Özbəkistanın əlyazmalar
fondunda Nəsiminin əsərlərindən
ibarət əlyazmalar müəyyən edilib
Özbəkistandakı
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin
ilə layihəsi “Nəsimi ili” ilə əlaqədar olaraq
Özbəkistan Milli Elmlər Akademiyasının Biruni
adına Şərqşünaslıq İnstitutunda
saxlanılan əlyazmaların müəyyən edilməsi,
onların kataloqunun hazırlanması, onların surətlərinin
qarşılıqlı əsaslarla Azərbaycan Milli Elmlər
Akademiyasının M.Füzuli adına Əlyazmalar
İnstitutu ilə mübadiləsi layihəsinin həyata
keçirilməsi nəzərdə tutulub.
Qeyd olunan layihənin icrası məqsədi ilə Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutunun mütəxəssisi, filologiya elmləri namizədi Kərumulla Məmmədzadə cari il 20 aprel - 1 may tarixlərində Özbəkistanda olmuş elmi ezamiyyətdə olmuşdur.
Ezamiyyət çərçivəsində Özbəkistan Elmlər Akademiyası Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunda araşdırmalar aparan K.Məmmədzadə burada qorunan Azərbaycana aid çoxsaylı əlyazma irsi haqqında məlumat toplaya bilmişdir.
Qeyd edək ki, Özbəkistan Respublikası Elmlər Akademiyasının Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutu 1943-cü ildə Dövlət Xalq Kitabxanasının (indi Əlişir Nəvai adına Dövlət Kitabxanasının) Şərq şöbəsi əsasında yaradılmış, 1950-ci ilə qədər Şərq Əlyazmalarının Öyrənilməsi İnstitutu adlandırılmışdır. İnstitut 1950-ci ildən isə Şərqşünaslıq İnstitutu adlandırılır. İnstituta 2017-ci ildə Şərqin tanınmış mütəfəkkiri Əbu Reyhan Biruninin adı verilmişdir.
İnstitutun əlyazma fondunda təxminən 26000 cild əlyazma vardır. Onların əksəriyyətinin bir neçə əsər ehtiva etdiyini nəzərə alsaq burada qorunan əsərlərin sayı daha da çoxdur. İnstitutun litoqrafiya və bədii kitablarının fondu təxminən 40000 cilddir. Bundan əlavə, institutun əlyazmalar kolleksiyasında təxminən 10 min tarixi sənəd saxlanılır.
2000-ci ildə Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunun əlyazma fondu dünyanın ən zəngin əlyazma xəzinələrindən biri biri kimi YUNESKO-nun Dünya Maddi-Mədəni İrsi Siyahısına daxil edilmişdir. Əlyazmalar fondunda Azərbaycan klassiklərindən Nizami Gəncəvi və Məhəmməd Füzulinin əsərlərinin sayı üstünlük təşkil etsə də burada Xaqani Şirvani, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai kimi klassiklərimizin də əsərlərindən ibarət nadir əlyazma nüsxələri mühafizə edilir.
İnstitutun əlyazma fondunda Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin də əsərlərindən ibarət əlyazma nüsxələri qorunmaqdadır. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstituTUnun əməkdaşı filologya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə burada qorunan Nəsimi irsini yaxından tədqiq etmişdir. Qeyd edək ki, burada şairin türkcə “Divan”ının 2 əlyazma nüsxəsi, şeirlərindən ibarət 1 məcmuə və 8 ədəd müxtəlif janrda yazılmış şeiri mövcuddur.
Bunlar içərisində təbii ki, ən qiymətlisi şairin türkcə olan “Divan”larıdır. Bunlardan birincisi 1794 şifrəsi ilə institutun əsas fondunda mühafizə edilən əlyazma nüsxəsidir. Nəsimi şeirlərindən ibarət bu əlyazm nüsxəsi köçürülmə tarixi hicri 1259-cu il kimi qeyd edilmişdir. Əlyazmanın katibi Mir Həbibullah Buxaridir və buda onu göstərir ki, əlyazma Buxarada köçürülmüşdür. Əlyazma hər səhifədə 13 sətr olmaqla incə nəstəliq xəttilə zərif Şərq kağızına yazılmışdır. Əlyazmanın ölçüləri 13x25sm, həcmi isə 155 vərəqdir. Əlyazmanın əvvəlində Sədi, Şəms Təbrizi və s. klassiklərə aid farsca münacat, rübai və qəzəllər yer alır. Nəsimi şeirləri əlyazmanın 2a səhifəsindən başlayır. “Divan” ənənəvi olaraq nət və münacatlarla başlayır. Şairin qəzəlləri isə əlyazmanın 4a səhifəsindən başlayır və 113a səhifəsinə qədər davam edir. Burada Nəsimin ümumilikdə 184 qəzəli yer almaqdadır. Əlyazmanın 113a səhifəsində farsca verilmiş (təmam şod nüsxeyi-Nəsimi əleyh ər-rəhmət sənə 1294) bir qeyddən sonra qırmızı mürəkkəblə farsca (rübaiyyati-Həzrəti-Seyyid Nəsimi qəddəsallah sirrüləziz) bir qeyd vardır ki, bundan sonra da Nəsimin rübailəri gəlir. Burada yer alan rübailər dördlük şəklində deyil beytlər ardıcıllıqla verildiyi üçün ilk baxışda qəsidəyə bənzəyir. Rübailərdən sonra da bir neçə səhifədə Nəsiminin qəzəlləri gəlir və əlyazma 121a səhifəsində təmmət-əl-kitab qeydi vardır ki, orada əlyazmanın hicri 1294-cü il bazar ertəsi günü (ruzi-düşənbə) tamam olduğu yazılır. Bundan sonra əlyazmanın 122a səhifəsindən başlayaraq fərqli bir xəttlə farsca yazılmış rübailər başlayır və iki vərəqi əhatə edir. Müşahidələr zamanı məlum oldu ki, bi iki vərəq əlyazmaya sonradan əlavə edilmişdir belə ki, bu vərəqlərin kağızı və mətnin xətti əlyazmanın digər vərəqlərindən fərqlidir. Əlyazmanın 125b səhifəsində isə “bəsmələ”dən sonra bir qəsidə başlayır və 125b səhifəsində bitir. Əlyazmanın 126a-126b səhifələri boş buraxılıb. 127b səhifəsindən isə “Qisseyi-Hüseyn” adlı qissə başlayır. Bu qissə əlyazmanın 156b səhifəsinə qədər davam edir. Əlyazmanın sonu naqis olduğu üçün qissənin tamamı əlyazmada yer almamışdır.
Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunun əlyazma fondunda qorunan Nəsimiyə digər bir əlyazma isə 9593 şifrəsi altında mühafizə edilən şairin türkcə “Divan”ın başqa bir nüsxəsidir. Əlyazmanın köçürülmə tarixi hicri 1116-cı il (miladi 1704) kimi qeyd edilmişdir. Katibi Mirbağı ibn Molla Qurbanquludur. Nəstəliq xəttilə axərli Şərq kağızına köçürülmüşdür. Əlyazmanın ölçüləri 13x19 sm, həcmi 123 vərəqdir. Əlyazma yaşıl rəngli kağızla üzlənmiş medalyonlu karton cildlidir. Əlyazmanın əvvəli naqisdir. Əlyazmanın 1a-4a səhifələrində Nəsimiyə aid 4 qəsidə var. Nəsimi qəzəlləri əlyazmanın 4a səhifəsindən başlayır. Əlyazmada Nəsimiyə aid 4 qəsidə (1a-4a), 296 qəzəl (4a-116b), 70 rübai (116a-123b) var. Qeyd etmək yerinə düşər ki, bəzi mənbələrdə bu divan Nəsiminin farsca “Divan”ı olaraq qeyd edilmişdir. Amma tədqiqat zamanı bir daha aydın oldu ki, əlyazmada bəzi farsca şeir parçaları olsa da bu əlyazma Nəsiminin türkcə şeirlərindən ibarət “Divand”ır.
Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunda qorunan Nəsimi irsinə aid başqa bir əlyazma isə 5661 şifrli “Məcmuəi-Nəsimi” adlı əlyazma nüsxəsidir. Əlyazma nəstəliq xəttilə hər səhifəd 15 sətr olmaqla Şərq kağızına köçürülmüşdür. Əlyazmanın ölçüsü 25x26 sm, həcmi isə 104 vərəqdir. Əlyazmada Nəsimiyə aid “Vəfatnameyi-Fatimə”, “”Mehmannamə”, “İmam Hüseyn”, “Mənsur Həllac” adlı qissələr yer alır.
Nəsiminin türkcə “Divan”ının iki əlyazma nüsxəsi ilə yanaşı bir neçə şeiri də burada mühafizə olunan cünglərdə yer almaqdadır. Bunlardan birincisi 3326 şifrəli cüngdür ki, burada Sədi, Hafiz, Cami, İsmət kimi klassiklərin şeirləri ilə yanaşı cüngün 49b səhifəsində Nəsiminin 9 beytlik farsca bir qəzəli dı yer almaqdadır. 8196/7 şifrli başqa bir cüngün 4a-4b səhifələrində şairin başqa bir farsca qəzəli verilmişdir.
Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunda Nəsimi əsərlərinin bir neçə litoqrafiya nüsxəsi də qorunur. Bunlardan birincisi 1936 şifrli daşbasma çap nüsxəsidir. Nəşr Nəsiminin “Mənsur Həllac” qissəsinin fars dilindən özbəkçəyə tərcüməsidir. Əsərin tərcüməçisi və nəzmə çəkəni A.Q. Məhəmməd, naşiri isə Şəmsəddin Hüseynoğludur. Kitab 1889-cu ildə Kazanda nəşr edilib. Həcmi 16 səhifədir.
Nəsimi əsərlərinin başqa bir litoqrafiya nüsxəsi isə 12547 şifrli çap nüsxəsidir. Bu Nəsiminin türkcə “Divan”ının 1844-cü il İstanbul nəşridir. Kitabın Naşiri Məhəmməd Səiddir. Kitabın həcmi, 133 səhifədir.
Araşdırmalar bir daha göstərmişdir ki, Özbəkistanda qorunan Nəsimi əlyazmaların geniş tədqiqata ehtiyacı vardır.
Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə Nəsimi irsinə dair əlyazmaların tədqiqatına dair layihə davam etdirilir.
Hazırda Azərbaycan Mədəniyyəy Mərkəzi İmadəddin Nəsimi irsinə həsr edilmiş “Məndə sığar iki cahan” adlı şeir müsabiqəsi elan etmişdir. Müsabiqə əsasında Azərbaycan və Özbəkistan şairləri Nəsimi yaradıcılığına, habelə şairin dəst-xəttinə uyğun yazılan şeirlər toplanır və yekunda hər iki ölkədən müsabiqəyə təqdim olunan şeirlərin kitab halında Daşkənddə çap edilməsi nəzərdə tutulub.
Tural
Palitra.-2019.-24 may.-S.13