Anasının göndərdiyi payı ala bilməyən qəhrəman
Doğum günündə şəhid olan Həmzə Vahidov Birinci Qarabağ müharibəsində
böyük şücaət göstərib
Bu gün xalqımın qəhrəman şəhidi haqqındakı yazımı qalib ordunun nümayəndəsi kimi böyük vüqarla, rəşadət hissi ilə yazıram. Vətəni bizim üçün hər şeydən doğma, müqəddəs edən, o torpaq uğrunda tökülən hər damla qandır. Xalqı bir çətir altında toplayan, bir amal uğrunda gələcəyə istiqamət almasında böyük rol oynayan ən ali, müqəddəs hisslərdən biri də vətənpərvərlikdir. Qoca tarix sübut etmişdir ki, Vətən yolunda vuruşub canından keçməyən xalqlar hər zaman digər xalqlar tərəfindən əzilib; mədəni abidələri, adət-ənənələri məhv edilərək, istər etnik, istərsə də mədəni soyqırıma məruz qalmışlar. Öz doğma Vətənin uğrunda mübarizə aparmaq ədalət uğrunda mübarizə aparmaq deməkdir və bu şanlı mübarizədə şəhid olmaq ən ilahi zirvəyə yüksəlməkdir. Bəli, vətən anlayışı ilahi sevgidən, ədalətdən doğan bir hisdir. Bu böyük amal uğrunda yağılarla döyüşüb şəhid olmaq isə ən ləyaqətli ölümdür. Birinci Qarabağ müharibəsində erməni vandalları körpələrimizi vəhşicəsinə qətl etdi, yaşlı insanlara olmazın əzablar verdilər. Azərbaycan xalqına qarşı dəhşətli soyqırımı həyata keçirdilər, minlərlə anamıza övlad dağı çəkdilər. Təbii ki, bu soyqırımında əsas məqsəd doğma torpaqlarımızı işğal etmək, xalqımızın min illərlə ölçülən milli ruhunu sarsıtmaq, milli-mənəvi dəyərlərimizi məhv etmək idi. Ancaq onlar düşünə bilmədilər ki, Azərbaycanın bütün tarixi qəhrəmanlıq mübarizəsidir. Bu mübarizədə milyonlarla oğullarımız özlərini vətən naminə fəda ediblər. Xain düşmənin bütün arzu və istəkləri puç olmuş, torpaq uğrunda tökülən qan bizləri daha möhkəm, sarsılmaz və vüqarlı etmişdir.
Yeri fərqli pillədə olan övlad
Bu gün Birinci Qarabağ müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş Həmzə Heybət oğlu Vahidovun qəhrəmanlıqla zəngin həyatından söz açmaq istəyirəm. Həmzə Vahidov 1974-cü ildə Kürdəmir rayonunun Karrar kəndində dünyaya göz açmışdır. Ailədə beş bacı, üç qardaş idilər, qardaşların ortancılı Həmzə idi. Ancaq Həmzənin səkkiz övladın içərisindəki yeri hər zaman fərqli pillədə olub. Uşaq çağlarından sabit xarakterli, təmkinli olması ilə seçilirdi, eyni zamanda orta məktəbdə yüksək nizam-intizamlı, əlaçı şagird kimi yoldaşlarından fərqlənirdi. Atası Heybət Vahidov sürücü, anası Nazilə Vahidova isə kolxozda fəhlə kimi çalışaraq övladlarını boya-başa çatdırmışdılar.
Ali məktəbə daxil olsa da...
Həmzə 1991-ci ildə Karrar kənd orta məktəbini yüksək qiymətlərlə, eyni zamanda müxtəlif tərifnamələrlə bitirmişdir, lakin ali təhsil müəssisinə qəbul olsa da, maddi vəziyyətin çətinliyi ucbatından təhsil almaq arzusu ürəyində qalmışdır. Ailəsinin maddi vəziyyəti ağır olsa da, Həmzə bu şəraitdən heç zaman gileylənməmiş, əksinə, hərbi xidmətdən qayıtdıqdan sonra hazırlaşıb yenidən ali məktəbə daxil olacağını deyirdi. Həmzə 1992-ci ilin 5 iyununda hərbi xidmətə yola düşdü. İlk əvvəl Biləcəriyə, bir müddət sonra isə Zaqatalaya göndərildi. Ağdama getməzdən əvvəl ailəsi Həmzəni fikrindən yayındırmaq istəsə də, o, buna razı olmayaraq israrla döyüşlərə yollanacağını bildirmişdi. İki ay yarımdan sonra isə Ağdama göndərildi. Artıq o vaxt Ağdamın da başı üzərini qara buludlar almağa başlamış, eyni zamanda Xocalıda XX əsrin ən dəhşətli soyqırımı törədilmişdi.
Sığnaq dağındakı döyüşdə göstərilən qəhrəmanlıq
Quduz düşmən digər rayonlarımızı da işğal etməyə çalışırdı, ancaq Azərbaycanın igid, cəsur oğulları onlara ağır zərbələr endirmişdir. Həmin vaxt Ordumuzda ruh yüksəkliyi olsa da, maddi vəziyyətin pisliyi ucbatından çoxlu çatışmazlıqlar da var idi. Şuşa şəhəri itirildikdən sonra problem özünü daha qabarıq tərzdə büruzə verməyə başlamışdı. Həmzə Ağdama yollandıqdan sonra hərbi hissənin zabitlərinin və əsgər yoldaşlarının yüksək ehtiramını qazanmış, bacarığı, intellekti ilə diqqəti üzərinə çəkmişdi. Buna uyğun olaraq hərbi hissədə müxtəlif hərbi sənədlərin yazı işləri Həmzəyə həvalə edilmişdir. Tez-tez evə məktublar yazaraq hər şeyin yaxşı olduğunu deyirdi və narahat olmamalarını bildirirdi. Bir müddət sonra isə onu tağım komandirinin müavini təyin etdilər. Qalayçılar, Baş və Orta Güneypəyə, Çanyataq kəndləri yaxınlığındakı döyüşlərdə Həmzə böyük qəhrəmanlıq nümayiş etdirdi, ələlxüsus da 1993-cü ilin mart ayında Baş Güneypəyə ətrafındakı döyüşlərdə xüsusi şücaət göstərdi. Sığnaq dağındakı istehkamlar uğrundakı dəhşətli döyüşlərdə Həmzə bir neçə erməni terrorçusunu məhv edərək düşməni ağır itkiyə məruz qoymuşdu.
Düşmənin pusqusu, snayper gülləsi və son gülüş
Həmzə döyüşçü yoldaşlarını mübarizəyə ruhlandırır və onları müsbət əhval-ruhiyyəyə kökləyirdi. Şiddətli döyüşlərdən sonra onlar Sığnaq dağının strateji mövqelərini ələ keçirərək möhkəmlənə bilmişdilər. Bir həftə sonra onları yeni qüvvə ilə əvəzləməyə başladılar. Lakin aşağı enərkən düşmənin qurduğu pusquya düşdülər. Düşmənlə bir neçə saatlıq atışmadan sonra mühasirəni yara bilsələr də, məlum olur ki, döyüş yoldaşlarından bir neçəsi hələ də düşmən mühasirəsindədir. Güllə səsləri isə daha da şiddətlənmişdi, düşmən quduzcasına müqavimət göstərirdi. Bu vəziyyətdə Həmzə bir an olsun belə dayana bilməzdi. Əzmli səsi ilə "Onları burda qoyub getmək olmaz” dedi. "Bu, ölüm deməkdir”- döyüş yoldaşlarından biri səsləndi. "Qayıdıb getmək də kişilikdən deyil” - Həmzə cəsarətlə cavab verdi.
Onlar böyük qəhrəmanlıqla düşmən üzərinə şığıdılar. Döyüş daha da şiddətləndi, düşmən itki verərək geri çəkilsə də, Həmzə düşmən snayperinin açdığı atəş nəticəsində başından ölümcül yaralanmışdı. Onu xilas etmək üçün tibb məntəqəsinə çatdırsalar da, Həmzə son dəfə gülümsəyərək öz doğum günündə gözlərini dünyaya əbədi olaraq yumdu...
Ananın göndərdiyi pay
Həmzənin doğum günü ərəfəsində atası Heybət Vahidov övladının xidmət etdiyi Ağdamdakı hərbi hissəyə gəlmişdi. Anasının böyük həvəslə hazırladığı payı gətirmişdi. Amma sən demə, Həmzə bu vaxt həyatla ölüm arasında mübarizə aparırmış. Ata bu acı xəbərdən sonra böyük sarsıntı keçirir. Həmzə ilə birlikdə onun beş döyüş yoldaşı da şəhidlik zirvəsinə ucaldı. Onlar hər qarışı müqəddəs olan Azərbaycanımız uğrunda gənc yaşlarında canlarından keçdilər. Ancaq bir təsəllimiz odur ki, onların müdafiəsi uğrunda döyüşərək qəhrəmancasına şəhid olduqları torpaqlar bu gün düşməndən azad edilib. İnanırıq ki, indi onların ruhu şaddır. Məhz Həmzə kimi igidlərin Birinci Qarabağ müharibəsində göstərdiyi mərdlik, qəhrəmanlıq müasir gənclərimiz üçün örnək oldu. Və o gənclər də torpaqlarımızı yağı düşmənin işğalından azad etdilər. Həmzə Vahidov kimi qəhrəmanlarımız daim xalqımızın qəlbində yaşayacaq, dünyaya gələcək yeni nəsillər vətənimiz uğrunda canından keçmiş qəhrəmanlarını tanıdıqca, böyük fəxr hissi duyacaqlar. Vətən bizlərə sizlərdən əmanətdir. Ruhunuz şad olsun.
Elmir Həsənov
Kaspi 2021.- 7 avqust.- S.14.