“Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının növbəti sayı

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Müqayisəli ədəbiyyatşünaslıq” beynəlxalq elmi jurnalının növbəti nömrəsi nəşr olunub.

Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, jurnal akademik İsa Həbibbəylinin “Azərbaycan-Rusiya ədəbi əlaqələri: ənənələr, reallıqlar və perspektivlər” məqaləsi ilə açılır. Bu nömrədə “Azərbaycan-Qərb ədəbi əlaqələri”, “Azərbaycan-türk dünyası ədəbi əlaqələri”, “Azərbaycan-slavyan ədəbi əlaqələri”, “Asiya xalqları ədəbiyyatı”, “Şərq xalqları ilə ədəbi əlaqələr” və “Resenziya” bölümlərində müxtəlif elmi məqalələr təqdim olunub. Həmçinin Azərbaycan dili ilə yanaşı türk, rus, ingilis dillərində yerli və xarici müəlliflərin məqalələri yer alıb. “Bələdçi” isə Azərbaycan, rus və ingilis dillərindədir.

Qeyd edək ki, toplu Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən rəsmi qeydiyyata alınıb. Jurnalın baş redaktoru AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, baş redaktorun müavinləri filologiya üzrə elmlər doktorları, professorlar Məmməd Əliyev, Gülər Abdullabəyova və Bədirxan Əhmədovdur. Jurnalın məsul katibi filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli, məsul redaktoru isə Maral Poladovadır.

Jurnalın redaksiya heyətinə Azərbaycan, Rusiya, Çin, Özbəkistan, Bolqarıstan, Qırğızıstan, Macarıstan, Çexiya, Cənubi Koreya, Başqırdıstan, Tatarıstan, Qazaxıstan, Türkmənistan, Ukrayna və Polşanın alimləri daxildir.

Kaspi  2020.- 22-24 fevral.- S.7.