Snob teatra nifrətlə
Aliyə
Rejissor, aktyor, ssenarist, şair, dramaturq kimi Antonen Artonun hansısa çox parlaq uğurundan danışmaq olmur. O, sənət
nəzəriyyəçisi idi.
Fransanın Marsel şəhərində
doğulmuşdu. Dörd yaşı olanda
minenqitə tutuldu ki, bunun nəticəsində
bütün ömrü
boyu psixoloji xəstəlikdən əziyyət
çəkdi. İlk ədəbi
yazılarını, şerlərini
erkən gəncliyində
yazan Arto 1914-cü ildə böyük bir depressiya keçirdi və yazdıqlarının hamısını
yandırdı. Şeirlərində
Edqar Ponun, Andre Bretonun təsirləri hiss
olunurdu. Onun işləri uğursuzluqla
nəticələnirdi.
Arto özü də çox ziddiyyətli adam idi.
Bu gün yazdığını
sabah alt-üst edirdi. Onun uğursuz bədbəxt kimi təqdim edilməsində ətrafının
da rolu böyük
idi. Söyür, müxtəlif kəskin
fikirlər səsləndirirdi.
Məsələn, deyirdi ki, yazıçılıq donuzluq
kimi bir şeydir, öz zir-zibilində eşələnməkdir.
Bu fikirlərin arasında
əsəb böhranı
keçirən adamın
sayıqlamaları çox
idi. Arto kinoaktyor kimi
də fəaliyyət
göstərmişdi. Frits Lanq, Abel Hans, Hersoq Vilhelm
Pabst kimi kinorejissorların
filmlərinə çəkilmişdi.
Amma Arto ən çox
teatr nəzəriyyəçisi
kimi yadda qaldı. «Qəddar
teatr» nəzəriyyəsi
dövrünün bir
çox sənət adamına böyük təsir göstərdi.
Baxmayaraq
ki, praktik olaraq bu teatr
özünü doğrultmadı.
Qəddar
teatr
Antonen Artonun “Qəddar teatr”ı reallıq üzərində
qurulan qəddar həyat teatrı idi. Onun repertuarını Artonun, P.Klodelin, Strindberqin pyesləri təşkil edirdi. Bu tamaşalar xəstə
təxəyyülün məhsulu
kimi görünürdü,
sanki, Artonun tamaşaları yuxugörmə
teatrından idi.
Lakin onun bu eksperimentləri
uğurlu olmadı.
Tamaşaçılar açıq və
qalmaqallı şəkildə
öz narazılığını
bildirdilər. 4 illik fəaliyyəti dövründə Artonun teatrında cəmi 4 tamaşa oynanılmışdı.
20-ci illərin sonlarında Arto məqalələr yazmağa
başlayır və
1938-ci ildə bu məqalələrdən ibarət
«Teatr və onun oxşarı» kitabını nəşr
etdirir. Bu məqalələr,
ümumiyyətlə, Artonun
fikir və mülahizələri sanki
XX əsr mədəniyyətinə
girişdir (məsələn:
onun fikrincə, incəsənət insanları
ayırır, mədəniyyət
isə birləşdirir).
Bu məqalələrdə («Səhnə mizanı və metafizika», «Teatr və taun»,
«Əlkimya teatrı» və s) Arto öz «qəddar teatr» nəzəriyyəsini
işləyir. O, müasir
teatrı tənqid edir və əsl
teatrın əsasını
irrasionallıqda və
mistiklikdə görürdü.
Onun reallıqla əlaqələrini
itirmiş hər hansı mədəniyyəti
görməyə gözü
yox idi. Arto dəfələrlə teatrı
«həyata toxunmağa»
çağırırdı. Arto üçün tamaşa
qəddarlıq və
zorakılıqla dolu olan ritualdır. Onun teatr sisteminin pafosu teatrı inkar etməkdir. Hərçənd, Artonu məşhurlaşdıran
onun yaratdığı
hər hansı teatr forması yox, ümumiyyətlə teatr baxışları idi.
Snob teatra
nifrətlə
Antonen Arto
yaradıcılığında yalnız bir
ümumi məsələ durur:
təsadüfi subyektiv formalarını
dağıtmaqla insan
varlığının əsl mənasını açmaq. Onun
yaradıcılığında teatr mərkəzdədir.
Tarixən teatr sənəti
iki ayrı-ayrı səviyyələrdə
inkişaf edib:
tamaşaçının ənənəvi maraqlarına cavab verən vərdiş olunan
teatr tamaşaları və insan varlığının mənasını
açmaq kimi məsələni
qarşısına qoymuş teatr. Birinci mahiyyətcə
ölü teatrdır. Arto
bu teatrı tənqid edərkən onun snob ədalı saxta davranışlarına dözümsüz
idi. Arto teatrı insan varlığının həqiqətlərini
açmaq üçün
ən uyğun məkan, məqam hesab edirdi: «Rejissura daha doğrusu, aktyorun səhnədəki
hərəkətləri gizli bir dilin görünən
işarələrindən başqa bir şey olmayacaq.
Bütün teatral
jestlər özündə xəyalların gizli
çağırışını və həyatın bütün fatallığın cəmləşdirəcək.
Müəyyən məqamda bizim səhnədə
öncəgörmə ilə bağlı peyğəmbərlik
cəhdləri görünəcək. Aydındı ki, bizim cəhdimiz həm
də təhlükəlidi. Amma güman edirik ki, təbiətdə elə bir
boşluq yoxdur ki, onu insan
ruhu doldura bilməsin».
Arto tamaşaçıya emosional həyəcan yaşatmağı yox, emosional şok keçirməyi arzulayır. Onun fikrincə, məhz bu halda, tamaşaçı ruhən təmizlənə
bilər. O, Aristotelin «katarsis»ini reallaşdırmaq istəyirdi.
Artonun teatrı
inkar pafosunda teatr formalarını rədd edən konseptual yanaşma idi. XX əsr sənətkarların mədəniyyətin
hər hansı bir sahəsində formanı dağıtmağa
olan meyli ilə başlayır.
Marsel Prustun romanları roman formasını dağıtmağa
yönəlmişdi, Moris
Meterlinq antidramanı yaradırdı, Fridrix Nitsşe «həyatın fəlsəfəsin»ndə fəlsəfəni
antifəlsəfəyə çevirirdi.
Antonen Arto bu sırada
dayanan və heç cür anlaşılmayan, ziddiyyətlər
içində həqiqət
axtaran ilk teatr «sərkərdə»si idi ki, ölümündən
xeyli sonra böyük maraq oyatdı. O, mistika ilə maraqlanırdı. Misirlilərin “Ölü kitab”ını
oxumaq istəyirdi.
Antonen Arto yazırdı: “Mən həddən artıq əzab çəkirəm, ona görə də danışmağa haqqım
var”.
1920-39-cu illərdə Fransanın ən məşhur teatr adamı o idi-qəzetlər,
sənət jurnalları
onun şəkillərini
dərc edir, ondan yazırdılar. “Üsyankar intellektual, “keçmiş sürealist”
1936-cı ildə Meksikaya
yollandı və bir müddət orda yerli hindu
qəbiləsində yaşadı,
onların mərasimlərində
iştirak etdi. Daha sonra o İrlandiyaya səfər etdi-druidlərin
bilgiləri ona çox maraqlı idi. Fasilələrlə
psixatrik xəstəxanalarda
müalicə alan Arto ömrünün son illərində
hətta radioverilişdə
iştirak edirdi və yenə də şeirlər yazırdı.
Son aylarda isə
o, yüksək dozalı
narkotiklər qəbul
etməyə başlamışdı. Arto
1948-ci il martın 4-də vəfat etdi. Bu adam
XX əsr mədəniyyətinə
böyük təsir göstərmiş və mədəniyyət, teatr barədə düşüncələrdə
çevriliş etmişdi.
İllər sonra məşhur rejissor, Artonun ideyalarından təsirlənən teatr refarmatoru Yeji Qrotovski yazacaqdı: «Biz Arto epoxasına daxil olmuşuq»…
Kaspi 2020.- 9 iyul.- S.11.