Su həyatdır - 5 iyun su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günüdür

Su təsərrüfatı işçiləri Azərbaycanda həyata keçirilən sosial siyasətə mühüm töhfələr verirlər

Son illər ölkəmizdə içməli sukanalizasiya infrastrukturunun yenidən qurulması sahəsində həyata keçirilən çoxsaylı layihələr şəhər və rayon mərkəzlərində, həmçinin içməli sudan əziyyət çəkən kənd və qəsəbələrdə həyatın canlanmasına, vətəndaşların sağlamlığının qorunmasına və əhalinin sosial rifahının yüksəldilməsinə zəmin yaradır. Bu sahədə reallaşdırılan layihələr müstəqil Azərbaycanda həyata keçirilən uğurlu sosial siyasətin prioritet istiqaməti kimi getdikcə daha çox aktuallıq kəsb edir. Təsadüfi deyil ki, insan həyatı üçün əvəzedilməz sərvət olan içməli suyun əhəmiyyətindən bəhs edən Prezident İlham Əliyevin "Su həyat mənbəyidir, təmiz su isə sağlam həyat deməkdir” sözləri də insan amilinə verilən önəmin təcəssümüdür.

Təbiətin bəxş etdiyi əvəzsiz nemətlərdən sayılan sudan səmərəli istifadə məhdud şirin su ehtiyatlarına malik Azərbaycanda tarixin bütün dövrlərində aktual olub. Orta əsrlərə aid mənbələrdə Azərbaycanın bəzi yaşayış məntəqələrində su təchizatı sistemlərinin yaradılması barədə faktlar mövcuddur. Su təchizatı tariximizin ilkin inkişaf dövrü 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərinə təsadüf edir. Təxminən bir əsr əvvəl Şollar-Bakı su təchizatı qurğuları istismara verilib. Xaçmaz rayonunun ərazisindən Abşeron yarımadasına 187,5 km uzunluğunda kəmər çəkilib, Bakı şəhərində ilk dəfə mərkəzləşmiş içməli su şəbəkəsi yaradılıb.

Bu sahədə qazanılmış təcrübədən istifadə edilməklə Xaçmazdan Bakıya çəkilmiş 2-ci kəmər 1958-ci ildə istismara verilib. Abşeron yarımadasında sənayenin sürətli inkişafı və əhalinin artımı nəticəsində içməli suya artan tələbatı ödəmək üçün 1961-ci ildə Ceyranbatan Sutəmizləyici Qurğuları işə salınıb. 

Azərbaycanın içməli sukanalizasiya sektorunun sürətli inkişafı böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin təşəbbüsü və birbaşa rəhbərliyi ilə 1970-71-ci illərdə Kür Sutəmizləyici Qurğular Kompleksi yaradılıb, burada emal olunan suyun Abşeron yarımadasına nəqli üçün magistral kəmərlər çəkilib. Bu layihə paytaxta yeni həyat gətirib.

1970-80-ci illərdə ulu öndərin birbaşa nəzarəti altında Bakı şəhərinin tullantı su infrastrukturunun inkişafını nəzərdə tutan "Böyük kanalizasiya” layihəsi reallaşdırılıb. Həmin dövrdə Hövsan Aerasiya Stansiyası, eləcə də "Sənaye zonası”, "Şəhərkənarı” və "Sahil” kollektorları, Zığ kanalizasiya nasos stansiyası inşa edilib.

Azərbaycanın əksər rayon mərkəzlərində mərkəzləşdirilmiş içməli sukanalizasiya sistemlərinin yaradılması da ötən əsrin 70-80-ci illərinə təsadüf edir.

2003-cü ilin oktyabrında İlham Əliyevin xalqın etimadını qazanaraq prezident seçilməsi ilə ölkəmizin həyatında yeni inkişaf mərhələsi başladı. Ulu öndərin memarı olduğu sosial-iqtisadi inkişaf strategiyasını uğurla davam etdirən Prezident insan sağlamlığının qorunmasını dövlətin sosial siyasətinin prioriteti kimi müəyyənləşdirdi. Su kimi müqəddəs nemətin qorunması, onun keyfiyyətinin təmin olunması, gələcək nəsillər üçün etibarlı mənbələrin formalaşdırılması dövlət proqramlarında xüsusi qeyd olundu. Əhalinin içməli su təminatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə bu sektorda struktur islahatlarına başlanıldı. Dövlət başçısının "Su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 11 iyun 2004-cü il tarixli sərəncamına əsasən, "Azərsu” Açıq Səhmdar Cəmiyyəti yaradıldı.

2000-ci illərin əvvəllərindən etibarən Bakı şəhərinin və ətraf qəsəbələrin böyüməsi, yeni sənaye müəssisələrinin fəaliyyətə başlaması içməli suya olan tələbatı ciddi şəkildə artırmışdı. Bu məsələnin həlli yollarını da ümummilli lider Heydər Əliyev zərgər dəqiqliyi ilə göstərmişdi. O, Bakıya Oğuz-Qəbələ zonasından saf və təmiz bulaq suyunun gətirilməsinin vacibliyini bildirmişbununla bağlı araşdırmalara başlanılması barədə tapşırıq vermişdi.

Ulu öndərin bu ideyasını Prezident İlham Əliyev həyata keçirdi. 2007-ci ilin martında Oğuz-Qəbələ-Bakı su kəmərinin təməli atıldı. Dövlət Neft Fondundan maliyyələşdirilən layihə çərçivəsində Oğuz rayonunun ərazisində məhsuldarlığı saniyədə 5 kubmetr olan mənbə yaradıldı, buradan Abşeron yarımadasına 262,5 km özüaxımlı magistral su kəməri inşa edildi. Tikintisinin böyük bir hissəsi mürəkkəb relyefdə aparılan kəmər 2010-cu ilin dekabrında  istismara verildi. Bununla da, Bakı şəhərinin əksər ərazilərinin su təchizatında stabillik təmin edildi, bəzi yerlərdə isə fasiləsiz rejimə keçirildi.

Sürətlə böyüyən və inkişaf edən paytaxtı fasiləsiz su ilə təmin etmək üçün əlavə su həcmlərinə ehtiyac var idi. Abşeron yarımadasındakı qəsəbə və kəndlərdə mərkəzləşdirlmiş su şəbəkələrinin yaradılması, əhalinin suya olan tələbatının artması, suyun keyfiyyətinin təmin edilməsi, magistral kəmərlərdə mümkün qəzalar zamanı su təchizatında problemlərin yaranmaması su mənbələrinin əlaqələndirilməsini tələb edirdi. Bu məqsədlə Bakı şəhərinə yaxın yeni su mənbəyinin yaradılmasına qərar verildi. 2011-ci ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə Ceyranbatan gölünün yaxınlığında ultrasüzgəc texnologiyasına əsaslanan yeni kompleksin təməli qoyuldu. Tikintisində aparıcı xarici şirkətlərin iştirak etdiyi və ən son texnologiyaların tətbiq olunduğu kompleks 2015-ci ilin oktyabrında istifadəyə verildi. Açılış mərasimində cənab Prezident bildirmişdir: "Bu kompleksdə ən müasir texnologiyalar tətbiq edilir, dünyanın ən böyük sutəmizləyici kompleksidir və Bakı şəhərinin, Abşeron rayonunun sakinlərinə xidmət edəcək. Bax, bu gün xəritədəki mənzərə onu göstərir ki, uzun illər içməli sudan korluq çəkən Bakı qəsəbələri bundan sonra bu təmiz suyu alacaq. Bir daha qeyd etmək istəyirəm ki, bu, Dünya Səhiyyə Təşkilatının standartlarına  cavab verən içməli sudur”.

Ənənəvi təmizləmə qurğularından fərqli olaraq yeni kompleksdə su  ultrasüzgəc texnologiyasına əsaslanmaqla heç bir kimyəvi təmizlənmə aparılmadan avtomatik rejimdə mexaniki üsulla təmizlənir. Məhsuldarlığı saniyədə 6,6 kubmetr təşkil edən qurğu 2016-cı ildə Abu Dabi Qlobal Su Sammitində dünya su sənayesinin ən önəmli 4 layihəsindən biri seçilib.

Oğuz-Qəbələ-Bakı su kəmərinin və Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin istismara verilməsi Kür sutəmizləyici qurğularında emal olunan və Bakıya ötürülən suyun bir hissəsinin içməli su problemi ilə üzləşən Aran bölgəsinin ehtiyaclarının ödənilməsinə yönəltməyə imkan yaratdı. Qurğuda emal olunan suyun ətraf rayonlara verilməsi məqsədilə Şirvan-Muğan və Sabirabad-Saatlı qrup su kəmərləri istismara verildi. Bununla da Hacıqabul, Şirvan, Salyan, Biləsuvar, Saatlı və Sabirabad şəhərləri, həmçinin kəmərlərin marşrutu boyu 30-dan artıq kənd keyfiyyətli içməli su ilə təmin olundu.

Mərkəzi Aran bölgəsinin sudan əziyyət çəkən yaşayış məntəqələrinin su təchizatı məqsədilə Girdmançayın yatağında məhsuldarlığı saniyədə 450 litr olan Külüllü su mənbəyi yaradılıb və anbar kompleksi tikilib. Buradan Zərdab, Ucar, Kürdəmir və Ağsu şəhərlərinə 182 km uzunluğunda 4 magistral kəmər çəkilib. Hazırda bu şəhərlər və magistral kəmərlərin yaxınlığında yerləşən 50-dən artıq kənd Külüllü mənbəyi hesabına keyfiyyətli içməli su ilə təchiz olunur.

Lənkəran və Astara şəhərlərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Xanbulançay su anbarının imkanlarından istifadə etməklə yeni texnologiyaya əsaslanan və məhsuldarlığı sutkada 30 min kubmetr olan sutəmizləyici qurğular kompleksi inşa edilib. Buradan Lənkəran şəhərinə 12 km, Astara şəhərinə isə 25 km uzunluğunda magistral su kəmərləri çəkilib.

Bölgələrdə yaşayan  əhalini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə Mingəçevir, Quba, QobustanAğstafa sutəmizləyici qurğuları da istismara verilib.

Regionlarda tikilən ən böyük sutəmizləyici qurğu olan Şəmkirçay sutəmizləyici qurğusu Gəncə, Şəmkir, Samux şəhərləri və ətraf kəndlərdə 300 mindən artıq insanın keyfiyyətli və fasiləsiz içməli su təminatına hesablanıb. Məhsuldarlığı sutkada 140 min kubmetr olan bu qurğudan Gəncə şəhərinə 27 km, Şəmkir şəhərinə isə 16,5 km uzunluğunda magistral su kəməri çəkilib. 

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq sukanalizasiya layihələrinin icrasına başlanılmış 50 şəhər və rayon mərkəzinin 38-də içməli su şəbəkələrinin tikintisi yekunlaşıb.

Ötən müddətdə şəhər və rayon mərkəzləri ilə yanaşı, əhalisinin sayı 1 milyon 400 min nəfər olan 1050 kəndin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı işlər görülüb. Prezident İlham Əliyevin 2017 və 2018-ci illərdə imzaladığı sərəncamlar, həmçinin dövlət investisiya proqramları çərçivəsində 46 rayonun 211 kəndində içməli su layihələri icra olunub. Bununla da 330 min sakinin keyfiyyətli içməli suya çıxışı təmin edilib.

Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı və kanalizasiya infrastrukturunun inkişaf etdirilməsi məqsədilə 2011-ci ildə Abşeron yarımadasının su təchizatı, kanalizasiya sistemləri və yağış sularının idarə olunması üzrə Master Plan hazırlanıb. Hazırda həyata keçiriən layihələr bu sənədin tələblərinə uyğun icra edilir. Master Planın əsas layihələrindən olan Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi və 84 km uzunluğunda Ceyranbatan-Zirə magistral su kəməri, həmçinin kəmərin marşrutu boyunca yerləşən anbar kompleksləri istehlakçıların dayanıqlı su təminatı üçün yeni imkanlar açıb. Yeni yaradılmış infrastruktur hesabına Pirallahı, Dübəndi, Gürgan, Türkan, Zirə, Qala, Mərdəkan, Şüvəlan, Şağan qəsəbələri, həmçinin Binəqədi, Sabunçu və Suraxanı rayonlarının bir sıra  yaşayış məntəqələri dayanıqlı içməli su ilə təmin edilib. 

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin qrantı hesabına  icra edilmiş layihə çərçivəsində Kürdəxanı qəsəbəsində yeni su təchizatı sistemləri yaradılıb və 14 mindən artıq sakin fasiləsiz rejimdə içməli su ilə təmin olunub. Abşeron yarımadasında ekoloji problemlərin həlli məqsədilə icra olunan "Təmiz Şəhər” layihəsi Balaxanı qəsəbəsində yeni su təchizatı sistemlərinin yaradılmasına imkan verib.

Səudiyyə İnkişaf Fondu ilə birgə maliyyələşdirilən layihə çərçivəsində Badamdar qəsəbəsində yeni infrastrukturun yaradılması işlərinin birinci mərhələsi yekunlaşıb. Bu layihənin imkanlarından istifadə olunmaqla 20-ci sahə yaşayış massivinin içməli su təminatı da əsaslı şəkildə yaxşılaşacaq. Fondun maliyyələşdirdiyi digər layihə çərçivəsində Xırdalan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması davam etdirilir.  

2013-cü ildə çoxmənzilli yaşayış binalarının daxili kommunikasiya sistemlərinin "Azərsu” ASC-nin balansına verilməsindən sonra 5000-dən artıq binanın daxili kommunikasiya xətləri yenidən qurulub.

Son illər istehlakçıların içməli su ilə təminatının yaxşılaşdırılması  kanalizasiya xidmətlərindən istifadənin aktuallığını artırıb. Abşeron yarımadasında və regionlarda yeni kanalizasiya şəbəkələrinin, kollektorların və tullantı sutəmizləyici qurğuların tikintisi, eləcə də mövcud xətlərin rekonstruksiyası göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə imkan verib. 

Sumqayıt şəhərində və ətraf ərazilərdə yaranan tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 100 min kubmetr olan tullantı sutəmizləyici qurğu inşa edilib. Ötən dövrdə məhsuldarlığı sutkada 10 min kubmetr olan Buzovna tullantı sutəmizləyici qurğusu inşa edilib, sutkalıq məhsuldarlığı 16 min kubmetr olan Şüvəlan tullantı sutəmizləyici qurğusu yenidən qurulub.

Azərbaycan hökuməti və Koreya İxrac-İdxal Bankının birgə maliyyələşdirdiyi layihə çərçivəsində Pirşağı qəsəbəsində məhsuldarlığı sutkada 40 min kubmetr layihələndirilən tullantı sutəmizləyici qurğunun   tikintisi isə davam etdirilir. 

Azərbaycanda ilk dəfə innovativ texnologiyalardan istifadə edilməklə tunel tipli kanalizasiya kollektorlarının tikintisinə başlanılıb. Bayıl-Bibiheybət-Lökbatan, Xocasən-Binəqədi-Xırdalan, Bilgəh-Pirşağı, Dərnəgül-Zığ-Hövsan, Novxanı-Sumqayıt kollektorları kanalizasiya infrastrukturunun yaxşılaşdırılmasına və Xəzər dənizinə təmizlənmədən axıdılan tullantı sularının qarşısının alınmasına hesablanıb. 14 km uzunluğunda Bayıl-Bibiheybət-Lökbatan, 15 km-lik Novxanı-Sumqayıt kanalizasiya kollektorlarının istismara verilməsi, eləcə də Bakı buxtasının sahili boyu mövcud xətlərin reabilitasiyası Dənizkənarı Milli Park, Dövlət Bayrağı Meydanı, Şıx, Novxanı və Sumqayıt çimərliklərinin əhatə etdiyi böyük bir ərazidə dənizə axıdılan tullantı sularının qarşısını alıb.

2004-cü illə müqayisədə fasiləsiz su ilə təmin olunan əhalinin xüsusi çəkisi Bakı şəhərində 29 faizdən 81,5 faizə, regionlarda isə 9 faizdən 43,4 faizə yüksəlib. Beləliklə, ölkə üzrə əhalinin fasiləsiz su təminatının səviyyəsi 69,9 faizə çatıb.

Su təsərrüfatı işçilərinin əməyi hər zaman ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirib. "Azərsu” ASC-nin əməkdaşlarının fəxri admedallarla təltif olunması, icrasına başlananistismara verilən bir çox layihələrin təməl və açılış mərasimlərində Prezident İlham Əliyevin şəxsən iştirakı, 14 may 2014-cü ildə imzalanmış sərəncamla iyun ayının 5-nin "Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramının təsis edilməsi bunun bariz nümunəsidir.

"Azərsu” ASC-nin çoxminli kollektivi ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və Azərbaycan vətəndaşlarının sosial rifahının yüksəlməsinə hesablanmış içməli sukanalizasiya layihələrinin vaxtında və keyfiyyətlə icrası məqsədilə bundan sonra da var qüvvəsi ilə çalışacaq. Bir sözlə, su təsərrüfatı işçiləri istehlakçılara göstərilən içməli su təchizatı və kanalizasiya xidmətlərinin keyfiyyətinin daha da yaxşılaşdırılması, bu xidmətlərdən daha çox insanın yararlanması ilə bağlı  layihələrin icrasını davam etdirməklə Azərbaycanda həyata keçirilən sosial siyasətə öz töhfəsini verəcəklər.

 

F.ABASOĞLU

Kaspi  2019.- 4 iyun.- S.7.