Təsadüflərin
qarşılaşdırdığı cütlük
Rəhman Rəsulov:
“Bir hadisə ilə bağlı milyon dənə sual verməyindən
başqa, bəyənmədiyim xasiyyəti
yoxdur” Nərmin Rəsulova: “Ailə həyatı
qurmağa hazırlaşan biri,
mütləq şəkildə qarşı tərəfin ona necə dəyər verməsinə diqqət
etməlidir”
Elçilikləri uğurlu
olmur, buna görə,
"qız qaçırma” üsulu ilə
ailə qururlar və bu
gün çox
xoşbəxtdirlər. Evliliyin heç nəyi məhdudlaşdırmadığını,
sadəcə hər şeyin öz çərçivəsində gözəl
olduğunu deyirlər. Ailə qurarkən
həyat təcrübəsinin mühüm
rol oynadığını
düşünürlər. Evliliyi həyatın
ən çətin imtahanı kimi qiymətləndirirlər.
"Ailə” rubrikamızın budəfəki qonaqları
"ARB24”-ün aparıcısı Rəhman
Rəsulov və xanımı Nərmin Rəsulovadır.
İlk olaraq onlar haqqında qısa məlumat verək. R.Rəsulov 1987-ci ilin 7 fevralında Sumqayıt şəhərində anadan olub. 2004-cü ildə elə həmin şəhərin 26 saylı orta məktəbini bitirdikdən sonra Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyoru fakültəsində ali təhsil alıb.
N.Rəsulova da 1991-ci ildə
17 iyulda eyni şəhərdə
doğulub. Ali təhsilini
ilk olaraq Bakı
Dövlət Universitetinin kimya
fakültəsində bakalavr səviyyəsində
alıb. Daha sonra Azərbaycan
Dövlət İqtisad Universitetində biznesin idarə edilməsi fakültəsini magistratura səviyyəsində oxuyub. Bir müddət bank sahəsində çalışsa da, hazırda işsizdir. Cütlüyümüzün Rəsul
adında oğlan, Ayla
adında qız övladları var.
Təsadüfi tanışlıq
Tanışlıqlarından danışan Nərmin
hər şeyin sadəcə təsadüf
olduğunu deyir:
"Rəhmanla eyni şəhərdə
yaşayıb, eyni məktəbdə oxusaq da, hətta, bir müddət eyni məhəllədə
qalsaq da, bir-birimizi tanımamışıq. Mən Rəhmandan
dörd sinif
aşağı oxumuşam. Məktəbdə
hamı ondan danışırdı.
Deyirdilər ki, filan kanalda işləyən o oğlan bizim məktəbi
bitirib. Sonra mən
"ASAN xidmət”də Rəhmanın bacısı ilə
birlikdə könüllü kimi fəaliyyət göstərirdim.
Bacısı vasitəsilə tanış olduq.
Amma bunlar təsadüfi
görüş idi. Könüllülük müddəti bitdikdən
sonra bankda işlədiyim
dövrdə də Rəhman banka kimi gəlib çıxdı. Sözün
açığı, özüm də bu gəlişi arzulayırdım (gülür)”.
Rəhman isə
tanışlıqlarının maraqlı olduğunu
və Nərmin xanımı görmək üçün
müxtəlif bəhanələrlə onun
iş yerinə getdiyini
deyir: "Əvvəlcə bacımın
vasitəsi ilə tanış olduq. Amma o, bizi
bilərəkdən tanış etməyib. Sonra
Nərmin başqa işə keçdi. Bankda işlədiyini
öyrəndim. Gələcək həyat yoldaşımın
fəaliyyət göstərdiyi şöbəyə kredit bəhanəsi ilə
yaxınlaşdım. Elə hər şey
də bundan sonra
başladı”.
"Gözlərinə baxanda nə isə hiss etməsəydim...”
Rəhmanın artıq formalaşmış
düşüncə tərzi və görünüşünün
də Nərminin ürəyincə olması, bu
tanışlığın davam etməsinə
şərait yaradıb: "Adam bir-birinin gözlərinə baxanda
hər şeyi hiss edir. Bu dost,
iş və həyat yoldaşı məsələsində
də belədir. Əgər Nərminin gözlərinə baxanda nə isə hiss etməsəydim,
sonra banka qədər
onun ardınca getməzdim.
Görüşlər, söhbətlərlə gördüm ki, Nərmin
istədiyim xanımdır. Ən əsası, hiss
edirdim ki, bu düşüncə birtərəfli deyil. Sən demə qarşı tərəf də
belə fikirləşirmiş”.
"Nikah olmasa, bu
addımı atmazdım”
Münasibətlərində bütün ilk addımların Rəhmana məxsus olduğunu deyən Nərmin bildirir ki, elçilikləri uğurlu olmayıb və Rəhman onu qaçırmaq məcburiyyətində qalıb: "Ailəm bizim izdivacımıza razı deyildi. Uğursuz elçilikdən sonra nə qədər cəhd etsək də, onları heç cür razı sala bilmədik. Sonra Rəhman qaçmağı təklif etdi və mən başqa çıxış yolu görmədiyim üçün bu addımı atmaq məcburiyyətində qaldım. Nikah olmasa, təbii ki, bu addımı heç vaxt atmazdım. Onu qeyd edim ki, yaxşı ki, bu riskə getmişəm. Çünki bu addımı atmasaydım, ailəm razı olmayacaqdı və bu gün mən bəlkə də uduzmuş olacaqdım”.
"Yolda başına torba keçirib
qaçırmadım”
Rəhman deyir ki, normal adətlərlə
evlənmək üçün bütün mümkün
vasitələrdən istifadə edərək ailəni yola gətirməyə
çalışıblar: "Qaçırma üsulu
ilə evlənməyin tərəfdarı olmasam
da, bu yola
əl atmaq məcburiyyətində
qaldım. Kinolardakı kimi yolda başına torba keçirib qaçırmadım (gülür). İkimizin də
razılığı oldu. Çünki Nərminin ailəsində müəyyən
qaydalar var idi. Hansı ki, o qaydalara əməl etsəydik,
yəqin, hər ikimiz subay
qalacaqdıq. Amma bütün
vasitələrdən mümkün qədər
istifadə etdim ki, normal adətlərlə evlənək, lakin alınmadı. Mənim ailəmin qərarı
birmənalı idi. "Necə istəyirsən,
elə et” dedilər. O ki
qaldı barışığa, təxminən 1 ilə
yaxın Nərminin ailəsi ilə əlaqə olmadı. Sonradan hər şey yoluna düşdü. Çünki nə mən, nə də ailəm
üz çevriləsi adamlar
deyilik. Barışdıq, indi
də normal gediş-gəlişimiz var”.
"İkimizin də toyla bağlı arzuları vardı”
Qaçmaq yolu ilə evlənmək üçün tərəflər arasında olan güvən məsələsinə də toxundular. Rəhman deyir ki, bu, bir anda verilmiş qərar deyildi: "Uzun-uzadı söhbətlər, müzakirələr artıq bizdə yetəri qədər inam yaratmışdı. El dilində desək, bircə, qızı qaçırmaq qalırdı. Qaçırmamışdan əvvəl gizlin şəkildə "ASAN xidmət”də nikaha daxil olmaq üçün ərizə də yazmışdıq. Biz toy da etdik. Çünki ikimizin də toyla bağlı arzuları var idi. Baxmayaraq ki, toyda ancaq mənə yaxın adamlar iştirak edirdi, amma bütün hər şey planlaşdırdığımız kimi oldu”.
Sonsuz güvən
"İnanırsınız, hələ də
özümə inandırıcı gəlmir ki,
mən bu addımı necə atdım”
deyən Nərmin xanım bu qərarın
çox çətin və məsuliyyətli
olduğunu deyir: "Daha uğurlu şəxsi
həyat naminə bu riskə getdim. Qərarımdan peşman
deyiləm. Nə yaxşı ki, belə qərar
vermişəm. Bu gün
hər şey ürəyimcədir.
Güvən məsələsinə gəlincə isə bu, sonsuz idi.
Buna səbəb isə Rəhmanın
sözünə sadiq biri
olmasıdır. Yəni hər dəfə gizli
görüşümüz zamanı daha da əmin olurdum. Məsələn, növbəti
görüşümüzə hansı vədi verirdisə,
mütləq əməl edirdi. Görüş vaxtına 1 dəqiqə də
olsun gecikmirdi”.
"Xoşuma gəlməz
boşanaram” düşüncəsi
Rəhman düşünür
ki, bir insanı
tanımaq üçün müddətin
fərqi yoxdur: "Bu,
bir həftə də ola
bilər, bir gün də.
Çünki adicə bir
saat kiminləsə oturub
çay içib
söhbət edərkən, necə bir insan olduğu, sənin istədiyin
adam olub-olmadığını təyin
edə bilirsən. Amma yenə də
yanılmaq məsələsi var. Çünki indi bəzi
şeylərdə razılaşdığın detallarla bir müddət sonra razılaşmaya da
bilərsən. Yəni belə insanlar az deyil. İstənilən
halda riskə gedirsən. "Xoşuma gəlməz boşanaram”
düşüncəsi boşanma
statistikasında özünü göstərir.
Söhbət nəsil artırmaqdan da getməməlidir.
Onu dərk etməlisən ki,
yeni həyat axarına daxil
olursan. Əyləncən də, səyahətin
də olmalıdır. Bütün
bunları evlənəcəyin adamla,
dostlarını və valideynlərini yaddan
çıxarmamaq şərti ilə edəcəksən.
Qarşı tərəf də bunları dərk edəcək
keyfiyyətdə biri olmalıdır.
Xırda anlaşmazlıqlar onsuz hər
ailədə olur. Bunları aradan qaldırmaq mümkündür”.
"Ondan romantika
tələb edəndə...”
"Evliliyin dadı-duzu arada olan mübahisələrdir”
desək, yanılmarıq. Nərmin xanım deyir
ki, sözlərinin üst-üstə
düşmədiyi məqamlar demək olar
ki, hər dəfə eyni
mövzularla bağlı olur:
"Bir-birimizə dərin hörmət və ehtiramla
yanaşırıq. Ona görə elə
ciddi mübahisələrimiz olmur. Düşünürəm
ki, ailə həyatı qurmağa
hazırlaşan biri, mütləq
qarşı tərəfin ona necə dəyər
verməsinə diqqət etməlidir. Çünki
evlilik elə bir şeydir ki, bu gün yola
getməsən, sabah boşana
bilmirsən. Ümumiyyətlə, bu
düşüncə ilə yaşamaq özü yanlışdır. Bizdə
isə mübahisələr hər zaman eyni situasiyalara görə
olur. Rəhman çox
hövsələsiz adamdır, suallarıma ətraflı cavab vermir. Mən isə geniş cavab xoşlayanam. Digər tərəfdən, həyat
yoldaşım romantik deyil.
Ondan romantika tələb
edəndə "o romantik
kinolara az bax” deyir. Amma bir məsələ də var ki,
Rəhman ondan inciməyə icazə vermir. Aramızda nəsə
narazılıq olanda bir-birimizə bir az vaxt veririk. Əsəblər sakitləşir, sonra oturub danışırıq,
səhvlərimizi başa
salırıq. Düzdür, gələn dəfə yenə eyni məsələdə mübahisəmiz
düşür və
düşəcək də.
Çünki mən həmişə
ondan ətraflı cavablar tələb edib, romantik olmağını istəyəcəyəm”.
Ana kimi yüksək qiymət
Əslində, bu cavabla Nərmin
Rəhmanın bəzi
mənfi xüsusiyyətlərindən
də bəhs etmiş oldu. Bir az da Nərminin mənfi xüsusiyyətlərindən danışaq:
"Bir hadisə ilə bağlı milyon dənə sual verməyindən başqa, bəyənmədiyim
xasiyyəti yoxdur. Amma arada fikirləşirəm
ki, bütün qadınlar belədir.
Başa düşmürəm ki, bir sualla cavab
ala biləcəkləri hadisənin
içindən niyə
çoxlu suallar çıxarırlar (gülür)?
Nərmini ana kimi çox yüksək qiymətləndirirəm. Pis qiymətləndirməyə
haqqım da yoxdur. Artıq 2 övladımız var, Nərmin onlarla daha çox
vaxt keçirir.
Mənə elə gəlir
ki, nəticə pis deyil. Uşaqlar daha az xəstələnirlər
və səliqə-sahmanları
hər zaman yerində olur. Deməli, beş ballıq cədvəllə 5+ qiymət
vermək olar”.
10 ballıq sistemlə 10
Nərmin
isə həyat yoldaşını 10 ballıq
sistemlə qiymətləndirib
ən yüksək xalı verdi:
"Rəhmanın müsbət
keyfiyyətləri çoxdur.
Ailəyə qarşı diqqətcildir.
Uşaqlarla çox vaxt
keçirir, onların
tərbiyəsində yaxından
iştirak edir. Yəni ata kimi öz
üzərinə düşən
bütün məsuliyyətləri
layiqincə, hətta deyərdim daha artıq yerinə yetirir. 10 ballıq
sistemlə, ona elə 10 verirəm”.
Hər şey öz çərçivəsində olmalıdır
Bəzi ailələr evləndikdən
sonra subay vaxtı yaşadıqları
əyləncəli sosial
həyatın bitdiyini
deyir. Amma Rəhman bəy elə düşünmür:
"Vallah, evlilik heç nəyi məhdudlaşdırmır. Biz tez-tez dostlarla ailəvi də görüşürük, tək-tək
də vaxt keçiririk, səyahətə
də gedirik. Sadəcə,
hər şey öz çərçivəsində
olmalıdır. Əlbəttə ki, mən günlərlə
evə gəlməsəm,
kimlərləsə istirahət
etsəm, bu, doğru olmaz. Hər şeyin başında diqqət dayanır. Deyərdim ki, dostlarıma da, ailəmə də kifayət qədər vaxt ayıra bilirəm”.
Gələcəklə bağlı xəyallar
qurarkən...
Son olaraq cütlüyümüzdən ailə qurmaq istəyən gənclərə tövsiyələrini soruşduq. Rəhman qeyd edir ki, ailəni ailə edən qarşılıqlı anlaşma, kənardan ailəyə olunan təsirləri yoluna qoymaq bacarığıdır: "Məncə, 25 yaşından sonra ailə qurmaq daha uğurludur. Hərçənd, elə insanlar da var ki yaşı çox olmasına baxmayaraq keyfiyyətsizdirlər. Ətrafı dərk etmək, baş verən hadisələrə reaksiya verə bilmək bacarığı bu məsələdə böyük rol oynayır. Bunlar hamısı təcrübədir. Həyat təcrübən kifayət qədər varsa, ailə də qurub saxlaya bilərsən, biznes də qurub uğur qazana bilərsən. "Pis olar boşanaram” düşüncəsindəsinizsə, ümumiyyətlə, ailə qurmağı bir müddətlik unudun. Gəzin, yeyin-için, kef edin. Bu dediklərim məsləhət deyil. Şəxsi fikir, təcrübəmdir. Gələcəklə bağlı xəyallar qurarkən, bu arzulara gələcək həyat yoldaşını və övladlarını da daxil etməlisən”.
100 ölçün, 1 biçin
Ailə qurarkən yüz ölçüb, bir
biçmək lazım olduğunu deyən
Nərmin, evlilikdə sevgi və hörməti
əsas sayır: "Təbii ki, bunlar varsa, yalan
olmayacaq. Bu zaman hər iki tərəf
bir-birinə dürüst davranacaq.
İnsan, düşüncə tərzi eyni olan birisi
qarşısına çıxan zaman ailə
qurmalıdır. Ailə qurmaq inanın ki, həyatınızın ən çətin
imtahanıdır. Ona görə, yüz ölçün, bir biçin. Sevib, sevilin, bir-birinizə
dəyər verin. Onda
ailəniz heç nəyə baxmayaraq, qorunacaq”.
Günel Azadə
Kaspi.-2019.-11 yanvar.-S.13.