ADMİU-da Mehdi Məmmədovun 100 illiyinə həsr olunmuş konfrans keçirilib

5 mart 2019-cu il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində milli teatr düşüncəmizin formalaşmasında məxsusi yer tutmuş unikal şəxsiyyət və rejissor Mehdi Məmmədovun anadan olmasının 100 illiyinə həsr edilmiş elmi konfrans keçirilib. Teatrşünaslıq, Dram rejissorluğu və səhnə plastikası kafedralarının təşəbbüsü ilə keçirilən “Azərbaycan teatr mədəniyyətində Mehdi Məmmədov fenomeni” adlı konfransı giriş sözü ilə ADMİU-nun rektoru professor Ceyran Mahmudova açıb. Mehdi Məmmədovun Azərbaycan teatr mədəniyyətindəki rolundan bəhs edən rektor qeyd edib ki,  Mehdi Məmmədovun 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı bu görkəmli teatr xadiminin yubileyinin geniş miqyasda, silsilə tədbirlər şəklində keçirilməsinə imkan yaradıb. ADMİU-nun keçirdiyi “Azərbaycan teatr mədəniyyətində Mehdi Məmmədov fenomeni” adlı elmi konfransın da bu tədbirlər silsiləsinin davamı olduğunu vurğulayan Ceyran Mahmudova konfransın işinə uğurlar arzulayıb.

Sonra Mehdi Məmmədovun teatr fəaliyyətinin müxtəlif aspektlərini işıqlandıran məruzələr dinlənilib. Azərbaycan Respublikasının Xalq artisti, professor Cənnət Səlimova “M.Məmmədov və Rus Dram Teatrı”, sənətşünaslıq üzrə elmlər doktoru, professor İlham Rəhimli “M.Məmmədovun rejissurasında fəlsəfi konsepsiyalar”, sənətşünaslıq üzrə elmlər doktoru, professor İsrafil İsrafilov “M.Məmmədov necə varsa”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəridə Cəlilova “M.Məmmədov yaradıcılığında təzadlı ideyaların cazibəsi”, , sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Aydın Talıbzadə “M.Məmmədovun düşüncə portreti” mövzularında məruzə ilə çıxış ediblər. Ekranda Mehdi Məmmədovun 100 illiyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Daha sonra pedaqogika üzrə fəlsəfə doktoru, dosent Fikrət Sultanov və sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov çıxış edərək, Mehdi Məmmədovun zəngin və çoxşaxəli yaradıcılığı haqqında söz açıblar.

Kaspi  2019.- 7 mart.- S.12.