Yuxu kimi ailənin sakinləri
Könül Şahbazova: “Uşaqlara bir az azadlıq
verməyi sevirəm, çalışıram ki,
istədiklərini yerinə yetirim. Amma Niyaz əksinə, bir az
tələbkardır. Düşünürəm ki, ailədə biri elə,
biri belə olmalıdır ki, sağlam
düşüncəli uşaqlar böyüsün”.
Niyaz Qasımov: “Mən emosionalam.
Məsələn, kompüterdə oyun oynamaq istəyirəm, otururam
ki, başlayım, Könül
nə üçünsə çağırır. Durub gedirəm, qayıdıb otururam,
yenə də çağırır. Bax onda dəli oluram”.
Ailə və sənət elə bir
əks qütblərdir ki, onların ortaq nöqtəsini tapıb yaşamaq,
bəzən günəşə toxunmaq
qədər əlçatmaz görünür.
Bəzən isə iki sənət
adamının ailə qurması, bir-birini
başa düşüb
yaşaması evlərində günəş doğurur.
Müsahiblərim Bakı Uşaq və
Gənclər Teatrının aktyorları Niyaz
Qasımov və Könül
Şahbazovadır. Onları bir-birinə sənət
bağladı, bir-birlərinə həyat yoldaşı deyib uzun bir
yola çıxdılar. Və
mən də 7 il əl-ələ
yürüdükləri ailə, sənət yolu
haqda onlarla
həmsöhbət oldum.
“Kaspi” qəzetinin
Könül Şahbazova
və Niyaz Qasımovla olan
müsahibəsini təqdim edirik:
Anlamaq,
danışaraq bir yerə çıxmaq
Könül xanımın
fikrincə, ailədə anlayış olmalıdır:
“Məncə, məni dünyada Niyazdan yaxşı heç
kim anlamaz, elə
Niyazı da məndən yaxşı heç kim baş düşməz”. Niyaz
bəy də dərhal başını
tərpətməklə təsdiqləyir və əlavə edir: “Olmamalıdır da!”
Könül xanım
gülümsəyib davam edir:
“Biz öncə bir-birimizi
başa düşməyə
çalışırıq. 7 ildir ki, ailəliyik, arada
söz-söhbətlərimiz də olub. Amma hamısını danışaraq həll etmişik. Ən çox
uşaqların üstündə savaşırıq. Əsas bir-birini anlamaqdır. Hərdən olur ki, Niyaz
əsəbiləşir, mən susuram,
danışmıram. Keçirəm o biri tərəfə. O dəqiqə gəlir ki, danış, de. Biz danışa-danışa bir
yerə çıxırıq. Ya küsürük, ya
barışırıq, amma
danışa-danışa”. Niyaz bəy
də əlavə edir: “Ailənin
içində danışmadınsa, fikrini
demədinsə, istər-istəməz soyuqluq
yaranır. Fikirlərimiz üst-üstə
düşməyə bilər. Amma
danışaraq bir yerə
çıxmalısan! Biz ən böyük davaların ortasında belə zarafat edə bilirik. Bu, mənim çox xoşuma gəlir. Davanın şirin
yerində mən qışqırıram, Könül
də ağzımı əyir. Özümü
saxlaya bilmirəm, gülmək tutur məni. Adam bilmir gülsün, yoxsa əsəbiləşsin”.
Qəfil verilən sual
Niyaz bəy deyir ki, əvvəlki nəsil ailələr daha konservativ, daha qapalı idi: “İndi bütün dünyada qloballaşma gedir, qapana
bilməzsən. İstər-istəməz sən də
dövrlə ayaqlaşmalısan. Bu
sənətin içindəsənsə, cəmiyyətə
də inteqrasiya etməlisən”. Könül xanım da fikrini bildirir: “Bizim vaxtımızda atam televizora baxırdısa, həddimiz nə idi ki, kanalı
çevirək?! Amma indi
elə deyil. Biz oturub televizora
baxırıq, qızımız gəlib kanalı
dəyişir”.
Niyaz: “Belə məqamlarda mən
əvvəlki nəslin tərəfdarıyam. O, icazə
almalıdır”. Könül: “Mən uşaqlara bir az azadlıq verməyi sevirəm,
çalışıram ki,
istədiklərini yerinə yetirim. Amma Niyaz əksinə, bir az
tələbkardır. Düşünürəm ki, ailədə biri
elə, biri belə olmalıdır ki, sağlam
düşüncəli uşaqlar böyüsün. Niyaz
həm də tənbəldir. Bəzən nəyisə
etmək lazımdır, harasa
getməlidir, amma həvəsi olmur. Mən deyirəm ki, yox, sən mütləq ora
getməlisən. Ona dəstək
göstərirəm, stimul verirəm.
İstəyirəm ki, daha
çox üzdə olsun,
daha çox görünsün”. Və müsahibənin bu yerində müsahiblərim mənə
qəfil sual verirlər: “Sizcə,
hansımız od, hansımız suyuq?” İkisinin də
üzünə diqqətlə baxıram. Nə yalan deyim?
Təəccübləndim. Amma bir qərar verməliydim və cavabım:
“Mənə elə gəlir ki, məqama
görə dəyişirsiniz. Bəzən Niyaz
od olur, Könül su,
bəzən də əksinə. Amma
görünüşcə Könül daha aktiv olsa
da, hiss edirəm ki, daha çox
sudur. İkisi də gülür və sözümü
təsdiqləyirlər.
Ət yeməsə, ac
qalır
“Niyaz daha çox hansı yeməyi sevir”
sualıma ikisi də bir
ağızdan “qızardılmış toyuq”
cavabını verir və
gülürlər. Könül: “Niyaz ət yeməsə, ac
qalır. Mən tərəvəzlə də dolanaram.
Amma Niyaz ət olmasa, elə bil heç nə yeməyib”. Niyaz
bəyə “Könül xanım üçün məxsusi yemək
hazırlayıbsınız” sualını verirəm, yenə
də ikisi bir
ağızdan cavab verir:
“Bir dəfə səhər yeməyi!”
Və yenə də gülürlər. Könül:
“Evlənəndən sonra bircə
dəfə mənim üçün
məxsusi səhər yeməyi hazırlayıb. Və deyib ki, bu,
elə bir dəfə olacaq.
Doğrudan da, bu, elə bir dəfə oldu”. Niyaz
söhbətə qarışır: “Necə yəni bir dəfə? O qədər olub
ki, sən çəkilişdə olubsan, mən hazırlamışam”. Könülün cavabı: “Onu
hamı üçün, ümumi
edibsən. Mənim üçün
məxsusi isə bircə dəfə!” Könül
xanım deyir ki, Niyaz zarafatcıldır, deyib-güləndir, amma tərs üzü
dönəndə görməyəsən! Niyaz
isə özünün belə
xarakterizə edir: “Mən emosionalam.
Məsələn, kompüterdə oyun oynamaq istəyirəm, otururam
ki başlayım, Könül
nə üçünsə çağırır. Durub gedirəm, qayıdıb otururam,
yenə də çağırır. Bax onda dəli oluram”. İkisi də gülür.
Qısqanclıqla bağlı sualıma Könül
xanım belə cavab verdi:
“Niyaza sosial
şəbəkələrdə çox
yazırlar. Düzdür,
qısqanıram, amma əhəmiyyət
vermirəm. Niyaza etibar
edir, inanıram. Niyaz heç vaxt o həddə çatdırmır ki, o söhbət böyüsün, şişsin,
aramızda problemə çevrilsin”.
“Yıxılmaqdan qalxmaq” dövrünün insanları
Heç özümüz
də bilmədən ailə söhbətindən sənət
söhbətinə keçdik. Niyaz Qasımov deyir ki, serial sektorunda
əsasən maliyyə çatmır: “Əsas odur ki, inkişaf
mərhələsindədir. Bu, elə bir sferadır ki, hər şey görüntüdən
asılıdır. Baxanda bilirsən ki, serial “kasıbdır”, yoxsa “imkanlı”. Son zamanlarda Türkiyədə
çəkilən seriallarla
müqayisə olunur bizim
seriallar. Mən bunu düzgün hesab
etmirəm. Çünki çox
şey maddiyyata
bağlıdır. Çəkiliş kamerasından, drondan, lentdən tutmuş
hər şey pula
bağlıdır. Mən hələ aktyorların
qonorarından danışmıram. Bu, başqa bir
məsələdir, amma əsas odur ki, inkişaf
gedir. Bizdən əvvəlki nəsil
90-cı illərdə potensiallarını göstərə
bilmədilər. Çoxu
sənətdən uzaqlaşdı getdi. Amma kifayət qədər istedadlı
idilər. Onlara bəzən “məhv olmuş nəsil” deyirlər”. Könül
xanım da söhbətə qoşulub bildirir ki, müqayisəni düzgün
hesab etmir:
“Türklərin çəkdiyi seriallardan
danışırıqsa, onların da bundan 30 il əvvəl
çəkdiyi seriallara baxsaq,
elə də keyfiyyətli deyil.
Sadəcə onlar inkişaf
ediblər, bu sənayenin
üstündə işləyiblər deyə bu
gün bu
səviyyədədir. Bizdə də bu
sektor hələ təzəlikcə
fəaliyyətə başlayıb. Aşağı-yuxarı
10 ildir ki,
mütəmadi olaraq seriallar
çəkilir bizdə. 1-ci Qarabağ
savaşından sonra, SSRİ
dağılandan sonra incəsənət
aləmi sıfıra endi və hər şey yenidən yavaş-yavaş
başladı. Hesab edirəm ki, biz hələ bir az xoşbəxt
nəsilik ki, o inkişafda varıq. Bizdən sonrakı
nəsil isə lap xoşbəxtdir, onlar o inkişafı tam görəcəklər. Biz
“yıxılmaqdan qalxmaq” dövrünün
insanlarıyıq. Mən karyeraya başlayanda özümü
serialda, filmdə yox,
ancaq teatrda görürdüm. Çünki
yox idi. Amma bu gün
teatrdan başqa
filmlərə, seriallara, reklamlara
da çəkilirəm. Ona
görə də Türkiyə ilə müqayisəni bir o qədər də doğru hesab etmirəm. Çox adam mövcud şərtləri bilmədən
danışır”. Niyaz bəy
əlavə edir: “Türklər bir şeyi düzgün
ediblər ki, serial işini sənaye kimi
formalaşdıra biliblər. Yəni bu
işdən maliyyə əldə etməyin yolunu
tapıblar. İşə pul qoyur, satır və beləcə, pul qazanırlar”.
“Romeo və Cülyetta”nı ya daş
dövründə qur, ya
da kosmosda
Könül xanım
həm aktrisa, həm də rejissordur. O deyir ki, hazırda teatrda
yaxşı pyes yazan
gənc nəsil çatmır: “Teatr
yaxşı pyesdən başlayır. Dramaturgiyamız var, amma daha
da güclü
olmasını istərdim. Klassik
dramaturgiyamız əladır, müasirimiz
bir az zəif.
Stimullaşdırmaq lazımdır ki,
gənclər yazsın. “Filankəsdən bir
də gəlməyəcək” deyirlər. Gəlməsin. Qoy o olduğu
kimi qalsın, klassikamızdır. Amma yenilərini də inkişaf
etdirmək lazımdır. Bundan başqa, klassik
əsərlərin dekonstruksiyası da
maraqlıdır. Hər bir rejissorun baxışı var.
Əsərin ana xətti, ideyasını saxlamaqla, formasını dəyişmək
gözəldir. Mən rejissor kimi müasirliyin
tərəfdarıyam. Aktrisa kimi də bu cür rejissorlarla
işləyəndə sevinirəm”. Niyaz
bəyin fikrincə isə indi də
yaxşı yazanlar var:
“Bəzən deyirlər ki, daha əvvəlki kimi
yaxşı əsərlər yazılmır. Elə şey yoxdur.
Azərbaycanın suyu, torpağı
həmişə istedadlar yetişdirib,
yetişdirəcək də. Kimsə yeniliyi
qəbul etmirsə, məsələn, elə Şekspiri
kitabdan oxusun.
İnsanın təxəyyülü bütün
tamaşalardan gözəldir. Bilirsiniz, rejissorun öz yozumu
olmalıdır. Köhnəni məhv etməmək,
əlaqəni itirməmək şərtilə
əsərlərə yeni baxış
mütləq olmalıdır”. Və Könül
xanım da əlavə edir:
“İstəyirsən “Romeo və
Cülyetta”nı daş
dövründə qur, istəyirsən kosmosda. Əsərin məğzini saxlamaqla istənilən cür
tamaşa qurmaq olar. Əsas odur ki, tamaşaçıya maraqlı olsun”.
“Rejissor kimi
zəhlətökəndir”
Niyaz bəy deyir ki, xarakterik obrazları
oynamağı sevir: “Bəyaz Şedevr” tamaşasında Könül
narkomanın anasını, mən də bariqanı
oynayırdım. O bariqa xarakterik
obrazdır. “Yuxu kimi”
serialında da Cövdət bu cür obrazdır.
Hər ikisini çox
sevirəm. Bu cür obrazlar yaratmaq, sevdirmək
zövq verir mənə.
Tamaşaçıların Cövdətə xüsusi
marağını duyuram. Xoşuma
gəlir.
Könül çox rahat aktrisa olduğunu,
istənilən rejissorla işləyə
biləcəyini deyir. Niyaz
bəysə narazı sifətlə, həm də zarafatyana əlavə edir:
“Amma rejissor kimi zəhlətökəndir (ikisi
də gülür). Adamın suyunu çıxardır. Mən teatr məşqlərində çox
zarafat edirəm, deyirəm,
gülürəm, o da
cırnayır. Hirsini çıxmaq üçün deyir ki, bir də
əvvəldən! Biz də dəli oluruq. Amma işdə olan heç bir problemi, söz-söhbəti
evə gətirmirik.” “Bəs “evdə rejissor kimdir” sualıma Könül xanım belə cavab verdi:
“Bir-birimizlə bütün
işlərimizi razılaşdırıb
edirik. Mən hara gedirəmsə,
ona mütləq deyirəm. Harasa “getmə”
deyirsə, bunun da bir səbəbi
olur. Amma aramızda xüsusi
qadağalar yoxdur.
Onun da bir işi
olsa, amma eyni zamanda mənə
də lazım olsa, oz işini mənə görə təxirə sala bilər. Mən də ona görə”.
Uşaqlar üçün oynamaq
Uşaqlar üçün oynamaq daha çətindir. Çünki
uşaq gördüyünün
dovşan, tülkü,
qoğal və s.
olmasına inanmasa, baxmayacaq.
Hər ikisinin də uşaq
teatrının aktyoru olduğunu
nəzərə alıb bununla da maraqlandım. Niyaz deyir ki, uşağın xoşuna gəlmədisə, onun
diqqətini cəlb edə bilmədinsə, o
səhnəyə baxmayacaq, darıxacaq, ora-bura vurnuxub səs salacaq. Könül də fikri tamamlayır: “Fidan qoğal” tamaşasında Balış
obrazındayam. Hamısı gözlərini bərəldib
baxır. 3 dəqiqədən sonra uşaqlar artıq inandılar ki,
mən balışam. Orada oyundan
çox səmimiyyət
göstərmək lazımdır. Olur ki, birdən uşaq
yerindən nə isə deyir. Mən onun sözünə hörmət edirəm,
ünsiyyətə girirəm. O anlayır ki,
fikirləri mənə maraqlıdır”.
Bloggerlərlə bir meydançada
Niyaz bəy deyir ki, indi seriallarda
aləm dəyib bir-birinə: “Son vaxtlar dəb halına düşüb,
bloggerləri də seriallara
çəkirlər. Onların əziyyətini yerə vurmuram. Onların öz işi var. Çəkib
paylaşdıqları videolar
maraqlıdır, sevilir də”. Könül xanım fikrin
davamını gətirir: “Aktyorlarla
bloggerlər bir çəkiləndə meydançada problem
yaranır, əziyyət olur. Mən onun üçün
oynayıram, o isə mənim üçün oynamır. Verdiyimi
ondan ala bilmirəm.
Onları reklam, reytinq
xətrinə gətirirlər seriala.
Bəlkə də “sitkom”da,
komediyada gedər, alınar, amma dramatik janrda
alınmır. Bloggerlər, məsələn, teatrda
işləyə bilməz. Oradakı məşqlərə,
əziyyətə tab gətirə
bilməzlər. Aktyor plastilin
kimi olmalıdır. O qədər
potensiallı olmalıdır ki, lazım olanda Ezopu oynasın,
lazım olanda Dərviş Məstəli
şahı”.
Xanım, Aydın.
Kaspi.- 2022.- 27 avqust.- S. 8-9.