Milli ədəbi-nəzəri düşüncənin öncülü  ya akademik İsa Həbibbəylinin Məmməd Araz dünyası

Çağdaş nəzəri-estetik fikrimizin korifeyi, akademik İsa Həbibbəylinin 50 illik zəngin və çoxşaxəli yaradıcılığını bir neçə mərhələyə bölmək olar. 70-80-ci illəri özündə ehtiva edən birinci mərhələnin özülündə həmin dövrün qabaqcıl və demokratik təmayüllü ədəbi-nəzəri axtarışlarının üzvi hissəsini təşkil edən romantizmşünaslıq sahəsindəki tədqiqatlar dayanır. Özünəqədərki ədəbiyyatşünaslığın və ustad ədəbiyyatşünasların XX yüzil ədəbiyyatı, xüsusən, romantik poeziyadramaturgiya sahəsindəki araşdırmalarıdavaminkişaf etdirən gənc, döyüşkən alim, nəhayət, bu sahədəki elmi axtarış və yeniliklərini ümumiləşdirib, ədəbi ictimaiyyətə təqdim edir. 80-ci illərin birinci yarısında işıq üzü görən "Romantik lirikanın imkanları” kitabı cavanromantizmşünas alimin sabiq Sovet İttifaqı imperiyasının hələ də kəsərdən düşmədiyi bir vaxtda, Hadiyə, Cavidə, Cavada və romantizmə düşmənçilikdən əl çəkilmədiyi, qadağalar və qətliamların hələ də köhnəlmədiyi bir zamanda cəmiyyətimizə, millətimizə, elm dünyasına ilk və sanballı töhfəsi idi. Zatən, yaxın gələcəyin böyük Mirzə Cəlilşünası və mahir realizmşünası şəhid şairlərimiz Hadi, CavidCavad romantizminin mürəkkəb rəmzlər, bədii-fəlsəfi metaforalar və işarələr dünyasından realizmin  əzəmətli və sərt həqiqətlər yoluna çıxmağı hədəfə almışdı. Və Azərbaycan elmində akademik İsa Həbibbəyli epoxasının təməl daşları qoyulurdu...

Müasir Azərbaycan nəzəri-estetik fikrinin görkəmli nümayəndələrindən biri akademik İsa Həbibbəylinin yaradıcılığında bədii təfəkkürün bir çox problemləri ilə yanaşı, poeziya məsələləri də mühüm yer tutur. Ustad tənqidçinin və ədəbiyyatşünas alimin elmi-estetik axtarışlarının hələ ötən əsrin 70-80-ci illərində əsas obyekt və hədəflərindən birinin poeziya olduğunu xatırlasaq, bunun təsadüfi xarakter daşımadığına əminlik hasil edə bilərik. Zəhmətkeş alimin öz yaradıcılığının ilk dövründən və hələ gənclik çağlarından Azərbaycan romantizminin bədii-fəlsəfi və ictimai-estetik problemləri ilə yaxından və dərindən  məşğul olması fikrimizi təsdiq edir. Həssas tənqidçinin yarım əsr bundan əvvəl böyük uğurla başlanmış yaradıcılıq yolu bu günyeni hədəflərə və zəfərlərə yön almaqdadır. Akademik İsa Həbibbəylinin romantiklərimizin lirikasını ilk dəfə və ətraflı şəkildə tədqiq edən məşhur kitabından ("Romantik lirikanın imkanları”, Bakı, 1984) tutmuş milli poeziyamızın bir sıra tanınmış nümayəndələrinin yaradıcılığı haqqındakı elmi-estetik tədqiqatlarına qədər bütün əsərləri  ədəbiyyatşünaslığımızın qiymətli nümunələri kimi dəyərləndirilməkdədir. Məmməd Araz poeziyasına münasibət və onun əsərlərinin yüksək elmi səviyyədəki təhlilləri akademik İsa Həbibbəyli tənqidinin ədəbi-elmi xarakterini və orijinallığını nümayiş etdirən əsas nəzəri-estetik nümunələrdən biridir.

XX yüzillik ədəbiyyatımızın məşhur klassiki Məmməd Araz haqqında onlarla elmi və ədəbi tədqiqatlar, yüzlərlə məqalələr qələmə alınmışdır. Akademik İsa Həbibbəylinin hələ ötən əsrdə yazıb çap etdirdiyi  "Xalq şairi Məmməd Araz” (Bakı, 1999) kitabı və "Xalq şairi Məmməd Araz: böyük sənətlə şəxsiyyətin vəhdəti” tədqiqatı Məmməd Arazşünaslıqda hadisə kimi qarşılanmış, özünün bir sıra elmi-estetik keyfiyyətləri ilə diqqəti cəlb etmişdir. Görkəmli poeziya tənqidçisinin bu əsərlərindəki bariz surətdə nəzərə çarpan xüsusiyyətlərdən biri, ilk dəfə olaraq, böyük şairin yaradıcılığının onun tərcümeyi-halı və həyat yolu ilə müqayisəli və paralel şəkildə öyrənilməsi idi.

XX yüzilliyin ikinci yarısından, xüsusən, 60-cı illərdən etibarən sürətlə yenilənməyə və inkişaf etməyə başlayan Azərbaycan ədəbiyyatının tədqiqi və təbliği sahəsində akademik İsa Həbibbəylinin xidmətləri ayrıca qeyd edilməlidir. "Xalq şairi Məmməd Araz” (1999) monoqrafiyası da müstəqillik dövrü ədəbi tənqidimiz və ədəbiyyatşünaslığımızın uğurlu nümunələrindən biri kimi diqqətə layiqdir. Azərbaycan ədəbiyyatşünaslığında və ədəbi tənqidində xalq şairi Məmməd Arazın bədii təfəkkürümüz tarixindəki təkrarsız xidmətləri və özünəməxsus mövqeyi məhz bu monoqrafiyada ilk dəfə elmi cəhətdən dərindən araşdırılmış və ümumiləşdirilmişdi: "Artıq xalq şairi Məmməd Arazın qiymətli bədii irsi kimi bənzərsiz obrazı da ürəkləri fəth edə bilmişdir. Şairin əsərləri doğma xalqının dilində qürur və əzəmətlə səslənməkdə davam edir. Məmməd Arazın şeirlərindən müxtəlif xalqların dillərinə çevrilmiş nümunələr hər yerdə rəğbətlə qarşılanır.

Məmməd Araz XX əsrin aşırımından XXI əsri görür.

Məmməd Araz XXI əsrin yeniböyük ədəbiyyatının yükünü çəkməyə də səfərbərdir. Bütövlükdə Azərbaycan ədəbiyyatı XXI əsrə bir çox qiymətli sənətkarlarımızla  birlikdə həm də xalq şairi Məmməd Arazın çiyinləri üstündə gedir...”

 "Xalq şairi Məmməd Arazın həyatı, tərcümeyi-halı və bədii yaradıcılığı bir-birini tamamlayır” deyən müəllif, bənzərsiz sənətkar yaradıcılığını tamamilə yeni ədəbi-nəzəri yöndə və kontekstdə araşdırır. Dünya ədəbiyyatşünaslığında Dante, Nəvai, Bayron, Puşkin, Lermontov və başqaları haqqında bu tipli tədqiqatlar mövcuddur. Azərbaycan ədəbiyyatşünaslığında isə bu sahədə ayrı-ayrı məqalə və araşdırmalara rast gəlinsə də, hələlik böyükciddi tədqiqatlar ortada yoxdur. Akademik İsa Həbibbəyli görkəmli sənətkar estetik dünyagörüşünün və obrazlarının mənşəyini ilk dəfə olaraq poetik tərcümeyi-halla paralel şəkildə araşdırır. Böyük şairin həyat yolunun başlanğıcını – uşaqlıq çağlarını təhlil edən müəllif Məmməd Araz poeziyasında "daşmotivinin doğuluşu ilə bağlı əsaslı mülahizələr irəli sürür: "Bu mənada Çadırdaş ətəyində, Şahbulaq yaylağı ətrafındakı yazı masasına bənzəyən sal daşlar Məmməd Arazın ilk şeir dəftərinin daşlaşmış səhifələridir” .  Görkəmli alimin təkcə Məmməd Araz poeziyasında deyil, ümumən, XX əsrin ikinci yarısındakı bədii təfəkkürümüzdə mühüm yer tutan və silinməz izlər qoymuş daş obrazları və motivlərinin genezisi, ehtiva və ümumiləşdirmə miqyasları haqqındakı düşüncələri də ciddi maraq oyadır: "Bəlkə də ilkin başlanğıcı daşla bağlı olan bu poeziyada daş motivinin sonralar əsas, aparıcı mövzulardan birinə çevrilməsinin mühüm səbəblərindən biribudur. Daş mövzusu filosofların fikrincə, dünyanın əsasını təşkil edən dörd ünsürdən birinə - ana torpağa olan inamın ifadəsidir. Ədəbiyyatşünaslıq nöqteyi-nəzərindən isə bizcə, daş Məmməd Araz poeziyasında bütövlük, Vətənə, torpağa bağlılıq, gərəkli olmaq, əsil vətəndaşlıq mənalarını ifadə edir. Şair hətta özünümilli şeirimizin "daş əsgəri” hesab edir” . Son dərəcə düzgün və dəqiq seçilmiş nəzəri-metodoloji yanaşma Məmməd Araz dünyasının qapılarını açan sehrli bir açar rolunu oynayır. Beləliklə, "vətən daşı olmayandan olmaz ölkə vətəndaşı” poetik aforizminin ərsəyə gəlməsi prosesi əslində şair yaradıcılığında Vətən obrazlarının və konsepsiyasının formalaşma tarixçəsidir. Məhz bu əqidə və məslək şair yaradıcılığında genişlənərək "Vətən qayaları, Vətən daşları” silsiləsinə, "Daş harayı” kitabına çevrilir. Bu ruhobraz Məmməd Araz dünyasında o dərəcədə dərin və möhkəm köklərə malikdir ki, hətta bütünbütöv Azərbaycan dünyasını da şair daşlarsız və qayalarsız təsəvvür etmir: "Azərbaycan - qayalarda bitən bir çiçək, Azərbaycan - çiçəklərin içində qaya” . O da təsadüfi deyil ki, qayanın vəsfi ilə başlanan bu böyük şeir, məhz Azərbaycan daşlarının tərifi ilə son çatır: "Azərbaycan, mayası nur, qayəsi nur ki... Hər daşından alov dilli ox ola bilər” .

Akademik İsa Həbibbəylinin Məmməd Arazşünaslıq və ümumən, ədəbiyyatşünaslığımız üçün qiymətli olan daha bir yeni elmi yanaşması böyük şair yaradıcılığında mühüm yer tutan Araz motivləri ilə bağlıdır. Biz dahi və cəsarətli şairimizin Araz dünyasını yetərincə duymasaq, onun Azərbaycan dünyasını lazımınca dərk edə və dəyərləndirə bilmərik. Məmməd Arazın bütöv Azərbaycan dünyası məhz Araz sahillərində doğulmuş və formalaşmış bir poetik aləmdir. Müəllif çox doğru olaraq Məmməd Araz dünyasının əsas atributlarından və əlamətlərindən biri kimi Arazı seçir. Daş obrazı kimi Araz obrazı da Məmməd Araz dünyasının ikinci sehrli açarıdır: "Məmməd Araz bütöv, böyük Vətənin nəğməkarıdır. "Araz axır” poemasında, "Oxuyan Təbriz”, "Şəhriyar gəlmədi”, "Bu gecə yuxuda Arazı gördüm”, "Araz dili”, "Araz üstdə Çinar gördüm”, "Qalır hələ”, "Araz yadıma düşüb”, "Arazın işıqları”, "Sərhəd çəpərləri”, "Mən Araz şairiyəm” şeirlərində bütöv Vətən duyğusu mənalandırılmışdır. Məmməd Araz qələmindən çıxmış "Oxuyan Təbriz” (1969) şeiri Azərbaycan poeziyasında Cənub mövzusunda yazılmış ən dəyərli və təsirli şeirlərdən biridir” .

"Xalq şairi Məmməd Araz: böyük sənətlə şəxsiyyətin vəhdəti” tədqiqatında diqqəti çəkən üçüncü mühüm cəhət şair yaradıcılığının milli ədəbi qaynaqları və mənbələrinin elmi dəqiqliklə göstərilməsidir. Doğrudur, Məmməd Araz nəslinin və ümumən, altmışıncıların poetik bioqrafiyasının, bədii dünyagörüşünün formalaşması barəsində müəyyən araşdırmalar mövcuddur. Amma bir qədər ümumi və dərinə nüfuz etməyən həmin araşdırmalarda altmışıncıların sələflərlə mənəvi əlaqələri lazımi səviyyədə və elmi obyektivliklə açılmayıb. Akademik İsa Həbibbəylinin elmi təhlillərinin qiymətli cəhəti ondadır ki, ədəbi nəsillər arasında estetik münasibətin xarakteri düzgün açılır. Məmməd Arazı Mirzə Ələkbər Sabir və Səməd Vurğun kimi dahi sənətkarlarla birləşdirən mənəvi tellər yüksək qiymətləndirilir. Məmməd Arazın "Mən də insan oldum” (1962) poeması təkcə müəllifin deyil, bütün yeni pleyadanın bədii etiqadının ifadəsi və etirafnaməsi idi. Tədqiqatda "Səməd Vurğunla söhbət”, "Qayalara yazılan səs” və başqa əsərlərin təhlili əsasında Səməd Vurğun və Məmməd Araz münasibətləri ədəbi-nəzəri metodologiya baxımından dəqiq və aydın ifadə edilir. Altmışıncıların Səməd Vurğuna sevgisini onların təkcə ithafları deyil, eyni zamanda, bütün yaradıcılıq yolu nümayiş etdirməkdədir. Əli Kərim də, Xəlil Rza Ulutürk də, Məmməd Arazb. altmışıncılar da Səməd Vurğunu bir ustad kimi ürəkdən sevirona pərəstiş edirdilər. Lakin altmışıncıların sevgisi ayıq sevgi idi. Onlar sadəcə məftunluq və pərəstişlə kifayətlənmirdilər. Altmışıncılar, o cümlədən Məmməd Araz "...xalq şairi Səməd Vurğunun adı ilə bağlı sənət ocağının od qoruyanı, keşikçisiolmaqla bərabər həm də yeni şəraitdə yeni poetik ənənələrin əsasını qoyurdular. Müəllif haqlı olaraq "60-cı illərin ikinci yarısından etibarən Məmməd Araz özü də Səməd Vurğundan sonra şeirimizin xəritəsinin təzələnməsindən, "şeirimizə təzə yollar” gəldiyindən bəhs etmişdir” deyə vurğulayır. İki böyük poetik dövr arasındakı, iki özünəməxsus ədəbi nəslin estetik dünyagörüşündəki ciddi fərqlər də ilk dəfə olaraq tədqiqatda geniş və hərtərəfli əsaslandırılmışdır: "Bu təkamül prosesi Məmməd Arazın yaradıcılığında da qabarıq şəkildə nəzərə çarpmaqdadır. Yəni 30-50-ci illərin poeziyasındakı zamanın tələblərindən doğan poetik dəbdəbə, ritorika, zahiri təntənə, parıltı, tərənnüm, ideoloji xəttə meyl kimi qəliblənmiş ənənələrin buzu Məmməd Arazonun mənsub olduğu ədəbi nəslin istedadlı nümayəndələrinin səyi, cəsarəti ilə sındırılmışdır” . Bu mühüm elmi həqiqəti bəzən tanınmış alimlərimiz də nədənsə etiraf etməyə çətinlik çəkirlər. İki poetik dövr arasındakı bu mühüm fərqləri görməmək və ya özünü bilməzliyə qoymaq isə əsil reallığı inkaraya təhrif etməyə gətirib çıxarır.

Məhz bu nöqteyi-nəzərdən ustad ədəbiyyatşünas alimin qeyd etdiyimiz məsələyə münasibəti elmi təfəkkürümüzü təzələyir və zənginləşdirir.

Alimin poetik dövrləri səciyyələndirərkən işlətdiyi elmi ifadələr də diqqətəlayiqdir; həqiqətən "tərənnüm poeziyası” və "düşüncə lirikası” elmi təyinləri təkcə haqqında söhbət gedən ədəbi nəsillərin yaradıcılıq yolunu ümumiləşdirmir, eyni zamanda, terminoloji siqlətə və əhəmiyyətə malik ədəbiyyatşünaslıq anlayışlarıdır.

Həqiqətən, Məmməd Araz poeziyası XX əsr Azərbaycan ədəbiyyatının ən böyükunudulmaz hadisələrindən biri olmaqla bərabər, həm də milli mənəviyyatımızı və estetik dünyagörüşümüzü zənginləşdirən qiymətli bədii örnəklərdən biridir. Akademik İsa Həbibbəylinin yüksək elmi dəyərə malik ədəbi-nəzəri düşüncələri bu inamı və qənaəti bir daha təsdiq edir: "Böyük ədəbiyyat, həqiqi şeir-sənət artıq Məmməd Arazın tale ortağıdır. Bu böyükmüdrik sənətin şərəfli və məsuliyyətli yükünü – ədəbiyyatımızın böyük idealları ilə səsləşən Məmməd Araz ideallarını ayrılıqda bir şair deyilya ümumiyyətlə, qələm əhli yox, sözün geniş mənasında, Vətən əhli çəkib daşıyır. Bu isə öz növbəsində xalq şairi Məmməd Arazın mənəvi zənginliyə, daxili saflığa, millilik və vətəndaşlığa, habelə müstəqilliyimizin daha da möhkəmləndirilməsinə aparan böyük, magistral yolun əsas, güclü poetik lokomotivi olması deməkdir. Milli yüklü həmin şeir-sənət, ədəbiyyat qatarı təkcə öz müəllifini deyil, bütövlükdə xalqımızı XXI əsrə aparır” .

Yaşar Qasımbəyli

filologiya elmləri doktoru, professor  

Kaspi  2019.- 12-14 oktyabr.- S.11.