“Qərbi Azərbaycandan deportasiya edilənlərin
sayı 5 milyondan çoxdur”
Əziz Ələkbərli:
“Təkcə 1948-1953-cü illər deportasiyası zamanı bu ərazidən 150 min nəfərə
yaxın soydaşımız
deportasiya olunub. 1988-1991-ci illərdə deportasiya olunanların sayı 300 min nəfərə
yaxın idi. Ən böyük deportasiya isə 1918-1920-ci illər soyqırımı zamanı
baş verib”.
Avqustun 3-də
“Azərbaycan Qaçqınlar
Cəmiyyəti” İctimai
Birliyinin ümumi yığıncağı keçirilib. Səsvermə nəticəsində “Azərbaycan
Qaçqınlar Cəmiyyəti”
İctimai Birliyinin “Qərbi Azərbaycan İcması” adı ilə qeyri-kommersiya təşkilatına çevrilməsi
- yenidən təşkili
təsdiq olunub.
“Qərbi Azərbaycan
İcması”nın sədri, millət vəkili Əziz Ələkbərli rəhbərlik
etdiyi qurumun yenidən təşkilatlanmasının
səbəb və məqsədi, qarşıya
qoyulan hədəflər
və sair məsələlərlə bağlı
“Kaspi” qəzetinə müsahibə verib.
- Əziz
müəllim, rəhbərlik
etdiyiniz QHT-nin yenidən təşkilatlanmasına
səbəb nədir?
- 1989-cu il dekabrın 28-də
təsis edilən və 33 il fəaliyyət
göstərən “Azərbaycan
Qaçqınlar Cəmiyyəti”nin
əsas məqsədi
sonuncu deportasiya zamanı ermənilər tərəfindən Qərbi
Azərbaycandan (indiki Ermənistandan) vəhşicəsinə
qovulan qaçqınlarımızın
sosial problemlərini həll etmək, onların məskunlaşmasına
dəstək vermək
olub. Cəmiyyət bu müddətdə
öz vəzifəsinin
öhdəsindən xeyli
dərəcədə gəlib.
44 günlük Vətən Müharibəsindən
sonra isə Azərbaycan regionda hər kəsin hesablaşmaq məcburiyyətində
olduğu bir reallıq formalaşdırıb.
Bu reallıq siyasi,
ictimai, iqtisadi, mədəni, mənəvi
həyatımıza yeni
abı-hava gətirib.
Bu reallıq “Azərbaycan Qaçqınlar
Cəmiyyəti” üçün
də öz fəaliyyət istiqamətlərinə
yenidən baxmaq zərurəti yaratdı.
Cəmiyyətimiz bu günə qədər, əsasən, 1988-1991-ci illər
qaçqınlarının problemləri ilə məşğul olurdusa, bu gün artıq
qarşımızda daha
böyük hədəflər
– son 220 il ərzində
Azərbaycanın tarixi
torpaqlarında ermənilərin
və onların havadarlarının soydaşlarımıza
qarşı deportasiya,
soyqırımı, etnik
təmizləmə, bu
ərazilərdə Azərbaycan
mədəni irsinin və izinin məhv edilməsi siyasətinin ifşası,
Qərbi Azərbaycan həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılması
vəzifəsi durur.
Buna görə də
təşkilatın fəaliyyətini
təkcə 1988-1991-ci illər
qaçqınlıq tariximizlə
məhdudlaşdırmağı deyil, son 220 illik tarixin Qərbi Azərbaycanda soydaşlarımıza
qarşı saysız-hesabsız
vəhşiliklər törədilmiş
bütün dövrlərini
və bütün insanlarını ehtiva edən “Qərbi Azərbaycan İcması”
adı ilə yenidən təşkil etməyi məqsədəuyğun
hesab etdik. “Qərbi Azərbaycan İcması”nı yaratmaqla, demək olar ki, biz son iki əsrdə indiki Ermənistandan – dədə-baba yurdlarından
qovulmuş insanların,
onların varislərinin
geriyə qayıdışı
uğrunda mübarizəsinə
start vermiş olduq. Bu mübarizə həmin
soydaşlarımızın tarixi-mənəvi haqqı
təmin olunana qədər davam edəcək.
- Bu məqsədə
çatmaq üçün
hüquqi müstəvidə
hansı addımlar atmağı planlaşdırırsınız?
- Hüquqi
məsələlərin beynəlxalq
müstəvidə həlli
məqsədilə “Qərbi
Azərbaycan İcması”nın strukturunda müvafiq bölmə yaradılıb. Zaman-zaman erməni vəhşiliyinə
məruz qalaraq dədə-baba yurdlarından
qovulmuş soydaşlarımızın
hüquqlarının beynəlxalq
müstəvidə bərpası,
onlara qarşı cinayətlər törətmiş
erməni millətçilərinin
və Ermənistan
SSR-in indiki varisi olan Ermənistan Respublikasının beynəlxalq
müstəvidə məsuliyyətə
cəlb edilməsi üçün əlimizdən
gələni edəcəyik.
İndiyə qədər bütün
cəzalardan kənarda
qalmış ermənilər,
nəhayət, törətdikləri
bütün cinayətlərə
görə öz cəzalarını almalıdırlar.
Harada yaşamasından asılı olmayaraq, istər Qarabağda olsun, istər İrəvanda, istərsə
də başqa ölkələrdə.
- Ermənistan
ərazisindən etnik
mənsubiyyətinə görə
kütləvi deportasiya
olunan azərbaycanlıların
sayı nə qədərdir? Bu barədə dəqiq məlumat varmı?
- Son 220 il
ərzində Qərbi
Azərbaycandan (indiki Ermənistandan) etnik mənsubiyyətinə görə
qovulan və dünyanın ən müxtəlif ölkələrinə
səpələnən, o cümlədən
Azərbaycanda məskunlaşan
Qərbi azərbaycanlıların,
onların varislərinin
sayı bu gün 5 milyondan çoxdur. Təkcə 1948-1953-cü illər deportasiyası zamanı bu ərazidən 150 min nəfərə yaxın soydaşımız deportasiya
olunub. 1988-1991-ci illərdə deportasiya olunanların sayı 300
min nəfərə yaxın
idi. Ən böyük deportasiya
isə 1918-1920-ci illər
soyqırımı zamanı
baş verib. Əslində, azərbaycanlıların
Qərbi Azərbaycandan
sıxışdırılıb çıxarılması bütün
220 il ərzində
davam edib. Biz bütün bunlar
barədə dəqiq
statistikanı vaxtaşırı
ictimaiyyətə açıqlayacağıq.
- Qərbi
Azərbaycandan deportasiya
olunanların qaçqın
statusu vaxtilə ləğv olunmuşdu. İndi bu
statusun yenidən bərpası barədə
təşəbbüslə çıxış etmisiniz.
Belə bir addım atmaq nə dərəcədə
mümkündür? Ümumiyyətlə, bu statusun bərpası
Qərbi Azərbaycandan
gələnlərə nə
verəcək, onların
həyatında nəyi
dəyişəcək?
- Qərbi Azərbaycan qaçqınlarının
statusu heç vaxt ləğv olunmayıb, bu barədə ulu öndər Heydər Əliyevin 2001-ci ildə müvafiq fərmanı
var. Sadəcə olaraq
2001-ci il yanvarın 1-də bu statusdan irəli gələn güzəştlər
xeyli dərəcədə
ləğv olunub, saxlanılan güzəştlər
isə tətbiq olunmayıb. Ona görə də
bir müddət əvvəl mən Milli Məclisin plenar iclasında “Qaçqınların statusu
haqqında” qanuna yenidən baxılması məsələsini qaldırdım
və komitələrin
birində müvafiq dinləmə keçirilməsi
təklifini verdim.
Hesab edirəm ki, bu, qaçqınlarımızın
dədə-baba yurdlarına
qayıdışı uğrunda
başladıqları mübarizə
üçün stimul
olardı.
- Tarixi
Azərbaycan torpağı
olan və ötən əsrin birinci yarısında qanunsuz şəkildə Ermənistana verilən Zəngəzurun geri qaytarılması fikirləri
səsləndirilir. Zəngəzurun Azərbaycana qaytarılması
hüquqi və mənəvi baxımdan nə dərəcədə
realdır?
- Qərbi
Zəngəzur, Dərələyəz
mahalı və Göyçənin bir hissəsi sovet hakimiyyəti dövründə
heç bir hüquqi əsas olmadan Azərbaycandan qoparılaraq Ermənistana
verilib. Azərbaycan Respublikası Azərbaycan
Xalq Cümhuriyyətinin
varisi olduğu kimi, Ermənistan Respublikası da o vaxtkı Ararat Respublikasının
varisidir. O vaxt Cümhuriyyətimizin ərazisi
114 min kvadrat kilometr,
Ararat Respublikasının ərazisi
isə cəmi 9 min kvadrat kilometr olub. Deməli, Ermənistan həmin
9 min kvadrat kilometrə
qədər geri çəkilməlidir.
Rufik
İsmayılov.
Kaspi.-2022.- 13 avqust.- S. 7.