəlmişəm. 40 yaşım olanda, əlbəttə, bu, mənim xoşuma gəlirdi, indi isə yoxBir mənə yaşımı xatırlatmayın. Bu rəqəm qətiyyən xoşuma gəlmir. Başa düşmürəm, bu rəqəm haradan çıxdı, mən bunu qətiyyən hiss etmirəm. Yaşı yalnız idman edəndə, kürəyim ağrıyanda hiss edirəm.

- Amma siz adətən zarafat edirsiniz ki, həmişə 8 yaşınız olacaq. Hər şeyi 8 yaşında qavrayacaq, dünyaya baxışınızı dəyişməyəcəksiniz. Heç olmasa, 8 yaşınızı qeyd edərdiniz...

- Bax, bunu istisna etmirəm. Ola bilər qeyd edim. Cavan olmaq çox xoşdur...

- Kompliment kimi qəbul etməyin, amma siz ekranda hətta çox cavan görünürsünüz.

- Mən aktyorluğa ona görə gəlmişəm ki, ekranda cavan görünüm. yaxud tədricən qocalım. Siyasətçi olub yarım ilə təravətimi itirərdim. Aktyorluq isə xoş işdir. İşə sanki bayrama gedirmişənmiş kimi gedirəm, işdən elə qayıdıram. Mən həmişə həyatdan zövq alıram.

- Son illər siz harada gizlənmisiniz?

- Mən əsasən səhnədə oynayıram. Yaşı keçmiş adamların bir üstünlüyü varhər şeyi zövq almaq üçün edirəm. Son illər mənə dəhşətli ssenarilər təklif edirdilər. Bütün rollardan imtina etməli oldum. Ancaq əvəzində  teatr truppası ilə qastrollara çıxıb bütün dünyanı gəzirəm.

- Yeni filminizin qəhrəmanının adı da Pyerdir. Sizi birləşdirən ümumi şeylər çoxdurmu?

- Yaşla addan başqa heç . Əksinə, biz Pyerlə bir-birimizdən o qədər fərqlənirik ki, rejissora tez-tez çəkilişləri dayandırıb mənim səhvlərimi düzəltmək lazım gəlirdi. Çox sürətlə hərəkət edirəm, hətta bəzən qaçıram. Ümumiyyətlə, mənim aktiv bədən dilim var. Ona görə rejissor mənə tez-tez xatırladırdı ki, çalış ləng hərəkət et danış, axı sən qocanı oynayırsan.

Alen Delona oxşamasam da

- Bəs «Misyö Ştayn şəbəkədədir» filmi ilə bağlı deyə bilərsiniz?

- Etiraf edirəm ki, mən texnikanı araşdırıram. Əlbəttə,  ekran qəhrəmanımdan pis səviyyədə. Mən bu yaxınlarda telefonla məlumat yazmağı öyrənmişəm. Hərdən axtarış səhifəsinə keçirəm. Öz kompyuterimi açanda onda mənim həyatımdan tamamilə fərqli gizli həyat başlayır. O, daim mənim icazəm olmadan yüklənir.

 

- İnternetdə sevgi axtarmağa necə baxırsınız?

- Sevgi axtarmaq ideyası həmişə xoşuma gəlir. Ancaq internet mənə bu məqsəd üçün yaramır. Axı mənim şarmım həmişə gurultulu macəralara hesablanıb. Mən onda bu istedadımı şəbəkələrdə necə üzə çıxara bilərəm? Sözləri süzgəcdən keçirə bilərəm, amma sözlərimi hadisələrlə əsaslandırmaq qətiyyən mümkün deyil. Ümumilikdə internetdə sevgi axtarmağı inkar etmirəm. Axı mesajlar elektron məktublar da romantik məntiqli ola bilər. Hətta onlardan ehtiras doğa bilər. Həyatda hər şey olur. Mənim yaşıdım olan tanışım var. Onlar internetdə tanış olub evləniblər. Yaşlı nəsildən fərqli olaraq bu gün insanların partnyora daha çox ehtiyacı var. Mənim atam 55 yaşında olanda qocalmış sayılırdı. Amma bu gün 70 yaşında olan insanlar cavan keçilər kimi hoppanırlar. Müasir qocalar təkcə səyahət etmirlər, həm yeni sevgilər tapırlar. Mən sevinirəm ki, bu gün tabular çox azalıb.

- Siz həyat yoldaşınızla internetdə tanış olmamısınız?

- Seyla ilə 25 il əvvəl Porkerol adasında tanış olmuşam. Bizim orada ümumi dostumuzun evi var. Mən birdən orada temperamentli braziliyalını gördüm. Onda o model işləyirdi fotosessiyaya gəlmişdi. Onun gülüşünə nail olmaq üçün həyatımın ən yaxşı rolunu oynadım. Başqa cür olsaydı mən onu qazana bilməzdim. Ola bilərdi ki, boyumla nəyəsə nail olum, amma üzdən mən dəqiq Alen Delon deyiləm. Ona görə qadını yumorla «yoldan çıxardım». Alen Delona oxşamasam da, heç olmasa yumor hissim var.

- Filmdə seçdiyiniz aktrisa sizdən 40 il cavandır

- Hesab edirəm ki, 40 il fərqi çox böyükdür. Amma 25 ilmənimlə arvadım arasındakı kimi tamamilə qəbul ediləndir. Bəzən əksinə olur, arvad ərindən 25 yaş böyük olur. Bizim yeni prezident kimi. Mən bunu qətiyyən başa düşmürəm. Mənim oxşar təcrübəm yoxdur, ancaq madam Makron çox cazibədar qadındır. 

- Siz böyük sevgiyə inanırsınız?

- Müxtəlif sevgilərə inanıramböyük, gənc, ilk baxışdanSonuncu sevgibu dəqiq həyatda ən böyük sevgidir. Seyla mənim ilk sevgim deyildi, amma o, şübhəsiz ki, ən füsunkar sevgidir.

 

Rusiya mətbuatından tərcümə etdi

Təranə Məhərrəmova

Kaspi  2019.- 24-26 avqust.- S.6.