Azərbaycanlı alim:
“Koronavirusa qarşı vaksinimizin aktiv olacağına
inanıram”
Tərlan Məmmədov
deyir ki, vaksinin heyvanlar üzərindəki testləri artıq
başa çatıb
COVID-19-a qarşı vaksin hazırlanması ilə bağlı dünyanın müxtəlif ölkələrinin alimləri iş aparırlar. Məsələ gündəmdədir və tez-tez bu istiqamətlərdə xəbərlər almaqdayıq. Xəbərini aldığımız alimlərdən biri də həmyerlimiz Türkiyənin Akdeniz Universitetinin professoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Tərlan Məmmədovdur. O, Akdeniz Universitetində öz komandası ilə vaksin hazırlanması üzərində iş aparır. Prosesin necə getməsi, hansı mərhələdə olması və s. suallar ətrafında onunla söhbətləşdik.
- COVID-19-a qarşı vaksin hazırlanması üçün dünyanın müxtəlif ölkələrinin elm adamları iş aparırlar. Bununla bağlı tez-tez yeni xəbərlər alırıq. Siz vaksin üzərində işləməyə nə vaxt başlamısınız?
- Virus ilk dəfə 2019-cu ilin
dekabr ayında Çinin Uhan şəhərində qeydə
alındı. Sonra qısa müddətdə müxtəlif
ölkələrə yayıldı və pandemiya şəklini
aldı. Vaksin, yaxud terapevtik dərman hazırlamaq
üçün mütləq virus haqqında molekulyar bioloji səviyyədə
informasiyamız olmalıdır. Ən azından virusun
gen və amiturşu ardıcıllığını bilməliyik.
Gen-bankda virusun nukleotid ardıcıllığının
çap olunmasını gözlədim. Gen-bank yanvar ayında
yayımlanandan sonra işə başladım.
- Siz
hazırladığınız vaksinin fərqli olduğu
deyilir. Fərq nədədir?
- Mən zülal əsaslı vaksin
hazırlayıram. Biz bitki ekspressiya sistemindən istifadə edirik. Yaşıl
bitki hüceyrələrini bir fabrika kimi
götürürük. Vaksin hazırlamaq
üçün virusun antigenlərini bitki hüceyrəyə
transfer edirik. Bu sistem vasitəsilə
yaşıl bitki yarpaqları hüceyrələrində
rekombinat zülalları və COVID-19-a qarşı vaksin
antigenləri sintez edilir. Rekombinat dediyim
bitki və insanın təbii zülalları deyil. Biz laboratoriya şəraitində genləri bitki
hüceyrələrə keçiririk və nəticədə
bitki hüceyrələrində həmin o genin məhsulu olan
zülal sintezi gedir. Buna görə
zülal əsaslı vaksin adlanır. Bitki
ekspressiya sistemi nisbətən yeni, inqilabi texnologiyadır.
Çünki bitki yarpaqları çox zərərsizdir.
Bu cəhətdən də başqa ekspressiya
sistemləri ilə müqayisədə bitki hüceyrəsi ilə
vaksin hazırlanması işi sürətli gedir. Bitki insan kimi eykariotik orqanizmdir. Ona
görə də sintez olunmuş zülallar eykariotik tipli post
translational modifikasiyalara malik olur və bu da zülalın
düzgün şəkildə qatlanmasına imkan yaradır və
funksional aktiv antigen sintez etməyə və ya daha effektiv nəticə
əldə etməyə imkan verir.
- Bitki yarpaqlarının zərərsiz
olduğunu dediniz. Ümumiyyətlə, vaksin orqanizm
üçün təhlükəli ola
bilirmi?
- Bu,
çox önəmli nüansdır. ABŞ,
Avropa və digər bəzi ölkələr protein əsaslı
vaksinlərlə yanaşı, DNT, RNT əsaslı vaksinlər
və ya zəiflədilmiş vaksinlər də
hazırlayırlar. Ona görə vaksin
hazırlayanda, qiymət və təhlükəsizlik məsələsini
düşünmək lazımdır. İndi
müxtəlif kampaniyalar deyirlər ki, COVID-19-a qarşı
vaksin hazırlayırıq. Bəs bu
vaksinlər nə dərəcədə təhlükəsizdir?
Amerika və İtaliyada dedilər ki, "RNA based” vaksini icad
etmişik. "RNA based”də virusun genetik elementini insan
hüceyrələrinə daxil edirlər. Bu,
üçüncü nəsil vaksinlərdir. Amma onların hələ insan orqanizminə necə təsir
etməsi məlum deyil. Düzdür,
vaksinin insanın həyatını virusdan xilas etmə
potensialı var, amma necə təhlükəsiz olması
haqqında məlumatlar yoxdur. RNA insan
orqanizminə girir və replikasiya olunur. Biz
onu kontrol edə bilmirik. Deməli, belə
vaksinlərin istifadəsindən sonra insanda xərçəng
xəstəliyinin yaranması ehtimalı da
mümkündür. Virusun özündən hazırlanan
tip vaksinlər də var. Bu tipli peyvənd (attenuated vaccine) bir
patogenin virulentliyini azaltmaqla yaradılır, lakin yenə də
canlıdır (viable). Başqa peyvəndlər inaktivləşdirilmiş
peyvəndlərdir: istilik, kimyəvi maddələr və ya
radiasiya istifadə edərək tamamilə məhvedilmiş
virus hissələrindən ibarətdir.
Bitki ekspressiya sistemi ilə vaksin hazırlanmasının
yolu nisbətən asan və qısadır. Qiymət cəhətdən
də ucuz başa gələcək, yüksək səviyyədə
də immunogenikdir, zərərsizdir.
-
Hazırladığınız vaksinin ilkin mərhələsinin
başa çatdığı bildirildi...
- Vaksin
hazırlanmasında proses belədir ki, laboratoriyada elmi-tədqiqat
işləri gedir, vaksin hazırlanır. Sonra onu heyvanlar
üzərində test edirlər. Bunun nəticəsindən
sonra klinik öncəsi tədqiqatlar başlayır. Ondan sonra isə klinik tədqiqatlara keçilir.
Bu da könüllülər üzərində
olan testlərdir. Sonra bazarlaşma mərhələsinə
keçirilir. Bizim COVID-19-a qarşı
vaksinin hazırlanması istiqamətində işlərimiz
uğurla davam edir. Artıq bir neçə vaksin
nümunəsi hazırlanaraq heyvanlar üzərində test
edilib.
Bitkilərdə
sintez etdiyimiz antigenlerin, peyvənd namizədlərin COVID-19-a
yoluxmuş, lakin sonradan sağalan xəstələrdən
götürülən qanın anticisimləri ilə
qarşılıqlı təsir analizlərdən müsbət
nəticələr əldə olunub ki, bu da sintez edilən
peyvənd namizədlərin yüksək immunogenliyə malik
olmalarına böyük ümid verir. Heyvanlar
üzərində testləri bitirmək üzrəyik,
sonrakı mərhələ insanlar üzərində testlərə
başlamaqdır.
- Vaksin neçə
könüllü üzərində yoxlanıldıqdan sonra
artıq təhlükəsizliyindən əmin olunur?
- Klinik
sınaqlar ümumiyyətlə, dörd mərhələyə
təsnif edilir. Birinci daha az - 20-100
sağlam könüllüdən ibarət kiçik bir qrup
üzərində aparılır. İkinci faza
sınaqları daha böyük qruplarda (50-300) aparılır
və dərmanların nə dərəcədə
yaxşı işlədiyini qiymətləndirmək, həmçinin
daha böyük bir qrup könüllü və xəstədə
birinci faza təhlükəsizlik qiymətləndirmələrini
davam etdirmək üçün hazırlanır. Üçüncü mərhələ tədqiqatlarında
tədqiq olunan xəstəlik və tibbi vəziyyətdən
asılı olaraq 300-3000 və daha çox insan iştirak
edir. Dördüncü mərhələ
postmarketinq nəzarət sınağıdır.
Bu testlərin nəticəsinə baxılır. Yəni bu
zaman öyrənilir ki, vaksin insanı təyinatı üzrə
xəstəlikdən qoruyurmu, öldürücü təsiri
yoxdur ki? Minlərlə insan üzərində
effektiv nəticə əldə ediləndən sonra
bazarlaşma mərhələsinə keçmək olar.
ABŞ-da vaksinin ticarətləşdirilə
bilinməsi haqqında qərarı ABŞ-ın Qida və
Ərzaq Təhlükəsizliyi Agentliyi verir. Avropada Avropa Tibb Agentliyi bu işi aparır. Yaponiyanın, Hindistanın da özlərinin
xüsusi qurumları var. Bu qurumlar könüllülər
üzərində aparılan testlərin nəticəsinə
baxaraq qərar verirlər ki, bu vaksin satıla bilər, yoxsa
yox.
- Adı
indi yadımda deyil, pandemiya ilə bağlı bir filmdə
vaksin hazırlayan şəxs səbir edə bilmir və gecə
ilə öz üzərində yoxlayır. Bu,
risklidir, öz yerində. Maraqlıdır,
belə istəyiniz olurmu?
- Həyat
yoldaşım da elm adamıdır. Arada bu haqda
zarafatlarımız olur. Laboratoriyada vaksinləri
görəndə, "bəlkə öz üzərimdə
yoxlayım” deyə düşünürəm (Gülür).
Belə hiss məncə, hər alimdə olur. Ancaq
nəzərə almaq lazımdır ki, müəyyən
antigenlər və anticisimlər hazırlanıb, insanlara
vurulub və ölüm hadisəsi baş verib. Antigen bədənə xas olmayan yad cisimdir və onu
qana daxil edirsən. Ona görə bədənin
reaksiyasını bilmək olmur. Heyvanlar üzərində
test edəndən sonra artıq insanlarda test etmək mərhələsinə
keçmək olar.
- Vaksin
hazırlanması işində necə bir komanda
formalaşdırılmalıdır? Sizdə
magistr və doktorantura tələbələridir.
- Bəli,
mənim komandamın üzvləri magistr və
doktorantlardır (aspirantlar). Onları da mən
seçmişəm. Hər biri layihələrdən
təqaüdlə təmin edilir. Ümumiyyətlə,
professor laboratoriyada çalışmalı, öz
komandasını qurmalıdır. Professor tələbələrinə
təlim keçməli və onlara laborator texnika və
metodlarını öyrətməlidir. Elmi tədqiqatın
müvəffəqiyyətli olması üçün təcrübəli
bir professorun rəhbərlik etməsi çox önəmlidir.
Müxtəlif ölkələrin təcrübəsini
görmüş, ideyaları olan bir şəxs olmalı,
yaxşı komanda yığmalıdır. O komanda
yüksək səviyyədə elmi tədqiqatlar aparmaq
qabiliyyətinə malik olmalıdır. Bu
işlərin görülməsi üçün isə
maliyyə dəstəyi vacibdir. Bu
üçündən biri olmasa, elmi-tədqiqat işi aparmaq
mümkün deyil.
- Vaksin
sahəsində ümumi fəaliyyətinizə nəzər
salaq...
- Uzun illər
Amerikada, Yaponiyada çalışmışam. Ancaq
sonra düşündüm ki, bu təcrübəmi ölkəmdə
də tətbiq etməliyəm və 2014-cü ildə
AMEA-nın müxbir üzvü seçildim. Türkiyə
hökuməti tərəfindən dəvət olundum deyə,
həmin il Türkiyəyə gəldim. Yeni gəldiyimdə burda məni tanıyan elə də
çox deyildi. İnternet üzərindən
qrantlar üçün müraciət edirdim və qısa
müddətdə 6 qrant aldım. 2015-ci ildə 2,8 milyon dollar qrant aldım. Bu,
Türkiyə tarixində ən böyük qrantlardan biridir.
Bundan başqa, qısa müddətdə bir
milyon dollardan çox maliyyə sərf edərək Akdeniz
Universitetində müasir avadanlıqla təchiz edilmiş, bir
neçə laboratoriyadan ibarət Molekulyar Biotexnologiya Mərkəzi
yaratmağa nail oldum. 4 beynəlxalq patent
göndərdim, 2 patent göndərilmək üçün
hazırlanır, 3 vaksin hazırladım. Vaksinlərdən
biri artıq klinik öncəsi mərhələsini
keçib, klinik sınaqlar mərhələsinə daxil olub.
- Söhbət hansı vaksinlərdən
gedir?
- 2,8 milyon dollar qrantı qarayara üçün
vaksin hazırlanması ilə bağlı almışdım.
Qarayara çox təhlükəli xəstəlikdir.
2001-ci ildə Amerikaya qarşı qarayaradan
bioloji silah kimi istifadə edilirdi. Ona
görə Amerika bütün dünyada bu silaha qarşı
effektiv vaksin hazırlanmasına xüsusilə
maraqlıdır. Effektiv o mənada ki,
vaksin ucuz və keyfiyyətli, stabil və immunogen
olmalıdır. Həm immunogenliyinə, həm
qiymətinə, həm stabilliyinə, həm də təhlükəsizliyinə
görə dünyada qarayaraya qarşı ən önəmli
vaksini biz hazırladıq. Vaksinin klinika
öncəsi işləri tamamlanıb. Bazarlaşma
mərhələsinə keçirik. Bu
vaksinin heyvanlarda istifadəsi çox önəmlidir. Əgər dəstək olarsa, bu vaksinin heyvanlarda
istifadəsi üçün Azərbaycanda da istehsal edib ticarətləşdirmək
olar.
Dünyada ən çox ölümə və xəstəliyə səbəb olan Plasmodium falciparum (tam uzunluğu Pfs48.45) zülalını aktiv halda almaq cəhdləri uzun illər uğursuzluqla nəticələnib. İlk dəfə olaraq Akdeniz Universitetində malyariyaya qarşı bu mühüm antigeni, yəni malariya xəstəliyinə qarşı ən mühüm vaksin namizədi aktiv halda almağı bacardıq. Dünyanın elm mərkəzləri uzun illər bu malyariya antigeninin aktiv halda almaq üçün çalışıblar, amma səyləri uğursuz nəticələnib. Məsələn, mənim ABŞ-da işlədiyim kampaniyanin, Fraunhofer Molekulyar Biotexnologiya Mərkəzinin malariya üçün əsas peyvəndə namizəd olan Pfs48.45 antigenini aktiv halda almaq cəhdləri, səyləri uğursuz olub. Səbəb odur ki bu xəstəliyi törədən 5 parazitdən biri olan Plasmodium falciparumun Pfs48,45 zülalı çox mürəkkəb quruluşa malikdir və ona görə bu antigeni aktiv halda almaq üçün dünyanın müxtəlif aparıcı universitetlərinin və şirkətlərinin səyləri uğursuz olub. 2015-ci ildə Akdeniz Universitetindən göndərdiyim şəkərsiz zülal texnologiyası ilk dəfə olaraq malyariya antigenini aktiv halda almağa imkan verdi. Bizim bu tədqiqatlar nəticəsində dünyada ilk dəfə olaraq 5 parazitdən ən çox ölümə səbəb olanının mürəkkəb zülalını aktiv halda almağa nail olduq. Vaksin namizədin aktiv testləri Amerikanın Beynəlxalq Sağlamlıq İnstitutunda aparıldı. Bu həyəcanlı elmi nəticələr 2019-cu ildə "Nature” (Təbiət) jurnalı ailəsindən olan "Scientific Reports”da (Elmi hesabatlar) çap edildi və bütün dünyaya bu mühüm malyariya antigenin aktiv halda alınması xəbəri yayıldı.
İndi də koronavirusla qarşı vaksin üzərində çalışırıq və bu yaxında insanlar üzərində testlərə başlayacağıq. Laboratoriyada apardığımız mühüm analizlərin nəticəsinə əsasən, bu vaksinimizin aktiv olmasına çox inanıram.
- Azərbaycanlı
alim, amma Türkiyədəsiniz. Maraqlıdır, bu
gördüyünüz işlər bazara çıxanda, Azərbaycan
adına olacaq, yoxsa Türkiyə?
- Türkiyə
hökumətinin qanunlarına və Akdeniz Universitetinin
qaydalarına görə, 2015-ci ildə Akdeniz Universitetindən
göndərdiyim patentin 100 faiz haqq sahibi mənəm. Sonra
göndərdiyim patentlərdə isə haqq sahibliyinin 60 faiz
mənə, 40 faizi Akdeniz Universitetinə aiddir. COVID-19 vaksinində
də 60 faiz haqq sahibliyim var.
- Bu işləri
Azərbaycanda etməyiniz mümkündür?
- Maliyyə ayrılsa, bu işləri ölkəmizdə
də aparmaq olar. Maliyyə tədqiqat işlərində
önəmlidir. Maliyyə olmasa, molekulyar biotexnologiya, tibbi
molekulyar biotexnologiya sahəsində tədqiqat aparmaq
mümkün deyil.
- Vaksinin elmi-tədqiqat
işi üçün nə qədər maliyyə lazım
gəlir?
- Türkiyədə bir antigenin klinika öncəsi
işləri 500 000 dollara qədər maliyyə tələb
edir. Sonrakı xərclər artıq hər ölkəyə
görə dəyişə bilir.
- COVID-19 vaksininin
hazırlanması üçün bundan sonra nə qədər
zamana ehtiyac var?
- Amerikada vaksin hazırlanması adətən 6-7 il tələb edir. Ən azı 3-4 il vaxt aparır. COVID-19-la bağlı isə işlər daha sürətli getməlidir. Bizdə heyvanlar üzərində testlər başa çatıb. Mən artıq öz işimi görmüşəm, vaksini hazırlamışam. Məndən asılı olmayan məsələlər var. Bundan sonrası ölkədəki vəziyyətlə bağlıdır. Mən artıq danışıqları sürətləndirməyə çalışmalıyam. Bundan sonrakı mərhələ dövlət səviyyəsində olan institutlar tərəfindən tənzimlənir. Bu məsələlər üzərində onlarla birlikdə işləməliyik.
Aygün
Asimqızı
Kaspi 2020.- 18 avqust.- S.7.