"Dərdimi kimə deyim?”

 

 Məşhur rus yazıçısı Anton Pavloviç Çexovun (1860–1904) pyesləri, povestləri, hekayələri bütün ədəbiyyatsevərlərə məlumdur. Onun qısa hekayələrində açdığı dərin mətləblər yaşadığı dövrdən ta bu günə kimi  aktualdır. Bunun da əsas səbəbi onun əsərlərindəki mövzuların real həyat hadisələri olmasıdır. Bu cür talelərdən birindən də  "Qüssə" hekayəsində söz açılır. İnsan naturasıın ən incə məqamlarını çox dəqiqliklə qələmə almağı bacaran A.P.Çexov Peterburqa hekayəni yazmamışdan bir ay əvvəl – 1885-ci ilin dekabrında gəlmişdi. Və deyilənlərə görə, yazıçıda heç də yaxşı təəssüratlar oyatmamışdı. Soyuq Peterburq gecələri onu darıxdırır, ruhunu üşüdürdü.  "Qüssə" isə ilk dəfə 1886-cı ilin yanvar ayında "Peterburq qəzeti"ndə çap olunub. Qeyd edim ki, o zaman Çexovun cəmi 26 yaşı olub və artıq müəyyən ədəbi dairələrdə "Antoşa Çexonte" təxəllüsü ilə yazdığı qısa heyakələrilə məşhur idi. "Qüssə" hekayəsi də oxucular və tənqidçilər tərəfindən böyük rəğbətlə qarşılanıb. Hətta bu əsəri Çexov yaradıcılığının zirvəsi hesab edənlər də olubindivar. Çapdan dərhal sonra hekayənin xoş əks-sədası "Peterburqskiye vedomosti, "Vestnik Yevropı", "Russkoye boqastvo" dərgilərində göründü. Yazıldığı dövrdən ta indiyə kimi, əslində, əsər nə aktuallığı, nə də təqdiri azalıb. Hələ də oxunur, hələ də maraqla qarşılanır. Bu kiçik əsərdə bir insan taleyinin  böyük bir ağrı-acısı, böyük bir yanğısı var. Hətta Lev Nikolayeviç Tolstoy da bu əsəri Çexovun ən yaxşı əsərlərindən biri kimi dəyərləndirib.

 Hekəyəni, demək olar ki, hamı oxuyub. heç kim deyə bilməz ki, bu hekayə ona təsir etməyib. Yəni oxuyub, kitabı bir tərəfə qoymaq mümkün deyil. Onun yaratdığı təəssürat adamı xeyli vaxt rahat buraxmır. Hekayənin süjet xətti çox sadə eyni zamanda da, adından bəlli olduğu kimi, çox kədərlidir. Şəhərdə arabaçılıq edən bir qocanın taleyi hər kəsi təsirləndirir. Əslində, həmin hissləri bu ya digər şəkildə şəhər mühitində yaşayan hər bir kəs az-çox yaşayır. Hekayə boyu adı keçən məkanlardan hadisənin Peterburq şəhərində baş verdiyini anlamaq olur. Mən isə  təsvir olunan bu şəhərin adına "Laqeyd şəhər" qoyardım. İnsanların bir-birinə soyuqluğu, etinasızlığı öz hisslərini, çəkdiyi dərdini, kədərini bölüşməyə adam tapmayan arabaçı hekayənin tən ortasındadırlar. Bütün hadisələr onların ətrafında baş verir. Arabaçının keçirdiyi daxili hissləri, tənhalığı, kədərini yazıçı son dərəcə dəqiq, hətta deyərdim ki, zərgər dəqiqliyi ilə ifadə edib. Hekayənin əvvəlində belə bir epiqraf var: "Kimə dərdimi deyim?" Bu sadə bir cümlənin altında, düşünürəm ki, əslində, böyük bir insan acısı yaşayır... Çexov bircə bu cümləylə əsərin baş qəhrəmanı arabaçı İona Potapovun simasında minlərlə insanın taleyinə sığmayan kədərini ifadə edib. Çox ağrılı bir hissdirinsanın dərdinin bölüşməyə bir insan tapmaması. Bu sakit eyni zamanda da çox emosional ifadədir.  Altında nələr yatdığını hekayə boyu açıq-aydın görürük. İona balaca adamdır. böyük bir cahanda dərdini danışası, kədərini bölüşəsi bir adamı tapa bilmir. Hekayə boyu dəfələrlə arabasına minən müxtəlif xarakterli müxtəlif rütbəli adamlarla ünsiyyətə girmək, onlarla danışmağa cəhd göstərir. Lakin təəssüf ki, hər dəfəsində cəhdləri boşa çıxır. İona hər dəfə sözü ağzında qalanda, dərdinin heç kimə maraqlı olmadığını, onun oğul itkisinin heç kimin gözündə zərrə boyda da olsun kədər yaratmadığını, narahat etmədiyini görəndə  dərin sarsıntı keçirir. Bir tərəfdən yaşadığı acı, digər tərəfdən bölüşmək imkanı olmadığından dərdi ürəyində daha da böyüyür, sanki çəkilməz bir yükə çevrilir. O soyuq, o laqeyd şəhər sanki onun üçün cəhənnəmə çevrilir. Hətta bir dəfəsində sanki ürəyi dözmür qəfil danışmağa başlayır. Ümid edir ki, heç olmasa bu sərnişin onu dinləyər, heç olmasa ona bir az təsəlli verər. Çünki indi onun təsəllidən başqa heç nəyə ehtiyacı yox idi. bu son ümidi qırılmışdı. İona deyir: "Mənim bu həftə... bu həftə oğlum dünyasını dəyişib..." Arabada oturan sərnişin isə soyuqqanlıqla cavab verir: "Onsuz da hamımız bir gün öləcəyik!.. Sür gedək, sür..."

 Bütün hekayə boyu arabaçı oğlunun necə xəstələnməyindən, necə əzab çəkməyindən, ölümündən öncə söylədiklərindən, necə ölməyindən, dəfn mərasimindən danışmaq istəyirdi. Bircə arzusu o idi ki, onu kimsə dinləsin, sadəcə dinləsin. O heç kimdən nə maddi yardım gözləyirdi, nə də başqa bir şey. Düşünürdü ki, dərdi bölüşmək üçün isə kişilərdən çox qadınlar yaxşıdır. Onlar birinci iki kəlmədən ağlayır, zarıyır, göz yaşlarını tökürlər. Amma elə bir imkan yox idi. Ona görə də arabasına minən kişi sərnişinlərə danışmaq, heç olmasa bircə kəlmə təsəlli üçün söz, ümid almaq istəyirdi.  Artıq ürəyi dözmürdü. Mütləq bölüşməli idi. İnanılmaz idi. Bu böyüklükdə şəhərdə  bir Allah bəndəsi tapılmırdı ki tapılmırdı dərdini eşidə... Heç olmasa yalandan qulaq asırmış kimi edə, heç olmasa dilucu bir başsağlığı verə.  Ürəyi yanmasa da, heç olmasa bircə kəlmə ürək-dirək verə. Amma yox idi beləsi, yox idi.

 Qarşısına çıxan heç bir kəs – nə hərbçi, nə üç gəncdən biri, nə dalandar, nə də həyətdəki kişi ona qulaq yoldaşı olmadı. Onlar İonanın gənc oğul itirməsindən xəbərdar olsalar da belə, özlərinin problemlərindən başlarını ayırmadı, onu dinləmədilər.  Kor-peşman olan İona hekəyənin sonunda tövlədəki atına dərdini danışmalı olur. Hekayənin ən həssas, ən kədərli anı məhz burasıdır. Mənim düşüncəmdə, İnonanın dərdinin atına danışmağı oğlunu itirməyindən daha ağır faciədir. Bu qədər insanın içində insansızlıq, doğrudan da, faciədir axı. İona danışır, at isə saman çeynəyə-çeynəyə səbirlə onu dinləyir, nəfəsini əllərinə ötürür. Hekayənin ikinci baş qəhrəmanı bu atdır. At bu hekayənin dərinliyi, fəlsəfəsi, ağırlığıdır. Çünki sonunda heç bir insandan insanlıq görməyən İonaya yeganə dost məhz bu at olur.

 İnsanların çoxu bir-birinə laqeyddir.  Hətta tək olmayan, ailəsi olan, böyük bir kollektiv içində çalışan, çoxlu qohum-əqrəbası, qonum-qonşusu olan insanların da daxilində böyük boşluq, böyük yalnızlıq hökm sürür. Təəssüf hissiylə qeyd etmək istəyirəm ki, gündəlik qayğılar, problemlər bəzən bir addım yaxınlığında olan digər yoldaşın kədərini, ağrısını, acısını hiss etməyə mane olur, imkan vermir. Amma bunların özübir bəhanədir.  Xüsusilə indiki dövrdə – internet əsrində hamını fikri sosial şəbəkələrdə, yeni statuslar yazmaqda, yeni fotolar çəkdirib dərhal paylaşmaqda, "üzgün" və ya "sevincli" "like" düyməsiylə emosiyasını bildirməkdədir. Həyat və insanların əsl duyğuları isə zaman axınında yanımızdanca səssiz-səssiz ötüb-keçir. Bütün bu qarmaqarışıqlığın, xaosun, tələskənliyin içində insanlar gərək bir-birinə qarşı diqqətli ola.  Axı bəzən gözlənti sadəcə isti bir söz, bəzən isə elə bircə təbəssüm olur. Ona görə də bir-birinin qeydinə qalmaq, onların dərdinə yanmaq, sevincinə sevindiyin qədər də, kədərinə üzülmək, dəstək olmaq son dərəcə vacib bir şeydir. Xeyirxahlığın bir qolu da elə budur. Müəllif sözünü birbaşa deməsə də, düşüncəsi, məncə, bizə – oxuculara ötürmək istədiyi də məhz budur: insanlar, bir-birinizə qarşı laqeyd olmasın.

Xanım Aydın

Kaspi 2020.- 5 dekabr.- S.15.