Heydər Əliyev irsi və sosial siyasət

 

Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə "Heydər Əliyev irsi və sosial siyasət" mövzusunda tədbir keçirilib. Trend-in məlumatına görə, tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilib. Baş nazirin müavini, YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov çıxış edərək ulu öndər Heydər Əliyevin xalqımızın rifahı, dövlətimizin inkişafı üçün gördüyü işlərdən danışıb. Ə.Əhmədov bildirib ki, Heydər Əliyevn xatirəsi nəinki insanların qəlbində yaşayır, eyni zamanda onun siyasəti bu gün də davam edir: "Bugünkü Azərbaycan Heydər Əliyev ideyalarının bariz nümunəsidir. Heydər Əliyevin böyük dövlətçilik təcrübəsində sosial məsələlər daim əhəmiyyətli yer tutub və bu da ulu öndərin insanların qəlbində yer tapmasının izahlarından biri ola bilər. Prezident İlham Əliyevin uğurla reallaşdırdığı siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının rifahı, sosial vəziyyətinin yaxşılaşdırılması kimi mühüm məsələlər dayanır. Ən mühüm məsələ, birincisi, vətəndaşın təhlükəsizliyinin təmin edilməsi, ikinci isə rifahının yaxşılaşdırılmasıdır. Azərbaycan dövləti hər iki vəzifəni layiqincə yerinə yetirib. İnsanların güzəranın yaxşılaşdırılması Prezident İlham Əliyevin siyasətinin ən başlıca istiqamətlərindəndir”. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi illəri quruculuq, abadlıq, inkişaf dövrü kimi xarakterizə edib. Onun sözlərinə görə, ulu öndərin dövlətçilik siyasətinin əsasını sosial siyasət - əhalinin layiqli həyat şəraitinin qurulması təşkil edirdi: "1993-2003-cü illərdə müşahidə edilən çətinliklərə baxmayaraq, pensiya və müavinətlər 8 dəfə, orta aylıq əməkhaqqı 6 dəfə artırılıb. Heydər Əliyevin bu siyasəti Prezident Ilham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda Azərbaycan yoxsulluq səviyyəsini 5 faizə endirən 29 ölkədən biridir".

 

 

Kaspi  2019.- 7 may.- S.3.