Hamımızın
sağlamlığını təhlükə altında qoyanlar
Ekspertlərin
fikrincə, öz mənfəəti üçün ekologiyanı çirkləndirənlərə
qarşı sərt tədbirlər görülməlidir
"Xəzər dənizinin Azərbaycan sektorunda şimaldan cənubadək olan sahil zolağı boyunca apardığımız son monitorinqlərin nəticəsinə görə dənizin şimal sahilində fəaliyyət göstərən "Təhsil”, "Elfaro”, "Oberluks”, "Palma”, "Atlant” və "Liverin”, Şıx çimərliyi ərazisində isə "Dostluq”, "Ramada” istirahət mərkəzləri təmizləyici qurğular istismar edirlər. Digər obyektlərin hamısının bu gün də Xəzəri çirkləndirməkdə davam etdiyi müəyyən edilib”. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov avqustun 29-da keçirilən mətbuat konfransında deyib. İdarə rəisi bildirib ki, Sumqayıt, Novxanı, Buzovna, Şüvəlan, Türkan, Hövsan, Sahil, Lənkəran və Astara ərazilərində fəaliyyət göstərən bütün ictimai-iaşə obyektləri də tullantı sularını birbaşa olmasa da dolayı yolla Xəzərə axıtmaqda davam edir: "Bir daha dənizi çirkləndirənlərə bildiririk ki, dənizə bu cür etinasız münasibət davam edərsə, hamımızın sağlamlığımız təhlükə altında qala bilər. Onları primitiv, köhnə üsullardan uzaqlaşıb müasir texnologiyalardan istifadə etməklə fəaliyyət göstərməyə səsləyirik. Biz həm də bələdiyyələrə, yerli icra orqanlarına çağırış edirik ki, onlar da bu işdə fəal olsunlar, ətraf mühitə münasibətdə sağlam mövqe tutmağa yönələn fəaliyyətə dəstək versinlər”.
Bəs görəsən öz
mənfəəti uğrunda ekologiyaya zərər vuran
şəxslərlə necə mübarizə
aparılmalıdır? Bu sahədə
hansı işlər görülür?
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks
Ekoloji Monitorinq
İdarəsinin rəisi Ərəstun Həsənovla əlaqə
saxladıq. O, bizimlə söhbətində bir
sıra vacib məqamlara toxundu:
"Xəzər dənizinin Azərbaycan akvatoriyasına mənsub
olan hissə Yalamadan başlayaraq Astaraya qədər
olan 955 km-lik bir ərazini əhatə edir.
Bildiyiniz kimi bu əraziyə aid olan Nabran, Sumqayıt, Buzovna, Şüvəlan, Türkan,
Hövsan, Şıxov, Lənkəran-Astara
zonalarında yüzlərlə istirahət mərkəzləri
və iaşə obyektləri fəaliyyət göstərir.
Hətta təbii axarlar və çaylar üzərində də belə istirahət mərkəzləri
fəaliyyət göstərir. Hər ilin
əvvəlində belə iaşə obyektlərinə
lazımı xəbərdarlıqlar edilir.
Bu obyektlərin
fəaliyyəti nəticəsində yaranan
tullantı suları təmizlənərək zərərsizləşdirilməlidir.
Çirklənmiş su dedikdə suyun tərkibindəki bağırsaq
çöpləri, xəstəlik yaradan
bakteriyaların miqdarının
normadan artıq
olması nəzərdə tutulur.
Əgər hər hansı bir obyekt fəaliyyət göstərərək
gəlir əldə edirsə, o, ətraf mühitin təmizliyinə də biganə
qalmamalıdır. Onların fəaliyyəti nəticəsində
formalaşan tullantı və çirkli sular təmizlənərək
təbii axarlara, yaxud birbaşa Xəzərə
axıdılmalıdır. Həmçinin təmizlənən
sudan ağacların suvarılmasında və
texniki məqsədlərlə istifadə
etmək mümkündür. Amma təəssüflər olsun
ki, iaşə obyektləri və çimərliklər
ekoloji problemləri nəzərə
almırlar və bu məsələdə
fəallıq göstərmirlər. Artıq dəfələrlə
xəbərdarlıq edilməsinə baxmayaraq,
vəziyyət qaneedici deyil.
İnsanlar təmiz və ekoloji
mühitdə yaşamalıdırlar. Əsas məqsədimiz
ətraf mühitə və ekologiyaya vurulan ziyanın qarşısını
almaqdır. Tullantı sulardan
nümunələr götürüb tərkibinə
baxdıqda görürük ki, həqiqətən də suyun
tərkibində bağırsaq çöplərinin sayı normadan dəfələrlə artıqdır. Çirkli su Xəzərin
flora və faunasına da
böyük ziyan vurur və bütövlükdə
ekosistemə mənfi təsir göstərir. Çimərliklərdən
istifadə edən insanlar, uşaqlar
bunun fərqinə varmırlar2.
Ekspert deyib
ki, çirkli su hər kəsin, xüsusilə
uşaqların orqanizminə çox böyük təsir göstərir və
müxtəlif xəstəliklər yaranır: "Adətən,
mədə-bağırsaq xəstəlikləri yay aylarında geniş
yayılır. Ona görə də,
vaxtında həyəcan siqnalı
çalınmalıdır. Qeyd etdiyim kimi, iaşə
obyektlərinin rəhbərləri artıq xəbərdarlıqlara
məhəl qoymurlar. Belə olanda, biz, müvafiq
qaydada aidiyyəti
üzrə vəsatət qaldırmalı oluruq.
Bu obyektlər məhkəməyə verilərək
cərimə tətbiq olunur. Əslində
bizim əsas məqsədimiz cərimə
etmək deyil, ekoloji təmiz
mühitdə yaşamaqdır. Bu məsələdə
hər kəsi prinsipial mövqe
sərgiləməyə dəvət edirəm. Sağlam mühitdə yaşamaq
hər birimizin haqqıdır. Əslində
bu problemi özümüz yaradırıq. Ona görə də, problemi
aradan qaldırmaq əsas hədəfimiz
olmalıdır. Bu günə kimi görülən işlər nəticəsiz
deyil. 10 faiz də olsa öz məqsədimizə
nail ola bilmişik. Bioloji təmizləyici
qurğular quraşdırılaraq çirkli sular təmizləndi,
amma bununla kifayətlənmək
olmaz. Bu məsələdə
önəmli məqamlardan biri də
maarifləndirmə işidir. KİV-lərin
ekologiyanın təmiz saxlanılmasında və maarifləndirmə
işində xüsusi rolunu
qeyd etmək lazımdır. Əgər bu günə kimi nəyə
nail olmuşuqsa, bu, mətbuatın dəstəyi ilə olub. Biz səsimizi televiziya və digər media
vasitələri ilə ictimaiyyətə
çatdırırıq. Düşünürəm ki, maarifləndirmə işi
inzibati cərimələrdən daha vacibdir. Bələdiyyələr,
yerli icra hakimiyyəti
orqanları və digər aidiyyəti qurumların da üzərinə böyük
iş düşür.
Ekologiyanın təmiz saxlanılması onların da vəzifə borcudur. Hər
kəs bu qlobal problemlə
mübarizə aparmalıdır”.
Biologiya elmləri doktoru, professor Rauf Sultanov deyir ki, bu gün dünyada gedən urbanizasiya prosesi və insanların sayının artması müxtəlif ekoloji problemləri günü-gündən artırır: "Bu problemlər artıq qlobal səviyyəyə gəlib çatıb. Dünya miqyası ilə müqayisə etsək, hələlik Azərbaycanda vəziyyət çox da dəhşətli deyil. Amma təəssüf ki, artıq ekoloji problemlər bizdə də geniş yayılmağa başlayıb. Hazırda bu istiqamətdə müxtəlif işlər görülür. Müxtəlif su təmizləyən qurğular istifadəyə verilib. Amma bu qurğular böyük vəsait tələb edir. Ona görə də, bir sıra çimərliklərdə qurğulardan istifadə edilmir. Nəticədə Xəzərin müəyyən hissəsində çirklənmələr qeydə alınır. Son illər bu çirklənmənin həcmi gün-gündən daha da artır. Bunun qarşısını vaxtında almaq lazımdır. Bu sahədə kompleks işlər görülməlidir. Yay aylarında hər kəs çimərliyə üz tutur. Amma bu çimərliklərin təmizlik səviyyəsi heç də qaneedici deyil. Sahil boyu çimərliklərə nəzarət də güclü deyil, çirklənmə daha geniş miqyas alıb. Kütləvi informasiya vasitələrində də bu haqda tez-tez məlumatlar dərc olunur. Çimərliklərimizin əksəriyyəti demək olar ki, ekoloji cəhətdən istifadəyə yararlı deyil. Bir çoxları hətta qadağan olunan ərazilərdə dənizdən çimərlik kimi istifadə edirlər. Düzdür, müəyyən işlər görülür, amma tullantıların və çirklənmənin qarşısında bu, çox cüzidir. Düşünürəm ki, məsələnin həlli üçün qanunvericilik daha da sərtləşdirilməlidir. Öz mənfəəti üçün ekologiyanı çirkləndirənlərə qarşı sərt tədbirlər görülməlidir. Həmin şəxslər məsuliyyətə cəlb olunmalıdırlar. Çünki cərimə tətbiq etməklə bunun qarşısını almaq mümkün deyil. Ekoloji təşkilatlar, QHT-lər, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu sahədə birgə fəaliyyət göstərməlidirlər. Bu elə bir problemdir ki, hər birimizi narahat edir. Bu gün fəaliyyət göstərən çimərliklər sağlamlığımız üçün ciddi təhlükə mənbəyidir. Çünki onlar çirkli suların təmizlənməsində maraqlı deyillər. Ona görə də çimərliklərə xüsusi nəzarət olunmalıdır”.
Şəbnəm
Mehdizadə
Kaspi 2019.- 31 avqust.- S.7.