Qarşısı alına biləcək ölüm səbəbi 

 

Və yaxud intihara hansı yollar aparır?

 

Qayğılar, problemlər insan ömrünün bənzərsiz ştrixləridir və onların süni yolla aradan qaldırılmasına əsla ehtiyac yoxdur. Bəlkə də əksinə, hər bir fərdin qayğılarla baş-başa qalmasına daha çox şərait yaratmağa ehtiyac var. Bir şərtlə ki, o qayğılar ağuşunda, təzadlı düşüncələr aləmində humanist xarakterli, bəşəri əhəmiyyətli, təbiətə, gözəlliyə hörmət mahiyyətli, təkamül və ümummilli tərəqqiyə xidmət edən müsbət notlu hisslər mütləq çoxluq təşkil etsin. Həyati qayğıların insanın formalaşmasındakı rolu isə danılmazdır. Branislav Nuşiç yazırdı: "İnsanı gündəlik qayğılardan azad etmək bəşəriyyət qarşısında ən böyük cinayətdir". H.Flober isə məsələyə belə yanaşmışdır: "Gülmək, ağlamaq, sevmək, işləmək, ləzzət almaq və məyus olmaq lazımdır, bir sözlə, daim həyəcanda olmaq lazımdır. İnsanlığın əsl mahiyyəti bundadır". Məhz bu iki amil - daimi insani qayğılarla yaşamaq və nümunə götürmək imkanları şəxsiyyətin formalaşmasında gözəgörünməz, lakin təkanverici qüvvə rolunu oynayır. Bəs, bu qayğılar intihar yolunda irəliləyişə sürükləyən əsas amillərə çevrilərsə, necə? Son zamanların müxtəlif mahiyyətli, lakin eyniməqsədli sosial araşdırmaları və elmi tədqiqatları bir sıra alimlərin yaşam mənbəyi kimi qiymətləndirdiyi "sosial qayğılar"ı intiharın səbəbləri arasında ilk yerlərə məhkum edib.

Filosoflar insanı tarixi prosesin, maddi və mənəvi inkişafın subyekti və aydın nitqə, təfəkkür və şüura malik olan biososial varlıq adlandırırlar. İnsan mənəvi və fiziki kamilliyin həqiqi vəhdəti idealını təcəssüm etdirən bütöv, hərtərəfli inkişaf etmiş şəxsiyyətdir. Lakin getdikcə faktların sayı gündən-günə çoxalır- şəxsiyyət bütöv və hərtərəfli ola bilməməyin taleyinə vurduğu damğalardan təmizlənməyin, o cümlədən, qumar borcuna çevrilmiş sosial qayğıların gətirdiyi mütəmadi "başıaşağılıq"dan qurtulmağın yeganə çıxış yolunu özünəqəsddə tapır. Ölmək cismani olaraq rahatlıq və ruhi təmizlik deməkdir. Geridə qalanları unutmaq və sənə yaşatdıqları üçün hamıya vicdan əzabı çəkdirməkdir. Bəlkə də sənə qarşı edilən səhvlərin başqalarına qarşı təkrarlanmasının qarşısını almaqdır. Bəs, intihar cəmiyyət üçün nədir? Bu sual müzakirə olunan ali məktəb auditoriyasında gələcəyin müəllimləri düşünür ki, bugünkü cəmiyyətdə bu, heç bir təşvişə səbəb olmur. Amma faktların sayının çoxalması qorxu, narahatlıq, təşviş yaradır. Bunun gənclər və yeniyetmələr arasında gözdolduracaq şəkildə çox olması isə savadsızlığın, bar verməyən meyvə ağaclarına bənzəyən psixoloqsuz, peşəkar müəllimsiz, pedaqoqsuz məktəblərimizin, "pulqazanan" funksiyası icra edən "odun" valideynli ailələrimizin, 8 saatlıq iş reyimini 16 saata qaldırmış iş yerlərimizin, fiziki iş qabiliyyətini vəhşicəsinə istismar etmədən fəhləni buraxmayan sahibkarlarımızın varlığı və təəssüf ki, çoxluğu ilə bağlıdır. Məsələn, Azərbaycan xalqı 90-cı illərdə - qızğın müharibə dövründə belə bu qədər intihar faktı ilə cinayət işlərinin sayını artırmamışdı. Lakin 2009-cu ilin ilk beş ayı üçün intihar faktları ilə bağlı açıqlanan statistikada bu rəqəmin 199-a çatdığı bildirilir. Maraqlıdır ki, intihar qurbanlarının çoxu məhz kişilərdir. Ağla ilk olaraq bir sual gəlir? Bu, bütün ümidlərin maddi vəziyyətin heç vaxt yaxşılaşmayacağı fikri ilə nöqtələnməsi ilə bağlı ola bilərmi? Bəs 15 yaşında evlənən qızın toy günü məktub yazaraq özünü öldürməsi nə ilə bağlıdır? Eyvandan sallaşıb arxasından ağlayan övladlarının gözü önündə özünü asan atanın intiharı?

Psixoloqlar son zamanların intiharlarında əsas səbəb kimi dünyanı bürümüş maliyyə böhranını göstərirlər. Lakin nəzərə almaq lazımdır ki, intihar qərarı ani verilmir. Ona uzun, keçməkeşli, təzadlı düşüncələrlə dolu, xoşbəxtlikdən uzaq həyat gəmisində olmaq hissi və tənhalıq sindromu gətirir. İntihar şəxsin hissi, psixi və ya sosial səbəblərin təsiri ilə öz həyatına son qoyması kimi qiymətləndirilir. Bəzən narkotik maddələr qəbulu nəticəsində insanın özünü tənzimləyə bilməməsi-ara və hündürlük məsafələrinin hiss edilməməsi, "uçmaq" arzusu, "asfalta iz salmaq" həvəsi də ölümlə nəticələnsə də, bunlar intihar yox, "əcəl" faktoru ilə əlaqələndirilir. Və son dövrlərdə-hər şeyin mahiyyətini itirdiyi, hamının hər şeyi gördüyü, hamının hər şey istədiyi, qruplaşmış insanların quldarlıq quruluşundakı kimi həyat səviyyələrini belə özəlləşdirdiyi, hər 42 saniyədə bir insanın özünə qəsd etdiyi bir zamanda tükürpədən intiharların əsas səbəbləri:

1. Yeniyetmələr - birinci səbəb-işdən başını qaldıra bilməyən ata oğlunun həyatında onun müqəddəs yerini dolduran narkoman dostları görmür. Eləcə də, əxlaqsız rəfiqələri ana görə bilmir. Atanın yoxluğunu özünəinamsızlıq, təklik, internet, Polat stereotipi qazanmış məhəllə "Makedon"u və kim olduğunu bilmədiyi sevgili, ananın yerini isə məhəlləyə bütün girib-çıxanlar ilə salamlaşan gözəlçə-"parexmaxer" və kiminləsə onu sevgili edən "quşbeyin" rəfiqə dolduracaq. Ayılıb bunları və acı sonları görən valideyn alır əlinə çoxdan vaxtı keçmiş "süpürgə"ni. Olmayacaq, artıq gecdir. Bu zaman başlayır-"səni bu yaşa gətirmişəm, hamıdan yaxşı geyindirmək üçün dəridən-qabıqdan çıxmışam, sağolum budur?" nağılları və romantizm suyu qatılmış daha bir neçə mənasız cümlə. Elə bu dövrlərdə müəllim yeniyetməni səbəbsiz yerə təhqir edir, əl qaldırır. Onun kiməsə vurulmaq, sevmək, sevilmək həvəsi əxlaqsızlıq kimi qiymətləndirilir. Onu başa düşən və yeganə yaşam səbəbi kimi gördüyü sevgi də əlindən alınır. İzolyasiya olunmuş yeniyetmə "universitetə qəbul olmasan, özünü dənizə atarsan" ideyası ilə tənbehlənir. Gözünün önünə kiçik qardaşı gəlir. O da onun yaşadıqlarını yaşayacaq. Çünki bütün bu olanlar üçün səbəb axtarmadı, özündə günah görmədi heç kim-nə ata-ana, nə küt alətə bənzəyən müəllim, nə də qeybətcil qonşular, nə də onun sevgisini alçaldan dostları. Nə lazımdır? - Dərs. Necə?- Ölmüş vicdanları dindirərək, qaysaqlamayacaq yara vurmaqla. Valideyn bunun yolunu da göstərib-dəniz. Və təzə-təzə açmağa hazırlaşan qönçəni şaxta vurur.

2. Gənclər - həyata hardansa başlamaq həvəsinin insanı öz içinə alıb, hər cür dəliliyə sürüklədiyi dövrdür. Tələbəliyin və əsgərliyin min bir iyrəncliyini və dəhşətini görmüş gənc artıq rahat bir həyat qurmaq xəyalları ilə yaşayır. İşsizlik, süründürməçilik, evdəkilərin hər gün min bir ümidlə onun gözünün içinə zillənən baxışları, sevgilisinin tükənməyən evlilik söhbətləri və sonu görünməyən istək siyahısı, pulsuzluqdan dost-tanışla oturub dərtləşmək şansını da itirmək... uzandıqca uzanan və onu ümidsizliyə qərq edən dumanlı düşüncələr. Axı o, fiziki əməklə məşğul ola bilmir, sağlamlığı buna icazə vermir. Yoxdur. İrəliyə yol yoxdur. Bu yol bura qədərmiş.

3. 30-35 yaşlılar - qara səhifələrin hər gün çoxaldığı və "ömrün yarı yaşı krizisi"nin düşüncələrə hakim kəsildiyi təhlükəli dövr. Valideyn itkisi, bunun gündəlik yaşamımızda açdığı böyük boşluq, dostluqda və sevgidə, hətta ailədə xəyanət, xəstəlik, iş problemləri, saysız -hesabsız dəvətnamələr, gedə bilmədiyindən qırılan qohumluq əlaqələri, uşaqların tərbiyəsində ana tərəfə meyillilik, öz qohumlarının qonaq gəlməsindən sonra hər dəfə evdə qopan həngamələr, qayınana-gəlin müharibələri, aylarla davam edən "soyuq müharibə" şəraiti, heç kimin maraqlanmadığı, amma səni hər gün məhv edən sağlamlıq problemləri, uşaqların istəklərinin qarşılana bilməməsi və bununla da, ananın əlinə "kozır" vermək, nələrinsə xətrinə kiminləsə evli qalmaq məcburiyyəti, işdən çıxıb evə getməyin cəhənnəmə getməyə bənzəməsi, hamının pul gözlədiyi bu cəhənnəmdə atanın borclarından heç kimin xəbərinin olmaması... "Artıq yaşamaq yükdür. Ağır bir yük. Əlimdən gələni etdim, amma mən yaşamıram, sadəcə, nəfəs alıram. Onu da istəmirəm. Artıq nəfəs də almaq istəmirəm". Yol bitdi.

Milyonlarla insanın intiharının altında gizli qalan milyardlarla bilmədiyimiz səbəb var ki, biz sadalayıb, izah etməyə qadir deyilik. Çünki insan nə qədər mürəkkəbdirsə, duyğuları ondan mürəkkəbdir, yaşadıqları ömür yolları da duyğuları qədər fərqli, mürəkkəb, dərin, qaranlıq, həyat isə onları bu qədər tez ölümə məhkum edə biləcək qədər sərt, amansız və bağışlamazdır. Çünki həyat özü insana bir dəfə bağışlanır, ağlı ilə yaşayanlar üçün komediya, hissləri ilə yaşayanlar üçün faciədir. Fərqlərə diqqət yetirin. Cinsi zorakılığa, istismara məruz qalmış bir qadın intihar edir və özünü öldürür. Eyni hadisələri yaşamış başqa bir qadın isə çıxış yolunu ölümdə görmür, ona verilən ömür fürsətini layiqincə dəyərləndirir. Doğru vaxtı, düzgün yeri gözləyir və istədiyi xoşbəxtliyi əldə edir. Öz övladlarını da, tərbiyə etdiyi, təhsil verdiyi, müalicə etdiyi körpələri də daha çox maarifləndirir, öz valideynlərinin yol verdiyi səhvləri üstüörtülü şəkildə paylaşaraq valideynləri daha diqqətli, ehtiyatlı olmağa məcbur edir.

Və yaxud borca düşən gənc qorxu və ömür boyu çəkəcəyi tənədən qurtulmaq üçün intihar edir. Digəri isə bunu ailəsi ilə paylaşır. Onun problemləri maddi və psixoloyi cəhətdən aradan qaldırılır.

İntiharın səbəb bazasını təşkil edən ən vacib faktor isə "ÖZÜNÜMÜDAFİƏ" qabiliyyətinin olmamasıdır. Gündən-günə "dediyim dedik", "mən, mənim, mənə", "son söz mənimdir", "özüm bilərəm" frazalarından başqa heç bir tərbiyəvi əhəmiyyətli aforizm şüarlaşdırmayan ərköyün, özündənmüştəbeh gəncliyimizin ən böyük problemi özünümüdafiədir. Dərsə maşınla gedib-gələn, valideynin nəzərində yaxşı təsir bağışlayan "yağ-bal içində, problemdən uzaq böyütmüşük" şəklində tərbiyə alan gənc təbii ki, öz həyatını qurmağa, həyatı kiminləsə paylaşmağa başlayanda, sərbəst qərar vermək vaxtı çatanda büdrəyəcək. Bir-iki büdrəmədən sonra isə o, yaşadığı gözəl günlərin ona bəs etdiyi qənaətinə gələrək intihar edəcək. Niyə? Çünki həyatın nə olduğunu hiss edə bilməyib, ailənin qayğılarından uzaqda qalıb, başqa sözlə, insanın görməli olduğu sosial qayğılardan xəbərsizdir, ona görə də ən kiçik bir sosial qayğı, maddi çətinlik, müvəqqəti darlıq, sıxıntı onu dərhal qorxudur. Meşədə pələnglərlə üz-üzə qalmış adam incidilərək ölməkdən qorxduğundan özünü çaya atdığı kimi, bu cür "hospital nəvazişi" ilə böyümüş gənclər də az ağrılı ölüm formaları seçməyə başlayır.

Bir şeyi əsla unutmayın ki, intihar qarşısı alına biləcək ölüm səbəbidir. Ətrafınızda intihar edib, ailəsini gözüyolda qoyduğu üçün qınadığınız mərhumlara ikrahla baxmayın. Həyat olduqca çətin, yolları dolanbadolandır. Bəlkə də bir gün kimsə sizə elə baxar. Özünüzə sual verin, onu bura gətirən nə ola bilərdi. Fikrinizə gələn mümkün səbəblər nə qədər də çox və müxtəlifdir, elə deyilmi? Bir də sonuncu dəfə mərhum tanışınızın halını xəbər aldığınız günü xatırlayın. Nə qədər də uzaqdır... Bəlkə də xatırlamırsınız. Kimsə sizi axtarırsa, "de ki, evdə yoxam", deməyin. Düşünün ki, bəlkə də siz son ümid yerisiniz. Heç nə verə bilmirsinizsə, ümid verin. Onu bir gün, bəlkə də bir həftə də yaşamağa məcbur edəcək bir ümid. Bəlkə də o ümid yeni bir qapıdır. Atalar belə deyib: "Gün doğmadan nələr doğar". Siz də yeni bir günün doğması üçün ümid verin. Çünki həyat da, ümid də, ağıl da paylaşmaq üçündür. 

 

 

Salmanqızı Elcan

 

Kaspi. -23 dekabr. -2009. – S.9.