“Ehtiyac hiss edərək yaşamaq insana çox şey öyrədir”

Azər Əhmədov: “Ən son həll etdiyim məsələ bəlkə də, 30 ilə yaxın idi ki açıq qalmışdı”

13-14 yaşından məşğul olduğu işi görür və bundan bezmədiyini deyir. Çoxlarına çətin gələn riyaziyyat onun hələ uşaq yaşlarından diqqətini çəkib. Hətta bu istedadı hiss edən müəllimləri biliklərini inkişaf etdirmək cəhətdən ona daim kömək ediblər. Bu sahədə orta məktəb illərində əldə etdiyi nailiyyətlər sayəsində isə universitetə imtahansız qəbul edilir.

Söhbət hazırda ABŞ-da yerləşən Şimali Dakota Dövlət Universitetinin professoru olan Azər Əhmədovdan gedir. Azər müəllimlə ötən il "ABŞ-ı heyrətləndirən azərbaycanlı qız” başlıqlı yazımızda riyaziyyat sahəsində yaşıdlarını qabaqlayan 15 yaşlı qızı haqqında danışmışdıq, bu dəfə isə onun özü ilə bağlı söhbət etdik...

A.Əhmədovun riyaziyyata marağı özünü məktəb illərindən göstərməyə başlayıb. Hətta bu bacarığının sayəsində Bakı Dövlət Universitetinə imtahansız qəbul edilib: "1974-cü ildə Bakı şəhərində anadan olmuşam. Lakin mən lap körpə olandan Cəbrayıl rayonunun Dağ Xələfli kəndinə köçmüşük. Anam kənd məktəbində müəllim işləyirdi. Atam isə Bakıda qalıb, AMEA-nın Zoologiya İnstitutunda çalışırdı. 10 yaşıma qədər kənddə yaşadım, 3-cü sinfə qədər Cəbrayıl rayonunda oxudum. 1984-cü ildə yenidən Bakıya qayıtdıq. 8-ci sinfə qədər NZS qəsəbəsindəki 194 nömrəli məktəbdə oxudum. Sonra isə təhsilimi Həbib bəy Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar liseydə davam etdirdim. 1991-ci ildə orta məktəbi bitirdim. Riyaziyyatla ciddi şəkildə orta məktəb illərindən maraqlanmağa başladım, respublikada keçirilən olimpiadalarda həmişə birinci yeri tuturdum. Ona görə məni imtahansız Bakı Dövlət Universitetinin (BDU) mexanika-riyaziyyat fakültəsinə qəbul etdilər. Məktəbi qızıl medalla bitirmişdim, BDU-nu da qırmızı diplomla başa vurdum”.

1996-cı ildə isə universiteti bitirir və ardınca xaricdə təhsil üçün sənəd göndərir: "Hələ tələbə olarkən xaricdə təhsil almaq istəyirdim. Amerika və İtaliya universitetlərinə müraciət etmişdim. İtaliyada Beynəlxalq Ali Tədqiqatlar İnstitutunun nəzdində fəaliyyət göstərən Əbdüs Salam Nəzəri Fizika Mərkəzinə sənəd göndərmişdim. Dəvət etdilər, amma bildirdilər ki, onlarda ancaq magistr proqramıdır, məndə isə hazırlıq səviyyəsi yüksəkdir. Doktorluq proqramı isə Beynəlxalq Ali Tədqiqatlar İnstitutunun özündə var idi. Dedilər ki, ora imtahan ver. 1996-cı ildə imtahan üçün getdim. İmtahanlar elə asan deyildi, bir neçə mərhələdə oldu. Qəbul edilən 5 nəfərdən biri də mən oldum. Elə həmin il təhsilə başladım, lakin 1997-ci ildə fikirləşdim ki, Amerikaya sənəd göndərim. Məndən kiçik qardaşım da o vaxt orda təhsil alırdı. Amerikanın Yeyl Universitetinə sənəd göndərdim. Orda doktoranturaya qəbul etdilər, fikirləşdim ki, ora getsəm, daha yaxşı olar. İtaliyadakı təhsili yarımçıq qoyub 1998-ci ildə Amerikaya gəldim”.

- Azər müəllim, o vaxtlar xaricdə təhsillə bağlı gənclər indiki qədər məlumatlı deyildilər. Sizdə, xaricdə təhsil fikri hardan yaranmışdı?

- Bu fikri məndə yaradan adamlardan danışmaq istəyirəm. O vaxt mənə yaxından diqqət göstərən, riyaziyyata marağıma təkan verən iki mentorum olub. Onlardan biri Rəfail Əlizadədir, hazırda Türkiyənin İzmir şəhərindəki Yaşar Universitetində professordur. O biri isə azərbaycanlı şair Əli Kərimin oğlu Azər Kərimovdur. O da 25 ildən çoxdur ki, Türkiyənin Bilkent Universitetində professordur. Hələ orta məktəbdə oxuduğum dövrlərdə Azər müəllim məni evinə dəvət edirdi. Həftədə bir dəfə görüşürdük, mənimlə məşğul olurdu. Tutaq ki universitet kurslarından bəzi şeyləri izah edirdi. Mən də öyrəndikərimi ona danışırdım. Təkcə riyaziyyat öyrətmirdi mənə, həm də şirniyyatla çaya qonaq edirdi. Məni ilk olaraq xaricdə təhsillə bağlı həvəsləndirən o oldu. Dedi ki, ingilis dili üçün TOEFL imtahanı var, ona hazırlaş. Bir də doktoranturaya qəbul üçün GRE imtahanı haqqında məlumat vermişdi. Bu imtahan iki mərhələdən ibarət olur, ümumi və ixtisas. Azərbaycanda GRE-nin ümumi imtahanını ilk dəfə verən kiçik bir qrupda mən də var idim. Amma ixtisas imtahanına yalnız mən qaldım. Ölkədə GRE-nin ixtisas imtahanını verən ilk adam oldum. TOEFL-in isə ölkədə təşkil olunan ikinci imtahanında iştirak etmişdim.

Müəllimim Arif Babayev də mənə çox kömək edib. O, böyük riyaziyyatçı idi, mənə təsiri çox olub. Bir də Azad Tağızadənin adını çəkmək istəyərdim. Bildiyim qədərilə, o, hazırda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının prorektorudur.

İtaliyadan dəvət gələndə mənim elə də maddi vəsaitim yox idi. Bileti almağa pul olmadı. Ailəmiz imkansız idi, universiteti yeni bitirmişdim, üstəlik də o illər ölkədə iqtisadi cəhətdən vəziyyət yaxşı deyildi. İmtahana getmək üçün Bakı-Moskva-Milan biletimi Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı aldı. Bilet birtərəfli idi, imtahanı keçməsəm, necə qayıdacağımı bilmirdim. Hətta bilet birtərəfli olduğu üçün hava limanında məni geri qaytarmaq istəyirdilər. Uzun müzakirələrdən sonra getməyimə icazə vermişdilər.

- Azər Kərimovun şagirdinə belə diqqət göstərməsinin səbəbi nə idi?

- 1989-cu ildə mən respublika olimpiadasında birinci yer tutmuşdum. Azər müəllimi orda tanıdım. Sonra həftədə bir dəfə bizim liseyə gəlib mühazirə oxuyurdu. İş elə gətirdi ki, o, liseyə gələsi olmadı, amma mənə evlərinə getməyi təklif etdi. İki ilə yaxın həftədə bir dəfə onun evinə getmişəm. Mənə bu münasibətinin əsas səbəbi onun xeyirxah adam olması idi. Ömrünü riyaziyyata həsr etmiş adamdır. Riyaziyyatçılar isə adətən, bir-birlərini çox sevirlər. Riyaziyyatçıların bu sahədə yeni başlayan adamlara simpatiyaları olur, bu, bir növ bizim peşənin təbiətidir.

- Deyəsən, hər şey qaydasına düşənə qədər çətinliyiniz çox olub...

- Çətinliyim dəhşət çox olub. Amma Azərbaycandan çıxandan sonra da yaxşı adamlarla qarşılaşdım, mənə kömək etdilər. Elə məişət məsələsindən danışaq, Qabriel Cionti adlı italyan dostum var idi, onunla bir evdə yaşamışam. Mənə çox kömək edib. İtaliyada da, Amerikada da verilən tələbə təqaüdü həmişə mənə kifayət edirdi, hətta artıq da qalırdı. Xoşbəxtlikdən xaricə gedəndən qısa müddət sonra maddi çətinlik yaşamadım.

- Adətən, tələbə nə qədər təqaüd alsa da, bu, hər şeyə bəs etmir. Qənaətcil adamsız, yoxsa tələbəlik bunu öyrətmişdi?

- Qənaətcil deyəndə ki, imkansız ailədə doğulmuşam, həmişə ehtiyac içində yaşamışam. Əslində, bunu insanın yetişməsində, tərbiyəsində vacib element hesab edirəm. Məsələn, nəinki aza qane olmaq, ehtiyac hiss edərək yaşamaq insana çox şey öyrədir. Təqaüdüm ehtiyaclarımı ödəyirdi, başqa bir şeyə ehtiyacım da yox idi (Gülür).

- Ehtiyac içində böyümək fikri məncə, hər ailəyə, istəklərə görə dəyişir. Siz ehtiyac içində böyümək deyəndə nəyi nəzərdə tutursunuz?

- Çox ciddi ehtiyacları nəzərdə tuturdum. Məsələn, 10 yaşımda anamla Bakıya qayıdanda çətinliyimiz çox oldu. Düzdür, atam işləyirdi, amma məvacibi az idi. Anam kənddə məktəbdə işləyirdi, amma Bakıda işə düzəlməsi hardasa bir il çəkdi. Orta məktəb illərində paltom, papağım olmurdu. Universitetdə oxuduğum dövrlərdə yolpulu problemi də yaşayırdım. Detallara getməyin nə dərəcədə düzgün olduğunu bilmirəm, siz soruşdunuz deyə danışdım. Azərbaycanda belə ailələr az deyildi. Müharibə dövrü olduğu üçün o dövrün mənəvi sıxıntıları da çox idi. Mən uşaqlıq illərini Cəbrayılda  keçirmişəm, bu səbəbdən də çox ağır olub. O vaxt aldığım travmaları indi hiss edirəm.

- Böyük uğur qazanan adamların içərisində maddi ehtiyac içində yaşayanlar çoxdur. Siz də bu cür yaşayışın insana çox şey öyrətdiyini deyirsiniz. Başqa nə təsirləri olub?

- Ümumi hər kəs haqqında fikir bildirmək çətin olar, amma öz təcrübəmdən danışaram. Maddiyyatla yanaşı, müharibə və onun gətirdiyi mənəvi sıxıntılar, dəhşətlər şəxsən məndə çox cavan yaşda fəlsəfi təfəkkürü inkişaf etdirməyə köməklik etdi. Çox gənc yaşlarımdan fəlsəfəyə, ədəbiyyata meyl etdim. Hazırda yazıçılıqla da məşğulam. Dəqiq bilmirəm ki, uğur qazanan, nələrsə edən adamların neçə faizi kasıb, nə qədəri varlı ailədəndir. Amma məncə, ciddi ehtiyac içində yaşamaq adama çox şey öyrədir. Məşhur italyan aktyorlarından biri deyir ki, valideynlərimin mənə ən böyük hədiyyəsi kasıbçılıq olub.

 

 

 

- Amerikaya getdiniz, orda yerli deyildiniz. Əcnəbilərin düşdükləri mühitə uyğunlaşmaqları, nələrsə əldə etməkləri heç də asan deyil. Bu dövr necə keçdi?

- Amerikaya gələndə artıq özümü rahat hiss edirdim. Uyğunlaşma dövrüm əsasən, İtaliyada olmuşdu. Həm də Amerika xaricilərə qucaq açan yerdir. Ona görə əlavə çətinliyim olmadı. 21 ildir Amerikada yaşayıram. Heç vaxt burda mənə əcnəbi kimi yanaşmayıblar.

- Amerikadakı o 21 illik dövrdən danışaq. Doktoranturadan sonra necə oldu?

- 6 il Yeyl Universitetində doktorantura oxudum. Elmi rəhbərim Qriqori Marqulis idi, o, son 40-50 il üçün riyaziyyatın ən vacib fiqurlarından biri sayılır. Onun mənə bir insan kimi də, riyaziyyatçı kimi də çox dərin təsiri oldu. Yeyldən sonra 4 il Kaliforniya Universitetində həm tədqiqatçı, həm də müəllim kimi işləmişəm. Sonra da indi çalışdığım Şimali Dakota Dövlət Universitetində işlədim. 44 yaşım var, 13-14 yaşımdan məşğul olduğum işi görürəm. 30 ildir eyni işlə məşğulam. Hələ ki bezməmişəm.

- Ancaq elmi istiqamətdə fəaliyyət göstərirsiniz?

- Amerikada sırf elmi-tədqiqat institutları azdır, yox dərəcəsindədir. Elmi tədqiqatlar əsasən, universitetlərdə aparılır. Universitetdə isə tədqiqatçılara həm də dərs yükü verirlər. Hər semestr bəzən bir, bəzən iki kursa dərs deyirik.  Mən dərs deməyə də həmişə həvəsli olmuşam. Onu da deyim ki, 17-18 yaşımda - 1-2-ci kurda oxuyanda Azərbaycanda ölkənin qabaqcıl liseylərində dərs demişəm. Beynəlxalq olimpiadaya gedən komandanı ilk dəfə mən hazırlamışam. Bakının müxtəlif orta məktəblərindən istedadlı uşaqları 1 nömrəli fizika-riyaziyyat təmayüllü liseyə yığıb onlara hər həftə mühazirə oxumuşam. Axşam 4-dən sonra dərsə başlayırdım, bəzən gecə 11-12-yə qədər qalırdıq. Elə əvvəldən dərs deməyə məndə xüsusi ehtiras olub. O vaxt Bakıda beynəlxalq olimpiadalara getmək təcrübəsi yox idi. Bir dəfə qeyri-rəsmi getmişdilər. İlk rəsmi iştirak mən getdiyim il oldu. 1993-cü ildə mən və başqa bir yoldaş komanda rəhbəri kimi milli komandamızı olimpiadaya aparmışıq.

- Tələbə vaxtı necə dərs deyirdiniz?

- (Gülür) Hə, buna görə məni cəlb edən direktorlara dərəcəsiz, diplomsuz adama dərs verdikləri üçün söz gəlmişdi. Həftədə iki saatlıq məşğələ dərsləri idi. Mənə az da olsa, maaş verirdilər. Direktorlar məni özləri dəvət etmişdilər. Bəzi liseylər şagirdlərinin olimpiadalarda yaxşı iştirak etməsində maraqlıydılar. "Avropa” və "Gələcək Zəkalar” liseyində rəsmi olaraq dərs demişəm. Qeyri-rəsmi olaraq da fizika-riyaziyyat təmayüllü məktəbdə tələbələri yığıb məşğələ aparmışam. Amma buna görə maaş verilmirdi.

- Belə başa düşdüm ki, həm məktəbdə, həm universitetdə özünüzü göstərməyi bacarmısınız...

- Onu deyə bilmərəm, amma həmişə müəllimlərimə qarşı hörmətim, sevgim olub. Eynilə də onlardan bunu görmüşəm. Məsuliyyətli olmuşam. Gənclik illərində bir az üsyankar təbiətim var idi, amma indi elə deyiləm. Adamlarla xırda problemlər də yaşayırdım, bəzən müəllimlərlə də olurdu. Lakin heç vaxt aramızda sevgi, hörmət itməyib.

- Neçə yaşınızda ailə qurdunuz? Amerikada neçə il tək qaldınız?

- 25 yaşımda evləndim. Amerikada cəmi 2 il tək qalmışam. 2 il də İtaliyada yaşamışam.

- Bir az da riyazi bacarıqları ilə ABŞ-ı heyrətləndirən qızınız Selcandan danışaq. Riyaziyyata olan marağınızın ondakı bu istedadın inkişafına təsiri yəqin ki, olub...

- Müəllimin keçdiyi materiala qarşı nə qədər ehtiraslı olması tələbələrin o dərsə yanaşmasına təsir edir. Tələbə riyaziyyatla maraqlanmasa belə, müəllimin ehtirasından dolayı istər-istəməz dərsə maraq göstərir. Bu ehtirası daha çox tələbələrimə göstərmişəm, indi bilmirəm qızım nə dərəcədə bunu görüb, amma böyük ehtimal bunun təsiri olub. Mən cavan olanda sahəmlə bağlı daha ehtiraslı idim, öyrənməyə, araşdırıb tapmağa maraq göstərirdim, amma o vaxtlar informasiya əldə etmək indiki qədər asan deyildi. Oxumağa kitab tapmaq problem olurdu. Qızım isə sakit təbiətlidir, riyaziyyat onun üçün maraqlıdır, universitetdə müvəffəqiyyətlə oxuyur. Bu semestr də bütün dərslərdən 5 ("A”) aldı.

- Dediniz ki yazarlığa da meyl etmisiniz. Nədən yazırsınız?

- Modern Amerika şeirinə marağım çoxdur, bu sahəni çox tədqiq etmişəm, məqalələr yazmışam, tərcümələr etmişəm. Özüm də şeir yazmışam, 2017-ci ildə Bakıda "Binar suallar” adlı şeirlər kitabım da çap olunub. Daha əvvəllər hekayələr də yazırdım. Türk şeirini də çox oxumuşam, tədqiq etmişəm. Nazim Hikmətdən sonrakı dövr, İkinci Yeni şairləri - Cemal Süreyya, Turqut Uyar, Edip Cansevər və s. Ən son türk şeirlərini elə də izləmirəm, amma Amerika şeiri çox irəlidir. Hər həftə şeir oxuyuram. Təəssüf ki, Azərbaycanda Amerika şairlərini az tanıyırlar.

- Tədqiqat istiqamətiniz hansıdır?

- Qruplar nəzəriyyəsi və həndəsədir. Azərbaycanda bu sahənin populyarlığı azdır. Ölkə xaricinə gəlməyimin bir səbəbi də mənim universitet illərində riyaziyyatın maraq göstərdiyim sahələri ilə bağlı idi. Riyaziyyatın mərkəzi bölmələri olsa da, o sahələrdə bizdə tədqiqatçı yox idi. Bunun üçün xaricdə məşğul olmağın vacibliyini başa düşürdüm. 70-ci illərdə Azərbaycanda riyazi sahədə müəyyən canlanma olmuşdu. Arif Babayev, Mirabbas Qasımov ən yaxşı riyaziyyatçılardan olublar. İndi heç nə qalmayıb. 90-cı illərin əvvəllərində az da olsa, nə isə qalmışdı, amma artıq o da bitdi.

- Elmi işlərinizdən danışaq...

- Ən son həll etdiyim məsələ bəlkə də 30 ilə yaxın idi ki açıq qalmışdı. Amma bu barədə çox danışmaq da istəmirəm. Həm də kimin üçünsə nə dərəcədə maraqlı olduğunu bilmirəm. Bir də hiss etmişəm ki, bizdə  alimlərə, elmə bəzən mahiyyətini anlamadan, futbol komandasına azarkeşlik edərmiş kimi azarkeşlik edən bir publika yaranıb. Ona görə yaxşı olar ki, bu haqda çox danışmayım. Publikanın elmə münasibəti korkoranə və az qala şou-biznes nümayəndələrinə olan azarkeşlik səviyyəsinə enib. Bu, çox vacib məsələdir. Elm əsasən, geniş publika üçün deyil. Elmin populyarlaşdırılması isə çox diqqətlə aparılmalıdır. Bizdə bu sahə ümumiyyətlə, yox dərəcəsindədir.

- Karyeranız Amerikada formalaşıb. Maraqlıdır, qayıdıb ölkədə çalışmaq fikriniz varmı?

- Azərbaycanda elmi-tədqiqat cəhətdən aktiv olan universitet yaranarsa, yaxud mövcud universitetlərdə elmi-tədqiqat canlanarsa, məni dəvət edərlərsə, bir neçə ildən bir gəlib bir semestr Azərbaycanda həvəslə işləyərəm. Çalışdığım universitet də buna icazə verər. Mənim üçün də böyük şərəf olar.

- Axırıncı dəfə Azərbaycanda nə vaxt olmusunuz?

- 2012-ci ildə. Əvvəllər çox gəlirdim. Bu yay gəlmək də planda var. Qızım Azərbaycana çox bağlıdır. Demək olar ki, hər axşam yutubda Azərbaycan tamaşalarına baxır, filmlərimizi, aktyorlarımızı, müğənnilərimizi tanıyır. Gəlib orda yaşamaq istəyir. Hələ ki necə olacağını bilmirəm. Mən özüm də Azərbaycana dönmək ümidimi itirməmişəm.

Aygün Asimqızı

Kaspi.-2019.-11 yanvar.-S.12.