Ruhlar da ağlaya bilər...

Ruhlar da ağlaya bilər...O gecə yata bilməmişdi. Ömür-gün yoldaşının kədərli, məhzun çöhrəsi, ondan asılı olmayan tələbi onu sarsıdırdı. Bu, həyatında tez-tez təkrar olunan hadisələrdən biri idi. Nədənsə bu olay onu daha çox ağrıtdı. Gülçöhrənin çirkin, əyilmiş, həsəddən, paxıllıqdan daha da eybəcərləşmiş sifəti gözünün önündən getmirdi. Rəssamlıq istedadı olsaydı gözəl rəsmlər çəkib Gülçöhrənin adıyla lazımı yerlərə təqdim edərdi. Təki Gülçöhrə sevinsin, razı qalsın. Şöhrət ağacının ən uca nöqtəsini də ona verərdi. Axşam evdə baş verən hadisə yenidən gözləri önündə canlandı. O, işdən evə qayıdanda Gülçöhrənin üsyankar duruşunu görəndə ürəyi sancdı.

– Nolub, – dedi.

– Canıma azar olub. Səni kimi biganə, səni kimi həyat yoldaşına qiymət verməyi bacarmayan, ona arxa ola bilməyən ərin bivecliyi üzündən mən ömrü boyu pisikmişəm və pisikə-pisikə də yaşayıram. Yenə də mənim rəsmim kölgə də qaldı. Amma Əlinin rəsmi birinci yerə çıxdı. Çünki, adam var, pulu var, ondan ötrü narahat olan var. Məni kimi yiyəsiz, sahibsiz deyil ha...

O susdu. Neyləsin, onsuz da Gülçöhrəni başa salmaq mümkün deyildi. Onun istedadsız primitiv, dünyagörüşüylə çəkdiyi rəsmlərində primitiv olduğunu necə başa salsın? O, özünü bu sahədə dahilərin dahisindən də öndə görür və hər yerdə birinci sırada görürdü.

Gülçöhrənin bu halı onun iç dünyasını alt-üst etdi. Yazığı gəlirdi ona, sızıldayırdı ürəyi. Ailə həyatı qurandan yalnız onun xoşbəxtliyi üçün çalışmışdı. Qadına məxsus heç bir gözəlliyi olmayan bu qadının çirkin görkəmində nəsə, bəlkə də, yalnız ona məlum olan bir cazibə var idi. Çirkinliyin cazibəsi. İnsan ya üzü ilə, ya vücudu ilə çirkin ola bilər. Amma Gülçöhrə bütöv çirkinlik mücəssəməsi idi. Heç kimə bənzəməyən bu çirkinlik ona çox xoş gəlirdi bir ər kimi. Həm də bu çirkinliyin böyük iddiası onu heyrətləndirirdi.

Gülçöhrə deyindi, deyindi, nəhayət, büzüşərək heç nə olmamış kimi yarımçıq qalmış rəsminin önündə kresloda oturdu. O, əlini ürəyinin üstünə qoydu. Bildi ki, bir azdan korifeylərdən tutmuş, müasirlərə qədər olan rəssamların rəsm əsərləri qalaqlanacaq. Gülçöhrə o rəsm əsərlərindən nəyisə götürəcək, daha doğrusu oğurlayacaq və öz çəkdiyi rəsmə əlavə edəcək. Bu rəsmdə bəlkə də Van Qoq, Toğrul Nərimanbəyov, Tahir Salahov, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə və.s ştrixlər bir-birilə görüşəcək. Orda təkcə Gülçöhrə olmayacaq və bu rəsmdə əvvəlkilər tək uğursuz olacaq. Gülçöhrə yenidən özünün dahi obrazını yaradacaq və ünlü rəssamlar kimi fəxri adlar iştahasında olacaq.

Çox yazığı gəldi ona... Yataq otağına keçdi və dözülməz əzab içində uzandı. Yata bilmədi, Gülçöhrənin şöhrəti naminə hansı idarələrə, insanlara üz tutduğu yadına düşdü. Hara getdi eyni sözlər eşitdi. İstedad onu öyməyə cavab vermirdi. Onun üçün pul da xərcləyirdi. Müəyyən yerlərdə adını qeyd etdirirdi. Amma zirvə onluq deyildi.

Səhər durdu. İşə getməliydi. Otağa keçdi. Gülçöhrə yarımçıq qalmış əsərinin qabağında dərin yuxuya getmişdi. O, rəsmə baxdı, diqqətlə baxdı heç nə anlaya bilmədi. Çiynini çəkdi, əlini sızlayan ürəyinin üstünə qoydu. Fikirləşdi ki, yenə də tanıdığı məşhur rəssamın yanına getsin. Gülçöhrəyə, bəlkə rəssamlığın sirrini öyrətməkdə köməyi dəysin. Amma o məşhur rəssamda öz sözünü demişdi – fitri istedad yoxdu. Zor gücünə rəssam olmaq olmaz. Birdə baxdı Gülçöhrəyə bu çirkin qadının onun üçün necə əziz olduğunu bütün varlığı ilə duydu. Ona olan sevgisi iç dünyasını lərzəyə gətirdi.

Mətbəxə keçib çay çörək hazırladı, səhər naharını edib, Gülçöhrə üçün səhər yeməyini hazır qoyub çıxdı.

İş otağında işlənəsi lazım olan sənədləri araşdırmağa başladı. Amma vərəqləyə bildi sənədləri. Hansı sənədi qabağına qoydu, gözləri Gülçöhrənin rəsmini çəkdi sənəd üstünə. Bütün kədərli mimikası, məhzunluğu, həsəddən, şöhrət arzusu ilə od tutub yanan bütün görkəmi ilə xəyalında canlandı. Gülçöhrəyə yazığı gəlmək duyğuları fikirlərini pərən-pərən saldı. Bu duyğulara ürəyinin get-gedə artan sızıltısı cavab verdi. Ayağa durdu otaqda var-gəl etməyə başladı. Fikirləşdi ki, birtəhər Gülçöhrəni necə başa salsın. Bəlkə, deyim ki, bir az yaradıcılıqdan uzaqlaş, özünə enerji topla sonra yenə məşğul olarsan. Qoy səndə yaradıcılıq aclığı yaransın. Mütləq onu başa salmaq lazımdı, ayrı rəssamların rəsmlərinin elementlərindən özünə rəsm yaratmaq yetər. çəkdiyi rəsmin bütün çalarları özünün olmalıdı. Özünün yaratdığından özü həzz ala bilsə, bəlkə, rəssamlıq dünyasında onun da öz yeri ola bilər. O, duruxdu axı, onun özündən gələn heç bir duyumu, heç bir istedadı yoxdu. Bəs neyləməli? Bu sual onun iç dünyasını elə silkələdi ki, həmin anda Gülçöhrəyə olan məhəbbətin pik nöqtəsini bütün varlığında hiss elədi, təfəkküründə, düşüncəsində dərk etdi. Sevdiyinin səadəti, xoşbəxtliyi üçün acizliyini qəlbinin bütün dərinliyi ilə anladı. O, başını əlləri arasına almaq istədi. Əlləri boşa keçdi... Sanki, nə başı vardı, nə əlləri, bütün vücudu da yox idi. İstər-istəməz divara söykənmək istədi, divar da yox idi. Birdən hiss elədi ki, tavana yapışıb. Ordan divara yapışan, donmuş vücudunu gördü. Yoxsa... Bu fikri özündən uzaqlaşdırdı. Axı, onun sevgisi, onun səadəti Gülçöhrəsinə lazım idi. Onu tək qoya bilməzdi. Amma niyə belə rahat, yüngül həm də elə bil çox xoşbəxt idi. Bu an otağın qapısı döyüldü və onun adını çəkdilər. İstədi cavab versin, gəlin desin, dedi də. Amma səs alınmadı. Döydülər, döydülər və zərblə qapını açan iş yoldaşı onun donmuş vücudunu görcək haray saldı. Səsə iş yoldaşları tökülüşdü. Qışqırıq, ağlaşma səsləri ətrafı bürüdü. Həkim çağırdılar onun nəbzini tutan həkim başını buladı "ürək infarktı” dedi. Gec bilmisiz, heyif...

Ağlaşma, şivən səsləri daha da gücləndi. O həm azad idi, həm də nə isə anlaşılmaz kədərlə özünün donmuş vücuduna baxırdı. Birdən kimsə ucadan dedi – arvadına xəbər verin. O, diksindi, Gülçöhrə yadına düşdü və həmin anda başa düşdü ki, o ölmüşdür. Onu rahat, ağrısız edən ruhun azad olmasıdır. Ruhun ruh bayramı idi. Yox, o ölmək istəmirdi. Hələ o Gülçöhrəni xoşbəxt etməliydi. Onun ölməyə haqqı yox idi. O, öz missiyasını yerinə yetirə bilməmişdi. O, sağ salamat olmağını həşir salanlara göstərmək istədi. Ancaq ha özünü göstərdi, heç kim onu görmədi, yada görmək istəmədi. Onun evlərinə sarı apardılar. O, sanki qışqırırdı, haray salırdı o ölməyib, sağdır. Onun bədənini apardılar. Vücudunun arxasınca yerimək istədi. O, yerimirdi, sanki uçurdu. Ətrafında başqa uçan adamlarda vardı. Diqqətlə baxanda atasını, anasını, ölmüş qohum əqrəbalarını gördü. Başa düşdü ki, onu qarşılamağa gəliblər ölmüş doğmaları. O, artıq bildi ki, ölüb.

Gülçöhrə bir neçə rəssamla kiminsə çəkdiyi rəsm əsərini müzakirə edirdilər. Nazilə rəsmə baxıb: – Bax burda rəsmin dillə sözünü deyə bilibsən, Adil. Amma bu yerdə Səttar Bəhlulzadənin elementlərindən yenə istifadə etmisən, çalış özün ol, Adil. Səttarın elementlərini özündən uzaqlaşdır. Amma bütün bunlarla bərabər istəyinə nail olubsan. Bircə dediyim yerləri özününküləşdir.

– Baş üstə, Nazilə xanım. Gülçöhrənin rəsminə də eyni primitiv rənglərin uyğunsuzluğu, şablon düşüncələrə əsaslanan, xəstə bir ruhun başqa rəsm əsərlərindən istifadənin qarmaqarışıq illuziyasıdır. Gülçöhrə Naziləyə sən məni dərk edə bilmirsən, mənim rəsmimin dilini başa düşmürsən. elə bu anda xəbər gəldi, Gülçöhrə evə getməlidi əri xəstələnib.

Gülçöhrə hirs ilə çəkdiyi rəsmi yerə çırpdı. Sinəsindən dəli bir qışqırıq qopdu. O, bu anlarda ərinin xəstəliyi haqqında yox, tənqid hədəfi olan rəsminin qəsdən pisləndiyinin acığının qışqırığı idi. Nazilə xanım dərhal onu evə aparmaq üçün maşın çağırdı. Maşında hələ də nə insan, nə də heyvan səsinə bənzəməyən müdhiş uğultuya bənzəyən çığırtısı maşındakıları dəhşətə gətirirdi.

Bu yaradıcılıq uğursuzluğunun dəhşətinin heç kimin anlamadığı şikayətin ifadəsi idi.

Nazilə xanım isə təşviş içində idi. Gülçöhrənin əri iş başında qəflətən vəfat etmişdi. Gülçöhrənin əri Nazimin qayğıkeş, istiqanlı, təmiz, ailəsinə sədaqətli bir insan olduğunu bilirdi. Bu dəyərli insanın qəfil ölümü Nazilə xanımı sarsıtmışdı. O, bu itkiyə dözə bilmirdisə yazıq Gülçöhrə biləndə dəli dərəcəsinə gələcək deyə düşünürdü.

Gülçöhrəgilə çatanda daban-dabana Nazimində cəsədi gətirildi. Nazilə göz yaşlarının içində boğulurdu, bu təmiz insanın itkisi gözlərindən bulaq kimi qaynayır, yanaqlarına çırpılırdı. Dönüb Gülçöhrəyə baxdı, onun çöhrəsində ən doğma insanın onu əbədilik tərk etdiyinin ağrı-acısının əlamətlərini görmədi. Yazıq yəqin bu qəfil xəbər onun duyğularını şoka salıb dondurmuşdu. Kaş ağlaya biləydi... Ağlasaydı donu açılardı... Amma Gülçöhrə yenə insanın ən kövrək hisslərini qurudan, kədəri, qəmi, əzabı bilinməyən, quyu dibindən gələn səsə oxşar səslər çıxarırdı. O səs, o qışqırıq sanki, heç nə ifadə edə bilmirdi. Elə onun çəkdiyi uğursuz rəsmlər kimi, uğursuz çığırtı idi. Nazilə ürəyində Allaha yalvarırdı. Ay Allah! Onun iç dünyasını silkələ, oyat, kövrək hissləri göz yaşları ilə danışa bilsin. Yazıqdı axı, ürəyi partlaya bilər.

Nazilə həm Nazimi, həm də Gülçöhrəni ağlayırdı. Birini öldüyü üçün, o birinin qeyri-adi heç kəsə bənzəməyən yasa, itkiyə verdiyi reaksiyanı bildiyi üçün. Onun sanki, çiyinlərində gəzdirdiyi yükün üstünə daha ağır bir yük qoyulduğunu bütün təlatümlü daxili dünyası ilə dərk elədi. O, Gülçöhrənin ona qarşı anlaşılmaz, heç bir əsası olmayan xoşa gəlməz münasibətlərini unudaraq, Gülçöhrəni bu ağır itkiyə dözməsi üçün, hər an onunla bir yerdə olmağa, ona dayaq olmağa özü özünə söz verdi.

                                         **

Nazim ruh idi. Ata, ana ruhu da onunla birlikdə idi. Onun ruhu cəsədinin arxasınca uçurdu. Ana ruh onun evə getməsini istəmirdi. Elə hey deyirdi – Nazim səni gözləyirlər gedək yeni dünyaya gəlişini qeyd etmək istəyənlər var. Ruh Nazim isə cəsədi ilə birlikdə ürəyinin yarısı olan Gülçöhrəni görməyə tələsirdi. Ana ruh ata ruha dedi – İstəmirəm o görsün, tanısın, məyus olsun. Qoy yeni dünyanın ilk günü sarsıdıcı olmasın. Ata ruh isə söylədi ki, əvvəl axır hər şeyi biləcək mane olma. Cəsədlə birgə evə daxil olan ruh Nazim Gülçöhrənin heç bir əzab, kədər, fəryad ifadə etməyən donuq üzünə baxanda çaşdı. Özünü o tərəfə çırpdı, bu tərəfə qaçdı, yenə Gülçöhrənin başı üstə fırlandı və hiss etdi ki onun iç dünyasını görə bilir. O, Gülçöhrənin iç dünyasının hər nöqtəsini ələk-vələk etdi. Hər nöqtədə sevgi axtardı, özünə qarşı sevgi... heç nə görmədi... Ancaq onun ölümünə bir təəssüf hissi duydu. Onun rəsmlərinin əziyyətini kim çəkəcək?

Ruh Nazim məyus halda ana ruha tərəf döndü. Nə ana ruh, nə də ata ruh yox idilər. O, gördüklərini, duyduqlarını yaxına buraxmaq istəməyərək sevdiyi iş otağının bir küncündə kəpənək kimi oturaraq, özü də bilmədən nəyisə gözlədi.

Səhəri cəsədini kəfənləyib məzarlığa yol aldılar. Bu anda özü öz cəsədinə layla demək istədi. Cəsədi laylasız, ağısız, bayatısız, oxşamasız gedirdi. Qəflətən ünə oxşar bir nisgilli səs-layla ucaldı.

 

Eləmi sözün laylay,

Yoxuşum, izim laylay.

Belə ölüm olarmı

Qırıldı dizim laylay.

 

Elə istədi ki, Gülçöhrə onu oxşayıb ağlasın. Ona baxdı, Gülçöhrə donuq gözləriylə əli, qolu bağlanmış kimi onun cəsədinin arxasınca baxırdı. Yox, yox belə ola bilməz, bəlkə də bu itki, bu ölüm ona çatmırdı. Məzarlığa çatanda onu başqa ruhlar qarşıladı. Ona "yeni dünyan mübarək” deyərək təbrik etdilər. O, isə hələ Gülçöhrə olan dünyadan ayrıla bilmirdi. Onun tək qaldığı fikri onun ruh dünyasına bir kədər nisgil gətirirdi.

Onun bu kədəri ona çox tanış gəlirdi. Yaddaşını silkələdi. Ana bətnindəki dünyasından ayrılanda çığırtılı hay-həşiri yenidən qulaqlarında səsləndi. O qışqırıq indiki kədərin sanki, sükut fəryadı idi. Ana bətnində onu əhatə edən istək və məhəbbətin ayrılığı dili idi. "Üngə” – üngəl deyirdi.  Ana bətnindən qopanda o elə bil səslədiyi ünün mahiyyətini dərk edərək çağırırdı. Onda onun təfəkkürü, bilgisi qədəm qoyduğu dünyanın insanlardan daha artıq idi. Çünki o "ündən” gəlirdi. Ətrafdakılar isə onu şüursuz, dünyanı dərk edə bilməyən körpə kimi qəbul edirdi. Elə indiki kimi... Onu cisim kimi canı olmayan, quru cəsəd kimi torpağa tapşıranlar hiss etmirdilər ki, o, öz canı, öz ruhu ilə onların arasında idi. O, onların hamısını anlayırdı, onlar isə nə onu görür, nə də hiss etmirdilər.

O, etiraz etmək, kədərini ifadə etmək üçün qışqırmaq, doğulanda olduğu kimi "ünü” çağırmaq istəyirdi. Qışqırırdı... Amma o səs olmurdu. Arı vızıltısına oxşar sükut, ruh dili idi. Kaş ağlaya biləydi, ağlaya bilmirdi.

Onu torpağa tapşırıb məzarıstanı tərk edənlərə qoşulub getmək istəyəndə ruhlar onu getməyə qoymadılar. Səni imtahan, sorğu-sual edəcəklər. İmtahan sözü ruh Nazimi təşvişə saldı. O, evli olandan bəri, yalnız bütün fikri, düşüncəsi Gülçöhrə ilə, onun istəyi, tələbi ilə məşğul olmuşdu. Təki onun üçün yaxşı olsun. O, xoşbəxt, həyatından razı olanda mən də özümü ər kimi, ailə başçısı kimi güclü, yenilməz hiss edirdim. Bu müddət ərzində heç bir elmə, bilgilərə maraq göstərməmişəm. Əsil cəhənnəm sakini olmağa layiqəm. Belə düşünərkən beynində sanki, səsi məlum olmayan hökmlə ona əmr etdilər. O düşündü: – Bu hökm edən kimdi, hansı qüvvədi?

Cavab:  İlahi şüur.

Biz sənlə, şüurunla əlaqədə olub, İlahi şüurla, sənin şüurun arasında sorğu-sual ediləcək.

- Hazırsanmı?

- Onun şüuru şüur diliylə, hazıram dedi. Özünü nə də günah etmiş sayırsan?

Ruhi şüur: arvadımı xoşbəxt, həyatdan razı sala bilmədim. O yazıq və məğmun bir qadına bəxtəvərlik verə bilmədim.

İlahi şüur: Sən onu dərindən tanıyırdınmı?

Ruhi şüur: Tanıyırdım. O saf, ancaq özü, ailəsi ilə maraqlanan, bir azca nay, heç kəslə işi olmayan yazıq bir qadındı.

İlahi şüur: O, niyə yaxşı rəssam ola bilmirdi?

Ruhi şüur: Deyirdilər fitri istedadı yoxdur.

İlahi şüur: Deməli, biz tərəfdən ona fitri istedad əta olmayıb.

Ruhi şüur: Niyə axı, o yazıq, sadə və sədaqətli bir insan idi.

İlahi şüur: Onda sənə də çox sədaqətli və vəfalı olardı.

Ruhi şüur: Tamamilə elədir.

İlahi şüur: Onda mən səninlə olan müddətdə  onun sənə olan sədaqətini sənə göstərəcəm.

Sən keçmişinə bax. 3  aydan sonra yenidən imtahanda olacaqsan. Bu 3 ay səndən sonra onun nə etdiyini görəcəksən. Amma indi hələ keçmişə bax. Şüurla danışıq kəsildi.

Nazilə yuxu görürdü, sanki, Nazim ölməmişdi. Elə hey Naziləyə deyirdi: – Mən aldanmışam, yanılmışam, sənsə inanma, inanma, inanma. Bu sözlərin təsirindən dik atıldı. Öz-özünə kimə inanmayım Nazim? Kimi deyirsən? deyə pıçıldadı. Sonra da bir az özünə gələrək özünü danladı. Yuxudu da mən niyə narahat oluram deyə təsəlli almaq istədi. Amma ürəyinin dərinliyində Nazimin təlaşlı səsi onun bütün varlığını sarsıtdığını hiss etdi. Nazilə rəssamlıq dünyasında özünü sübut etmiş güclü rəssam idi. Artıq dünya şöhrəti ilə bir addımlamağa başlamışdı. Dost, həmkarlarının içində ən çox Gülçöhrə üçün narahat idi. İstəyirdi ki, o da rənglərin dili ilə danışmağı bacarsın. Xüsusilə də Nazim öləndən sonra ona lap yazığı gəlirdi. Özünə yaxın həmdərd, sədaqət timsalı kimi tanıyırdı. Ruh Nazim onun daxilini gördükcə heyrət edirdi. Onun əlindən gələn təmiz və şəffaf duyğularını, insanlara olan sevgisini, yaxşı niyyətini gördükcə Gülçöhrənin onun barəsində söylədiyi yalanlara inandığı üçün çox utandı. Bilmirdi ki, onunla necə əlaqədə olub ondan üzr istəsin.

Birdən hiss etdi ki, Gülçöhrənin qara niyyəti onu üşüdür, narahat edir. O, təhtəlşüurunu ona tərəf yönəltdi. Gülçöhrə "qara magiya”ya xidmət edən baxıcıya Nazilə üçün, onun istedadını öldürmək üçün "əməl” etməyi israr edirdi. Baxıcı nəsə yazır, hər yazdıqca pul tələb edirdi. Gülçöhrə "uf da” demədən pullar sayırdı. Ruh Nazim təəccübləndi, bu pullar hardandı? Onun şüuru bu sualın cavabını ona diktə etdikcə, sanki, dəhşətli bir yuxunun təsirindən qaçıb, bunun yalan, yanlış bir yuxunun təsiri kimi qəbul edib, bu təsir dairəsindən çıxmağa tələsirdi. Onun inamı, sevgisi şüuruna qarşı çıxıb ola bilməz, ola bilməz deyirdi.

Ruh Nazim Gülçöhrənin qəlbinə girib orda işıq axtardı. Ürəyində qapqara kəsilmiş xıltdan başqa heç nə görmədi. Ona elə gəldi ki, bütün kainat, bir anda Gülçöhrənin ürəyindəki qara xılta döndü. Bu "qara xılt” bəşəriyyəti korluğa, bütün canlıları Günəşdən aralı saxlayıb işıqdan məhrum olacaqlar. Dünya üçün, bəşəriyyət üçün çox qorxdu. Qorxdu ki, Gülçöhrənin ürəyindən çıxan "qara xılt” altıncı yox olmanı tezləşdirib, bütün sivilizasiyanı məhv edə. "Qara xılt” insanlığa qara bağlada... Bu anda ruh yoldaşlarından biri onu çağırdı: – Gəl Rüfətin həyat yoldaşı onun qəbri üstünə gəlir. Ruh Nazim özü də bilmədən qadın gələn tərəfə boylandı. Çox gənc, gözəl bir qadının, əlində bir dəstə gül Rüfətin qəbri önündə çökdü. Gəlmişəm Rüfət dedi və başını başdaşına söykədi. Ruh Nazim öz-özünə bəlkə bu da Gülçöhrə tək artistlik eyləyir. Onun fikrini duyan ruh yoldaşı onun çox vəfalı və sadiq qadın olduğunu söylədi. Cəmi üçcə ay yaşayıblar toylarından sonra. Rüfət yatağa düşüb. Ayaqlarından başlayaraq toxumalar, hüceyrələr ölməyə başlayıb. Düz 12 il bu qadın Rüfətə sədaqətlə xidmət edib. Çox elit bir ailənin qızı olan bu xanım ailəsi nə qədər çalışıb Rüfətdən ayıra bilməyib. Onu ayırıb, təzə həyat qurmağa vadar etməyə çalışsalar da o Rüfəti tərk etməyib. Bu vəfalı qadının adı da Vəfadır. Həftənin hər dördüncü günü Rüfətin qəbrini ziyarət edir və onun qəbri ilə canlı insan kimi danışmağa başlayır.

Ruh Nazim "qara xılt”-dan sonra sanki, inamını inandıra bilmədi. Yorulsada Vəfanın qəlbinə girdi. Vəfanın qəlbində sanki, Günəş doğmuşdu. Bütün vücuduna işıq, nur paylayırdı. Ruh Nazim "qara xılt”  qorxusu bu işığın nurun önündə onu tərk etdi. O, anladı ki, nə qədər ki, işıqlı, nurlu ürəklər var dünyanı "qara xılt”a  çevirməyə imkan verməz. O, ruh olandan ilk dəfə idi belə sevinirdi. Vəfa məzarlığı tərk etməyə hazırlaşanda ruh Nazim ruh yoldaşlarının qoşun kimi səf çəkib Vəfanı yola saldıqlarına daha da qürurlandı. Vəfaya qarşı olan sevginin, minnətdarlıq duyğularının möhtəşəmliyinə səcdə etdi. Yox, dünya "qara xılta” təslim olmayacaq, işıq, nur onu xilas edəcək. Kaş bundakı olan işığın bircə zərrəsi Gülcöhrədə olaydı... Onda Vəfaların vəfası, Gülçöhrələrin xəyanəti üstündə qalibiyyət bayrağını ucaldacaq...

                                                ***

Gülçöhrə hiss edirdi ki, əhatəsi əvvəlki tək nə ona inanır, nə də ha özünü yazıq kimi göstərməyin heç bir nəticəsi yoxdur. Onda düşündü ki mərhum əri Nazimin rəsmini çəksin, bəlkə onu tanıyanlardan "bərəkallah” ala bilə. O, Nazimin şəklinə baxıb, rəsmi çəkməyə başladı.

Ruh Nazim Gülçöhrənin "Mən səni unuda bilmirəm ki” adlı öz portretinə baxıb istehza ilə düşünürdü. Onun portretində sanki, necə sifətlərin onun üzünə çökdürdüyü yad elementlərin hissiz iluzyalarını, ürəksiz ştrixlərin pərakəndə, qondarma əksinə baxıb, təəssüflə düşündü ki, bu rəsm də qarmaqarışıq, bir-birinə dolaşmış "qara xılt”  inikası idi. Bu rəsmdə nə işıq, nə sevgi, nə də ürək vardı. O, insana dönmək (ruhdan çıxıb) ağlamaq istədi. Amma ruhlar ağlaya bilmir axı. O, görürdü ki, Gülçöhrənin rəssam dostları Nazimin rəsminə baxıb istehza ilə necə gülürlər. Biri o birinə dedi, gözdən pərdə asmaq istəyir. Əməllərini örtmək üçün. Daha demir ki, heç kimin nə gözü kor, nə də qulağı kardı. Ruh Nazim artıq elə sarsılmışdı ki, bircə əlacı özünün cəhənnəm odunda yanaraq bu qədər əfəl ər olduğunun intiqamını almaq idi. O, günahkar idi. Onun yeri ancaq cəhənnəm olmalıdı. Murdarlıq timsalı olan bu qadına görə, ürəyinə rəhm etmədən çatlatmışdı. Ona kömək edə bilmədiyi, onun şöhrət azarının önündə, ona görə, ona olan məhəbbətinə, sədaqətinə görə özünü məhv etmişdi. Gülçöhrə onun inamını mənfur ayaqları altında tapdalayıb bəlkə də şeytan xisləti ilə qəhqəhə çəkib gülmüşdü.

Ruh Nazim məzarlığa uçdu, təhtəlşüurun köməyi ilə onu imtahan edən ilahi qüvvəyə yalvardı. Gəl, gəl xahiş edirəm, yalvarıram məni at cəhənnəmin ortasına. Qoy günahımın ağrısını, acısını yedirtsinlər mənə. Təki daha Gülçöhrəni, onun murdarlığını, şeytana qulluq edən nəfsini, haramını görməyim. Mən insan kimi öldüm ruh oldum. İndi də ruhumun ürəyimi partlasın? Ruh kimi ölüb, nəyə çevrilim? Allah xatirinə gəl, Allah rizasına gəl. Mən sənin sınaq imtahanımdan çıxa bilmədim. İlahi şüur ona "gəlirəm” dedi.

Ruh Nazimin önündə işıq peyda oldu. Niyə tələsdin dedi. Dözə bilmirəm, özümü bağışlaya bilmirəm məni cəhənnəmə atacaqlar. Sən başqasının günahını özünkü hesab edib, cəhənnəm arzulayırsan. İndi Allah xatirinə dedin. Allah xatirinə səni layiq olduğun yerə müqəddəslərin yaşadığı xüsusi məkana göndərilirsən. Bizdən son xahişin nədir? Ruh Nazim dedi, ruh olanda nə olar ruhunda ruh ürəyi var. İcazə verin ağlaya bilim. Ən böyük arzum, ən böyük ricam budur.

Səmadan ün səsi gəldi. İcazəlisən ağla. Amma sənlə birgə Göydə ağlayacaq. Ruh Nazimə fəryadlı bir hönkürtü gəldi. Onunla birlikdə Göy guruldadı. Ruh Nazimin ruh gözündən elə bil ki, sel töküldü. Göydə ildırım çaxdı, leysan yağdı. O, həyətdə olan rəsminə doğru şığıdı. İç dünyasında olan alovunu rəsmin üstünə üfürdü, külə dönmüş rəsmin üstünə dolu kimi yağdı.

Ruh Nazim hiss etdi ki, qışqırmaq istəyir və qışqıra bildi. O, qışqırdı, göy guruldadı. Göy ruh oldu, ruh Göy oldu. Bu haraydan o dünya, bu dünya bir-birinə qarışdı. Yer, Göy işıqlandı, şimşək çaxdı. Şimşək qamçısını atdı – yeddi rəngli Göy qurşağı güc, qüvvət olub Nazimi götürərək "müqəddəslər məkanı”na atdı. Gülçöhrə göyün nəriltisi, gurultusundan qorxa-qorxa həyətə çıxdı. Nazimin yarımçıq rəsminə doğru qaçdı. Rəsmsiz boş çərçivəyə baxdı. Çərçivədən göz yaşları rəsmsiz boşluğa axırdı sanki, Gülçöhrə öz-özünə "çərçivə də ağlayarmı” dedi?

 

XƏZANGÜL

Kaspi 2019.- 12-14 oktyabr.- S.22-23.