Dünyada neftlə şəkil çəkən yeganə rəssam

Sabir Çopuroğlu: “Bir camışın pulu ilə iki il rəssamlıq oxudum”

Həmkarlarından fərqlənir. Onun fırçası barmaqları, boyası isə qara qızıldır. Nəinki Azərbaycanda, dünyada neftlə şəkil çəkən yeganə rəssamdır. Dünya Bakı neftini ikinci dəfə onun vasitəsilə tanıyıb. Bu dəfə əcnəbilər Azərbaycanı neft ölkəsi kimi tanımaqla kifayətlənməyib, ölkəmizin neftindən hazırlanan şəkilləri evlərinin ən yaxşı köşəsindən asıblar. Onun əsərləri dünyanın bir çox muzeylərində - ABŞ, Belçika, Yaponiya, Türkiyə, Almaniya, Britaniya və digər ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.

Söhbət rəssam-monumentalist, Azərbaycan Rəssamlar Birliyinin üzvü Sabir Çopuroğludan gedir. Qızıl əlləri ilə qara qızıldan xariqələr yaradan rəssamın keçmişinə səyahət etdik.

Əslən Borçalıdandır, 1956-cı ildə Gürcüstanın Başkeçid bölgəsində anadan olub. Bakıda Ə.Əzimzadə adına Rəssamlıq Texnikumunda, Gürcüstan Rəssamlıq Akademiyasında təhsil alıb.

"Kasıb olsaq da, xoşbəxt idik”

Uşaqlığından danışarkən həm sevinir, həm də kədərlənir. O illərin maraqlı, yoxsa faciəli keçməsinə qərar verə bilmir. Maraqlı tərəfi odur ki, uşaqlıq ən qayğısız illərdir. Faciəlidir ona görə ki, atasız-anasız böyüyüb: "Uşaqlığım maraqlı, bir o qədər də çətin günlərlə yadda qalıb. Amma nə də olsa, o illəri sevirəm. Məni Fatma nənəm böyüdüb. Atamla anam ayrıldıqdan sonra, hər biri fərqli insanlarla ailə qurub, öz həyatlarını yaşayıblar. 1 yaşımdan nənəmin himayəsində olmuşam. Nənəmi ana bilirdim. Bütün uşaqlığım da elə anamla (nənəmlə) bağlıdır. Nə ata, nə də ana sevgisi gördüm. Bu, mənim uşaqlığım faciəli tərəfidir. Amma kənd uşağı olmağın da zövqü başqadır. Kasıb olsaq da, xoşbəxt idik”.

"Belimizdə odun gətirirdik”

Məktəb kənddən 8 km uzaqlıqda yerləşib. Müsahibimiz hər gün eyni yolu piyada gedib-gəlmək məcburiyyətində qalıb. Gəldikdən sonra da, evin həm kişisi, həm də qadını olan nənəsinə kömək edib: "Çantama 2 alma qoyub, acanda yeyirdim. Bizim mal-qaramız, qoyun-quzumuz var idi. Yadımdadır, nənəm inəyi sağanda, inək sakit durmadığı üçün mən başından yapışıb, mahnılar oxuyardım. Mal-qaranı hər gün otarırdım. Əlimdə tütək qoçun üzərində gedirdim. Bəzən nənəmlə meşədən odun yığardıq. Nənəm çox qoçaq qadın idi. Odunu belimizə şələləyib gətirirdik. Sonra ot biçirdik. Uşaqlığım belə hərəkətli və maraqlı keçirdi. Çox balaca kənd idi və hamı bir-birilə münasibətdə idi. Kəndin sakinləri əsasən yaşlı adamlar və uşaqlar idi. Gənclər kənddə qalmırdı. Uşaqlarla futbol oynayardıq. Nənəm yumurtaları satıb bir futbol topu almışdı. O topla kəndlərarası yarışlar keçirirdik”.

"Nənəm məni süpürgə ilə döyürdü”

Rəssamlığa da elə uşaqlıq illərindən başlayıb. Lakin bu istedadını əvvəlcə üzə çıxarmayıb: "Neftlə işləməyə həvəs də uşaqlıqdan yaranıb. Mən balaca olarkən nənəmin ayaqlarında, oynaqlarında ağrılar olurdu. Ona Naftalandan müalicə üçün bir şüşə neft gətirmişdilər. Nənəm əlini qara mayeyə batırır və ayaqlarına sürtürdü. Mən də kənardan izləyirdim. İstifadə etdikdən sonra şüşəni evin bir küncündə gizlədirdi. Bir dəfə gizlincə axtarıb həmin butulkanı tapdım. Əlimə töküb divarlara sürtdüm. Ağ divarları ləkələyirdim. Ağlıma nə gəldisə, divara çəkirdim. Nənəm gəlib gördü ki, divar qapqaradır. Möhkəm əsəbiləşdi və məni döydü. O vaxt onu bərk hirsləndirmişdim. Amma bu, mənə təsir etmirdi. Əlimə nə keçirdisə, onunla divarda rəsmlər çəkirdim, karandaşla divar kağızını yazırdım. Evimiz dağların, meşənin ətəyində idi. Yazın əvvəlində biz divarları ağardardıq, odun peçini çölə çıxarardıq. Mən də nənəmə kömək edirdim. Bir gün dedi ki, yuxarı çıx tüstü bacalarının borularını çıxar. Hisdən əllərim qapqara olmuşdu. Əlimi divara sürtdüm, başladım qaralmış əlimlə şəkillər çəkməyə. Bu, xoşuma gəldi. Nənəm məni ağacla, süpürgə ilə döyürdü. Döyülsəm də, o butulkadakı qara maye, hiss həyatımı dəyişdi. O vaxtdan məndə rəssamlığa həvəs oyandı. Tədricən bu istiqamətdə beynimdə müxtəlif ideyaların yarandığını hiss edirdim. O zaman qələmlə, fırça ilə də hərdən rəsm çəkərdim. Amma fikirlərimdə heç kimə izah edə bilmədiyim ideyalar yaşayır, daha da inkişaf edirdi”.

"Bir camışın pulu ilə iki il oxudum”

Rəsmə marağı olduğu üçün dərslərini yaxşı oxumayıb. Bu istedadını kəşf edən müəllimi ona dəstək olub, xəyallarının ardınca getməsini tapşırıb: "Səhərə kimi yatmayıb şəkillər çəkirdim. Ətrafda nə görürdüm, əksini dəftərlərə köçürürdüm. Hətta evdə süfrənin belə arxasına şəkillər çəkirdim. Amma şəkillərim haqqında heç kimin məlumatı yox idi. Bir gün müəllimim mənim istedadımı kəşf etdi və şəkillərimi istədi. Baxdıqdan sonra məktəbdə sərgimi təşkil etdi. Məni həvəsləndirir, sənətin ardınca getməyim üçün motivasiya verirdi. Orta məktəbi bitirdikdən sonra Bakıya gəldim. Lakin Rəssamlıq Akademiyasına imtahana gecikdiyimdən Rəssamlıq Texnikumunda təhsil aldım. Sonra Gürcüstanda Rəssamlıq Akademiyasında oxudum”.

Bakıda təhsil almağa gələrkən də maddi vəziyyətləri yaxşı olmayıb. Müsahibimiz deyir ki, nənəsinin satdığı camışın pulu ilə iki il Bakıda təhsil alıb: "Nənəmin çox sevdiyi camışı var idi. Heyvanı satdı və mənimlə şərt kəsdi ki, səni bu pulla Bakıya göndərirəm. Çalış iki ilə çatdır, oxu, gəl. Vəziyyətimiz yaxşı deyildi. Atam yox, anam baxmır. Tək nənəm dəstək olurdu. Bakıda həqiqətən də elə o camışın pulu ilə təhsil aldım”.

"Fəhləlik edə-edə şəkillər çəkirdim”

Həmsöhbətimizin ilk işi fəhləlik olub. Elə Tiflisdə təhsil alarkən də, həm oxuyub, həm də işləyib: "İlk dəfə 13 yaşımda fəhləlik etdim. Pul qazanıb nənəmə baxırdım. Tiflisə oxuyarkən də müəllimim dedi ki, mən ev muzeyi tikirəm, sən gəl orada həm fəhləlik et pul qazan, həm də boş vaxtlarında mənimlə işlə. Həm fəhlə oldum, həm də şəkil çəkirdim. Gürcü professor idi. Mənə sənətin incəliklərini öyrədirdi. Gündüz işləyir, gecə şəkil çəkirdim”.

Tiflisdə oxuyarkən ailə həyatı qurub: "Ailə qurdum və iki oğlum oldu. Yoldaşım da əslən azərbaycanlı idi. 90-cı illərdə dünyada dəyişikliklər başladı. Qarışıqlıq oldu. Azərbaycanlıları sıxışdırmağa başladılar. Camaat məcbur olub, yerini, yurdunu tərk edirdi. Biz də evimizi orada qoyub Bakıya gəldik. Bu illər bəlkə də ən çətin illər idi. 18 kvadratlıq yerdə ailəm və qayınatamla birlikdə yaşayırdıq. Həm də orada şəkil çəkirdim. Ailəmi dolandırmaq üçün yenə fəhləlik etdim. Dayanacaqlarda "stayanşik”, gözətçi işləyirdim. Çox çətin dönəm idi. Rəssamların da vəziyyəti çətin idi. Sifariş yox idi. Yaşadığım çətinlik məni yenilik axtarışına çıxmağa vadar etdi. Birdən nənəmin neftini oğurlayıb divarda şəkillər çəkməyim yadıma düşdü. Bakı da neft şəhəridir. O istedadımdan burada istifadə edə bilərdim. Neftlə bağlı o qədər düşünürdüm ki, hətta yuxularımda belə neftin içində yeriyirdim”.

Neft ideyası yarandıqdan sonra bir qab götürüb Bayıla yollanıb: "Bayılda o vaxt neft gölməçələri var idi. Təmiz yer axtardım və gölməçələrdən neft yığmağa başladım. Orada neft uzun müddət qalıb qatılaşmışdı. Evə gətirdim amma qoxu kəskin olduğu üçün ailəmlə yaşadığım yerdə çəkə bilmirdim. Özüm üçün balaca yer tutdum və işləməyə başladım. İlk işim həqiqətən möhtəşəm alındı”.

"Barmağım və dırnaqlarımla materialı daha yaxşı hiss edirəm”

Rəssamın fərqliliyi təkcə neftlə şəkil çəkməklə bitmir. O fırçadan istifadə etmir. Əsərlərini əlləri və dırnaqları ilə çəkir. Boya kimi istifadə etdiyi tək neft deyil. Neftlə qarışıqdan aldığı boya məhsulunu da özü hazırlayıb. Hazırladığı boya maddəsi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən patentə layiq görülüb: "Şəkil çəkmək asan deyil. Hər kəs şəkil çəkə bilər, amma hamı həmin şəkli hiss etdirə bilməz. Məsələn, sən ayı görürsən, mən ayı yox, ayın görmədiyin tərəfini fantaziyamda yaradıb çəkirəm. Sənət budur. Barmağım və dırnaqlarımla materialı daha yaxşı hiss edirəm. Nefti əlimdə hiss etdikdən sonra əllərimlə forma verirəm. Onu hiss etməsəm, ruh verə bilmərəm”.

"Şəkillərimə əcnəbilər daha çox maraq göstərir”

Müsahibimiz deyir ki, neftlə çəkilən şəkillərə əcnəbilər xüsusi maraq göstərir: "Burada bir alman əsərimi aldı işlərimi Almaniyaya apardı, mənimlə əlaqə saxladı və dedi ki səni ora dəvət edəcəyəm. 2006-cı ildə neftlə çəkdiyim rəsmlərə görə Almaniyaya dəvət olundum. "İncəsənətdə sülh” II Beynəlxalq Simpoziumda 16 dövlətin 32 nümayəndəsi arasında birinci yerə layiq görüldüm”.

Sənətə çətinliklərlə gələn, nənəm olmasaydı rəssam olmazdım deyən sənətkar bu gün çəkdiyi zəhmətin bəhrəsini görür. Deyir ki, ən ucuz əsərini 250 dollara, ən bahasını isə 30 min dollara satıb. Amma əsərlərimi auksiona çıxarmamışam. Böyük arenada kifayət qədər böyük qiymətlər olur”.

Əsərlərinin mövzu dairəsi rəngarəng olsa da, daha çox tarixi mövzulara üstünlük verir. 600-dən artıq tablonun müəllifi olan rəssam ölkəmizin dünyada tanıdılmasında xüsusi rolu olan neftdən istifadə etməklə həm də Azərbaycan həqiqətlərini dünyaya tanıdır. Əsərlərində Qarabağ mövzusu, Azərbaycanın yeni tarixi xüsusi yer tutur. Bakını çox sevir. Şəhərin tarixi keçmişi, bu günü ilə bağlı Abşeron silsiləsindən olan əsərlər yaradıb. Sabir Çopuroğlunun yaradıcılığında Azərbaycanın keçmişi, tarixi, mədəniyyəti əks olunur. Bu gün dünyada neftlə şəkil çəkən yeganə sənətkar olan həmsöhbətimizin əsərləri bütün dünyada qəbul olunur. Deyir ki, həmişə azərbaycanlı olmağı ilə, Azərbaycanı, onun neft səltənətini dünyada öz fərqli üslubu ilə tanıtmağı ilə fəxr edir.

Sonda gənclərə məsləhət verən müsahibimiz vurğuladı ki, öyrənməkdən, yeniliklər tətbiq etməkdən çəkinməsinlər.

Aygün ƏZİZ

Kaspi.-2019.-1 mart.-S.12.