İnsan alveri qurbanları: müsabiqələr vaxtı yada düşən mövzu

 

İki-üç gün olar ki, mətbuat diqqətimi insan alveri qurbanları, onların problemlərinə üstünlük verməsi ilə cəlb elədi. Bu mövzu toxunmadığım mövzudur. Baxmayaraq ki, bu barədə kompyuterin yaddaşında xeyli material var. Öyrəndim ki, bu canlanma əbəs deyilmiş. Azərbaycanda İnsan Alveri Əleyhinə Şəbəkə insan alverinə və əməyin istismarına qarşı mübarizə, insan alveri qurbanlarının müdafiəsi və cəmiyyətə reinteqrasiyası sahəsindəki vəziyyət barədə material hazırlamış yurnalistlər arasında müsabiqə elan edib. Səmimi deyirəm, bu müsabiqədə qalib gəlmək şansımı "sıfır"a bərabər dəyərləndirib, iştirak etmədim. Amma bu mövzuya ilk və sonuncu dəfə toxunmaq istərdim. Yalnız bir prizmadan. Azərbaycan mətbuatı və QHT-lərin insan alveri probleminə yarıtmaz yanaşması prizmasından.

Şəxsi qənaətimdir ki, mətbuat məsələyə çox səthi yanaşır. Bizim yurnalistlərin təsəvvüründə insan alveri fahişə həyatından yazmaq, onların bu yola düşməsini xatırlatmaq və uşaq alqı-satqısından o tərəfə keçmir. Sərt desək, redaksiyada oturub Dubay küçələrindən reportay hazırlayan primitiv yurnalist təxəyyülü çərçivəsində. Mətbuatın yanaşma tərzi "Neftçilər metrosunun yanı", "rayondan "çörək" dalınca gələnlər", "əri atıb, Rusiyaya gedib", boşananlar, "iş yeri yoxdur" arqumenti, "xəstəlik yayıcıları", "hüquq-mühafizə orqanları göz yumurlar" sayaq dar çərçivədə qapanıb. İnanın ki, redaksiyada oturub bu mövzu haqda yazanların məqaləsini oxumadan, həmin cızmaqara haqda ehtimal etmək olur. Sadəcə, qondarma adlar dəyişilir. Onlar da "adlar şərtidir" qeydləri ilə. Guya ki, Sevinc, Aysel, Fatmanisə deyən kimi böyük bir sirrin üstü açılır, ya da fahişəliklə məşğul olduğuna görə onun cəmiyyətə reinteqrasiyası mümkün olmayacaq. Sanki, QİÇS xəstəliyinə yoluxmuş bir qızın adını və fotosunu ictimailəşdirməklə onu cəmiyyətdən təcrid edən mətbuat olmadı. Anonimlik o yerdə qorunar ki, cəmiyyət həssas olsun, adi nüans belə diqqət yayınmasın.

Diqqət yetirək: "Şərcə şəhərindəki hotellərdə müştərilərlə "görüşən" Səkinə hər belə "randevu" üçün 100 dollar alırdı. Bu məbləğin 15 dolları hotel ətrafındakı əraziyə "nəzarət" edən dəstəyə, 20 dolları "qulluqda duran" taksi sürücüsünə, 40 dolları "banderşa"ya, 5 dolları yaxınlıqda polis olub-olmadığına nəzarət edən şəxsə, 20 dollar isə Səkinənin özünə qalırdı...". Başqa birisi: ..."Gülnigar" dedi ki, İstanbulda olduğu müddətdə bir çox azərbaycanlı qızlarla rastlaşıb. Təbii ki, etalon mövzu: "...ərim atıb gedib, iki uşağımı dolandırmaq üçün bu işə başladım. Gözümü açıq gördüm ki, çirkabın içindəyəm".

Müsabiqəyə yazı təqdim edənlərin məqalələrini gözdən keçirdim. Qələminə hörmət etdiyim kifayət qədər yurnalist var ki, bu mövzuya toxunub. Etiraf edirəm ki, məyusam. Statistika, ekspert rəyi, rəsmi qurumların fəaliyyətsiziliyi, korrupsiya, cəzasızlıq... Vəssəlam. Bu, Azərbaycan mətbuatının qeyd edilən mövzunu görə biləcəyi prizmadır. Təəssüf ki, belə bəsitik.

Mən insan alverinə bu cür yanaşmanın nə vaxtsa effekt verəcəyinə inananlar qədər sadəlövh deyiləm. Bunu yazmaqla da özümü ağıllı göstərmək fikrindən çox-çox uzağam. Amma indiyə qədər ürəyimdə yığılıb qalmış, sadəcə, mövzunun yersizliyini görüb yaza bilmədiklərimdən danışmaq istəyirəm.

Gəlin bir az dərindən baxaq görək insan alveri nədir? İnsan alveri müasir dünyanın ən ağrılı problemlərindən biridir. Seksual istismar, qul əməyi, borc köləliyi, uşaq əməyinin istismarı, məişət zorakılığı və məişətdə qul əməyi, dilənçiliyə məcbur edilmə, insanlardan hərbi əməliyyatlarda zor gücünə istifadə və bəşəriyyətin ən dəhşətli cinayəti sayılan sağlam insanların orqanlarının satın alınması üçün faydalanmalıdır. İnsan alveri qlobal bəladır. Bu bəladan heç bir dövlət sığortalanmayıb. İnkişaf etmiş Belçikadan, rəzil gündə yaşayan Qabona qədər.

Mətbuat nə yazır? "24 yaşlı Esemgül Şexnayeva Qırğızıstandan Dubaya gələndə nə işlə məşğul olacağını bilirdi. Ona varlı ərəb ailələrindən birində qulluqçu işləyəcəyi, ayda 1200 dollar maaş alacağı deyilmişdi. Amma Dubaya çatanda bütün sənədləri əlindən alındı, "İmperial" hotelinin ikinci mərtəbəsindəki otaqdan çıxarılıb şəhər kənarındakı evə aparıldı və orada 10 qadına qatıldı. Sonra da vəhşicəsinə döyüldü, dəfələrlə zorlandı və fahişəliyə vadar edildi". Və yaxud "Fahişəlik biznesi bu işlə məşğul olanlara ildə orta hesabla 304 milyard dollar gəlir gətirir. Fahişəlik edən qadınların arasında hətta ali təhsilli həkimlərə, hüquqşünaslara, mühəndislərə rast gəlinir". Yenə də yalnız statistika və yurnalist təxəyyülü. Nəticə? Sıfır effekt.

Hələ görməmişəm ki, mətbuat, Avropa dövlətləri və ABŞ-da, həmçinin əksər beynəlxalq sənədlərdə fahişəlik məcburi, könüllü və üçüncü şəxslər tərəfindən istismar kimi üç qrupa ayrılırsa, Azərbaycan qanunvericiliyində belə bölgü yoxdur" mövzusunu qabartsın, bunu araşdırsın, nəticələrini ortaya qoysun. Başqa bir məqam. Bir müddət mətbuatda fahişəliyin leqallaşması mövzusu gündəmdə idi. Mən həmin dövrü itirilmiş dövr sayıram. Həmkarlarımız anlamırdılar ki, fahişəliyin leqallaşması insan alverinin bir qoludur. Əgər Azərbaycan insan alverinə qarşı mübarizə aparırsa, digər tərəfdən leqallaşma ilə bağlı qərar verirsə, deməli, özü öz apardığı mübarizəyə qarşı çıxır. Mətbuat bunu anlamaq istəmir. Hollandiya narkotikin, seksin azad dövriyyədə olduğu bir ölkədir. Hollandlar özləri hesab edirlər ki, bu ölkədə kartof, qələm və ya süpürgə almaqla gedib qadın almaq eynidir. Bura bir əsl insan bazarıdır. Bunu fikirləşmisinizmi?

Burada qınanılası tək mətbuat deyil. Nə verdilər ki, yazmadılar? Burada "verdilər" deyəndə bu işdə ixtisaslaşmış QHT-lər və müvafiq qurumların verə biləcəyi və yaxud verməyə borclu olduqları informasiyadan gedir. Bax, buna görə bir nömrəli tənqid olunacaq sektor varsa, o da QHT-lərdir. Çox nadir hallarda rast gəlmişəm ki, QHT-lər və mətbuat gücünü toplayıb heç olmazsa "kim qurban ola bilər?" mövzusunda layihə hazırlasınlar. Maarifləndirmə və məlumatlandırma deyirlər buna. Mütəxəssislər hesab edirlər ki, nə leqallaşma, nə inzibati resurslar bu problemin aradan qalxmasında kömək edə bilməz. Bu, əsrlərin bəlasıdır. Tarixin gərdişi göstərib ki, fahişəliyə qadağa qoymaqla, inzibati tədbirlər görməklə problemə qalib gəlmək mümkün deyil. Nə tonqallar, nə həbsxanalar, nə partiya qərarları bunun qarşısını almayıb. Nə qədər ki, insan var, onun təbiəti bu biznesə meyil edəcək. Birini biznes marağı, digərini fizioloyi tələbat çəkir.

Dediyim odur ki, QHT-lər mətbuat vasitəsilə, sosial reklamlarla bu iyrənc cinayətin qurbanlarının təhsili olmayan, savadsız, imkansız, sosial problemli qadın və qızların olduğunu bağırıb çatdırmalıdırlar. Bu sıraya qanunsuz miqrasiyanın bu cinayəti sürətləndirən əsas stimullaşdırıcı amil olduğunu, xaricə iş dalınca getməyi, təhsil adı ilə aldanmağı, "intersevgili" axtarmağın sonda acı nəticələr verəcəyini də əlavə etmək olar. Uşaq evlərində böyüyən qızlar, çoxuşaqlı ailələrin övladları, alkoqoldan və narkotikdən əziyyət çəkənlərin ailəsində böyüyənlər, kimsəsiz uşaqlar potensial qurbanlardırlar. Mənə cavab verən tapılarmı sonuncu dəfə hansı QHT və yaxud kim uşaq evlərində böyüyən qızların internatdan sonrakı həyatını araşdırıb, onların cəmiyyətdə tutduqları yeri müəyyənləşdirib, statistikasını aparıb? Bəlkə alkoqol aludəçilərinin, meşşan həyatı keçirənlərin övladları ilə maraqlananlar olub? Rast gəlməmişik. Bəlkə bu sahə üzrə ixtisaslaşmış ekspertlər, QHT-lər "sosial yetimlik" deyilən bir mövzu haqda müzakirə açıblar?

Bunlar belə. Şəxsən ictimai-siyasi prosesləri diqqətdə saxlayan biri kimi deyirəm, mən heç insan alverinin növləri haqda broşür buraxan QHT ilə rastlaşmamışam. Təbii ki, bu, "rast gəlməmişəmsə, olmayıb" iddiası deyil. Amma oxuculara və bu sahədən məlumatı olanlara müraciət edirəm. Bəlkə hansınızsa seksual istismar, fahişəliyə məcbur etmə, pornoqrafik filmlərə çəkiliş, qul əməyi, uşaqların və əlillərin dilənçiliyə məcbur edilməsi, transplantasiya üçün uşaq alverinin mövcudluğu haqda məlumatları özündə birləşdirən və bunuları insan alverinin bariz nümunəsi olduğunu deyən bülletenə rast gəlmisiniz? Və bütün bunların fahişəlik biznesi, insan orqanlarının transplantasiyası, insan orqanizmində tibbi eksperimentlər aparmaqla yeni kəşflər etmək və iri məbləğdə pul qazanmaq, övladlığa götürmək adı ilə satılmaq kimi dəhşətli cinayətin tərkib hissəsi olduğunu açıq deyən, məhz problemin həllini bunun qarşısını almaq üçün güclərin birləşməsinə yönələn çağrışları eşitmirik. Aydın məsələdir ki, bülletenlə iş aşmır. Biz gündəlik, fasiləsiz mübarizədən danışırıq. Eşitdiyimiz və oxuduqlarımız identikdir: "Postsovet məkanında qadın alverinin yaranması və yayılmasının səbəbləri tamamən eynidir" deyilir, Azərbaycanda qadınların müxtəlif ölkələrə "bədənsatma" məqsədilə yola düşməsinin başlıca səbəbi imkansızlıqla bağlanır, xarici ölkələrə əmək miqrasiyası sahəsində ən "rahat" yolun məhz fahişəlik olduğu göstərilir, daxili problemlərə isə "traffiking" və insan ticarəti qurbanları olmuş qadınların hüquqlarını yetərincə müdafiə edəcək qanunların yoxluğu car çəkilir.

Əslində isə bu qadınların beynində olan "bundan pis olmayacaq" prinsipi ilə yaşayıb, müxtəlif gözqamaşdıran təkliflərə razılıq vermələrinin və bu addımların sonrakı nəticələrini düşünməmələrinin qarşısını almaq lazımdır. Onlara anlatmaq lazımdır ki, nə Türkiyə, nə Avropa, nə də ərəb ölkələrində onları səbirsizliklə gözləmirlər. İş yeri almaq da çox çətindir. Xaricdə işləmək istəyən və bu məqsədlə müxtəlif işədüzəltmə şirkətlərinə müraciət edən azərbaycanlı qadınların nəzərinə çatdırmaq istərdim ki, onlara imzalamaq üçün verilən kontraktlarda ali təhsil, iş stayı, xarici dilləri bilmək kimi tələblər yoxdursa, deməli, onlar fırıldaqçılar və ya qadın tacirləri ilə üzləşiblər. Görəsən, məlumatlıdırlarmı ki, Birləşmiş Ərəb Əmirliklərində, Dubay şəhərində artıq "azəri qadınları qəbristanlığı" var. Bu qəbristanlıqda Dubaya fahişəlik məqsədilə gələn, sonra isə BƏƏ-də vəfat etmiş qadınlarımız torpağa qumlanıb. Yerli ərəblər həmin qəbristanlığa "murdarxana, rəzalət yeri" deyirlər. Bu, mal bazarıdır, əsl mal bazarı. Bu qadınları inandırmaq lazımdır ki, yeni müştəri ilə görüşə gedən qurban özünü risk altına qoyur. Çünki ekspertlər fahişəliyi tibbi risk, kriminal zorakılıq və məhkəmə izləməsi risklərindən təhlükəli sayırlar. Bunları inandırmaq lazımdır ki, xaricdə deportasiya, xəstəliyə tutulmaq, ən nəhayət, sağ qalmamaq təhlükəsi var. Mətbuat yazır ki, cinayətin qurbanları danışıqlara gəlmirlər, onlar "ölməz mafiya"dan qorxurlar. Demək iş düzgün qurulmayıb. Necə olur ki, Hollandiyada, Belçikada ildə 200-300 qadın yalnız insan alverinin qurbanı olduqları üçün Avropanın ən varlı ölkələrindən sığınacaq alıb yaşaya bilirlər, amma bizdə problemlərini telefonla da çatdıra bilmirlər. Günah kimdədir? İnamsızlıq yaradan, onlarla işləməyi bacarmayanlarda. Mətbuatda, QHT-də, buna məsul məmurda...

Problemin kökünü axtarmaq lazımdır. "Qaynar xətt", "etimad telefonu" və s. bunlar hamısı məlumatlandırma və maarifləndirmə üçün əhəmiyyətli vasitələrdir. Amma çıxış yolu kimi görünən bu metod Azərbaycanda effektlidirmi? Görəsən, bu insanlar inanırlarmı ki, ibtidai sinif savadı belə olmayan, öz səfehliyindən və sadəlövhlüyündən tora düşmüş Gülsənəm "etimad" sözünün mənasını anlayır?

1996-cı ildə Beynəlxalq Miqrasiya Təşkilatının (MOM) insan alveri ilə bağlı bir hesabatı dərc olunmuşdu. Hesabat statistik rəqəmlərlə, ekspertlərin rəyi ilə, tranzit şəbəkənin coğrafiyası, cinayətin növləri, qurbanlar haqda ətraflı məlumatlarla zəngin idi. Həmin hesabatda diqqətimizi cəlb edən bir məqam İsveçrəyə rəqqasə adı ilə aparılanların statistikası ilə bağlı oldu. Bəlli olur ki, bu ölkəyə Şərqi Avropa və MDB dövlətlərindən miqrasiya edən gənclərin böyük əksəriyyəti viza almaq (Avropda ən sərt viza reyimi bu ölkədə idi-müəl.) üçün məhz bu sənətin peşəkarı olduqlarını əsas gətiriblər. Bu incə məqamı diqqətdə saxlayan təşkilat nümayəndələri öyrənə bilmişdilər ki, növbəti 2-3 ildə İsveşrədən deportasiya edilən 275 qadının hamısı məhz "rəqqasə"lərdir". Demək istədiyimiz odur ki, bizim QHT-lər Azərbaycanda fahişələrin statistikasını aparmaqdansa, Dubaya, Türkiyəyə, Pakistana, Malayziyaya, Çinə miqrasiya edənlərin problemlərinin kökünü arasınlar. Sosial problemlər, maliyyə çatışmazlıqları, borc səbəb deyil. Kökdə dayanan "predmetləri" aşkar etmək lazımdır.

Nəhayət, sonuncu iradım. "İnsan alveri" üzrə ixtisaslaşmış elə bir beynəlxalq qurum yoxdur ki, gənclərin seksual mədəniyyətinin formalaşması üçün maarifləndirmə və məlumatlandırma işində öz sözünü deməsin. Bizdə bunu görməmişik. Qoruyucu vasitələri paylamaqla iş bitmir. Azyaşlıların, orta məktəb şagirdlərinin ilk "sevgi aktı" haqda araşdırmanı qoyaq bir tərəfə, mentalitet, "ayıbdır" alibiləri əsas gətiriləcək, heç sosioloyi sorğu da keçirmirlər. Azyaşlı qızların zorla ərə verilməsi, orta məktəb şagirdlərinin veneroloyi xəstəliklərə yoluxması, küçə uşaqlarının əxlaqsızlığa cəlb edilməsi problemi böyük araşdırma mövzusudur. Yəni bunu anlamaq belə çətindir ki, qeyd edilənlər potensial qurbanlardırlar.

İrad tuta bilərlər ki, niyə bu barədə, sən, yəni mən, yurnalist olaraq yazmıram. Cavabım çox sadədir. Mən bu mövzu haqda yazmaq fikrindən uzağam. Birincisi, mentalitet var, ikincisi, problemin bu həddə qədər şişməsinin səbəbini başqa amildə görürəm. O haqda yazmaq isə qəzet mövzusu deyil.

Maraq xatirinə belə bir təcrübəni sınaqdan keçirdik. "18 yaşım var. Bakirəliyimi təcrübəli və varlı kişi ilə itirmək istəyirəm. Qiyməti 5 min manat". Bunu yazıb, tanışlıq saytlarında "çat"laşan azərbaycanlılara göndərdik. İki gün ərzində 1100 məktub aldıq...

 

 

Sənan NƏCƏFOV

 

Kaspi.-2009.-28 aprel.-S.8.