Azərbaycan mədəniyyətinin
aynası
İncəsənət
nümayəndələri "Kaspi” qəzetinin
yaşamasını zəruri hesab edirlər
Xəbər verildiyi
kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət
Dəstəyi Fondunun 2020-ci ilin birinci yarısı üçün elan etdiyi müsabiqə çərçivəsində
qəzetlərə maliyyə yardımının göstərilməsi
ilə bağlı qərar qəbul edilib.
Amma Azərbaycan və rus
dillərində nəşr olunan "Kaspi” və "Kaspiy” qəzetlərinə
maliyyə yardımı ayrılmayıb. Fondun
bu qərarı ictimaiyyət tərəfindən
narazılıqla qarşılanıb. Məsələ ilə
bağlı mədəniyyət nümayəndələri də
öz fikirlərini bildirdilər.
"Bu qəzetdə
peşəkar kollektiv ənənələri
formalaşıb”
Xalq artisti
Nurəddin Mehdixanlı "Kaspi” qəzetinin
fəaliyyəti dayanarsa, bunun
Azərbaycan mətbuatına bir zərbə
və böyük itki
olacağını deyir: "Kaspi” qəzetinin fəaliyyət tarixi dünəndən başlamayıb. 3 əsr
yaşı olan
"Kaspi” qəzeti Azərbaycan mətbuatında
uzun müddətdir ki,
külüng çalır, cəmiyyətimizdə
güzgü rolunu oynayır.
Belə ki, mətbuatın söz
dünyasında, ictimai-siyasi həyatda yeri və rolu
danılmazdır. Ölkə üçün
mühüm işlər görən qəzetin
fəaliyyətinin dayandırılmasının əleyhinəyəm.
Qəzet bağlanarsa, bir
millət, cəmiyyət, ən əsası da
oxucu olaraq biz ancaq itirə bilərik.
Heç arzu etməzdim
ki, Azərbaycanda hansısa mətbuat
orqanı bu və ya
digər səbəbdən öz fəaliyyətini
dayandırsın. Xüsusilə də, Azərbaycanın
ictimai-siyasi, mədəni həyatında çox aktiv və doğru-düzgün mövqeyi
olan, Azərbaycan mədəniyyətini, ədəbiyyatını
obyektiv şəkildə
işıqlandıran bir mətbuat
orqanı. "Kaspi” qəzeti Azərbaycan
mətbuatının ayrılmaz bir
parçasıdır. Mən artıq 8 ildir
ki, bu qəzetin
"Ədəbiyyat” və "Teatr” əlavəsini
oxuyuram. İndi belə
çıxır ki, artıq bu əlavələr də olmayacaq?
Bunu təsəvvür edə bilmirəm”.
N.Mehdixanlı "Kaspi” qəzetində peşəkar kollektiv ənənələrinin
formalaşdığını qeyd etdi: "Ölkəmizin
başçısı cənab prezident İlham Əliyev iş
yerlərinin açılması, eləcə də Azərbaycan
mətbuatında azad sözün
davamlılığı, ona geniş meydan verilməsi
ilə bağlı kifayət qədər ciddi
göstərişlərini verib. Belə
bir məqamda "Kaspi”
qəzetinin geniş kollektivinin
işsiz qalması sual
doğurur. Bunun səbəbləri
nədir? Axı burda peşəkar kollektiv ənənələri
formalaşıb. Bu kollektiv
dünənin uşaqlarından ibarət deyil.
Belə bir kollektivin işsiz qalması ehtimalı məni məyus edir. Heç xoşagələn
hal deyil, mən bunu arzulamazdım. İnanıram ki, bu, baş
verməyəcək. "Kaspi”
qəzeti öz fəaliyyətini davam etdirəcək, mən buna
inanıram. Çünki bu
gün Azərbaycanın ictimai-siyasi
həyatındakı şəffaflıq, açıq sözə
verilən meydan, cənab İlham
Əliyevin apardığı siyasət ona əsas verir ki, mətbuat
yaşasın, mədəni-ədəbi həyatı işıqlandırsın.
"Kaspi” qəzeti bu
istiqamətdə çox ciddi
işlər görür. Arzu
edirəm ki, qəzet fəaliyyətini davam etdirsin”.
"Onların qələmindən
çıxan yazıları oxumaq insana zövq verir”
Xalq artisti
Fidan Hacıyeva "Kaspi”
qəzetinin incəsənətə, mədəniyyətə
hər zaman dəyər verdiyinin
şahidi olduğunu
söylədi: "Bu qəzet bizim kimi sənətkarın
uğurlarını işıqlandırıb. Hər zaman doğru, dürüst, şəffaf şəkildə fəaliyyətimiz
əks olunub. Eləcə də zaman-zaman "Kaspi” qəzetində
gənclərin uğurlarının
işıqlandırıldığının şahidi
olmuşam ki, bu da istedadlı gənclərə
böyük stimul verib. Bunun özü
gənclərə böyük dəstəyin
göstəricisidir. "Kaspi” qəzetində
çox istedadlı, işinin
peşəkarı, işini bilən
yaradıcı kollektiv var.
Hansı ki, onların qələmindən
çıxan yazıları oxumaq həqiqətən
insana zövq verir. Qəzet mədəniyyət nümayəndələrinə
daim dəstək olub.
Mən "Kaspi” qəzetinin fəaliyyətini
dayandırmasını istəməzdim. Ümid
edirəm ki, "Kaspi”
3 əsrlik tarixini davam
etdirəcək”.
"Bu kollektiv
Azərbaycan naminə hələ çox
işlər görməyə qadirdir”
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, AMEA Memarlıq və İncəsənət İnstitutunun "Teatr, kino və televiziya” şöbəsinin müdiri Vidadi Qafarov "Kaspi” qəzetinin yarandığı 1881-ci ildən bu yana üç əsrdir ki, şərəfli yol keçərək Azərbaycan xalqına xidmət etdiyini bildirdi: "Bu qəzetin milli mədəniyyətimizin inkişafında, qorunmasında və təbliğində xüsusi payı var. Bu mötəbər qəzet hər zaman ölkəmizin ictimai-siyasi-mədəni həyatında böyük rol oynayıb, dövlətçiliyin, müstəqilliyimizin keşiyində durub. "Kaspi” qəzetinin çağdaş dövrdəki fəaliyyəti də məhz bu istiqamətdə qurulub, milli-mədəni dəyərlərə, dövlətçilik ənənələrinə sadiqliyi ilə oxucuların xüsusi rəğbətini qazanıb. "Kaspi” qəzeti incəsənətə, ədəbiyyata, bütövlükdə mədəniyyətə yüksək diqqəti və qayğısı ilə həmişə seçilib ki, bu da qəzeti sənət aləmində ən sevilən və oxunan qəzetlərdən birinə çevirib. Qəzetin səhifələrində həftənin ayrı-ayrı günlərində işıq üzü görən "Ədəbiyyat”, "Gənclik”, "Teatr” əlavələri özünün daimi oxucu auditoriyasını yaradıb, bu sahələr üzrə prosesin intensivləşməsində böyük rol oynayıb və oynamaqdadır. Mən 2011-2018-ci llər ərzində "Teatr” əlavəsinin redaktoru olmuş bir şəxs kimi deyə bilərəm ki, "Kaspi” qəzetinin redaksiyası yüksək peşəkarlığı ilə seçilən əməkdaşların mehriban kollektividir. Və bu kollektiv Azərbaycan naminə hələ çox işlər görməyə qadirdir. İnanıram ki, gələn 2021-ci ildə "Kaspi” qəzeti 140 illik yubileyini öz oxucuları ilə birlikdə keçdiyi tarixə layiq şəkildə qeyd edəcək və hələ uzun illər oxucuların qarşısına şərəflə çıxacaq”.
"Kaspi” ilə əməkdaşlıq
etmək də xoşdur, oxucusu
olmaq da”
Sənətşünaslıq elmləri doktoru, professor, Türkdilli Xalqların Teatrları Rəhbərlərinin Şurasının sədri İsrafil İsrafilov "Kaspi”nin klassik ənənələrdən bəhrələnərək, çağdaş mətbuatın mütərəqqi prinsiplərini rəhbər tutaraq, müasir medianın sevilən, oxunan nümunəsini yaratdığını vurğuladı: "Bu qəzetin uzun illər abunəçisi olmuşam, "Kaspi”də bilavasitə yazılarım dərc olunub. Yazımın hansı şəkildə maraq kəsb etdiyinin şahidi olmuşam. "Kaspi” ilə əməkdaşlıq etmək də xoşdur, oxucusu olmaq da. Mən bu qəzetin "Teatr”, "Ədəbiyyat” əlavələrinin daimi oxucusuyam. Sözügedən qəzet bu gün öz ənənələrini uğurla davam etdirir. Bu qəzet bütün sahələri özündə əhatə edir. Bunun özü olduqca əhəmiyyətli və vacib məqamdır. "Kaspi” qəzeti siyasi-ictimai, iqtisadi məsələlərlə yanaşı, mədəniyyət sahəsini də çox uğurla işıqlandırır. Əlbəttə ki, bu qəzetinin təkcə mənim yox, gənc nəslin, qələm sahiblərinin fəaliyyətində, onların yetişməsində müstəsna xidmətləri olub. Qəzetin xüsusilə mədəniyyətlə bağlı işıqlandırdığı mövzular, əhatə etdiyi məsələlər yetərincə ciddi, səriştəli, maraqlı olur. Əsas məsələ odur ki, "Kaspi” qəzetinin ölkəmizdə mədəniyyət, incəsənət, teatr həyatı ilə bağlı faydalı iş əmsalı çox yüksəkdir. Qəzetdə istedadlı jurnalistlər çalışır. Onların ölkəmizin mədəni həyatı üçün gördüyü işləri yalnız alqışlamaq lazımdır”.
"Bir dəfə də olsun, qalmaqal xarakterli yazı oxumamışıq”
Azərbaycan Dövlət YUĞ
Teatrının direktoru İslam
Həsənov "Kaspi” qəzetinin daimi oxucusu olduğunu
qeyd etdi: "Qəzetin
"Teatr” əlavəsini məmnuniyyətlə
oxuyuruq. Sevindirici
haldır ki, teatr sənətinin
təbliği işinə böyük
töhfələr verən bu əlavə
artıq 8 ildir işıq üzü
görür. Teatrşünasların ərsəyə
gətirdiyi bu yazılarda ölkənin və
dünyanın teatr prosesi
qismən də olsa əhatə olunur. Ona görə də
teatr sənəti sahəsində
çalışan insanlar bu
sferada baş verən
yeniliklərdən xəbər tutmaq üçün "Kaspi”
qəzetinin "Teatr” əlavəsini ən
mötəbər mənbə hesab edirlər.
Eləcə də, YUĞ Teatrının fəaliyyətini geniş işıqlandırdığına
görə əlavənin bütün heyətinə
minnətdarıq. Bu əlavə ölkədə teatra
peşəkar münasibəti ilə seçilən az sayda mətbu
orqanlardandır. 8 il ərzində bu qəzetin səhifələrində tənqidə
də, tərifə də, təhlilə də rast gəlmişik, ancaq bir dəfə də olsun,
qalmaqal xarakterli
yazı oxumamışıq. Çünki
burada çalışan insanlar
öz işlərini gözəl bilən
və sevən peşəkarlardır. Teatrın isə peşəkar
mütəxəssis rəyinə həmişə ehtiyacı var”.
"Bu gün "Kaspi” əhatəli oxucu auditoriyasına malikdir”
Bakı Uşaq və Gənclər Teatrının direktoru, əməkdar artist İntiqam Soltan bildirir ki, "Kaspi” media aləminə gəlişi ilə sələfinin ənənələrinə sadiq qalaraq milli bir qəzet olmağı bacarıb, digər tərəfdən də dünyanın ən mütərəqqi inkişaf prinsiplərindən bəhrələnərək daim yenilik və müasirliyi öz fəaliyyətində əks etdirib: "Bu qəzet qarşısına məqsəd qoyaraq, söz, mətbuat azadlığının gətirdiyi azadfikirliliyin ölçü-biçisini düzgün dərk edib. "Kaspi” media etikasına daim sadiq qalan bir mətbuat orqanıdır. Şəxslərin təhqirinə heç zaman yol verməyərək, istər sadə vətəndaşların, istərsə də müəyyən sahəyə aid yetkililərin şərəf və ləyaqətini qorumaq baxımından lazımi məqamlarda balanslı mövqe nümayiş etdirib. Danılmaz faktdır ki, bu gün "Kaspi” əhatəli oxucu auditoriyasına malikdir. "Kaspi” qəzeti adi bir qəzet kimi yox, tarixi keçmişi olan, 145 illik Azərbaycan mətbuat tarixini çiynində daşıyan mətbuat orqanıdır. Bu, bir tarixdir. Tarixi məhv etmək isə günah olardı. "Kaspi” qəzeti ölkənin aparıcı media orqanları arasında layiqli yer tutub və ictimaiyyətdə böyük nüfuz qazanıb”.
İ.Soltan qeyd etdi ki, "Kaspi” qəzeti həmişə daxili aristokratlığını saxlayıb: "Həmişə qəzetin kollektivinə rəğbətlə yanaşmışam. Çünki bu kollektiv hər zaman ədalətin tərəfində olub. Bununla yanaşı, peşəkar prinsipləri intriqalara qurban verməyib. İnanıram ki, "Kaspi” qəzetinin yaşaması üçün çıxış yolu tapılacaq”.
Xəyalə Rəis
Kaspi 2020.- 5 fevral.- S.9.