Qələbə eşqi ilə böyüyən kapitan

Seyidxanım Babayeva: "Deyirdi ki, ana, Şuşanı almayana qədər toy etməyəcəyəm”

 

"Biz Naxçıvanda xidmət edirdik. İkinci Qarabağ döyüşü başlayanda, bizim hərbi hissədəkiləri hissə-hissə döyüşə aparırdılar. Mən birinci mərhələdə gedənlərin siyahısında idim, Nihad isə yox. Mənim 3 övladım var, biri yeni dünyaya gəlmişdi. Nihad müxtəlif səviyyəli komandirlərə yaxınlaşıb deyib ki, Nəsirin yerinə mən gedim, onun 3 uşağı var, mən isə subay adamam. Bu döyüşdə iştirak etmək mənim üçün də önəmli idi, illərdir bu günü gözləyirdik. Bunu bilirdi, amma yenə də həm məni, həm də komandirləri razı salmağa çalışırdı. Nə qədər təkid etsə də, komandirlər razılıq vermədilər. Çox məyus oldu, hətta gözləri dolmuşdu”.

Bu sözləri şəhid kapitan Nihad Babayevin xidmət etdiyi hərbi hissənin qərargah rəisi, mayor Nəsir Zeyniyevbizimlə söhbətində bildirdi.

Nihad sonra döyüşdə iştirak etmək üçün müraciət edir və ikinci mərhələdə onun da adı siyahıda olur. Yola çıxanda, bacısı Ülviyyə Musayeva ilə əlaqə saxlayıb sevincini bölüşür: "Döyüşlər başlayandan deyirdi ki, getmək istəyirəm, aparmırlar. Deyirdim ki, çağıranda gedərsən, niyə tələsirsən? Deyirdi ki, yoldaşlarım döyüşür, şəhid olur, mən burda dayana bilmirəm. Döyüşə getdiyi gün zəng vuranda, səsində bir sevinc var idi. Deyirdi ki, mən torpaqlarımız uğrunda döyüşməyə gedirəm”.

Beləcə, oktyabr ayının ortaları sevinə-sevinə döyüşə yola düşür. Xüsusi təyinatlı olaraq Vətən Müharibəsində iştirak edir. Oktyabrın 29-da Füzuli rayonunun Veysəlli kəndi istiqamətində, Ulyandağ deyilən yüksəkliklərin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur.

Bildirək ki, Vətən Müharibəsində qəhrəmancasına vuruşan, işğaldan azad olunan torpaqlar uğrunda canından keçən Nihad Babayev 1991-ci il avqustun 30-da Biləsuvar rayonunun Günəşli kəndində doğulub. 2009-cu ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi, 2013-cü ildə isə Heydər Əliyev adına Ali Hərbi Akademiyanı uğurla başa vurub.

2014-cü ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində leytenant rütbəsi alır və elə həmin ildən Naxçıvan Muxtar Respublikasında xüsusi təyinatlı qrupda çalışır. 2016-cı ildə isə Türkiyə Respublikasında hərbi ixtisaslaşdırma üzrə təhsil alır və ölkədə 50 zabitin keçə bildiyi təlimi müvəffəqiyyətlə keçir. 2018-ci ildə vətənə qayıdaraq, Xüsusi təyinatlı bölüyün komandiri vəzifəsində xidmət edir, xüsusi xidmətlərinə görə kapitan rütbəsi alır. Hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müavini vəzifəsinə qədər yüksəlir.

2021 iş elanları

qaynaqçı vakansiya

çilingər vakansiya

santexnik vakansiyası

fəhlə işi vakansiya

elektrik işi vakansiya

"Onda bildik ki, şəhid oldu, şəkilləri internetdə yayıldı”

Yuxarıda qeyd edilən cümlələr artıq Nihad haqqında böyük fikir demiş olur, amma onu bir də ailəsinin, dostlarının, döyüş yoldaşlarından dilindən tanıyaq.

Atası Akif Babayev deyir ki, Nihadın döyüşdə iştirakından nə yoldaşının, nə də onun xəbəri olmayıb: "Döyüşə getdiyini anası ilə məndən gizlədib. Qardaşları və bacısı bilib, amma onlara dönə-dönə tapşırıb ki, bizə deməsinlər, narahat olarıq. Onda bildik ki, şəhid oldu, şəkilləri internetdə yayıldı”.

A.Babayev bildirdi ki, Nihad həm vətənə, həm də ailəsinə layiqli övlad olub: "Çox yaxşı övlad idi. Bizə əziyyət verməzdi, əksinə kömək edərdi. Tək bizə deyil, hamıya qarşı o cür davranırdı. İndi onun etdiklərini demək də yaxşı çıxmaz, amma çox əliaçıq, ürəkli idi. Vətənə çox bağlı oğul idi. Onu vətən üçün yetişdirdiyimizi bilirdik. Tək Nihad deyil, bütün şəhidlər bizim balamızdır. Heç birini öz övladımdan seçmirəm”.

Anası Seyidxanım Babayevanın sözlərinə görə, övladı 90-cı illərdə şəhidlərin yerinə dünyaya gələn oğlanlardan idi və onların qisasını almaq üçün də canını fəda etdi: "Nihad müharibə dövründə dünyaya gəldi. Ağlı kəsəndə, dedik ki, sən şəhid olan vətən oğullarını əvəz edibsən, vətən oğlusan. Ağlı kəsdikcə, "böyüyəndə, hərbiyə gedəcəyəm, şəhidlərin qisasını alacam” deyirdi. C.Naxçıvanski adına liseydə oxuyanda da, "gün gələcək, müharibədə iştirak edəcəyəm, şəhidlərin qisasını alacam” cümlələri dilindən düşmürdü. Dedi və etdi. Nihada "Cənub qartalı” adı veriblər. Bu ada layiqdir”.

Nihad haqqında kitab yazılacaq, anası kitaba belə ad verib: "Qələbə eşqi ilə böyüyən kapitan”.

Nihadın 29 yaşına qədər ailə qurmamağının səbəbi həm qürurvericidir, həm də adamı kövrəldir. Bu haqda da anası danışdı: "26-27 yaşına çatanda deyirdik ki, Nihad evlən, biz də yaşlıyıq, toyunu görək. Deyirdi ki, ana, Şuşanı almayana qədər toy etməyəcəyəm. Toyunu Cıdır düzündə etməyi arzulayırdı”.

Seyidxanım ana oğlunu dəfn edəndən bir neçə gün sonra, gözü yaşlı da olsa, ölkə başçısı İlham Əliyevə məktub yazır. Məktubda belə bir cümlə var: "Möhtərəm Ali Baş Komandan, bu yolda sizinlə bir yerdəyik və sizin bütün tapşırıqlarınızı yerinə yetirməyə hazırıq”. Məhz belə analar o cür oğullar dünyaya gətirirlər.

"Başına dönüm”, "qurban olum” deyə-deyə...

Böyük qardaşı Tərlan Babayev Nihadın heç vaxt ailəyə yük olmadığını deyir: "İndiyə qədər ona pul xərcləməmişik. Əksinə, o bizə pul xərcləyirdi. Liseydə aldığı tələbə təqaüdünü evə göndərirdi. Ehtiyaclı uşaq olmayıb. Valideynə əziyyət də vermirdi”.

Qardaşı bildirdi ki, Nihad vətənpərvərliyi, yüksək insan keyfiyyətləri ilə yanaşı, həm də şirindilli imiş: "İngilis dilində  sərbəst danışırdı. Bunun üçün kursa da getmirdi. O, məktəbdə, müəllimlərə "başına dönüm”, "qurban olum” deyə-deyə ingilis dilini öyrənmişdi. Çox dilişirin adam idi. Kiməsə ağır söz deməyib”.

Nihad hər dəfə məzuniyyətə gələndə, onu kiçik qardaşı Fərid Babayev rayon mərkəzinə aparıb yola salırmış. Həmişə bu vaxt başından öpər, "qardaşım, bizi bu vətən üçün yetişdiriblər və vətənin hər qarış torpağı üçün canımızdan keçməyə hər an hazır olmalıyıq” deyərmiş: "Deyirdi ki, şəhid olsam, heç vaxt ağlama. Pis olurdum, bu sözləri niyə dediyini soruşurdum. Deyirdi ki, gün gələcək, o torpaqlar qanla verilib, qanla alınacaq. Dilindən "Vətən” və "Qarabağ” sözləri əskik olmurdu. Orta məktəbdə çox yaxşı oxuyurdu, ona təklif edilmişdi ki, o balla başqa prestijli, gəlirli ixtisaslar seçə bilər. Amma o hərbi istəyirdi”.

F.Babayev deyir ki, Nihad məzuniyyətə gələndə, tabeçiliyində olan əsgərlərin yemək yediyindən əmin olmadan süfrəyə oturmazdı: "Məzuniyyət vaxtı hər an əsgərləri ilə maraqlanırdı. Hətta evdə süfrəyə oturanda, tabeçiliyində olan əsgərlərini tapşırdığı adama zəng vurub "uşaqlar yemək yeyib?” deyə soruşurdu. Sonra rahat yeməyini yeyirdi. Deyirdik ki, sən hər dəfə bunu niyə edirsən? Deyirdi ki, onlar hamısı mənim qardaşlarımdır. Onları valideynləri bizə əmanət ediblər”.

"Dedi ki, kaş mənim şəhid olmağımı qeyd edəsiniz”      

"Nihadın dostu çoxdur” dedilər. Onlardan 50 yaşlı dostu Polad Novruzovla söhbətləşdik. P.Novruzov deyir ki, aralarında 20 yaş fərq olsa da, Nihadla dostluqda bu fərq heç hiss olunmayıb: "Mənə gah dayı, gah qardaş, gah da ürək deyirdi. O elə bir oğul idi ki, istər-istəməz özünü sevdirirdi. Ona görə, yaş fərqimiz dostluq üçün maneə deyildi. 4 ildir ki, onunla dostluq edirəm. Mən onu vətənpərvərliyinə görə bəyənmişəm, dostluq etmişəm. Azərbaycanın vətənpərvər oğul və qızları çoxdur. Amma Nihadla oturub 5 dəqiqə söhbət edəndən sonra silah götürüb döyüşə getmək istəyirdin”.

Şəhid olmamışdan bir neçə saat öncə zəng vurduğu adam da P.Novruzov olub: "Oktyabrın 29-cu gecə saat 3-də zəng gəldi. Bir az söhbət etdik. Bu il məzuniyyətə də gəlməmişdi, darıxmışdım. İki saat sonra isə şəhid olub. Füzulidən gətirib onu dəfn edən də mən idim. Danışmaq çox ağırdır. Bütün gün onun şəkillərinə, videolarına baxıram, səs yazılarını dinləyirəm”.

P.Novruzov deyir ki, dostlar arasında da Nihadın dilindən şəhid kəlməsi düşməyib: "Məclislərdə oturanda, deyirdi ki, gəlin şəkil çəkdirək, bir gün şəhid olacağam, mənimlə fəxr edəcəksiniz. Kapitan rütbəsi almışdı, onu qeyd edirdik. Dedi ki, kaş siz mənim şəhid olmağımı qeyd edəsiniz. Deyirdim ki, yekə oğlansan, bəsdir. Onun qəhrəmanlıqları bizə məlum idi. Ona görə məclislərdə meyxanaçılara Nihadın milli qəhrəmanlığı haqqında şeirlər dedirtdirirdim. Onları dinləyəndə, deyirdi ki, hələ milli qəhrəman deyiləm, amma o adı qazanacağam. Nihadın qəhrəmanlığının dövlət tərəfindən qiymətləndirilməsini istəyirəm. Həqiqətən də qəhrəman oğul idi”.

Nihad həmişə Mübariz İbrahimovun, 1992-ci ildə Günəşli kəndindən şəhid olan Rza ilə Fazilin qanını alacağını deyirmiş. Hətta bu il öz ad günü ərəfəsində dostu Poladdan xahiş edir ki, valideynlərini Mübariz İbrahimovun valideynləri ilə görüşdürsün: "Nihadın ad günü avqustun 30-u idi, amma nəyə görəsə 28-i qeyd edirdi. Bu il ad günü ərəfəsində mənə zəng vurdu ki, Babayevlə (atasına Babayev deyirdi) anamı apar Mübariz İbrahimovun valideynləri ilə görüşdür. De ki, bunlar Nihadın valideynləridir, Nihad Mübarizin qanını alacaq. Mən də aparıb görüşdürdüm”

Ağıllı taktika seçirdi, əsgərlərini düzgün yerləşdirirdi

Mayor Nəsir Zeyniyev deyir ki, Nihad çox vacib yüksəkliyin əldə edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub: "Arxa cəbhədə deyil, düşmənlə yaxın döyüşlərdə iştirak edirdi. Bir neçə istiqamətdə döyüşüb. Axırıncı dəfə Füzulinin Veysəlli kəndi istiqamətində Ulyandağ deyilən istiqamətdə vuruşub. Çox çətin və strateji yüksəklik idi. Nihad orda döyüşçü yoldaşları ilə çox böyük qəhrəmanlıq göstərdi. 30-40-dan çox düşmən qüvvəsini qrupu ilə məhv edib. Bir güllə yarası alıb, döyüş yoldaşları onu təxliyə edəndə növbəti güllə yarası alıb. Döyüş meydanını tərk etməyib. Yoldaşları onu təxliyə etmək istəyiblər. Çıxmayıb, kənara çəkib özünü, deyib ki, mənə vaxt itirməyin, davam edin. Beləliklə, qəhrəmancasına şəhid olub”.

Döyüş yoldaşı Əli Kərimov bildirdi ki, Nihad bütün döyüş tapşırıqlarında qrupunun önündə özü gedib: "Bir dəfə düşmənin böyük qüvvəsi olan istiqamətə tapşırığa getdik. Öncə iki nəfər "dazor” gedir ki, düşmən təhlükəsi ilə qarşılaşanda, arxaya xəbər versin. "Dazor”un ikisini də düşmənin snayperi vurdu. Mən qabağa gedib onları çıxarmaq istəyəndə, dedi ki, sən qal, özüm gedəcəyəm. O, snayper kursunu bitirmişdi. Pulemyotçu ilə bir yerdə getdilər, "dazor”u vuranları məhv etdi, yaralılarımızı da xilas etdi.

Sonra Murov, Haramı düzü istiqamətində bir kəndin alınmasında düşmənin 50-yə yaxın heyəti olan postda üz-üzə girdi. Heç bir itki vermədən qəhrəmancasına döyüşdü, mövqeyi ələ aldı. Ağıllı taktika seçirdi, əsgərlərini düzgün yerləşdirirdi. Xocavənd istiqamətində onun göstərdiyi qəhrəmanlıqlardan o qədər danışmaq olar ki.

Müharibədə bütün tapşırıqları bir yerdə icra etmişik. Ölüm qorxusu olmadan, öndə gedərdi. Deyərdi ki, məndən öncə heç kim gedə bilməz, tapşırıqları da uğurlu alınırdı. Onun qrupundan bu gün sağ qalan insanlar həyatlarını ona borcludurlar”.

Ə.Kərimov deyir ki, Nihad dövlətin atributlarına hər yerdə xüsusi diqqət göstərib: "Bayrağımız hardasa əyri olardısa, yaxud çirkli saxlanırdısa, buna mütləq reaksiya verirdi. Digər atributları da namusu kimi qoruyurdu. Bir dəfə məzuniyyət vaxtı Biləsuvarda qəbiristanlığın ortasında ucaldılan bayrağın çirkli olduğunu görür, qardaşına deyir ki, maşını sür icra hakimiyyətinə. Deyir ki, Azərbaycan bayrağı orda çirkli dalğalana bilməz. Mən şəhid olsam, başımın üstündə çirkli bayraq dalğalandıracaqsınız? Dostuna pul vermişdi ki, bir bayraq al, onu dəyiş”.

Ailəsi deyir ki, hələ məktəb illərində məktəbdə ondan kim olacağını soruşanda, "general” cavabı verirmiş. Təbii ki, yaşasaydı, yəqin ki, buna nail olardı.

İkinci Qarabağ savaşında belə bir cümləni çox işlədirdik. "Bir ölər, min dirilərik”. Nihadın anası 90-cı illərdə, o, doğulanda "sən şəhidlərimizin yerinə dünyaya gəlmisən” deyibsə, əminik ki, bu gün hansısa ana oğluna "sən şəhidlərimizin yerinə doğulubsan, vətənin oğlusan” deyir.

 

Aygün Asimqızı

Kaspi  2020.- 5 dekabr.- S.9.