Texnoloji fəsadlar
“Real həyatda bəzən 5-6 aya aradan götürülə
bilməyən pərdə,
sosial şəbəkədə
iki-üç saata və ya bir-iki
danışıqdan sonra
aradan qalxır...”
ABŞ-ın Texas ştatının
məşhur Baylor Universitetinin
alimləri hələ
bir neçə il bundan
əvvəl smartfonları
ailələri dağıdan
"yenilik” kimi qiymətləndirəndə, araşdırmaları
cəmiyyətdə təəccüblə
qarşılandı. Baxmayaraq ki,
aparılan sorğularda
respondentlərin 70 faizi
problemin artıq cəmiyyətdə mövcudluğunu
təsdiqləmişdi. "Başlanğıcda insanların komfortu, ünsiyyət vasitəsi kimi yaranan mobil
telefonlar sonradan dağıdıcı funksiyası
ilə də məşhurlaşdı. Texnoloji yeniliklər
özü ilə fəlakətlər də
gətirir” - deyə alimlər qeyd edirdilər. İndi isə
alimlər baş sındıraraq bu faydalı alətlərin
"zərəri”ndən qaçmağın
yollarını düşünürlər.
Elə bu günlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
internetin Azərbaycanda
tənha insanların
sayının artmasına
və boşanmaların
çoxalmasına təsir
etməsi ilə bağlı narahatlığını
da problemin bizim cəmiyyətə sirayət etməsinin təzahürü kimi dəyərləndirmək olar.
Belə ki, Komitənin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri
Elgün Səfərov
"internetin insanların
həyatına, onların
tənha qalmasına, eləcə də boşanmasına təsiri
güclənir” - deyə
qeyd edib.
Cəmiyyətdə baş verən ailə dramları, xüsusən qadınların
zorakılığa məruz
qalması faktlarının
kökündə çox
vaxt əsaslı olub-olmasa da, təsdiqini tapıb-tapmasa
da, sosial şəbəkələr vasitəsilə
xəyanət məsələsi
durur. Məhz əsası olan
və olmayan bu şübhələr sonradan qadınlara qarşı zorakılığın
artmasına, onların
bəzi hallarda rüsvayçılığa məruz
qalmasına səbəb
olur. Əlbəttə, cinayətə heç
kəs haqq qazandırmasa da, texnoloji alətlərdən
faydalı istifadənin
hamı tərəfdarıdır.
Virtual xəyanət
"Demək olmaz
ki, bu qadınların
hamısı cahildir. Onların
bəziləri hətta
oxumuş, iş sahibidirlər.
Amma ağıl yoxdur. Ailəni, övladını düşünmədən
xəyanətə sürüklənirlər".
Sosioloq Əhməd Qəşəmoğlu sosial
şəbəkələrin bu gün ailələrin
dağılmasında böyük
rol oynadığını
təəssüflə qeyd
edir: «Artıq hüquqda "virtual xəyanət”
adlı termin yaranır. Yəni əvvəllər xəyanətdə fiziki olaraq istifadə olunur və ona görə cəzalar verilirdisə, bu gün artıq
virtual xəyanət ciddi
müzakirə obyekti olub. Hətta təkliflər səslənir
ki, bununla bağlı qanunvericilikdə
müəyyən maddələr
nəzərdə tutulsun”.
İnternet inkişaf etdikcə,
sosial şəbəkələrin
günümüzün ayrılmaz
hissəsinə çevrildiyini
deyən sosioloq bizim bu inkişafdan
geri qala biləcəyimizi düşünmür:
"Əgər ölkəyə
qrip yayılıbsa, buna qarşı immuniteti gücləndirmək
lazımdır. İnsanların immuniteti güclü olanda, xəstəliyə qarşı müqavimət
də güclü olur. Biz gənclərdə
mənəvi immuniteti
gücləndirmək istiqamətində
çalışmalıyıq. Mən həmişə deyirəm: sosial şəbəkələr ilan
zəhəri kimidir – düzgün istifadə edəndə dərman, aşırı olanda öldürücüdür. Ona görə
biz orta məktəblərdə
məzmunlu, elmi üsullarla hazırlanmış
tədris vasitələrindən
istifadə etməliyik.
Ciddi elmi əsaslarla fəaliyyət proqramı
hazırlanmalı, ölkədə
güclü maarifləndirmə
işləri həyata
keçirilməlidir”. Qadınların sosial şəbəkələrə aludəliyinə və bu üsullarla ailəyə xəyanətinə
gəlincə, sosioloq
bildirir ki, bizim qadınların bəzilərinin təhsil
səviyyəsi aşağı
olduğundan, həm də evdə işsizlikdən darıxdığından
başlarını ya
kompyuter, ya da mobil telefonla
qatırlar: "Belə
vəziyyətdə onlar
kənar əlaqələr
yaradırlar. Xüsusən, əgər ailə münasibətlərində gərginlik
varsa, qadın həyat yoldaşından eşitmədiyi xoş sözləri təsadüfən
ona dostluq göndərən kənar
adamdan eşidirsə,
bu, onu daha
çox cəlb edir. Real həyatda
bəzən 5-6 aya aradan götürülə
bilməyən pərdə
sosial şəbəkədə
iki-üç saata və ya bir-iki
danışıqdan sonra
aradan qalxır. Necə deyərlər, üz görmür, göz utanmır. Açıq-saçıq mətnlər yaranır.
Hansı
ki, Azərbaycan qadını buna vərdiş etməyib və bunlara qarşı immuniteti yoxdur. Digər tərəfdən, ər sarıdan arzuolunan nəvaziş də çatışmır.
Buna görə tez bir zamanda
arzuolunmaz münasibətlər
yaranır. Bu da ailənin dağılmasına və
ailə münaqişələrinə,
bəzən də faciələrə gətirib
çıxarır. Ancaq bəzi
ailələr də olur ki, onlar
biabırçılığın baş verməməsindən
ötrü səslərini
çıxarmırlar. Bu cür hadisələr
ailədə mühitin
pozulmasına, uşaqların
tərbiyəsinə və
mənəviyyatlarına mənfi
təsir edir. Ailənin gələcək taleyi də pozulur. Hesab edirəm ki, təcili şəkildə
ciddi fəaliyyət proqramı hazırlanmalıdır».
Keçmişdəkiləri axtarmağın psixoloji
problemi
Psixoloq Zeynəb
Əyyubova boşanma iddialarının təkcə
kişilər tərəfindən
irəli sürülməsi
fikri ilə razı deyil. Belə
ki, boşanma statistikalarına baxanda, iddia ərizəsi hər iki tərəfdən
yazılır: "Sosial
şəbəkələr həyatımıza işıq
sürəti ilə daxil olandan sonra
təkcə qadınlar
deyil, kişilər tərəfindən də
xəyanətlər baş
verdi. Sadəcə, Azərbaycan mentalitetində
kişilərin belə
hərəkətləri qabardılmır.
Qadınların isə bu cür səhvlərə yol vermələri qabardılır və cəmiyyətdə bağışlanılmaz
kimi qəbul olunur”.
Psixoloqun fikrincə, qadın qayğısızlıqdan və
diqqətsizlikdən dolayı
ən zəif vaxtlarında keçmiş
sinif yoldaşını,
sevgilisini, keçmiş
nişanlısını sosial
şəbəkə vasitəsilə
axtarıb tapır və ya o olmasa
belə, yeni bir insanla yazışmaqla
ilkin mərhələdə
onunla dərdləşmək,
başa düşülmək
istəyir. Digər mərhələdə isə aldatmaq məqamına gəlib çıxır. Qadınların keçmişdəkiləri axtarmağında
psixoloji problem var. Çünki
onlar keçmişi xatırlayarkən o həyatlarında
olan insanlarla bağlı pis heç nəyi yada salmırlar. Axtardıqları yalnız yaxşını
xatırlamaqdır”. Psixoloq
həyata keçirdikləri
seanslar, terapiyalar zamanı bu cür hadisələrlə
tez-tez qarşılaşdığını
deyir: «Bu günlərdə
mənə şikayət
edən bir kişi dörd dəfə xəyanətin
qurbanı olduğunu dedi. Bağışlamasına rəğmən uğur əldə edə bilməyib. Demək, ailədə nəsə düz deyil. Bunun da nəticəsində ailələrdə bu cür problemlər baş verir».
Z.Əyyubova sosial şəbəkələrə
aludə olan və bu üzdən
ailəsində qalmaqal
və ya xəyanət yaranan qadınlara haqq
qazandırmağın tərəfdarı
deyil: "Azərbaycan
qadınına, mənəviyyatı
xalqımızın milli
mentalitetinə xas olan bir xanıma
xəyanət etmək,
aldatmaq kimi ucuz işlər yaraşmaz. Əgər doğrudan yolunda
getməyən nəsə
varsa, ailə böyükləri ilə,
himayədarları ilə
məsləhətləşib problemi yoluna qoymağa çalışın.
Aldatmaq qədər iyrənc varianta əl atmayın». Psixoloqun fikrincə, toy mərasimlərinin
dəbdəbəli keçməsinə
xərclənən vəsaitlər
maariflənməyə sərf
olunsa, daha yaxşı nəticə verər: «Biz bir cütlükük, hansısa
məqamda uyuşmamaq
mümkünmü?» kimi məqamlarla bağlı psixoloqlara müraciət olunsa yaxşı olar. Əvvəllər toy kasetlərinə baxanda, görürdük ki, ata qızını
gəlin köçürəndə
«sən bu evdən gəlinliklə çıxırsan, yalnız
ağ kəfənlə
qayıda bilərsən»
- deyirdi. İndi
isə atalar çox vaxt: «sən çağır, atan hazır» - deyirlər. Mən demirəm ki,
Azərbaycan valideyni öz övladının arxasında durmasın, amma şüuraltı qızının gedəcəyi
evdə fundamenti zəif qazmasın».
İnsan səhv addım
atırsa
Vəkillər Kollegiyasının üzvü
Ruslan VəliyevKomitənin
səsləndirdiyi fikirləri
inkar etmir: "Görünür, Komitənin
problemlə bağlı
statistik məlumatları
və faktları var. Ancaq öz təcrübəmdən
və məşğul
olduğum işlərdən
çıxış edərək
deyə bilərəm
ki, ailələrin boşanmasının əsas
səbəbi heç
də təkcə qeyd olunan məsələlər
deyil. Yəni boşanmaların müxtəlif
səbəbləri ola bilər. Təbii ki, Komitənin qeyd etdiyi nüans da boşanmanın səbəblərindən biri
ola bilər.
Həmçinin informasiya
texnologiyaları inkişaf
etdikcə, insanların
sosial şəbəkələrdə
çox vaxt keçirməsi də ailələrdə münaqişələrə
səbəb ola
bilən amillərdəndir”.
Hüquqşünas hesab edir ki, insanların pis əməlləri, xəyanətləri əvvəllər dillə çatdırılırdı və bu yenə də ailələrin dağılmasına və digər faciələrə səbəb olurdu: "İndi isə belə informasiyaların çatdırılması üçün daha operativ vasitələr var. Bu da mobil telefondur. Telefon adi vaxtda informasiyanın çatdırılması üçün bir vasitədir, ancaq bəzən fərqli məqsədlər üçün də gərək olur. Hesab edirəm ki, insanlar çıxış yolu kimi daha vicdanlı davranmalı, ailə münasibətlərində daha düzgün addım atmalıdırlar. Bu cür məsələlərdə yanlışlığa yol verənlərin aqibəti təbii ki, kədərli olacaq. Ümumiyyətlə, insan səhv addım atırsa, bunun mənfi nəticələri olmalıdır».
Mütəxəssislər bildirir ki, smartfonlar həyatımızda nə qədər mühüm yer tutsa da, bəzən həyatımıza faciələr də gətirirlər. Bəzən bunu müşahidə etmirik, amma telefonlar, planşetlər tədricən münasibətləri soyudur. Əgər hər şey belə davam edərsə, insanlar ümumiyyətlə canlı ünsiyyətin nə demək olduğunu unudacaqlar. Ailədən başlayan bu cür münasibətlər bütün cəmiyyətə sirayət edəcək. Digər tərəfdən, alimlər yeni nəsil texnologiyaların yaradılması üzərində düşünürlər. İnsan münasibətləri və texnologiya arasında vurnuxmaların sonunun necə olacağı isə hələ məlum deyil...
Təranə Məhərrəmova
Kaspi.-2019.-16 yanvar.-S.9.