Kişi olu mənəvi qazanc üçün çəkdik”

Valeh Əhmədov: “Filmdə tənqid etdiyimiz kişilər həqiqətən də kişi adına layiq deyillər”

Son bir neçə ildə ölkə kino industriyamızda gedən inkişafı görməmək mümkün deyil. Kinoteatrlarımızda yerli filmlərimiz nümayişə görə hətta xarici filmlərlə rəqabət aparır və bir çox hallarda qalib də gəlir. Di gəl ki, yerli kinoteatrlarımızda nümayiş olunan Azərbaycan filmləri komediya janrında çəkilir və onların bir çoxunda qurşaqdan aşağı zarafatlar, söyüşlər və sair öz əksini tapır. Bütün bunlara baxmayaraq, həmin filmlərin kifayət qədər tamaşaçısı var.

Daxili bazarda komediya filmləri tutarlı olduğu üçün bu sahəyə axın daha çoxdur. Belə bir rəqabət bazarında dram janrında çəkilən filmlər bir qədər kölgədə qalır. Bu rəqabəti, kino bazarını gözə alaraq nümayişə yeni bir dram filmi daxil oldu. Hər nə qədər bu janra maraq, diqqət az olsa da, ssenarist, aktyor Valeh Əhmədov yeni bir ssenari yazaraq kinosevərləri ətrafına topladı. Xəzər televiziyasında nümayiş olunan bir çox serialların, hazırda isə "Ata ocağı” serialının ssenaristi olan tanınmış yazar rejissorluq sahəsində öz debütünü etdi. Valeh Əhmədov ssenaristi olduğu seriallarda daha çox gündəmi tutaraq, dövrümüzə uyğun şəkildə cəmiyyətdə yaşadığımız problemləri göstərməyə çalışır və qələm qrupu ilə birlikdə illərdir ki, bu mövzuda ssenarilər üzərində işləyir.

Sevgi, xəyanət, dələduzluq...

Xəzər televiziyasında keçirilən qala gecəsində nümayiş olunan filmdə Valeh Əhmədov gündəmin əsas mövzularından olan "reket jurnalist”lərdən bəhs edir. Mətbuatda müzakirə səbəbi olan məsələni film halına gətirməyi düşünmüş ssenarist, buraya insanların peşə sevgisinidaxil edib. Mübariz adlı qəhrəmanın dili ilə qələmi iti olan, daim həqiqəti yazan, harama əl vurmadan həqiqətləri söyləyən bir jurnalist tipi yaradıb. Jurnalist adından istifadə edənlərin isə bu peşəyə ziyan vurmalarını və insanları aldadaraq dələduzluq etmələrini açıb göstərməyə çalışıb. Təqdimatı keçirilən "Kişi ol” filmində, bundan başqa, sevdiyi qadına xəyanət edən, imkanlı şəxslərin övladlarının gənc qızlardan hansı məqsədlə istifadə etməsi və bu məsələdə mətbuatın rolu, əsil dostluq, eyni məhəllə sakinlərinin bir-birlərinin haqqında olub-olmazları danışmaları, hər gün üz-üzə gəldiyi qonşularının bacısı, həyat yoldaşı haqqında iftiralar yer alıb. 

Filmi izləyərkən onaüçün məhz belə bir ad verilməsi də sual doğururdu. Bütün məsələlər sonluqda açılır və aydın olur. Rejissor demək istəyir ki, hansı peşədə çalışırsınızsa-çalışın, əsas odur ki, işinizi vicdanla görün. Çünki vətənpərvər olmaq üçün təkcə səngərdə döyüşmək, düşmənlə üz-üzə gəlmək gərəkmir. Hər insan gördüyü işdə peşəkar, qərəzsiz, vicdanlı olarsa, bunun özü belə vətənpərvər olmağa kifayət edir. Filmdən ötürülən bu mesajla rejissor tamaşaçıları vicdanları ilə üz-üzə qoyur. Sağlam gələcəyimizin məhz valideynlərdən asılı olduğunu və onların yetişdirdiyi övladların gələcəyimizi xilas edə biləcəyini qeyd edir.

 

Fərqli baxış

Rejissor filmdə təkcə ötürülən mesajlarda deyil, eyni zamanda çəkiliş sistemində də fərqlilik etməyə çalışıb. Baş verən hadisələrlə bərabər, kadr dili ilə xüsusi məqamlar da yer almışdı. Belə ki, çəkilişlər adi qaydada deyil, üstalt məkanda aparılır, konfliktlərin baş verdiyi məqamda su effektinin, ayrılıq səhnələrində tərəflərin uzaqlaşdığı məqamları kadrla vermək kimi nüanslar gözə çarpır. İzlədiyimiz filmin çəkilişləri Bakıda, Novxanıda və İsmayıllıda aparılıb. Seçilən  kadrlarda təbiət mənzərələrinə xüsusi önəm verilib.

Filmin nümayişindən sonra Valeh Əhmədov təəssüratlarını "Kaspi” ilə bölüşdü. Bildirdi ki, dövri mətbuatdan bu tip xəbərləri tez-tez oxuyur və insanların beynindəki "pul yığan jurnalist” anlayışını dəyişdirməyə çalışıb. O bir neçə işbaza görə hər hansı peşəni pisləməyin heçdoğru olmadığını qeyd etdi: "Əslində bu problem hər zaman olub. Sadəcə olaraq indiki dövrdə sənətini, peşəsini bu tip əməllərə həsr edənlərin sayının günü-gündən artdığını görüb, belə bir layihəyə başladıq. Eyni zamanda dövlətimizin də bu tip insanlarla mübarizə apardığını və mətbuatda hər ay belə məsələlərin müzakirə olunduğunun şahidi olduq. Bizbu məsələyə öz münasibətimizi bu şəkildə bildirməyə çalışdıq. Bu da bizim mübarizə yolumuz idi. Hər hansı dələduza görə peşənin adına xələl gətirilməsinin əleyhinəyik. Filmi çəkməklə yetişən gənclərə hansı peşənin sahibiharada olmaqlarından, hansı situasiyaya düşmələrindən asılı olmayaraq, vicdanlı olmağı aşılayırıq. Bu mənim rejissor olaraq çəkdiyim ilk filmim idi. Ümid edirəm ki, tamaşaçılar da bəyənər”.

Söhbətimiz zamanı aydın olur ki, filmdə rol alan aktyorlar rejissordan heç bir qonorar tələb etməyib. Çünki filmi ərsəyə gətirmək üçün sponsor olmayıb. O, 2 il müddətində öz maaşından qənaət edərək vəsait toplayıb və çevrəsindəki dostlarından bu layihədə iştirak etmələrini xahiş edib. Filmdə rol alan xalq artistindən tutmuş, yeni simalara qədər hər kəs qonorarsız çəkilib. Rejissor deyir ki, dram janrına müraciət etmək və bu filmi ərsəyə gətirməkdə məqsədi böyük pullar qazanmaq olmayıb: "Qazanc məqsədi güdsəydim, başqa janra üstünlük verərdim. İnsanın mənəvi qazancı hər şeydən üstündür”.

Müsahibimiz bu filmi trilogiya formasında hazırlamaq niyyətindədir: "Filmin adının məhz belə olmasının xüsusi bir anlamı yoxdur. Ad qəbul edilsin və maraqlı olsun deyə məhz "Kişi ol” adlandırdıq. Bundan sonrakı filmlərə "Qadın ol” və "Adam ol” adlarını qoymaq niyyətindəyik. Orada tənqid etdiyimiz kişilər həqiqətən də kişi adına layiq deyillər. Bir kişi ki sevdiyini yarıda qoyur, qonşusunun bacısına, həyat yoldaşına sataşır, ona kişi demək olmaz. Kişi üçün bunlar qəbulolunmazdır”.

 Sevgi ilə ərsəyə gələn komanda işi

Valeh Əhmdəov tamaşaçıların seriala olan sevgisini filmlə bağlı da gözlədiyini deyir: "Bizim seriallarda ailə, tərbiyə kimi mövzular yer alır. Getdiyimiz bölgədən, məkandan asılı olmayaraq, serialı izləyən vətəndaşlar bizə təşəkkürünü bildirir ki, ailəvi olaraq oturub, izləyə biləcəkləri bir film çəkirik. Onlar bizim haqqımızda xoş sözlər səsləndirirlər. Çox istərdim ki, o insanlar bu filmə də o reaksiyanı versinlər. Belə kinolara dəstək versinlər ki, bizdaha artığını çəkək. Və mənə iki il lazım olmasın ki, yenidən pul yığım, belə bir film çəkim”.

Premyera sonrası təəssüratlarını bizimlə bölüşən rejissor sonda Xəzər televiziyasının  rəhbərliyinə təşəkkürünü bildirdi: "Mənim ilk çəkdiyim filmdə öz dəstəyini əsirgəməyən Xəzər televiziyasına və onun rəhbərliyinə öz minnətdarlığımı bildirirəm. Çətinlikdə olan bir filmə arxa durub böyük bir media dəstəyi verdilər. Bu da bizdə böyük bir ruh yüksəkliyi oyatdı”.

Filmdə baş rola çəkilən Həmidə Ömərova Valeh Əhmədovun debütündə iştirak etməyi özünə borc bildiyini dedi: "Valeh mənə zəng edəndə, Türkiyədə istirahət edirdim. İstirahətimi yarımçıq qoyub, bu filmdə rol almaq üçün gəldim. Çünki bu komandaya və Valehə çox etibar edirəm. Uzun müddətdir ki, onlarla birlikdə çalışıram və bilirəm ki, onların imzası olan bütün layihələr bizə, vətənimizə faydalıdır. Mən Valehə və bütün komandamıza uğurlar arzu edirəm”.

Qeyd edək ki, "Kişi olfilmi hazırda şəhərimizdəki bir çox kinoteatrlarda, o cümlədən Nizami Kino Mərkəzində nümayiş olunur.

Xəyalə Rəis

Kaspi  2019.- 29 yanvar.- S.15.