Bakı finalının
turizmə töhfəsi
Mütəxəssislər deyirlər ki, belə məqamda turizm sektoru çox həssas və peşəkar yanaşma ortaya qoymalıdır
Bu axşam "danışır
və göstərir Bakı” sözləri dünyanın 204 telekanalından,
saysız-hesabsız radiosundan
eşidiləcək. 48-i Avropa, 156-sı qeyri-Avropa telekanalları olan bu yayım şirkətləri
dünya ölkələrinin
diqqətini Azərbaycana
yönəldəcək. Bu gün futbol
üzrə Avropa Liqasının final qarşılaşmasında
dünyanın iki nəhəngi – İngiltərənin
"Çelsi” və
"Arsenal” komandaları Bakı
Olimpiya Stadionunda üz-üzə gələcək.
Futbol azarkeşləri saatları
saya-saya böyük oyunun başlamasını
gözləyirlər. Emosiyaları
coşduracaq Bakı finalını izləmək
üçün dünyanın
dörd bir yanından azarkeşlər
ölkəmizə gəlib.
İlk Avropa Oyunlarının, İslam
Həmrəylik Oyunlarının,
beynəlxalq reytinqə
görə Yay Olimpiya Oyunlarının və futbol üzrə dünya çempionatının səviyyəsində
sayılan və tamaşaçı auditoriyası
500 milyon insan olan Formula 1 üzrə Azərbaycan Qran Prisi yarışlarının
sədası qulaqlardan
çəkilməmiş, idmanın
şahı sayılan
futbol yarışı
– Avropa Liqasının
final oyunu dünyanın
diqqətini Azərbaycana
yönəldir. UEFA-nın onlayn satışa çıxardığı
21 min 500 ədəd bilet
100-dən artıq müxtəlif
xarici ölkənin vətəndaşları tərəfindən
alınıb. Ermənistan istisna
olmaqla, Avropanın bütün ölkələrinin
vətəndaşları Bakı
finalına bilet əldə ediblər.
İndiyədək Avroliqa tarixində
100-dən artıq ölkədə
bilet satılmadığı
halda, Bakı finalına belə bir marağın olması hər bir Azərbaycan vətəndaşında qürur
hissi doğurur. 1 milyarda yaxın
insan isə televiziya qarşısında
bu möhtəşəm
finalı izləyəcək.
Bakı finalı bir neçə əlamətdar
məqamlarla da tarixə düşəcək.
Məsələn, axşamkı final oyunu dünyanın ən böyük ekranında nümayiş olunacaq. Final oyunu Moskvada Music Media Domenin ən böyük proyeksiya ekranında göstəriləcək.
Beynəlxalq nüfuzun göstəricisi
Sevindirici haldır ki, artıq ölkəmiz dünyada beynəlxalq idman yarışlarının
keçirildiyi məkan
kimi tanınır. Ölkə başçısının
qeyd etdiyi kimi, bu, beynəlxalq
idman aləmi tərəfindən bizə
göstərilən böyük
hörmətdir.
Ölkəmizdə yaradılan yüksək
səviyyəli idman infrastrukturu təkcə paytaxtı deyil, regionların da beynəlxalq idman yarışlarına ev sahibliyi etməsinə imkan verir. Müxtəlif idman növləri
üzrə Avropa və dünya çempionatlarının, beynəlxalq
turnirlərin və digər tədbirlərin Azərbaycanda keçirilməsi
ölkəmizin regionun
siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildiyini
bir daha təsdiqləyir. Mötəbər yarışlar beynəlxalq
nüfuzumuzdan xəbər
verir.
Sirr deyil ki, beynəlxalq tədbirlərin keçirilməsi
üçün ölkəni
seçərkən, ilk növbədə,
sabitliyin, təhlükəsizliyin
təmin olunduğu əsas götürülür. Mötəbər
beynəlxalq yarışlarda
məhz Azərbaycanın
seçilməsi, dünyanın
ölkəmizə etimad
göstərdiyini təsdiqləyir.
Digər
tərəfdən, hər
bir beynəlxalq yarış Azərbaycanın
turizm potensialının
inkişafına öz
töhfəsini verir.
Turizmçilər də bu faktları təsdiqləyərək,
ölkəmizdə keçirilən
beynəlxalq yarışların
sayını artırmağın
tərəfdarıdırlar.
Həm ölkəmizin imici, həm turizmin inkişafı...
Paytaxtımızda keçirilən böyük
futbol oyununun bütün dünyanın
diqqətini Azərbaycana
yönəltdiyini turizm
mütəxəssisi Ceyhun
Aşurov da təsdiqləyir: " Bildiyiniz kimi, futbol dünyada azarkeşlərinin sayına
görə ən populyar idman növüdür. Çox məşhur
futbol klublarının
finalda qarşıladığını
nəzərə alsaq,
bu cür ciddi azarkeş kütləsinə malik komandaların ölkəmizə
təşrif gətirməsi,
dünya mətbuatında,
müxtəlif internet portallarında
bu oyun haqqında
yazılması, məlumatların
paylaşılması ölkəmiz
üçün ciddi
bir hadisədir. Təbii ki, bu da
ölkəmizin axtarış
sistemlərində tanıdılmasında,
ümumiyyətlə, turizm
məkanı kimi daha çox məlumatların paylaşılmasında
çox faydalıdır”.
Final oyunu ilə əlaqədar ölkəmizə
turist axınının
müşayiət olunduğunu
deyən turizmçi bildirir ki, hava
limanı, ictimai nəqliyyat, turizm infrastrukturları gücləndirilmiş
iş rejimində işləyir: "Gələnlərin
sayında ciddi şəkildə artım
olduğundan, otellərdə
sıxlıq müşayiət
olunur. Ölkəyə indiyə qədər
Azərbaycanda olmayan turist kütləsi gəlir. Hətta, evlərin kirayəsində
artım qeydə alınır. Onlar ilk dəfə
ölkəmizi görəcək,
paylaşımlar edəcək
və Azərbaycan haqqında onlarda təəssüratlar yaranacaq.
Bu, ölkənin turizm istiqamətində tanıdılması yönündə
müsbət addımdır.
Turistlərin gəlişi ölkəmizə
valyuta axınına səbəb olur. Gələnlər sadəcə,
oyuna baxıb qayıtmır, bir neçə gün öncədən gəlir
və oyundan sonra da bir
neçə gün qalacaqlar. Təbii ki, onların oyundan başqa, əlavə xərcləri
də olacaq. Məsələn, onların regionlara
səfər etmək imkanları olacaq. Turistlər müxtəlif turizm məhsullarımızdan istifadə
edəcəklər. Bu
da ölkəyə əlavə gəlirin qazandırılması və
ölkəmizin tanıdılması
üçün əla
imkandır. Hesab edirəm
ki, bu cür
idman yarışlarının
faydası çoxdur.
Bu, həm ölkəmizin
imici, həm turizmin inkişafı üçün, həm də ümumilikdə ölkəmizin təbliğatı
üçün yaxşı
məqamdır”.
Həssas və peşəkar yanaşma
Ölkəmizdə keçirilən
beynəlxalq əhəmiyyətli yarışların
coğrafiyasının gün-gündən genişləndiyini
deyən «Millennium Tourism
& Congress DMC»nin direktoru Ruslan Quliyev hesab edir
ki, bu tip
tədbirlərin Azərbaycana ən böyük
töhfəsi dünya turistlərinin maraq dairəsini ölkəmizə
yönəltməkdir. Belə ki, ölkəmizə
gələnlər onun gözəllikləri,
turizm imkanları ilə yaxından tanış
olurlar: "Əgər Formula
1 yarışlarında yarım milyard auditoriya varsa, təbii ki, bu, ölkəmizin
tanıdılmasına xidmət edir. Həmçinin
turistlərin axınına öz təsirini
göstərir. Baxmayaraq ki,
finalda ingilis
komandaları qarşılaşır, Yaxın Şərqdən,
Şərqi Avropadan da
gələnlərin sayında artım var.
Hətta, yarışı izləməyə gələn
ölkələrin sayında kəskin artım hiss olunur. Gələcəkdə
dövlətin özü, əlaqədar strukturlar məhz belə yarışların
ölkəmizdə daha çox
keçirilməsində maraqlı olmalıdır”. Gələn il futbol
üzrə Avropa çempionatının
4 oyununun Azərbaycanda keçiriləcəyini
deyən turizmçi bildirdi
ki, həmin qarşılaşmalara qədər
hazırlıq prosesləri, tanıtım, sosial
şəbəkələrdə təbliğat da öz bəhrəsini verir: "Gələn turistlər oyun öncəsi və sonrası bölgələrə
maraq göstərirlər. Burda
da turizm sektoru çox həssas və
peşəkar yanaşma ortaya
qoymalıdır. Bu, həm təbliğat,
həm də iqtisadi baxımından bizim dividentlərimizdir. Hesab
edirəm ki, bu istiqamətdə
fəaliyyətimizi ardıcıl olaraq
yürütməliyik”.
Əgər onlar regionlara üz tutsalar...
Azərbaycan Turizm Assosiasiyası
(AzTA) sədrinin müşaviri Müzəffər
Ağakərimov hesab edir ki, ölkəmizdə
beynəlxalq idman yarışlarının keçirilməsi,
eləcə də mədəni tədbirlər,
konqreslər, simpoziumlar,
forumlar Azərbaycanı
dünyaya tanıdır:
"Təbii ki, Bakı finalını izləmək üçün
ölkəmizdə qonaq
olanlar Azərbaycanın
inkişafının, sözün
əsl mənasında,
sabitlik, əmin-amanlıq
məkanı olduğunun
şahidi olacaqlar. Hər gələn qonaq ölkəmizin necə bir məmləkət, paytaxt Bakının necə qədim və müasir olması haqqında məlumat alır. Qonaqlar insanlarımızın necə
qonaqpərvər, tolerant olmasını
öyrənirlər. Əgər onlar
regionlara üz tutsalar, öz ölkələrinə qayıdandan
sonra Azərbaycan haqqında ətraflarına
məlumat verirlər.
Bu o deməkdir ki, Azərbaycanın təbliği və təşviqi yüksək
səviyyədə keçirilir.
Ona görə də, bu tədbirlərin, xüsusən beynəlxalq
tədbirlərin Azərbaycanda
keçirilməsi çox
müsbət haldır.
Bu cür tədbirlər
gələcəkdə də
keçirilərsə, ölkəmizə
gələn turistlərin
sayı daha da artacaq. Bu, həmçinin yeni otellərin inşası, yeni turizm şirkətləri,
yeni iş yerləri deməkdir. Xüsusən turizm sahəsində
çalışan gənc
tələbələrin inkişafı
və gələcəkdə
işlə təminatı
üçün yaxşı
imkandır. Azərbaycana turistlərin gəlməsi
ölkənin iqtisadiyyatına
maddi cəhətdən
dəstək olur.
Digər
tərəfdən, ölkənin
mədəniyyətini, tarixini,
mətbəxini, reallıqlarını
təbliğ və təşviq edir».
Təranə Məhərrəmova
Kaspi 2019.- 30 may.- S.6.