NƏZAKƏTİN DÖYÜŞ QƏRARGAHI

Onun döyüş qərargahı yazı masasıdır. Döyüşçüləri də şeirləri... Müsəlləh olduqları yer könüllər, duyğulu ürəklərdir. Nəzakəti illərdir tanıyıram. Həmişə də gülərüz, mehriban, səmimi, ədalətli və sədaqətli görmüşəm. Bəlkə də məni ona bağlayan bu məziyyətləridir. Daxili zənginliyi bütün yaradıcılığının mayasıdır. Şeirləri də, adi yazıları da, araşdırmaları da məhz ürəyindən su içdiyi üçün dəyərlidir. Belə insanlarla ən uzun yola çıxmaq, döyüşə getmək olar. Məni cəlb edən bir cəhəti də məhz söz aşiqliyidir. Həyatım boyu sözbazları sevməmişəm. Təsadüfən yaxınlıq etsəm də, tanıyan kimi uzaqlaşmışam. Sözü uca tutmaq qələm əhlinin ilk vəzifəsidir.  Klassik bir deyimlə bildirim ki, xətrini dağlar qədər istədiyim Nəzakət xanımın mətbəə qoxulu yenı şeirlər kitabını - " Yurd dediyim bu torpaq”ı  bir nəfəsə oxudumruhum dincəldi:

                            Yurd dediyim bu torpaq

                            Ünvanımdı, adımdı.

                            Babama, övladıma,

                            Ulu hesabatımdı.

         Kitaba maraqlı mövqedən yanaşan filologiya elmləri üzrə fəlsəfə doktoru Sona Vəliyeva "Ruhun poetik yaddaşı” adlı ön sözdə müəllifin şeirlərini  milli düşüncənin işığında təhlilə çəkib. Sona xanımın bu yazısı Nəzakətin ürəyindən süzülən şeirlərinin mahiyyət və məramının əsil güzgüsünə çevrilib: "Poeziya milli yaddaşdır... Vətənin yaddaşı-varı-yoxu, olub-qalanı, bütövlükdə ağrı-acısı ilə birlikdə taleyi poeziyaya köçə bilirsə, o xalqın milli ruh yaddaşına zaval olmayacaq. Poeziya həm də Tanrı töhfəsidir, Tanrı vergisidir”. Elə Vətən də bizim nəzərimizdə Tanrı töhfəsidir. Vətən aldığımız hava, içdiyimiz su, qoynuna sığındığımız ana deməkdir. Bax elə bu məqamda Nəzakətin misraları-döyüşçüləri içimizin həsrətini, xiffətini, dərdini bir libas kimi geyinərək əlimiz çatmayan, ünümüz yetməyən, işğalda saralan torpaqlarımızdan keçir:

                            Ruhu qan ağlayır Molla Pənahın,

                            Şuşanın ağrısı qəbrindən keçir.

                            Pozulub dünyanın haqq tərəzisi,

                            Ümid qara daşın səbrindən keçir.

         Vətən ünvanlı şeir gülüstanın çiçəkləri çox zərif, ətirli və solmazdır. Yurd dərdinin çökdüyü bu poetik dünyadan hansı ləçəyi  çəksək Vətənin hüsnünü bürüyən qəmin, kədərin  titrək ahəngindən ağrılarımız, təsəllimiz, gileylərimiz, ahlarımız boylanır: " Çiçək-çiçək şəhid qanı üzündə xaldımı, Vətən?!” "Bu dünyanın qəlbi daşdı, sevinc əkən kədər biçir”,  " Talan olmuş yurd yerləri ömrümüzə göz dağıdır,” "Yurd haqqını qaytarmağa qılınca sarılan vaxtdır”, "Bir gün mütləq uçulacaq, bu dərdin, qəmin hasarı”. Bax onda "Çiçəkləyər bu millətin ümid dolu arzuları...”

         Müəllifin poetik yaddaşının pıçıldadığı misralarda bir ana laylası, ata əmanəti kimi vəsf olunan torpağımızın həm də Tanrının bəxş etdiyi haqq, həqiqət kimi dəyərləndirilməsi onun müqəddəsliyini, toxunulmazlığını bəyan edir. Müəllifin "Mən zabit anasıyam” adlı şerindəki qürur hissləri də təbii və təsirlidir. Nəzakətin qələm tutan əlləri ucalığa açılır ki, bu şüküranlığının da  səbəbi  budur:

                            Düşmənə "göz dağı”san, gücümsən, qüvvətimsən,

                            Ürəyimin təpəri, gərəyim, köməyimsən.

                            Vətənin "dar günü”ndə səsinə hay verənsən,

                            Bu torpağa, bu elə, bu Vətənə bağlısan,

                            Səni Vətənə verdim,

                            Sən Vətənin oğlusan!

         Kitabda müəllifin "Ərdəbilim” adlı şeiri məni çox uzaqlara apardı. Ürəyimin bir küncündəcə mürgüləyən dərdlərimi tərpətdi. Ulu babalarımızın uyuduğu torpağın həsrətini qabartdı. Maraqlıdır ki, cib telefonumda Nəzakətin adından sonra Ərdəbil yazmışam. Həmişə onun səsini o taydan- Ərdəbildən gələn doğma səda kimi ürəyimə çəkmişəm. Yadıma rəhmətlik Telli xalamın sözləri düşdü: "Mütləq Ərdəbilə, Qaradağa baş çək, soraqla, axtar orada bizim doğmalarımız var...” Amma doğulduğum yurdun erməni tapdağında qalması mənim bütün bənd-bərələrimi kəsdi. Bəlkə də bu bir küskünlükdü, bilmirəm, amma Nəzakətin şeri ürəyimi tərpətdi:

                            O tayın da, bu tayın da adı Vətən,

                            Qanqalların arasında gül bitirən,

                            Bülbülləri ağı üstə dil-dil ötən,

                            O da Vətən, bu da Vətən-

                            Ərdəbilim.

         Unudulmaz Cəfər Cabbarlıdan üzü bəri ana haqqında gözəl şeirlər yazılıb bu gün davam edir. Yaşından, başından asılı olmayaraq anasızlıq insanın duyğularında bir pərişanlıq yaradır. Ana mövzusu qələm sahiblərimizin əksəriyyətinin yaradıcılığının sarı simidir. Nəzakət  öz nisgilini dilə gətirərək " Bu dünyada dərmanı tapılmayan dərdimsənsöyləyir. Həqiqətən bizi böyütmək üçün kirpiyi ilə od götürən analarımızın yoxluğu çox darıxdırıcıdır. Bütün dərdlərə hazır olan insan bir Vətən itkisi ilə barışa bilmir, bir  ana həsrətinə dözmür. Elə bu səbəbdən Vətənə Ana, Anaya da Vətən deyirik. İkisininin isti qucağında boy atdığımız o xoşbəxt günlərin həsrəti biz yaşadıqca canımızdan çəkilməz. Bu müqəddəs hisslər həmişə yaşardı. Əslində bu, həsrətin mayasında etibar, sədaqət kimi məziyyətlərin olması deməkdir.  Ana xiffətilə yuxalan Nəzakətin haqlı sualı da düşündürücüdür ki, bəs deyirlər hər dərdə məlhəm zamandır?  "Bəxtəvər olmuşam səninlə anam, sənsiz keçən illər boşdur, hədərdir” harayını çəkən Nəzakətimiz! Həqiqətən də ana yoxluğu bitməz kədərdir! Ruhumuz incisə də, ürəyimiz ağrısa da, gözlərimiz dolsa da hələ bu göynərtinin dayandığı olmayıb.

         Ənənəvi olaraq Nəzakət dünyanın faniliyinə də poetik münasibətini dilə gətirib: " Həsrətin əlində ruhum göynəyir”; "Nə deyim mən sənə, amansız dünya”; "Kədəri sevincə möhtac dünyanın”; " Heç gözü doymayan bu ac dünyanın”; " Arzu dolu qəlbimdə arzularım qəribdi”; " Fələk mənim bəxtimi yarpaq yarpaq dəribdi”; " Həsrətin qırovu saçlarımdadı"...

         Əzizim Nəzakət xanım, sən çox xeyirxah bir işlə məşğulsan. Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktorusan. Bu məsuliyyətli və şərəfli işi neçə illərdir ki, fədakarlıqla yerinə yetirirsən. Kövrək ürəyinin hansı ağrılara tab gətirdiyini fikirləşəndə sənə ancaq əhsən deyirəm. İstər II Dünya müharibəsində, istərsə də Qarabağ savaşında həlak olmuş igidlərimizin taleyini araşdırmaq, məlumat toplamaq, onlar barəsində cilid-cilid kitab hazırlamaq həqiqətən çətindi. Amma sən bunu bacardın!  Sənin döyüş qərargahın həmişə uğur qazansın, vuruşa çağıran əsgərlərin- şeirlərin qələbə müjdəli olsun! Bir şeirindəki arzun həqiqətə çevrilsin:

                            Baxıb hünərinə öyünsün Vətən,

                            Zəfər ünvanısan, Vətən əsgəri.

 

Flora XƏLİLZADƏ,

Əməkdar jurnalist

Kaspi.- 2019.-20 fevral.-S.11.