"Demək, yaşamağa
dəyər..."
Ziyadxan Əliyev: “Sənətşünaslıq
peşəsinə heç vaxt xəyanət etməmişəm”
Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonu çoxdan idi ki, belə izdiham görməmişdi. Rəssamlar, incəsənət adamları, tələbələr, media nümayəndələri Əməkdar incəsənət xadimi Ziyadxan Əliyevin 70 illiyinə həsr olunan sərgiyə toplaşmışdılar. Bu, Azərbaycan sənətşünaslıq elmində xüsusi xidməti və yeri olan sənətşünasın sənətinə verilən bəlkə də ən gözəl dəyər idi...
"Ziyadxan Əliyevin Azərbaycan sənətşünaslıq elmində xüsusi yeri var. O, 40 ildən çoxdur ki, təsviri sənətimizin müxtəlif sahələrini, onun inkişaf tendensiyalarını, ayrı-ayrı sənətkarların yaradıcılığını ardıcıl araşdırmaları ilə yerli və xarici ölkələrin mətbuatında təbliğ etməkdədir”- deyə Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov qeyd etdi: "Sənətşünasın ABŞ, Rumıniya, Rusiya, Ukrayna, Gürcüstan, İran, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyə mətbuatında çap olunan elmi-publisistik məqalələrini qeyd etmək olar. O, hər zaman cəsarətli sənətşünas kimi əsl sənət fədailəri, onların yaradıcılıqları haqqında yazıb. Ziyadxan Əliyev 20-dən çox monoqrafiyanın və yüzlərlə elmi-publisistik məqalənin müəllifidir. O, həmçinin Rəssamlar İttifaqının nəzdindəki "Tənqid və sənətşünaslıq” bölməsinin sədri kimi milli incəsənətimizi fəal şəkildə nəinki respublikamızda, onun sərhədlərindən çox-çox uzaqlarda da təbliğ etməkdədir”.
"İndiyə qədər heç bir sənətşünasın
yubiley sərgisi keçirilməyib və
bu qədər təntənəli
olmayıb”- deyən Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov
yubilyarın sənətşünas kimi
peşə xüsusiyyətlərini önə çəkdi:
" Ziyadxan həmişə rəssamların
yanında olub, emalatxanalarda
onlarla birlikdə oturub.
O, həmişə incəsənət sahəsində
hansı hadisələrin, yeniliklərin baş
verməsindən xəbərdar olub. Onun yazıları incəsənətin, rəssamlıq
sənətinin inkişafına təkan verib”.
"Mən həm Səttar Bəhlulzadəni, həm Bəhruz Kəngərlinin yaradıcılığını Ziyadxan Əliyevin yazdıqlarını oxuyandan sonra fərqli başa düşdüm”- Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri İrfan Çiftçi ürək sözlərini dilə gətirdi: "İndiki postmodern və qlobal çağda sənətşünaslar olmadan bu günün ən populyar rəssamının da təqdimatı mümkün olmaz. Bu baxımdan Ziyadxan Əliyev Bəhlul Səttarzadədən tutmuş Günay Mehdizadəyə qədər bütün Azərbaycan rəssamlığını öz qələmi ilə dünyaya tanıtdıran bir sənət tarixçisidir. Bu cür sənətşünaslar olmadan, rəssamlıq sənətinin dünyaya çatması çox çətindir. Ona görə, Ziyadxan müəllim kimi sənətşünasların çoxalmasına ehtiyac var. Azərbaycan rəssamlığında bu səpkidə tənqidçi və sənətşünasın yetişməsi lazımdır”. İ.Çiftçi sənətşünasın yaradıcılığına həsr olunan sərginin Türkiyədə də təqdim olunması fikrində olduqlarını bildirdi: "Biz sənətşünasın işlərini Türkiyədə də dəyərləndirmək arzusundayıq. Onun gözü, fəlsəfəsi ilə Azərbaycan rəssamlığının yenidən təqdim olunması lazımdır. Bu, Ziyadxan Əliyevin bir sənətşünas gözü ilə qiymətləndirdiyi əsərlərdən ibarət sərgidir. Azərbaycan Rəssamlar İttifaqının bu innovativ sərgi ideyası çox uğurlu və önəmlidir”.
Sərginin digər
iştirakçıları - Miniatür Kitab Muzeyinin təsisçisi
və yaradıcısı Zərifə Salahova,
Mədəniyyət Nazirliyinin sektor müdiri Qalib Qasımov, şair-publisist
Azər Abdulla və başqaları Ziyadxan Əliyevin müasir
Azərbaycan sənətşünaslığında təsviri
sənətin ən müxtəlif problemləri
haqqında dolğun və ətraflı tədqiqat
işi apardığını bildirdilər:
"Ziyadxan Əliyev hər bir yeni işində
axtarışlara meyilli olan
və faktlara əsasən yeni
söz deməyi bacaran
sənətşünasdır. Onun üstün cəhəti o
olub ki, həmişə
sözünü deyən olub.
Düzü düz, əyrini
əyri söyləyib, yaxşını da
deyib, pisi də. O, rəssamlarla
dil tapmağı bacarıb. Ziyadxan müasir Azərbaycan
incəsənətinin salnaməsini yaradıb”.
Tədbirə toplaşanların maraq və sevgisindən məmnun olan sənətşünas ürək
sözlərini «Demək, yaşamağa dəyər»
fikirləri ilə ifadə etdi: "Doğrudan da, incəsənət
tarixində sənətşünasın yubileyi
ilə bağlı belə bir təntənəli
yubiley tədbiri keçirilməyib!” Sənətdə
kumirinin görkəmli rəssam Səttar
Bəhlulzadə olduğunu deyən
Z.Əliyev gənclik illərini vərəqlədi: «Səttar
Bəhlulzadə mənim sənətşünas
olmağımı istəmirdi. Mən Rəssamlıq Məktəbini
fərqlənmə diplomu ilə bitirəndə
«Sən İncəsənət İnstitutunun
rəngkarlıq fakültəsində oxu»
deyə məsləhət verdi. Ancaq mən «Sənətşünas olmaq istəyirəm» deyərək, inad etdim. Səttar müəllim
məni bu fikrimdən döndərməyə
çalışdı. Ancaq inad etdiyimi görəndən
sonra məni qucaqlayıb, uğurlar
arzuladı. Sonradan Səttar Bəhlulzadə
haqqında «Sənətin Məcnunu» kitabını yazanda rəssamın gündəlikləri ilə
tanış oldum. O, dövrünün
sənətşünaslardan narazı idi.
Başa düşdüm
ki, mənim də həmin sənətşünasların
sırasında olmağımı istəmirmiş».
Z.Əliyev bu gün
Azərbaycan sənətşünaslığının düzgün yolda olduğunu qeyd etsə də,
müəyyən nöqsanların olduğunu
da dilə gətirdi: «Sadəcə, sənətşünaslığımızda
cəsarət çatışmır. Mən həmişə
deyirəm: sənətşünas həm şair,
həm filosof, həm də cəngavər
olmalıdır». Yubiley sərgisinə özü haqqında yazdığı «Sənətşünas
taleyi» kitabını hədiyyə etdiyini deyən sənətşünas,
taleyindən bəhs edən nəşrdə həyat və fəaliyyəti
haqqında bütün məqamların yer aldığını vurğuladı: «Təkcə
ailənin namusu olmur,
peşənin də namusu var.
Sevinirəm ki, sənətşünaslıq
peşəsinə heç vaxt xəyanət etməmişəm”.
Rəsmi hissədən sonra
sənətşünasın yubileyinə həsr olunan sərgiyə baxış keçirildi. Qeyd edək ki, sərgidə Ziyadxan
Əliyevin, haqqında yazdığı rəssamların hər
birinin bir əsəri
nümayiş olunur.
Sərgidə iştirak etdi
Təranə Məhərrəmova
Kaspi.-2019.-11 yanvar.-S.5.