Ədəbiyyat adamı millət vəkili olmaq istəyirsə...

"İndi tamam başqa münasibətlər formalaşmalıdır"

  Milli Məclisə fevralın 9-da keçiriləcək seçkilərdə namizədlər arasında bir neçə ədəbiyyat adamı da var. Qeyd edək ki, indiyə qədər də parlament seçkilərində ədəbiyyat adamları namizədliklərini irəli sürübMilli Məclisdə təmsil olunublar. 

  Hazırda təbliğat mərhələsi sona yaxınlaşır. Ədəbiyyat adamları arasında isə "Görən ədəbiyyat adamlarının seçilməsinin ədəbiyyatımızın inkişafına hansı faydası olacaq” sualı müzakirə olunur. Fikirlər də birmənalı deyil. Bəzi ədəbiyyat adamları "bu, ədəbiyyatımızın xeyrinə olar” deyirlərsə, bəziləri  "seçilə biləcək adamların hər hansı görə biləcəyinə inanmıram” deyirlər.

  Yazıçı-publisist Nəriman Əbdülrəhmanlıya görə, Milli Məclisə seçilməklə ədəbiyyatın inkişafına yardım göstərmək mümkün deyil: "Bu vaxtacan parlamentdə daha adlı-sanlı və nüfuzlu qələm adamları - Anar, Əkrəm Əylisli, Vaqif Səmədoğlu, Sabir Rüstəmxanlı, Elmira Axundova, Hüseynbala Mirələmov, Mizami Cəfərov, Aqil Abbas... əyləşiblər, amma bunun ədəbiyyata nəzərəçarpacaq təsiri olmayıb. Halbuki, bəziləri uzun müddət parlamentin mədəniyyət komissiyasını sədri və ya üzvü olublar. Hətta bu illər ərzində kitab nəşrinə xeyli mane olan ƏDV-nin (Əlavə Dəyər Vergisini) faizini aşağı salmaq, yaxud tamamilə ləğv etmək məsələsi kimi vacib bir problem həll olunmayıb ki, ədəbiyyat adamları öz vəsaitləri hesabına kitab çap etdirəndə onların canlarına dua oxusunlar. Yeni seçilə biləcək söz adamlarının da bu yönümdə müəyyən görəcəklərinə inanmıram. Uzaqbaşı bir beçə nəfərin müəyyən problemlərinin həllinə kömək edə bilərlər, vəssalam”.

  Yazıçı İlqar Fəhminin fikrincə, ədəbiyyat adamlarının Milli Məclisdə təmsil olunmalarının həm mənəvi, həm texniki baxımdan əhəmiyyəti var: "Tarixən görmüşük ki, ədiblərimiz ictimai həyatda daha fəal iştirak ediblər. Az qala hökmdardan tutmuş sovet dövründə nazirlər sovetinin sədri və ya   parlament sədrinə qədər ədəbiyyat adamları təmsil olunublar. Dövlətçilik tariximizdə söz adamlarının özünəməxsus yeri olub. Ölkənin ağır günlərində də meydanlarda, azadlıq hərəkatında həmişə söz adamlarımızı mübarizənin ön sıralarında görmüşük. Bu baxımdan, xalq da bunu görür və dəyərləndirir. Bu, sırf Azərbaycan xalqının söz əhlinə olan hörmətindən irəli gəlir. Yəni söz əhlinə inanmaq, etibar etmək xalqımıza xas adətdir. Əsrlər boyu xalqımızın söz əhlinə inamı olub, həmin inam bu gündavam edir”. Yazıçı bildirdi ki, Milli Məclisin Mədəniyyət Komissiyası parlamentdə ədəbiyyat adamlarından ibarət olub. Yəni bu yükü onlar öz çiyinlərinə götürüblər: "Hesab edirəm ki, bu ənənənin bundan sonra da davam etməsi çox yaxşıdır. Çünki xalqımız sözü, söz əhlini sevir, ona inanır. Bu baxımdan tanınmış söz və qələm adamlarının parlamentdə təmsil olunması çox müsbət haldır”.

  Şair Aqşin Yenisey hesab edir ki, bütün zamanlarda siyasətin içində ədəbiyyatla, ədəbiyyatın içində siyasətlə məşğul olan müəlliflər olub: "Milli Məclis üzvü Millət vəkili adlanır. Əgər bir yazıçı və ya şair həm də siyasət

meydanında millətin vəkili olmaq istəyirsə, nə gözəl!

  Mədəniyyət sahəsində xeyli boşluqlar var; dünyada oxunmuruq, musiqimiz səslənir, müəllif adı əvəzinə "anonim” yazırlar, ölkədə beynəlxalq səviyyədə ədəbi-mədəni müzakirələr keçirilmir. Bütün ölkə, mədəniyyəti toy müğənniləri səviyyəsində izləyir və başa düşür. Bu halın yaranmasında yəqin ki, mədəniyyət, ədəbiyyat, sənət sahəsində özünütənqidi yaxına buraxmayan səlahiyyətli orqanların "əməyi” böyükdür. Əgər parlamentdə onlardan hesabat tələb eləyən bir vəkil olsa, belə sükunətli vəziyyət olmaz. İnanaq ki, millət vəkili olmaq istəyən sənət adamları o yerə susub maaş almağa yox, danışıb hesab sormağa gedirlər. Əgər bu, baş verməyəcəksə, indidən təəssüflənək”. Yazarın fikrincə, gənclərin – istər ədəbiyyat adamı olsun, istər digər sahənin təmsilçiləri – siyasət meydanına atılması xoş mənzərədir: "Sosial şəbəkədən izlədiyim qədəri ilə xalq özünün müstəqillik illərində doğub-böyütdüyü övladları ilə daha yaxından maraqlanır, nəinki sovet dövründən qalma yaşlılarla. Bu, həm də ictimai-siyasi bir mesajdır. Xalq gənclərin yolunu gözləyir bütün sahələrdə. Ona görə də, savadı, biliyi, istedadı olan gənclərə qapıları açmaq lazımdır. Üstəgəl, onlar özləri də bu qapıları döyməyə başlayıblarsa. Hər bir gəncin ictimai aktivliyini dəstəkləyirəm”.

  Yazıçı Orxan Fikrətoğlunun fikrincə, bu seçkilərin təbliğat kompaniyası bir qədər poetik olub. Xüsusilə, namizədlərin çılğınlığı, mövcud vəziyyətə adekvat reaksiya verməmələri, ümumiyyətlə, reallığı anlamamaları öndədir: "Əslində, ədəbiyyat adamı, inanmıram ki, siyasətə qatıla və özünü Milli Məclisdə deputat şəklində istifadə etməyə çalışa. Digər tərəfdən onların sabah Milli Məclisdə Azərbaycan ədəbiyyatına xidmət edəcəklərinə inanmıram. Azərbaycan ədəbiyyatına bu reallıqda istedadlıları göndərməyə yalnız Allah kömək edə bilər. Çünki bunun təşkilatlanması, zövq amilinin geri qayıtması məsələsi var. Yəni bu cür müşküllər, nüanslar çoxdur”. Yazıçı hesab edir ki, Milli Məclis qanunvericilik orqanıdır və orada daha çox hüquqşünaslar, iqtisadçılar təmsil olunmalıdır: "Azərbaycanın bütün sahələri intibaha təşnədir. Bütün sahələrdə yeniliklər olmalıdır. Bunu bilən, qanunları yazacaq insanlar orada olmalıdır. Parlamentin Mədəniyyət komissiyasında həmişə ədəbiyyatçılar təmsil olunub. Ancaq onların ədəbiyyata hansı xeyri olub? Bu gün yazıçı böyük problem içindədir. Yazıçı iqtisadiyyatını öz ədəbiyyatı ilə qura bilmir. Bu gün yazıçı nəşriyyatla problem yaşayır, oxucuya çıxmaq problemi var. Ümumiyyətlə, Yazıçılar İttifaqında təşkilatlanmanın özü də artıq arxaizmdir. İndi tamam başqa münasibətlər formalaşmalıdır. Bunu da həmin Milli Məclis qanunlarla tənzimləməlidir”.

  Yazar Səxavət Sahil hesab edir ki, yazıçıların parlamentdə təmsil olunması ədəbiyyatımızın inkişafına kömək edə bilər. Ədəbiyyatımızın bugünkü problemlərini o tribunadan səsləndirmək işin xeyrinə olar: "Bu gün bizim ədəbiyyatın və ədəbiyyat adamlarının çoxsaylı problemləri var. Bunları ali kürsüdən səsləndirmək, onların həllinə nail olmaq üçün yazarların və şairlərin millət vəkili olması çox vacibdir. Belə olduğu halda deputat yazarlar həm problemləri səsləndirər, həm də onların həllinə nail olarlar”. Yazarın fikrincə, gənclərin deputat olmaq istəyi olduqca yaxşı haldır. Onlar ictimai-siyasi həyatda fəal olmağa çalışırlar, xalqı təmsil etmək istəyirlər. Bu baxımdan düşünürəm ki, təqdir olunmalıdır, çünki gənclər daha çox enerjilidir, həvəslidir. Problemlərə yanaşmaqda alternativ yollar düşünə, kreativ addımlar ata bilirlər. Gənc ədəbiyyat adamlarının parlamentdə təmsil olunması həm ədəbiyyatımızın, həm də cəmiyyətimizin inkişafına müsbət təsir göstərə bilər”.

  Təranə Məhərrəmova

Kaspi  2020.- 1-3 fevral.- S.10.