Avropalıların
saçına düzən verən həmyerlimiz
Mühəndis olmağı
arzulayıb və bu istiqamətdə təhsil alıb. Ancaq tələbəlik illərində
fikrini dəyişir, başqa sahəyə yönəlir. Bu gün
isə bərbər kimi çalışır.
İlk vaxtlar ona bu iş
təklif olunanda "Mən hara, bərbərlik hara?" desə də, bu gün bu
sahə ilə sevə-sevə məşğul
olur. Hazırda isə Azərbaycanda
deyil, ölkə xaricində - Polşada bərbər kimi fəaliyyət göstərir.
Söhbət həmyerlimiz Afiq
İskəndərovdan gedir.
Qeyd edək ki, Afiq
İskəndərov 1990-cı il sentyabrın
29-da Gürcüstan Respublikasında
anadan olub. Orta və ali təhsilini Azərbaycanda alıb.
- Afiq bəy, Azərbaycan Texniki Universitetində təhsil alıbsınız.
Ali təhsil almaq, seçdiyiniz fakültədə
oxumaq kimi arzunuz var idi?
- Bəli, Texniki Universitetdə nəqliyyat daşımaları
və idarəetmənin
təhlükəsizliyi mühəndisliyi
(həm avtomobil, həm dəmiryol nəqliyyatı üzrə)
ixtisasında təhsil
almışam. Onu deyim
ki, bu fakültəni
istəyərək seçmişdim.
Qəbul imtahanında
463 bal yığmışdım
və bu balla universitetdə çox fakültəni seçmək imkanım var idi. Lakin mən
həmişə nəqliyyatla
bağlı mühəndis
olmaq istəmişəm.
Mühəndis olmaq, nə
isə yaratmağa, qurmağa marağım böyük idi.
- İstəyərək
seçdiyiniz ixtisasdan
uzaqlaşmağınızın səbəbi nə oldu?
- Bir ixtisası seçəndə onunla bağlı müəyyən
xəyallar qurursan və sonra təhsil
müddətində xəyallarının
elə xəyal olaraq qalacağını görəndə, artıq
fikrin dəyişir. Təhsil aldığım
müddətdə gördüm
ki, daydayın, kimin-kimsən olmasa, bu sahədə istədiyin işdə çalışmaq bir az çətin
məsələdir. Mən isə
elə şeylərdən
uzaq qaçan adamam. Zəhmət çəkərək nə isə əldə etməyi sevirəm. Qısası, o sahədə perspektiv
görmədim və ona görə, bərbərliyə yönəldim.
Düzü, bərbərliyə pul qazanmaq üçün
deyil, hobbi kimi yanaşmışam.
Sevirəm deyə məşğul
oluram. Heç vaxt bərbərlikdən
pul qazanmaq haqqında düşünməmişəm,
amma onun sayəsində hər şeyim var (gülür). Ancaq xəyalımda
quracağım işlər
tamam başqadır.
- Bərbərliklə
necə tanış
oldunuz?
- Bərbərlikdən öncə,
tələbə vaxtı
ofisiant işləmişəm.
"Four seasons" otelində
ofisiant kimi işə başladım,
administratora kimi yüksəldim. "Buta palace", "Ağ saray", "Platin saray" kimi yerlərdə zal administratoru, direktor səviyyəsinə qədər
qalxmışam. O işləri
də sevərək edirdim. Üstəlik də, diribaş adam idim,
ona görə, o işlərdə də tez irəliləyirdim. Bir dəfə türk dostumla İstanbula istirahətə getmişdik.
Təsadüfən, orda
məni böyük bir bərbər salonu olan dostu
ilə tanış
etdi, onun iş yerinə getdik, əlaqəmiz yarandı. Bir dəfə söhbət
zamanı mənə bu işlə məşğul olmağı
təklif etdi. Əvvəlcə razı olmadım, dedim ki, mən hara,
bərbərlik hara? Deyirdi ki, gəlsən, öyrənəcəksən. Mən ora gəzməyə
getmişdim, amma o adam məni
bir növ məcbur edirdi ki, gedək öyrən, başqa variantın yoxdur. Beləcə, bu işlə tanış
oldum, işə, işçiyə olan hörməti gördüm.
Bir müddət Türkiyədə
çalışdım, sonra
Azərbaycana qayıtdım.
Azərbaycanda elə də
uzun müddət bərbər kimi çalışmamışam. Orda öz taksi şirkətimi
qurdum, amma baxdım ki, alınmır, ölkə
kənarına çıxmalı,
özümü daha da inkişaf etdirməliyəm. Almaniyaya getdim,
sonra Niderlanda, indi də Polşada
çalışıram.
- Fərqli ölkələrdə çalışıbsınız.
Olduğunuz ölkələrdə işə yanaşma cəhətdən hər hansı fərq görürsünüz?
- Türkiyədə, Niderlandda,
Almaniyada işləmişəm,
indi də Polşadayam. Hamısında tək öz
sahəmə deyil, digərlərinə də
fikir vermişəm, müqayisə edəndə
görürəm ki, bizdə bir çox insan işə çox diqqətlə yanaşmır.
Azərbaycanda nədənsə
çox adam
gördüyü işi
yola verir. Qatıq satan
qatığını, ev
tikən tikinti işini. Bu da
dolayısı yolla hər kəsin aldığı xidmətdən
məmnun qalmamasına
gətirib çıxarır.
Burda elə deyil, hər kəs işin üstündən
incəliklə keçir.
Bu, çox xoşuma
gəlir. Düzdür, bəzən yola da vermək lazımdır, amma işi görəndə diqqətli olmaq önəmlidir. Hər şey
öz qaydasında olmalıdır.
- Ölkə xaricində işləmək
üçün gedəndə,
bu sahənin sizə nə kimi köməyi dəydi?
- El arasında belə deyim var: savad
ölər, sənət
ölməz. Mən ölkə xaricində işləmək qərarı
verəndə, ingilis,
rus dilini bilirdim və bunun sayəsində iş seçimi problemi ilə üzləşməyəcəkdim. Ancaq yenə də bir sənəti bacarmaq çox yaxşıdır. Təbii ki,
başqa işlər də təklif olunurdu, amma mənim bildiyim bir sənət var idi, axtarmağa,
digər peşələrdə
özümü yoxlamağa
ehtiyac qalmırdı.
- "Mən
hara, bərbərlik hara" deyibsiniz. O vaxt niyə bu cür yanaşırdınız?
Kaspi 2019.- 18 oktyabr.-
S.12.