Şeirdə təbiət
Qönçə Özmənin şair kimi üstünlüyü təbiətin "yaşantıları” ilə insanın hiss və duyğularını bir məcrada canlandıra bilməsidir. Onun şeirlərində təbiət ancaq təsvirlərin gücü və imkanları ilə təqdim olunmur. Təbiət iştirakçı qismində poetik prosesə "qatılır” və insanla bərabər, şairlə birgə yaranan poetik ab-havaya qoşulur və onu formalaşdırır. Bu isə özü-özlüyündə şairə fikrini daha əhatəli ifadə etmək üçün əlavə imkanlar yaratmış olur. Təbiət təsvirli şeirlərdə dünyaya xas elementlər passiv olur – yəni daha çox dekor rolunu oynayır və biz oxucular ordan ancaq görə bildiyimiz qədər informasiya alırıq, vəssalam. Amma Qönçə Özmən təbiəti poetik mətləbin əsas "ifadəçi”lərindən biri kimi təqdim edir, fikir formalaşdıran bir qüvvə kimi təbiətə xüsusi rol verir.
Onun şeirlərində təbiət
əlavə fikirlərlə mənalandırılır. Sanki bu mənalandırma təbiətin
həm bugünkü, həm də ilkin mahiyyətini açır. Beləcə, biz bitkilərin dilini bilirik, daşların həyatımızdakı
rolunu anlayırıq, suyun
həyat mənbəyi olmaqdan əlavə
mahiyyətini qavrayırıq. Bu poetik qayələrdə təbiət ancaq insana xidmət edən
bir varlıq kimi görünmür, ayrıca bir
mövcudluq təsiri
bağışlayır. Və təbiətin fonundakı insan o aləmi –
haqqında danışılan dünyanı daha
da rəngləndirir, öz
dərki ilə təbiətə əlavə məna, fikri yük
qazandırır.
Qönçə Özmənin
şeirlərindəki lirik məzmun
yaradılan ovqatı ifadə etməkdən daha
çox, ovqatın necəliyini bizə fərqli
təsvirlərə çatdırır. Əlbəttə,
şeirdə baş verənləri
görən, müşahidə edən bir
insan – şair var, ancaq o,
arxa plandadır, onun
"kamerası” heç yanda
nəzərə çarpmır, dayandığı yer bilinmir, ancaq
onun nəzəri bizim
gördüklərimizə "qatılır”. Q.Özmən
müəllif kimi poetik
mətnə daxil olmur.
Əlbəttə, şeirdə birinci şəxsin təkindən qaçmaq, "müəllifin yoxluğu” bir qədər çətin məsələdir, hətta bəzi şairlər üçün mümkünsüz görünür. Xüsusən də, süjetsiz şeirlərdə. Şairin danışan tərəfdən görən tərəfə, əsas obrazdan ikinci dərəcəli obraz mövqeyinə keçməsi haqqında danışdığımız şairin şeirlərində çox yaxşı alınır. O, şeiri "özündən kənarda saxlayır”, bədii nümunənin əhvalatını, mənzərəsini önə çəkir, daha çox haqqında danışacaqlarını yox, nə haqqında düşündüklərini bəyan edir. Və düşündüklərini göstərdiyinə görə də bəzən o şeir uyuşmayacaq qədər realist görünür.
Q.Özmən üçün
şeirdəki poetik dil
o qədər də vacib
deyil, əsas olan fikrin poetikliyi və gücüdür. O sanki
sözləri yox, fikirləri "qafiyələndirir”,
o, sözlərdən daha
çox nüxtəlif düşüncələrin
harmoniyasına can atır. Ona
görə də bu cür
– yəni bir-birinə bağlanan, bir-biri ilə ahəng yaradan
fikirlər fərqli poetik süjet
yaradır. Amma qəribəsi budur ki, bu
süjet ənənəvi süjetli
şeirlərə bənzəmir, onlardan
tamamilə seçilir. Burda
əhvalat – hekayət poetik fikrin zəncirindədir, oxucu
o halqalardan keçə-keçə
şeirin hekayətini daha
dəqiq anlayır. Ona görə o, haqqında düşündüyü
nəsnənin ancaq bu
gününü şeirdə
canlandırmır, o əgər göldən
danışırsa orada gölün
yaranışı, bu günü
və keçmişi var.
Beləcə poetik elementin
– gölün mahiyyətindəki tarixilik aşkara
çıxır. O, sanki haqqında yazdığı nəsnənin
leksik mənasının daha
dərinliyinə baş vurur.
Ona görə də onun
şeirlərini anlamaq üçün
həm müəllifin işarə verdiyi
mənaları anlamalı, həm də poetik
işarələri mənalandırmalısan. Sanki
oxucu poetik nəsnənin necə kəşf
olunmasını izləyə-izləyə özü
də kaşifə çevrilir.
Ancaq Qonça xanımın şeirlərindəki advermələr, nəsnələri anlayışa çevirmə imkanları onun şeirinin həm gücü, həm də gücsüzlüyüdür. Gücüdür ona görə ki, o, nəsnələri yenidən adlandırır, bizim onlara başqa nəzərlə baxmağımıza, heç zaman ağlımıza gəlməyənləri düşünməyimizə fürsət yaradır. Gücsüzlüyü oradadır ki, o tipli yanaşmaya, adlandırmaya aludə olan şair ondan xilas ola bilmir. Belə demək mümkündürsə poetik uğurun əsirinə çevrilir və onu fərqli göstərən cəhət həm də onun özünü təkrarlamasına gətirib çıxarır. Bu cür hökmvermələr, poeziyanın əsas özəlliyindən biri sayılan poetik fikrin çox variantlılığının qapılarını bağlayır:
Dörd divarın söhbətidir otaq.
***
Yağış zamanın fışdırığıdır.
***
Söz işıqla kölgə arasına bitir.
***
Bir-birinə dözməyin damı axıdır hər evdə.
***
Anam işıldayan bir gölün təbəssümüdür.
***
Səsin havadakı izidir keçmiş zaman.
***
Allahlar belə
əbədiyyətin öhdəsindən
gələ bilmədi.
***
Eşq batanda unutmaq qırmızı rəngə olur.
***
Ancaq sahillər
yadında saxlayar dənizin duzlu tarixini.
Yuxarıdakı hökmvermələr, fikri
bir istiqamətə yönləndirmələr şeiri
həyatilikdən uzaqlaşdıran,
sözlərin mahiyyətini
məhdudlaşdıran məsələdir. Amma poetik rakurs, görüm bucağı kimi maraqlıdır və aforizmlərin, yaxud fərqli deyimlərin sosial şəbəkələrdə böyük həvəslə
paylaşıldığı bir dövrdə ola bilər
ki, bu cür
fikirlər maraqla qarşılansın. Fəqət zamanla
belə hökmvermələr
hətta öz mahiyyətindən də uzaqlaşır, belə demək mümkündürsə
kirə çıxırlar.
Amma həyatla üzvi surətdə bağlı
olan, həyatın anlamına fərqli mənalar qatan, ya müəllifin, ya da ona
təsir edən obraz, yaxud situasiyanın
təsirinin izləri görünən fikirlər
isə yuxarıda dediyimiz arzuolunmaz cəhətlərin əksinədir,
yəni bizi bir istiqamətdə yönəlməyə məcbur
etmir, əskinə daha dərindən düşünməyə çağırır:
***
Hər quş öz səsiylə açar səhəri
***
Üzün dərin bir qılınc izidir yaddaşımda.
***
Bir rəngin
yavaş-yavaş solmağı
kimiyəm.
***
İnsan özündə köhnəlir.
***
Narahat körpülər kimiyik,
Suyun xəyanətini
görmüşük.
Q.Özmən şeiriləri ilə bağlı fikrimi belə yekunlaşdıra bilərəm ki, o, çağdaş Türkiyə
ədəbiyyatında sevilən,
diqqət çəkən,
kitabları maraqla qarşılanan, müasir
poetik fikrin imkanlarını öz bədii əsərlərində
gərəyincə ifadə
edə bilən bir şairdir. Şeir
kitablarını oxuyandan
sonra qəlbimizə xeyli unudulmaz sözlər həkk olur, ən əsası
şeirlərinin bizdə
yaratdığı ovqat
onun adına
hər dəfə rast gəldiyimizdə qəlbimizdə təkrarlanır.
Fərid Hüseyn
Kaspi 2020.- 1-3 fevral.- S.17.