Sənətinin vurğunu
olan peşəkar poliqrafçı
O, Azərbaycanda da “Çap Akademiyası”nın yaradılmasını arzulayır
Deyirlər ki, abad kənd
yolundan tanınır. Müasir, abad
kəndi həm də dağdan ağır kişiləri,
hörmət-izzətli ağsaqqalları,
nüfuzlu ziyalıları
tanıdır, şöhrətləndirir.
Lerikin Nücü kəndi zümrüd donlu meşələrin, uca dağların əhatəsində
yerləşir. Bu yerlər
saf, təmiz havası, diş göynədən bulaqları,
əsrarəngiz təbiəti
ilə yanaşı, halal, zəhmətkeş insanları, alimləri, ziyalıları ilə də məşhurdur.
Mirxan Xudaquliyev
Lerikin bu cənnətməkan diyarının
yetirməsidir. Nücü kənd orta
məktəbini 1976-cı ildə
bitirib. Həmin ilin 22 məzunundan 14-ü
ali təhsil
alıb. Məktəbin
dil-ədəbiyyat müəllimi,
mərhum Burhan Diniyev ədəbiyyatı,
doğma ana dilimizi onlara necə sevdiribsə, əksəriyyəti filologiya
ixtisasını seçib.
Mirxan da Bakı Dövlət
Universitetinin filologiya fakültəsinə qəbul
olunub. Görkəmli alimlərdən dərs
alıb, elmin sirlərinə dərindən
yiyələnib. Sonralar iki
qardaşı da universitetin tarix və hüquq fakültələrini bitirib.
Təhsilini yüksək qiymətlərlə
başa vuran Mirxan Xudaquliyev dərin biliyi, ictimai fəallığı
ilə seçildiyindən,
Bakı şəhərinin
Sənaye üsulu ilə Evtikmə İstehsal Birliyinin 3 saylı evtikmə kombinatında komsomol işinə irəli çəkilir. Sonra işgüzarlığı,
yüksək təşkilatçılıq
qabiliyyəti sayəsində kombinatın
həmkarlar təşkilatının
sədri seçilir. Ömrünün 12 ilini tikinti
işçilərinin mənzil-məişət
qayğılarının həllinə,
istirahətlərinin mənalı
təşkilinə həsr
edir. O illərdə
Yeni Yasamal, Əhmədli, Günəşli,
Hövsan və Güzdəkdə hündürmərtəbəli
yaşayış binalarının
inşasında kombinatın
əməkçilərinin böyük əməyi olub. Tikinti işlərinin
təşkilində, fəhlələrin
iş başında isti yeməklə təmin olunmasında həmkarlar təşkilatının
sədri kimi qüvvəsini əsirgəməyib.
Ukraynadan
aldıqları avadanlıqlarla
ilk dəfə olaraq yeməklər isti halda fəhlələrə
çatdırılıb. Mirxan müəllimin səyi, xeyirxahlığı nəticəsində
illərlə mənzil
gözləyən ailələr
mənzillə təmin
edilib, imkansızlara maddi yardım göstərilib.
Mirxan müəllim sonra Azərbaycan Milli Elmlər Akademiyasının
Füzuli adına
Əlyazmalar İnstitutunun
nəzdindəki "Örnək”
nəşriyyatında çalışıb.
Burada mətbəə
işi ilə yaxından tanış
olub, çap texnologiyalarını mənimsəyib.
Elə o
vaxtdan poliqrafçı
peşəsinə bağlanıb.
Yaratdığı "Zəka-M” kiçik
müəssisəsində bukletlər,
broşuralar, kitab və jurnallar çap olunub. O vaxtlar rus dilində
olan müxtəlif sənədlərin, qeydiyyat
və məlumat
kitabçalarının ana
dilimizdə çapını
təşkil edib.
Dövlət Sərhəd Xidmətində
mətbəə yaratmaq
zərurəti yarananda
bu məsuliyyətli iş təcrübəli,
peşəkar kadr kimi Mirxan müəllimə
tapşırılıb. Burada
fasiləsiz olaraq 12 il "Sərhəd”
təsərrüfat hesablı
müəssisənin direktoru
vəzifəsində işləyib.
Çap
etdiyi məhsullar dizaynı, yüksək keyfiyyəti ilə seçilib.
2012-ci ildə çap
məhsullarının istehsalı
ilə məşğul
olan "Print-Land” MMC-ni
təsis edib. İlk növbədə köhnəlmiş
avadanlıqların təzələnməsinə,
müasir texnologiyaların
tətbiqinə, kadrların
peşəkarlığının artırılmasına üstünlük
verib. Almaniyadan müasir çap
və digər mətbəə avadanlıqlarını
gətirərək quraşdırıb.
Müasir texnologiyalara əsaslanan,
eyni vaxtda 4 rəngdə çap edən maşınlar məhsul buraxılışının
sürətlənməsinə, keyfiyyətli məhsul istehsalına zəmin yaradıb.
M. Xudaquliyev sənətinin vurğunu, işinin peşəkarıdır. Poliqrafiyanın indiki vəziyyətindən, problemlərindən söz düşəndə deyir: "Ölkəmiz bütün sahələrdə dinamik inkişaf edir. Azərbaycan brendi ilə buraxılan məhsullar ölkəmizi dünyaya tanıdır. Əvvəllər poliqrafiya sahəsində müəyyən çətinliklərimiz olub. Bəzi çap məhsullarına görə qardaş Türkiyəyə, digər xarici ölkələrə üz tutmuşuq. Amma dövlətimizin qayğısı sayəsində bu gün Azərbaycanda poliqrafiya yüksək inkişaf mərhələsindədir.
Respublikamıza kifayət qədər yeni, müasir çap avadanlıqları gətirilib, buraxılan məhsulların çeşidi, həcmi, keyfiyyəti xeyli yüksəlib. Yeniliyin tətbiqinə diqqət artıb. Yaxşı olardı ki, respublikamızın peşə, orta ixtisas və ali məktəblərində poliqrafçı kadrlar hazırlansın. Buna ehtiyac çoxdur. Açıq deyək ki, poliqrafiya sahəsində çalışanların böyük əksəriyyəti bu sənəti istehsal prosesində öyrəniblər. Onlar heç bir nəzəri, praktiki hazırlıq olmadan bu sahəyə gəliblər.
Poliqrafiya sistemində peşəkarlara tələbat gündən-günə artır. Hər il ölkəmizə çoxlu sayda turistlər gəlir. Əcnəbi turistlərə verilən bukletlər, soraq kitabçaları, jurnallar, Bakı şəhərinin küçələrində vurulmuş çoxsaylı reklam lövhələri xüsusi zövqlə, müasir poliqrafiyanın tələbləri səviyyəsində hazırlanmalıdır. Bunu isə peşəkarlar daha yaxşı bacarır. İnkişaf etmiş xarici dövlətlərdə olduğu kimi ölkəmizdə də "Çap Akademiyası” yaradılsa, bu, poliqrafiya sisteminin inkişafına sanballı töhfə verəcək”.
Respublikamızın ilk poliqrafçı alimi, iqtisad elmləri namizədi, 3 saylı Bakı Mətbəəsinin direktoru Şəddat Cəfərov həmkarının poliqrafiya sahəsində peşəkar, nüfuzlu kadr kimi tanındığını vurğulayaraq deyir: "Mirxan müəllimlə demək olar ki, hər gün görüşürük. İşini sevir, yeniliyə böyük maraq göstərir. Almaniya istehsalı olan 4 rəngdə çap imkanı olan ofset, kəsici və digər avadanlıqları tətbiq etməklə, o, yeniliyə imza atıb. Quraşdırdığı təzə maşınlar, avadanlıqlar çap prosesini kompleks şəkildə qurmağa imkan verir. Yeni texnologiyaların hesabına çap məhsullarının hazırlanmasına sərf olunan vaxt xeyli azalıb, məhsulun keyfiyyəti isə artıb. Mirxan müəllim savadlı, təcrübəli poliqrafçı olmasına baxmayaraq, daim mütaliə edir, öyrənir, poliqrafiyanın yeniliklərini müntəzəm şəkildə izləyir. Onunla iş, sənətlə bağlı çoxlu müzakirələr aparırıq. Oğlu Elnur da bu sahəni mükəmməl öyrənib, ata yolunu ləyaqətlə davam etdirir”.
Azərbaycan Milli Elmlər Akademiyasının akademik katibi, akademiyanın elm və təhsil baş idarəsinin rəisi, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Əminağa Sadıqov Mirxan müəllimin ucqar bir rayondan pərvazlandığını, poliqrafiya sahəsində layiqli mövqe, böyük nüfuz qazandığını önə çəkdi: "Mirxan müəllimi çoxdan tanıyıram. İşində çox məsuliyyətlidir. Bu onun ən gözəl, müsbət xüsusiyyətlərindən biridir. Bu sahə mənə də doğmadır, çünki müntəzəm şəkildə yeni kitablar, jurnallarla tanış oluram. Mirxan müəllimin nəfis şəkildə buraxdığı çap məhsulları tərtibatı, yüksək keyfiyyəti ilə seçilir. O, bu işə canlı orqanizm kimi baxır. Çap prosesinin bütün mərhələlərinin yüksək səviyyədə icra edilməsinə, işin nəticəsinin səmərəli olmasına xüsusi önəm verir. İşgüzar, bacarıqlı bir kollektiv yaradıb.
Dostluqda çox etibarlı və sadiqdir. Bəzən öz işini kənara qoyub dostunun, tanışının qabağına düşür, heç vaxt köməyini əsirgəmir. Gözəl ailə başçısıdır. Ailə prinsiplərinə çox ciddi əməl edir. Övladları Emin və Elnura yaxşı təhsil verib. Hər ikisi savadlı, yüksək intellektə malikdir. Cəmiyyətdə layiqli mövqe tuturlar.
Mirxan müəllim böyüyüb boya-başa çatdığı doğma ata yurduna çox bağlıdır. Kəndlə əlaqəsini heç vaxt kəsmir. Xeyirdə-şərdə, kəndin sosial problemlərinin həllində yaxından iştirak edir”.
Nücü kənd həkim məntəqəsinin müdiri Ağaddin Rzayev Mirxan müəllimi kəndin, doğma rayonun, respublikamızın dəyərli ziyalısı, xeyirxah, səmimi, nəcib bir insan kimi qiymətləndirir. Xeyirxahlığından misallar çəkir. Kənddə imkansızlara, xəstələrə dayaq olduğunu, neçə-neçə gəncin işlə təmin edilməsinə kömək göstərdiyini, kənd yolunun çəkilişinə yardım etdiyini bildirir. El-obanın onun kimi layiqli, ləyaqətli övladı ilə fəxr etdiyini fərəhlə söyləyir.
Mirxan müəllim bu günlər ömrünün yeddinci onilliyinə qədəm qoyur. Arxaya boylananda illərin xoş xatirələri gözləri önündə canlanır. Düşünür ki, ömür hədər getməyib. Qarşıda isə görüləsi işlər hələ çoxdur.
Əlisəfa Həsənov
Kaspi 2019.- 30 avqust.- S.7.