200 şəhərdə ofisi, 400 min işçisi olan şirkətdə
çalışan azərbaycanlı
Namiq Mustafayev: “Karyera, təcrübə üçün
fədakarlıq etmək lazımdır”
İlk iş yerində 7 il çalışıb. Həmin müddətdə o qənaətdəymiş ki, əgər işdə istifadə etdiyin texnologiya və verilən əməkhaqqı səni qane edirsə, iş axtarmağın çox da mənası yoxdur. Lakin sonradan bu fikrindən daşınıb. Deyir ki, yeni işlər yeni təcrübə, yeni tanışlıq, yeni kanallar deməkdir. Və o bu təcrübədən çıxış edərək ölkə xaricindən gələn iş təklifini dəyərləndirir. Müsahibimiz iki ilə yaxındır Latviyanın Riqa şəhərində yerləşən məşhur "Accenture” şirkətində proqramçı kimi çalışan azərbaycanlı Namiq Mustafayevdir.
- Namiq
bəy, karyeranızla bağlı məlumatda ancaq
"Veysəloğlu” Şirkətlər Qrupu
yazılıb. İlk iş
təcrübəniz də orda olub?
- Bəli, karyeramın başlanğıcı
elə o şirkətdə olub. Mütəxəssis kimi
işə götürdülər, sonra
aparıcı mütəxəssis oldum,
ardınca isə proqramlaşdırma komandasına rəhbərliyi
mənə həvalə etdilər. 7 ilə yaxın orda çalışdım. Sonra
isə Latviyaya - "Accenture”
şirkətinə gəldim. Bu bir Amerika şirkətidir.
Dünyanın 200 şəhərində ofisi,
350-400 min işçisi
var.
- Tələbəlik
illərində təcrübə xarakterli
də olsa, işləməmisiniz?
- Yox, universiteti bitirib hərbi xidmətə getdim, qayıdandan sonra işə başladım. Mən Qafqaz Universitetində (İndiki Bakı Mühəndislik Universiteti) kompüter mühəndisliyi üzrə təhsil alırdım. Nədənsə, tələbə vaxtı fikrimi daha çox dərslərə yönəltdim, işləməyə çox da maraq göstərmədim.
- Adətən, bu cür adamlar iş mühitinə düşəndə tələbə vaxtı təcrübə yığmadıqları üçün peşmançılıq keçirirlər.
- Universitetin çox güclü olimpiada komandası var idi, 3-4-cü kursda oxuyanda məni ora dəvət etdilər. Getsəydim, çox yaxşı alqoritmik biliklər əldə edərdim. Onun üçün peşmanam. Yaxud Avropa ölkələrindən birində magistr təhsili alsaydım, yaxşı olardı. Çünki bir ölkəyə getmək üçün ən yaxşı üsul təhsildir. Bir də mənim kimi tələb edilən ixtisaslar üzrə iş təklifi aldığın zaman gedə bilirsən. Tələbə vaxtı işləsəydim, çox yaxşı təcrübə qazanmış olardım. Mən hərbi xidmətdən qayıdandan sonra işə başladım. Təcrübəm olmasa da, verilən tapşırıqların öhdəsindən gəlirdim. Amma tələbə vaxtı işləsəydim, 2-3 il qabağa düşmüş olardım. İndi düşünürəm ki, tələbə vaxtı pulsuz olsa belə, gərək işləyərdim. Xüsusilə, İT sahəsində təcrübəni daha tez yığmaq çox kömək olur.
- Tələb
edilən ixtisaslar üzrə iş təklifi almaq məsələsinə
toxundunuz. Hazırda
çalışdığınız şirkət sizə iş təklifini özü
etmişdi?
- Bu tip
böyük şirkətlərin işçi tapıb cəlb etmək üçün ayrıca işçiləri
olur. Onlar daim şirkət üçün
işçi axtarırlar. Təbii ki ilk olaraq
ölkə daxilində uyğun
kadrları cəlb edirlər. Ölkədə kifayət qədər
mütəxəssis tapmayanda, artıq
xaricdən axtarmağa başlayırlar. Bizim şirkət ölkə daxilindən sonra Rusiya, Ukrayna,
Belorus bazarından kadr
cəlb edib. Resurs
tükənəndən sonra Orta Asiya ölkələrinə
keçdilər. Bu şirkət işçiləri birbaşa
tapmır, onlar ölkələrdə yerləşən
məsləhətçi şirkətlərə necə bir kadr axtardıqları
haqqında məlumat verirlər, yerli
şirkətlər də tələblərə uyğun o kadrları
tapıb onlara təqdim edirlər. Mənə
də belə bir şirkət müraciət
etmişdi. Düzü,
hələ ki xaricdə
çalışmaqla bağlı ciddi fikrim yox idi,
amma təkliflə maraqlandım,
araşdırdım. 3-4 mərhələli prosesi
keçdikdən sonra iş
təklif etdilər. Texniki müsahibələr,
tapşırıqlar, bəzi real
kodların üstündə işlədim. Bunları keçəndən
sonra artıq dedilər ki,
biz səninlə işləyə bilərik.
Beləcə başladım və iki ildir ki burda
çalışıram.
- Bəs ölkə
xaricində çalışmağa getməklə
bağlı tərəddüd etdiniz?
- İnsan təbii ki tərəddüd edir. Yeni həyata başlayırsan, hər şey bir növ
sıfırlanır, nə olacağını bilmirsən. Ailəlisənsə,
məsuliyyətdən dolayı tərəddüdün daha da artır. Amma karyera, təcrübə
üçün fədakarlıq etmək
lazımdır. Məncə, buna dəyir.
- 7 il bir şirkətdə
çalışmısınız. İş
yerini tez-tez dəyişən
adam deyilsiniz?
- İşdə istifadə etdiyin
texnologiya və maddi cəhətdən
şirkət səni qane edirsə, iş axtarmağın mənası çox da yoxdur.
Bu düşüncədə idim, amma artıq o fikirlərimdən vaz
keçmişəm. Çünki yeni işlər yeni təcrübə,
yeni tanışlıq, yeni
kanallar deməkdir.
- Bir yerdə çox işləməyi komfort zona da adlandırırlar. Yəqin, komfort zonanı sevirsiniz...
- Əslində, insan təbiəti
komfort zonaya tam uyğundur. Məndə
də, yəqin ki belə olub.
Hətta əvvəl çalışdığım yerdə
bir müddət işlədikdən sonra gördüm ki, insan bir
yerdə işlədikcə öz sistemini qurur və iş rutinləşir. Hər gün
eyni işi
gördükcə inkişafdan geri qalırsan. Və bizim
ixtisasımızla bağlı texnologiyanı yaxından izləmirsənsə,
çox geridə qala
bilirsən. Komfort zona
insanı rahatladır və geri
düşməsinə səbəb olur. Bunu hiss edəndən sonra artıq komfort zonadan çıxmağa
çalışırdım.
- 7 ildəki vəzifə
irəliləyişinizi necə qiymətləndirirsiniz?
- İT sahəsində ümumiyyətlə, çox da vəzifə olmur. Ya proqramçısan, ya da menecer. Proqramçı olub kod yazırsan,
ya da o tərəfə
keçib menecmenti ilə məşğul olursan. İkinci variantda proqramlaşdırmadan
uzaqlaşırsan. 30-35
yaşa qədər insanlar bunu seçmir,
bu yaşlardan sonra yavaş-yavaş proqramlaşdırmadan uzaqlaşıb
vəzifəyə meyilənə
bilirlər. Ona görə
hansı vəzifədə
olmağın çox
da əhəmiyyət
daşımır.
- Latviyada işə başladınız.
Fərqli ölkə,
başqa mühit. İlk vaxtlar sizə çətin olmadı?
- İlk olaraq sıfırdan başlamaq,
orda yerləşmək
məsələsi var. Digər
tərəfdən, mədəni
şok da olur. Mənim böyüdüyüm mədəniyyətlə düşdüyün
ölkənin mədəniyyəti
fərqlidir. Ən
azından, iş mühitində
dostluq, qardaşlıq
münasibəti gözləyirsən,
burda elə deyil. İşlərini görüb çıxıb
gedirlər. Bəzən "salam” vermədən gəlib işini görür, gedir. Belə məsələlərdə mədəni
şok yaşayırsan.
Üstəlik, yeni həyata
başlayırsan, çevrə
formalaşdırırsan. Nəyin nə olduğunu tutmaq bir az zaman tələb edir. Bunlar çətin deyil,
amma mədəni şok ən çox çətinlik
hiss etdiyim məsələdir.
- Adətən, bizdə ofisə daxil olan bütün
işçilər hal-əhval
tutmasalar, işə başlamırlar. Belə bir yerdən çıxan adam
gedib "salam” vermədən otağa daxil olan adamların
içinə düşəndə
buna reaksiyası necə oldu?
- 6 ay, 1 il bir yerdə işlədiyiniz komanda yoldaşınızla
səhər qarşılaşanda
üzünü sənə
çevirib "salam”
verməyə bilir. Baxırsan ki, 1-2 ildir eyni layihədə
çalışırlar, amma
o adamların münasibəti
saat 6-ya qədərdir,
iş saatı bitəndən sonra bir-birini tanımırlar. Belə soyuqqanlılıqları var. Kimsədən
bir gözlənti içinə girmirlər.
Çətinlik deməyək, amma
mənim üçün
bu, çox da yaxşı hal deyil. Azərbaycanda işdə kiminsə problemi olsa, iş yoldaşlarından kimdənsə xahiş etsə, can-başla kömək edir. Burda rahat şəkildə
"vaxtım yoxdur”,
"kömək etmək
istəmirəm” deyə
bilirlər. Belə bir
mühit var. Bu, bəzən
insana yaxşı əhval-ruhiyyə vermir.
- Bəs rəhbərlərinizin işçilərə
yanaşması necədir?
- Burda müdirə, departament direktoruna "siz” deyə müraciət etmək kimi məsələ yoxdur. Hər kəsə sadəcə
adı ilə müraciət edirsən.
Adam var ki,
150-200 işçisi var,
adı Antondur, "müəllim”, "siz” deyə müraciət etmirsən. Bəlkə də rusca desən, "siz” müraciəti edərsən,
amma ingilis dilində müraciət formasında bu yoxdur. Müdirlərin
ayrıca otağı
yoxdur, bir gün bir işçinin,
sabah başqasının
yanında oturur. Qapalı bir otaqları yoxdur. Bizim şirkətdə rəhbərlər
işçilərlə dost kimi oturub söhbət
edə bilirlər. Müdirlə məsafə saxlamaq
kimi məsələləri
də burda görmürəm.
- Ordakı iş mühitində bəyəndiyiniz daha nələr var?
- Texnoloji cəhətdən
çox şey öyrənmişəm və
bu, davam edir. Sərbəstlik var, evdən
də işləyə
bilirəm. Bizdəki kimi
ayda bəlli icazə haqqı da yoxdur. İşçi istismar edilmir.
İş saatından
artıq işləməyə
qoymurlar, əgər vacib iş olarsa,
əlavə saxlasalar,
buna görə pul ödəyirlər. Şirkətin yaratdığı ən böyük imkan özünü inkişaf etdirmək üçün olan mühitdir.
- Orda özünü inkişaf
cəhətdən bu gün nələri edirsiniz?
- "Accenture”nin müştəriləri
böyük şirkətlərdir. Hazırda "Volvo”nun böyük layihəsində çalışıram.
Layihənin icrası üçün
fərqli istəklər
var. Onları da qarşılamaq üçün
fərqli texnologiyalar,
alətlər istifadə
edirlər. Ona görə
yeni texnologiyalar öyrənirsən. Bir layihə
bitəndə başqasına
başlayıram, orda da tələblər, istifadə edilən texnologiyalar başqa olur. Həmin layihədə qalmaq
üçün özünü
o yöndə də inkişaf etdirirsən.
Nəticədə bir çox
yeniliklər öyrənmiş
olursan.
- İki il yaxındır
ordasınız. Bu müddətdə özünüzdə
hansı dəyişikliyi
görürsünüz?
- Tanımadığım, mənimlə
eyni mədəniyyəti
paylaşmayan insanlarla
işləməyi öyrəndim.
Texnologiya ilə yanaşı,
bir layihəni idarə etməyi, texnoloji olaraq dizaynını öyrəndim.
Şirkətdə rəsmi dil
ingilis dilidir, dil bilikləri cəhətdən də inkişaf oldu.
- İndiki
işdə irəli getmək imkanları nə dərəcədədir?
- Bir yol
xəritəsi var ki,
irəliləmək üçün
onları bitirməlisən. Ora bəzi təlimlər,
treninqlərdə iştirak,
sertifikatları almaq daxildir.
İşlədiyin müştərilərin sənin
haqqında rəyləri önəmlidir. İrəliləyiş
zamanla bu formada baş verir. Vəzifəyə getmək kimsənin
dodağı arasında deyil. Müəyyən
meyarları keçdikcə baş verir.
- Ənənəvi
sualımız: sizə görə uğurun
sirri nədir?
- İlk olaraq
çalışmağı deyərdim. Sual
verə bilərlər ki, çox
çalışıb nə isə əldə etməyənlər
də var. Ona görə
deyərdim ki, nə edəcəyini bilmək,
şüurlu şəkildə
çalışmaq lazımdır. Uğur
qazanmaq üçün
başqa faktorlar da var, amma
əsas olan nəyi istədiyini bilib çalışmaqdır.
Aygün Asimqızı
Kaspi.-2019.-11 yanvar.-S.8.