Əlişir Nəvainin “Mizan ül-əvzan” əsərinin nəzəri-estetik məzmunu  

Əlişir Nəvainin "Mizan ül-əvzan”ı türk xalqları ədəbiyyatındakı şeir vəznlərindən birini – əruzu açıqlayan türkcə yazılmış ilk mükəmməl nəzəri əsərdir. Bir çox elmi-nəzəri, fəlsəfi-estetik fəzilətləri ilə məşhur, əruz elminə dair yazılmış əsərlərə ilkin örnək və ənənələrə söykənən təkmil mənbə kimi günümüzdə də mütəxəssislərin müraciət edilir.

Əsər üzərindəki araşdırma aşağıdakı məsələlər kontekstində açıqlanır:

1. Risalədə yalnız əruz elmindən bəhs edilir və türkcə yazılıb

2. Əruz elmi türk şeiriyyətinin əsasında şərh olunur.

3. Əsərdə əvvəlki ədəbiyyatşünas ustadların əsərlərinin adlarını ehtiramla çəkir, mükəmməl mənbələrdən də faydalandığını unutmur.

Ədəbiyyat  nəzəriyyəsi, xüsusən əruz elmi məsələlərinə həsr olunan "Mizan ül-əvzan” ("Vəznlərin mizanı” və ya "Vəznlərin tərəzisi”) əsəri, eyni zamanda, ümumtürk ədəbi nəzəriyyə tarixində özünəməxsus yeri olan elmi risalədir (risalə – kiçik həcmli əsərlərə deyilir).

Doğrudur, bu risalə yazılana qədər və müəllifin – Əlişir Nəvainin yaşadığı dövrdə həm ərəb, həm fars, həm də türkcə (türkcə yazılmış ədəbiyyat nəzəriyyəsinə aid kitablar nəzərdə tutulur – A.Ü.) əruzdan bəhs edən elmi xarakterli  əsərlər vardı.

Əvvəlki əsərlərin məziyyətləri və üstəgəl türk şeirinin mükəmməl bünövrəsi əsasında yazılmış bu əsərdə türk şeiriyyətinin rəsmi əruza münasibəti məsələsi ilk dəfə türkcə yazılıb, nəhayət də mükəmməl elmi əhəmiyyətə malik fikirlər, yeniliklər ortaya qoyulub.

Ə.Nəvai "Mühakimət ül-lüğəteyn” ("İki dilin müqayisəsi”) əsərində bildirir ki, "Vəznlərin mizanı” ("Mizan ül-əvzan”) bəhrlərində qəvvaslıq elədim, o meyar üçün

Nəsiri Tusidən izn aldım” (Burada Nəsirəddin Tusinin "Meyar-əl-əşar” adlı əruz nəzəriyyəsinə aid əsəri nəzərdə tutulmuşdur – A.Ü.).

Ədəbiyyatşünas alim, böyük mütəfəkkir bu bəhrlərin xüsusiyyətlərinin yaradılması ilə bir sırada onlardan hansılarının ərəb, hansıların əcəm və türk şeiriyyətlərində daha çox istifadə olunmasını, eyni zamanda müasirləri tərəfindən yaradılan yeni bəhrlər haqqında öz fikirlərinin nəticəsini ortaya qoymuşdur.

Əsər "Bismillahi-rəhmanir rəhim” ("Mərhəmətli və rəhmli Allahın adı ilə”) ilə Allaha həmdlə başlayır. "Kamil” həmd və "vafir” şükür yaradana ki, insan xilqətinin beytini nəzmin dörd ünsür rüknü ilə düzdü. Bu beyt rüknünü nəzm əhlinin sağlam təb və doğru düşüncəsi iki misra ilə mənzum etdi. "Cədid” tərif və "qərib” alqış o Nazimə ki, aləm əhlinin intizamı üçün şəriət tərəzisini ədalət vəzni ilə rast gətirdi. Ta bu doğruluq həşr tərəzisinə imdat etsin (tərc.Tərlan Quliyev). Əsərdən gətirdiyimiz bu sətirlərin elmi şərhi belədir: Ə.Nəvai əruz terminlərindən (kamil, vafir-bol, cədid-yeni, qərib-yaxın) istifadə edərək böyük yaradana yalvarış – duasını bəyan edir.

İnsanın od, su, torpaq və havadan yaranması fikrini beytin dörd hissəsi – rüknü (sədr, ibtida, əruz və zərb) ilə müqayisə edir.

Yəni, insan dörd ünsürdən yarandığı kimi, beyt də dörd rükndən yaranmışdır. İnsanlıq qadın və kişidən ibarət olduğuna görə beyt də iki misradan təşkil edilir.

Bu giriş-həmddən sonra Allah mülkünü əbədi, ömrünü uzun və dövlətini daimi eləsin” – deyə Sultan Hüseyn Bahadurxanı (Bayqara – nəzərdə tutulur) mədh edir. Bayqaranın da söz əhli olduğuna işarə edərək "hər növ nəzm babında təlim və tərbiyələri və hər sinif şeir üslubunda idrak və qüvvətləri ilə ki, əcəm şairləri və fars füsəhası hər hansı üslubda söz gəlininə cilvə və bəzək vermişdilər. Türk dili ilə qələm sürdüm. Hər qaydada ki, məna gözəllərinə zinət və bəzək vermişdilər, çağatay sözləri ilə bəzədim”. Agah  Sirri Ləvənd "Əlişir Nəvai” adlı tədqiqatında yazır: "Məcalis”-də türkcə yazan şairlərə "türk-cə” deyən, türk dilindən əsas olaraq bəhs edərkən "türki” və "türkcə” deyə ifadə edərkən Nəvai, burada "çağatay lafzı (sözləri-A.Ü.) deməklə, danışığındakı ədəbi ləhcəni adlandırmış olur”.

"Əlişir Nəvai bir çox əsərlərində ("Nəzm ül-cəvahir”, "Lisan üt-teyr” və s.) təvazökarcasına yazdığı fikirlərinə bu əsərində də rast gəlirik. Toxunduğu məqam belədir: Bu mövzuda indiyə qədər yazılmışdı, mən isə türkcə yazmaq qərarına gəldim.

Əslində, müəllif elmi-nəzəri zərurətdən doğan ehtiyacı  orijinal əsər kimi meydana qoyur.   580 ildir ki, aktual və orijinal məzmununu saxlaya bilmişdir: sözlərin, səslərin, ahəngini ölçü-biçisini tərəzidə nizamlamaq, haqq fəhmidir. Əruz vəzninin elmi nəzəri bazası haqqında onun taleyinə müyəssər olan bu qismətini alqışlayır.

Girişdə Nizami Gəncəvinin "Xəmsə”çilik ənənəsinin davamçısı, məşhur şair, dörd divanı ilə də məşhur olan Əmir Xosrov Dəhləvini öyür. Onun şöhrətini ən gözəl sözlərlə süsləyir – beytlərinin sayı 18 minə yetən şairin kəlam sahibi məharətli, kamallı, dərin təb və incə xəyallı olduğundan çox bəhrdə şeir deyibdir. "Onun idrakı qarşısında heyrətə düşmüşdülər. Bəlkə də paxıllıq edirdilər” (Agah Sirri Ləvənd) – deyə qüruru gizləmir.

Çünki, Əmir Xosrov Dəhləvi (1253-1325) Hindistanda doğulub-böyüsə də atası Orta Asiya türklərindən olub – Yaminiddin Əbülhəsən Əmir Xosrov ibn Əmir Sayfiddin Mahmud Dəhləvinin ata-babaları Şəhrisəbzdəndirlər (qədim Keş şəhəri) moğolların istilası zamanı Hindistandakı türk sülalələrinin hökmranlıq etdiyi torpaqlara getmişdilər.  

Sonra əsərə nədən "Mizan ül-əvzan” adı qoymasından bəhs edən sətirlər gəlir: "Şeirin bəhr və vəznlərinə, nəzmin qanun və ölçülərinə mail olduğundan əruz elminə bu müxtəsər ithaf olundu və ona "Mizan ül-əvzan” ("Vəznlərin mizanı”) adı qoyuldu”.

Ümumiyyətlə, Əlişir Nəvai bütün əsərlərinin adının mənası və səbəbini, tarixini açıqlayır, əksər əsərlərində rübai şəklində təqdim edir (doğrudur, bu əsərində əruz elminin tarixindən bəhs edəndən sonra bir cümlə fikrini bəyan etmişdir).

Türk dilində ilk dəfə əruz elminin nəzəriyyəsinə dair əsəri qələmə aldığını yazsa da, bu barədə özündən əvvəl və yaşadığı dövrdə ərəb, fars və türkcə yazılmış elmi mənbələrə istinad etdiyini, onlardan xəbərdar olduğunu da qeyd edir. İndi "Allahdan rüsxət, o əruzçuların ruhundan imdat diləyib, əsəri yazmağa başladığını” (Ə.Nəvai)  qeyd edirək, davamında yazır: "amma bil ki, əruz elmi, nəzm vəznlərinin mizanıdır (tərəzisidir), böyük elmdir. Səbəbi odur ki, nəzm elminin rütbəsi çox böyük rütbədir.” Nəzəriyyəçi alim Ə.Nəvai bu fikrinin davamında və ya təsdiqi üçün Sübhanallahın müqəddəs Kitabında əruz ruhunda çox misallar olduğunu da bildirir.

"Mizan ül-əvzan”da adları çəkilən, müəllifin ustad deyə xatırladığı tarixi poetikaya dair əsərlərin müəllifləri kimlərdir və onların hansı əsərləridir, bir neçə kəlmə də bu barədə. İlk olaraq,

1. Əruzda misli görünməmiş nəzəri əsər müəllifi ərəb əsilli  Xəlil ibn Əhməd (ərəb dilinin ən böyük izahlı lüğəti "Kitab ul-ayn”, əruza aid yazdığı "Kitab əl-əruz” əsərlərin müəllifidir. "Kitab əl-əruz”-da o, 15 bəhrin və şeir vəzni olaraq 8 əsil rükni kəşf edib”);

2. Elm ustadı olaraq əsərdə göstərdiyi Şəms Qeys (XII əsrin axırı – XIII əsrin birinci yarısında yaşayan məşhur fars ədəbiyyatşünası, "Əl-mujam fi maoyiri əşar-il-əcəm” ("Əcəm şeir ölçülərinin lüğəti”) adlı kitabı məşhurdur;

3. Xoca Nasir Tusinin (əslən Marağalı olan Nəsirəddin Tusi elmin müxtəlif sahələrinə aid 200-dən artıq əsər müəllifidir. Onun ədəbiyyatşünaslığa aid əsərlər, şeir və dastanları vardır. Əxlaq elminə dair "Əxlaqi nasir”. riyaziyyata aid – "Şəklül-qita” ("Bütöv çoxtərəfli haqda risalə”, "Came'ül-hesab" ("Lövhə və tozun köməyi ilə hesab toplusu”), "Dairənin ölçüsü”, "Təhrir Öqlidis” ("Evklid "Başlanğıc”ının təsviri”), dörd hissədən ibarət astronomiyaya aid "Zici-İlxani” ("Elxanilərin astronomik cədvəlləri”) əsəri isə alimin adını dünya tarixinə salmışdır. Ə.Nəvai əruz elminə həsr etdiyi "Mizan ül-əvzan”əsərində onun "Meyar-əl-əşar” əsərinin adını çəkir, hətta belə bir işə başlamaq üçün onun ruhundan izn istəyir.

4. Həzrəti Məhdumun (Şeyx Nuriddin Əbdürrəhman ibn Əhməd Cami) "Risaley-i aruz” "Əruz risaləsi” əsəri fars əruzunun nəzəri xüsusiyyətlərinə həsr olunub, bu əsər klassik Şərq poetikası tarixində sonuncu əsər kimi dəyərləndirilir. Məlumdur ki, Ə.Nəvai bir çox əsərlərini yazmağa başlamamışdan ustadı Ə.Camiyə məsləhət edərmiş. Eyni ilə bəzən də Ə.Cami onunla məsləhətləşərmiş. Çox güman ki, Ə.Nəvai bu əsərini yazmamışdan ustadının məsləhət və tövsiyələrindən faydalanmışdır.

5. "Quran-i Kərim”dəki ayrı-ayrı ayələrin əruz vəzninə uyğun gəlməsini misallarla "Mizan ül-əvzan”da göstərir. "Ali imran” surəsinin 92-ci ayəsinin başlanğıcı (vəzni: fAilAtün, fAilAtün fAilün; rəməli-müsəddəsi-məfzuf-da), "Mürsəlat” surəsinin 1-ci və 2-ci ayələri (vəzni: məfUlü fAilAtün məfUlü fAilAtün; müzareyi-müsəmməni-əxrəb-də), "Sad” surəsinin 50-ci ayəsinin ilk iki kəlməsi ilə "Zümər” surəsinin 73-cü ayəsinin (vəzni: müstəfilün müstəfilün müstəfilAn; rəcəzi-müsəddəsi-müzal-da) son üç kəlməsinin birləşməsi.

6. Əmir əl möminin Əlini xatırlayaraq (Həzrət Əli, islam dininin dördüncü xəlifəsi, Məhəmməd Peyğəmbərin əmisi oğlu və kürəkəni (qızı Fatimənin əri) yazır: "əşarı (şeirləri) çoxdur, ya ki "Divan”ı vardır.

7. Yenə başqa şeyx və imamların, övliya və məşhur şəxsiyyətlərin çoxunun nəzmi, divan və məsnəvi dolu kitabları var ki, əlavə izahata ehtiyac olmadan hamısı xalqa məlumdur. Bu nəzmlərin əsli və zabitəsi əruz bəhr və vəznlərinə uyğundur.

8. Bu qədər ustad, pir dediyi klassikləri xatırladıqdan sonra "əruz” sözünün anlamına, mənşəyinə nəzər salır. Bu haqda yazır: "əruz elmi şərəfli elmdir. Bu elmə niyə "əruz” dedilər, bu barədə müxtəlif əhvalatlar var. Onlardan biri ilə fikrimizi tamamlayaq. Rəhmətlik Xəlil ibn Əhməd bu elmin yaradıcısıdır. "Əruz” sözü Xəlil ibn Əhmədin vətəni Ərəbistan yarımadasında yerləşən bir vadinin adıdır. O vadinin əhalisinin əsas məşğuliyyəti ev-çadır tikib satmaqdan ibarət imiş. Ərəb dilində ev sözünün mənası "beyt” sözü ilə ifadə edildiyi üçün, Xəlil ibn Əhməd şeirlərinin ən kiçik hissəsini bu söz ilə adlandırıb. Əruzun sistem düzülüşündəki çoxu bu vadidəki xalqın adət-ənənələri, əşyalarının adından götürülüb.

9. Orta əsrin məşhur şeirşünaslarından sayılan Rəşidəddin Məhəmməd ibni Məhəmmədil-Vətvat (1080, Bəlx - 1178) "Hədaiq əs-sehr fi dəqaiq əş-şeir” ("Şeirin incəliklərinin sehrli bağçaları”) risaləsini yazmışdır. "Töhfət us-siddiq”, "Fəsl ül-xitab”, "Üns ul-ləhfan” adları ilə ilk üç xəlifənin sözlərini topladığı kimi "Mətlubu külli talib” adı ilə Həzrət Əlinin (ə) yüz sözünü toplamış, hər birini farsca bir qitə ilə tərcümə etmişdir. Ə.Nəvai sonralar yazdığı "Nəzm ül-cəvahir” ("Nəzm cəvahirləri”) əsəri bu ənənənin davamı kimi dəyərləndirmək olar.

10. Əruz haqqında iki risalə yazmış, dövrünün məşhur alim və şairi Dərviş Mənsurun (1406/14-1456) "Əruz” əsərindən bəhs edir.

11. Əmir Xosrov Dəhləvinin şeirlərində Xəfif bəhrinin çoxluğundan bəhs edir.

12. Xoca İsmət Buxaridən – İsmət və Buxari təxəllüsü ilə şeirlər yazan şeir elmi, əruz və münşəatda (məktubatda) böyük yaradıcılığı olan, Xəlil Sultan sarayında xidmət göstərən məşhur fars şairindən bəhs edir.

13. Əruzşünaslıq tarixində XV-XVI əsrlərin birinci yarısı – Teymurilər dövrü xüsusi yer tutur. 1437-ci ildə Şeyx Xudayar Əhməd Tərazinin Mirzə Uluğbəyin tapşırığı ilə yazdığı "Fünun ul-baloğa” ("Bəlağət elminin əsasları”) əsəri türk dilində qeyd olunan məsələ ilə bağlı yazılmış ilk mənbələrdən hesab olunmaqla yanaşı, həm də mühüm əhəmiyyətə malikdir.

Əlişir Nəvai əsərində yazır: "Məlum edim ki, əruz elmi nəzm əhlinin vəznlər ölçüsünün əsasını üç rüknədə müəyyənləşdirib: bunlar da səbəb, vətəd və fasilə  adlanırlar”.

Səbəb iki növdür: xafif (xəfif) və sakil (ağır).

Vətəd də iki növdür: Majmu (yanaşı) və mafruk (aralı).

Fasilə də iki növdür: mirakim (kiçik) və yurakim (böyük).

Ərəb və əcəm şairlərinin bütün şeirləri bu rüknlərin cəmindən olunmuşdur və əruz əhli onu "əfail” (iş, hərəkət) və "təfail” (hərəkətsiz, təfilə) adlandıraraq səkkiz fəslə bölüblər:

1. fəUlün; 2. fAilün; 3.məfAİlün; 4. müstəfilün; 5. fAilAtün; 6. müfAələtün; 7. mütəfAilün; 8.məfUlAtü.

Fars şeirində isə bu səkkiz üsuldan cəmi  beşi işlənir: 1. məfAİlün; 2. fAilAtün; 3. müstəfilün 4. MəfUlAtü; 5. FəUlün

Sonra bu səkkiz  fəslin hər biri haqqında ətraflı şərhlər verir.

1. məfAİlün – zihafları on birdir (qəbz, kəff, xərm, xərb, şətər, həzf, qəsr, hətm, cəbb, zələl, bətr), törəmələri də on birdir

2. failAtün – Zihafları ondur (kəff, şəkl, həzf, qəssr, qət, təşis, cəhf, təsbiğ), törəmələri on beşdir

3. müstəfilün  – Zihafları doqquzdur (xəbn, təyy, qət, təxli, həcəz, rəf, xəbl, izalə, tərfil), törəmələri on beşdir

4. məfUlAtü – Zihafları doqquzdur  (xəbn, təyy, xəbl, vəqf, kəşf, salm, səd, nəhr, rəf), törəmələri on dörddür.

5. fəUlün – Zihafları altıdır (qəbz, qəhr,həzf, səlm, sərm, bətr),  törəmələri də altıdır.

Ə.Nəvai şeir vəznlərini bu şəkildə qruplaşdıraraq və onların ölçülərini fəsillər daxilində daha sonra dairəvi cədvəllər şəklində şərh edir. Dairəvi şərhlərdən (aydınlatmadan) sonra həzəc, rəcəz və rəməl bəhrlərinin vəznlərini daha anlaşıqlı olsun deyə konkret poetik nümunələrlə verir (türk şeiri nümunəsində).

    Həzəc bəhri: Həzəci – müsəmmən ("Həzəci – müsəmməni - salim”; "Həzəci – müsəmməni - müsəbbəğ”; "Həzəci – müsəmməni - məhzuf”; "Həzəci – müsəmməni - əxrəb”; "Həzəci – müsəmməni - məkfufi - məqsur; "Həzəci – müsəmməni - əxrəbi -  məkfufi - məqsur”; "Həzəci – müsəmməni - məkfufi - məhzuf; Həzəci – müsəmməni - məkfuf,məqsuri - əruz və zərb”; "Həzəci – müsəmməni - əxrəbi - məkfuf”; "Həzəci – müsəmməni - əxrəbi - məkfufi - məhzuf: "Həzəci – müsəmməni - əştəri - məhzuf; Həzəci – müsəddəs: "Həzəci – müsəddəsi - salim”; "Həzəci – müsəddəsi - məqsuri - əruz və zərb”; "Həzəci – müsəddəsi - məhzufi - əruz və zərb”; "Həzəci – müsəddəsi - əxrəbi - məkfuf, salimi - əruz və zərb”; "Həzəci – müsəddəsi - əxrəbi - məkfufi - məhzuf”; "Həzəci – müsəddəsi - əxrəbi - məqbuzi - məqsur”; "Həzəci – müsəddəsi - əxrəbi - məqbuzi - məhzuf”; "Həzəci – müsəddəsi - əxrəmi - əştəri - məhzuf”; "Həzəci – müsəddəsi - əxrəbi - əştər, salimi - əruz və zərb”; Həzəci – mürəbbe: Həzəci – mürəbbe ərəb şairlərinin adətidir; Həzəci – əxrəm; Həzəci  -  əxrəb;

    Rəcəz bəhri: Rəcəzi – müsəmmən ("Rəcəzi – müsəmməni - salim”; ("Rəcəzi – müsəmməni - mətviyy”; "Rəcəzi – müsəmməni - mətviyyi - məxbun”; "Rəcəzi – müsəmməni - məxbuni - mətviyy”; "Rəcəzi – müsəmməni - məxbuni - məqtu”; "Rəcəzi – müsəmməni - mətviyyi - məxbuni - məqtu”; Rəcəzi – müsəddəs: "Rəcəzi – müsəddəsi - salim”; "Rəcəzi – müsəddəsi - məqtu”; "Rəcəzi – müsəddəsi - mətviyyi - müzal”; "Rəcəzi – müsəddəsi - mətviyyi - məqtu”; "Rəcəzi – müsəddəsi - məxbun”; "Rəcəzi – müsəddəsi - mətviyyi - məxbun”; Rəcəzi – mürəbbe: "Rəcəzi – mürəbbeyi - salim”;

    Rəməl bəhri: "Rəməli – müsəmmən”; "Rəməli – müsəmməni - salim”; "Rəməli – müsəmməni - məqsur”; "Rəməli – müsəmməni - məhzuf”; "Rəməli – müsəmməni - məxbun”; "Rəməli – müsəmməni - məxbun - məqsur”; "Rəməli – müsəmməni - məxbuni - məqtu”;  "Rəməli – müsəmməni - məşkul”; Rəməli – müsəddəs: "Rəməli – müsəddəsi - salim”; "Rəməli – müsəddəsi - məqsur”; "Rəməli – müsəddəsi - məxbuni - məqsur”; "Rəməli – müsəddəsi - məxbuni - məhzuf”; Rəməli – mürəbbe: "Rəməli - mürəbbeyi - salim”; "Rəməli - mürəbbeyi - məxbun”

    Münsərih bəhri: "Münsərihi – müsəmməni; Münsərihi – müsəmməni - salim”; "Münsərihi – müsəmməni - mətviyyi – mövquf”; "Münsərihi – müsəmməni - mətviyyi - məkşuf”; "Münsərihi – müsəmməni - mətviyyi - məkşufi - məqtu”; "Münsərihi – müsəmməni - məxbuni - məkşuf”; "Münsərihi – müsəmməni - mətviyyi - məcdu”; "Münsərihi – müsəmməni - salim”; "Münsərihi – müsəmməni - mətviyyi - mənhur”; "Münsərihi – müsəmməni - mətviyyi - məqtuyi - mənhur”; Münsərihi – müsəddəs: "Münsərihi – müsəddəsi - mətviyy”; "Münsərihi – müsəddəsi - mətviyyi - məqtu”; Münsərihi – mürəbbe: "Münsərihi – mürəbbeyi - mətviyyi - mövquf”; "Münsərihi – mürəbbeyi - mətviyyi - məxbuni - mövquf”;

    Müzare bəhri: "Müzareyi – müsəmmən”; "Müzareyi – müsəmməni - məkfufi - məqsur”; "Müzareyi – müsəmməni - məkfufi - məhzuf”; "Müzareyi – müsəmməni - əxrəb”; "Müzareyi – müsəmməni - əxrəbi - müsəbbəğ”; "Müzareyi – müsəmməni - əxrəbi - məkfufi - məhzuf”; "Müzareyi – müsəmməni - əxrəbi - məkfufi - məqsur”; "Müzareyi – müsəmməni - əxrəbi - məkfuf, salimi - əruz və zərb”; "Müzareyi – müsəmməni - əxrəbi - məhzuf”; Müzareyi – müsəddəs: "Müzareyi – müsəddəsi - məkfufi - məqsur”; "Müzareyi – müsəddəsi - məkfufi - məhzuf”; "Müzareyi – müsəddəsi - əxrəbi - məkfuf”; "Müzareyi – müsəddəsi - əxrəbi - məkfufi - məhzuf”; "Müzareyi – müsəddəsi - məkfufi - məqsur”;

    Müqtəzəb bəhri: "Müqtəzəbi – müsəmmən”; "Müqtəzəbi – müsəmməni - mətviyy”; "Müqtəzəbi – müsəmməni - məqtu”; Müqtəzəbi – mürəbbe: "Müqtəzəbi – mürəbbeyi - mətviyy”; "Müqtəzəbi – mürəbbeyi - məqtu”; "Müqtəzəbi – mürəbbeyi - məxbuni - mətviyy”; "Müqtəzəb mürəbbeyi - mətviyy”;

    Müstəs bəhri: "Müstəsi – müsəmmən”; "Müstəsi – müsəmməni - məxbun”; "Müstəsi – müsəmməni - məxbuni - məqsur”; "Müstəsi – müsəmməni - məxbuni - məfzuf”; "Müstəsi – müsəmməni - məxbuni - məqtu”; "Müstəsi – (müsəmməni) - məxbun -  (müşəsi - ) - məqtuyi - müsəbbəğ”; "Müstəsi – müsəmməni - müşəsi - məchuf”; "Müstəsi – müsəmməni - məxbun”; Müstəsi – mürəbbe: "Müstəsi – mürəbbeyi - məxbun”; "Müstəsi – mürəbbeyi - məxbuni - məqsur”;

    Səri bəhri: "Səriyi - müsəddəsi - mətviyyi - mövquf”; "Səriyi - müsəddəsi - mətviyyi - məkşuf”; "Səriyi - müsəddəsi - mətviyyi - asləm”; "Səriyi - müsəddəsi - məxbuni - mətviyyi - məkşuf”; "Səriyi - müsəddəsi - mətviyyi - məxbuni - məkşuf”;

    Cədid bəhri: "Cədidi - müsəddəsi - məxbun”;

    Qərib bəhri:"Qəribi - müsəddəsi - məkfuf”; "Qəribi - müsəddəsi - əxrəbi - məkfuf”; "Qəribi - müsəddəsi - əxrəbi - məhzuf”;

    Xəfif bəhri: "Xəfifi - müsəddəsi - məxbun”; "Xəfifi - müsəddəsi - məxbun, salimi - sədr”; "Xəfifi – (müsəddəsi - )məxbuni - məqtuyi - müsəbbəğ”;  "Xəfifi – (müsəddəsi -) məxbuni -  məqtu”;  "Xəfifi – (müsəddəsi - ) məxbuni -  müşəƏs”;

    Müşakil bəhri: "Müşakili - müsəddəsi - məkfufi - məqsur”; "Müşakili - müsəmməni - məkfufi - məqsur”; Müşakili – mürəbbe: "Müşakili - mürəbbeyi - məkfufi - məqsur”; "Müşakili - mürəbbeyi - məkfufi - məhzuf”;

    Mütəqarib bəhri: "Mütəqaribi – müsəmmən”; "Mütəqaribi – müsəmməni - salim”; "Mütəqaribi – müsəmməni - məqsur”; "Mütəqaribi – müsəmməni - məhzuf”; "Mütəqaribi – müsəmməni - əsləm”; "Mütəqaribi – müsəmməni - əsrəm”; "Mütəqaribi – müsəmməni - əsrəmi - məqsur”; "Mütəqaribi – müsəmməni - məqbuzi - əsləm”;  "Mütəqaribi – müsəmməni - məhzuf”; Mütəqaribi – müsəddəs: "Mütəqaribi – müsəddəsi - salim”; "Mütəqaribi – müsəddəsi - məhzuf”;

    Mütədarük bəhri: "Mütədariki – müsəmməni - salim”; "Mütədariki – müsəmməni - məxbun”; "Mütədariki – müsəmməni - məqtu”; "Mütədariki – müsəmməni - məxbuni - məqtu”; "Mütədariki – müsəddəsi - salim”; "Mütədariki – müsəddəsi - məxbun”; "Mütədariki – müsəssəsi - məqtu”

 Münsərihi – müsəddəsi – salim; Xəfifi – müsəddəsi – salim; Müzareyi – müsəddəsi – salim; Müqtəzəbi – müsəddəsi – salim; Müstəsi – müsəddəsi – salim; Müşakili – müsəddəsi – salim; Səriyi – müsəddəsi – salim; Cədidi – müsəddəsi – salim; Qəribi – müsəddəsi – salim; Kamili – müsəmməni – salim; Vafiri – müsəmməni – salim; Təvili – müsəmməni – salim; Mədidi – müsəmməni – salim; Bəsiti – müsəmməni – salim

Əlişir Nəvai əruzun bütün bəhr və vəznlərini yeddi dairədə sistemləşdirərək şərh edir. Bu dairələrdən 4-ündə sistemləşdirdiyi bəhr və vəznlər məlum ərəb-fars əruzunda, digər 5,6 və 7-ci dairənin bəhr və vəzn düzülüşü müəllifin öz kəşfidir.

 

1-ci  dairə. "Mötəlifə dairəsi” – rəməl, həzəc və rəcəz bəhrləri

2-ci  dairə. "Müxtəlifə dairəsi” – muqtəzəb, müctəs, münsərih və müzare bəhrləri

3-cü  dairə. "Müntəziə dairəsi” – müşakil, səri, cədid, qərib və xəfif bəhrləri

4-cü  dairə. "Müttəfiqə dairəsi” – mütəqərib və mütədarik bəhrləri

5-ci  dairə. Əlişir Nəvainin öz ixtirası olub, bunlardan 2 dairədəki 4 bəhr  və 3 dairədəki 5 bəhr – cəmi 9 bəhr salim rüknlərini toplayıb onları bir dairədə topladı. Bu – "Müctəmiə dairəsi” – münsərih, xəfif, müzare, müqtəzəb, müctəs, müşakil, səri, cədid və qərib bəhrləri

6 – cı  dairə. Əlişir Nəvainin ixtirasıdır: "Müxtəlitə dairəsi” – vafir və kamil bəhrləri

7 – ci  dairə. "Müştəbihə dairəsi” – təvil, mədid və bəsit bəhrləri.

 

Əlişir Nəvainin yazdığına görə, bu bəhrlər ərəb ədəbiyyatına xas, əcəm şeiriyyətində istifadə edilməklə və məxsusi olaraq dairəyə daxil deyil (ęčđčňčëěŕăŕí)

Ümumiyyətlə, "Mizan ül-əvzan”da cəmi 19 bəhr, 160 vəzn misallarla şərh edilərək müəllifin öz ixtirasının məhsuludur. Poetik nümunələr şifahi xalq ədəbiyyatı nümunələri, bir beyt Sultan Hüseyn Bayqaradan, bir beyt "Məhəbbətnamə”dən, qalan nümunələr isə Ə.Nəvainin öz qəzəllərindən ibarətdir. Əruzun nəzəri düsturu ilə yanaşı türk şeir nümunələrinin təqdimində fikirlərinin praktiki sübutuna nail olur. Bununla, Nəvai demək istəyib ki, əruz vəznində türkcə yazılmış  qəzəllər yazmaq mümkündür, necə ki, folklor nümunələrində və özündən əvvəlki klassiklərin əsərlərində olduğu kimi.

Nəsrlə yazılmış "Mizan ül-əvzan” əsərdə təqdim edilən bütün vəznlərin ölçülərinin şərhində 184 – beyt, 9 – misra, 1– rübai, 1– şeir, 9 – cədvəldən istifadə etmişdir.

 

Əlişir Nəvai risalədə əruz və onun bəhrləri vəznləri, zihafları, rüknləri, əslləri, takteləri haqqında geniş məlumat verilməklə yanaşı türk şeiriyyətinə dair yeni vəzn və janrlarla təkmilləşdirdi. Tuyuğ bəhrinin (failatun, failatun, failon)  vəzni ilə tuyuğ bəhri və onun qoşuq (musiqi üstündə oxunan şeir növü), cəngi (yallının bir növü),  məhəbbətnamə, müstəzad, arazbari (nəğmə), türki kimi milli şəkillərin tədqiqi əsərin maraqlı tərəflərindən biridir. Onların mövzu, vəzn və dili haqqında maraqlı mülahizələrini bildirərək, hər birinə aid misal gətirib, əruzun bəhrlərindəki rüknlərini qeyd edir).

Tuyuğ bəhrinin milli şəkillərini 10 beyt şeirdə (türk şeirləri – Sultan Hüseynin və özünə aid olan şeir nümunələri ilə) sübut edir.

Tuyuğ bəhri – fAilAtün fAilAtün fAilAn vəzni rəməli-müsəddəsi-məqsurdur.

Qoşuq (şeir növü) –  fAilAtün fAilün fAilAtün  fAilün, vəzni mədidi-müsəmməni-məhzufdir.

Cəngi (yallının bir növü) – müftəilün fAilAn müftəilün fAilAn,  bəhri münsərihi-mətviyyi-mövqufdur.

Məhəbbətnamə – məfAİlün MəfAİlün məfAİl, həzəci-müsəddəsi-məqsur bəhrindədir.

Müstəzad – məfUlü məfAİlü məfAİlü fəUlün məfUlü fəUlün, vəzni müsəmməni-əxrəbi-məkfufi-məhzuf –dur.

Arazbari (nəğmə) – məfAİlün məfAİlün məfAİlün məfAİlün . vəzni həzəci-müsəmməni-salim-dir, eyni zamanda, fAilAtün fAilAtün fAilAtün fAilün, rəməli-müsəmməni-məhzuf vəznindədir

Türki – fAilAtün fAilAtün fAilAtün fAilAn, rəməli-müsəmməni-məqsur vəznindədir.

 

Ə.Nəvai əsəri tuyuğ bəhri və onun şəkillərinin şərhi ilə tamamladıqdan sonra yazır: "Bu məqalədən niyyət və bu müqəddimədən məqsəd budur ki,  türk sözləri ilə nəzm yazılsa da,  onun qanun və qaydaları haqqında türkcə heç nə yox idi.  Bu elmin inkişafı üçün əruz haqqında heç kim kitab və ya risalə yazmamışdır.  Bu xoş zamanda dövrün padşahı divan tərtib edərək mübarək vaxtlarını şeir vəzninə və beyt təqtisinə sərf etdiyi üçün bu cəhətdən Türk şeirinin hörməti Fars şeirini ötdü.  Və bu evin hörməti Beyt ül-Harama çatdı. ... Kitabın əvvəlində qeyd olunduğu kimi, Sultani-səlatinin (Sultan Hüseyn Bayqara nəzərdə tututlur – A.Ü.) mübarək ağlı mənə məsləhət verib bu əsərin tərtib olunmasına və yazılmasına səbəb oldu. Buna görə də bu elmin (əruzun – A.Ü.) qanunları haqqında söz söyləndi”.

Bu elmin əhlindən xahiş edir ki, əsərin hansı səhifəsində səhv və xəta görmüş olsalar, etirazlarını saxlamadan, qələmləri ilə düzəlişlərini etsinlər.

Ə.Nəvai bir çox əsərlərində yazıldığı tarixi nəzmlə qeyd edib, amma bu əsərində yazmayıb. Ona görə də əsərin yazıldığı tarixi nəvaişünas alimlər 1490-1499-cu illər arasında yazıldığını güman edirlər. hər halda bir çox bəlgələrdə 1492-ci ildən sonra deyə yazılıb.

"Mizan ül-əvzan” belə bir rübai ilə tamamlanır:

 

Çərxin dönüşündə günlər var olduqca,

Şeir xəyallarına son olmadıqca,

Beyt tərkibində üstüörtülü məqamlar qaldıqca,

Nəzmin ilə cahan əhli nizam tapsın

Amin və Rəbbin aləmin! (tərc. T.Quliyev)

Əlişir Nəvai əsərini belə bir dua ilə sonuclandırır.

***

Nəvai dövründə türk dillərində əruz haqqında yazan müəlliflərin adları tədqiqatçıların diqqətində olsa da,  bu məsələni – türkdilli əruzun nəzəri xüsusiyyətlərini geniş və ətraflı şəkildə ilk dəfə Ə,Nəvai və bundan az sonra isə digər böyük özbək alimi və şairi Z.M.Babur araşdıraraq sistemləşdirmişdir.

Dahi şair əsərin sonuna yaxın, yuxarıda qeyd etdiyimiz kimi əruz əhlindən xahiş edir ki, "əsərin hansı səhifəsində qeydə ehtiyac olarsa, qələmləri ilə düzəlişlərini etsinlər”.

 

"Mizan ül-əvzan”ın yazılışından 30-31 il sonra Hindistanda Böyük Türk İmperiyası yaratmış Zahirəddin Məhəmməd Babur "Əruz risaləsi” (1523-1525) adlı türkcə əruz elminin nəzəriyyəsinə aid bir əsər yazdı və bu əsərində o, 500-dən çox vəznə yer vermişdir. Əruz elminin nəzəri cəhətdən mükəmməl işləyən Z.M.Babur türk əruzunun təbiəti, təkmilləşdirilməsi və şeirin rüknlərinin: əruzun 272 vəzni və 21 bəhrinin elmi şərhini vermişdir. Əlişir Nəvainin "Mizan ül-əvzan” əsəri haqqında isə fikrini belə açıqlamışdır. "Nəvai... bir də "Mizan ül-əvzan” adlı bir əruz risaləsi yazmışdır, ancaq bunun tənqid ediləcək tərəfi çoxdur. 24 rübai vəzndən dördündə yanılmışdır. Bəzi bəhrlərin vəznlərində də yanılmışdır və bunlar əruz ilə məşğul olanlara məlumdur” (Z.M.Babur. "Baburnamə”).

***

 Tanınmış özbək alimi İzzət Sultan "Mizan ül-əvzan” əsərinin elmi-tənqidi mətnini yaratmışdır. Ə.Nəvainin Özbəkistanda nəşr olunan XV və XX cildlik əsərlər külliyyatında  "Mizan ül-əvzan” məhz bu mətn əsasında hazırlanmışdır. Daha sonralar S.Mirzəyev, A.Xocaəhmədov, B.Vəlixocayev kimi alimlər əsərin elmi şərhlərini yazmışlar.

Hazırladığımız bu məqalədə isə Əlişir Nəvainin "Seçilmiş əsərləri” X cildliyindəki (539-585-ci səhifələrdə yerləşən "Mizan ül-əvzan” əsərinin özbəkcəsindən, bu cilddəki mətni hazırlayan nəvaişünas Erqaş Açilovdur) nəşrindən və özbək alimi Baturxan Vəlixocayevin, Azərbaycan alimi professor Tərlan Quliyevin tədqiqatlarından istifadə etmişik.

Məşhur türk alimi Kemal Eraslan (Kamal Əraslan) əsəri ciddi tədqiq edərək izahlar, müxtəlif əlyazmalardakı fərqlilikləri göstərmək şərti ilə 1993-cü ildə Ankarada nəşr etdirmişdi.

Əruzşunas alim, professor Tərlan Quliyev Ə.Nəvainin məşhur "Mizan ül-əvzan” əsərini Azərbaycan dilində nəşr etdirmişdir.  O,  "bu əsəri çağatay türkcəsindən dilimizə çevirərkən mətnə aid tədqiqi qeydlər,  şərhlər hazırlamış və  "Əmir Əlişir Nəvai və onun "Mizan ül-əvzan” əsəri” adlı geniş və mükəmməl ön söz yazmışdır.

Beləliklə, Əlişir Nəvai "Mizan ül-əvzan”da ərəb, fars və türk dillərində olan şeir nümunələrindən istifadə edərək həcəz, rəcəz, ramal, munsareh, muzarə, muqtazab, cədid, qərib, xəfif, müşkül, mutaqarib, mutadarik, vafir, kamil, tavil, madid, bəsit kimi on doqquz bəhr haqqında türkcə olan şeirlər əsasında elmi-nəzəri mülahizələrini əsaslandırıb.

 

Almaz Ülvi (Binnətova)

 

Filologiya elmlər doktoru,

AMEA Nizami Gəncəvi adına

Ədəbiyyat İnstitutunun şöbə müdiri

Kaspi  2020.- 1-3 fevral.- S.19-21.