Miniatürlü əlyazmalar kataloqu nəşr olunub

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Miniatürlü əlyazmalar kataloqu nəşr olunub.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, kitabda institutun əlyazma xəzinəsində saxlanılan ən dəyərli miniatürlü əlyazmalar, onların müəllifləri, köçürülmə tarixləri, ölçüləri, paleoqrafik xüsusiyyətləri, hər bir əlyazmadakı miniatürlərin sayı, özəllikləri barədə məlumat verilib. Əsasən XV-XIX əsrlərə aid olan bu əlyazmalar Yaxın və Orta Şərqin böyük sənətkarları Firdovsi, Nizami, Sədi, Hafiz, Nəvai və Füzulinin əsərləri ilə zəngindir.

İnstitutda mühafizə olunan əlyazmalardakı nəfis rəngli miniatürlərin fotoşəkilləri də nəşrə daxil edilib.

Kataloq Azərbaycan miniatür sənətinin, kitab mədəniyyətinin, ümumiyyətlə mədəni irsimizin öyrənilməsi baxımından böyük maraq doğurur.

Kataloqun müəllifi ilahiyyat üzrə fəlsəfə doktoru Nailə Süleymanova, elmi redaktoru Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimovdur.

Kaspi 2019.- 5 dekabr.- S.7.