AŞ PA-nın məruzəçisi inadından dönüb 

 

Amma Cənubi Qafqazda mədəni irsin vəziyyətini başqa missiya da araşdıra bilər

 

Azərbaycan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Cənubi Qafqazda mədəni irsin araşdırılması ilə bağlı məruzəçisi, britaniyalı parlamentari Edvard Oharanın regiona səfərinin baş tutmasında maraqlıdır. Bu barədə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Rafael Hüseynov məlumat verdi. O qeyd etdi ki, Cənubi Qafqaz ölkələrindəki mədəni abidələrin vəziyyəti 2001-ci ildən AŞ PA-nın Mədəniyyət, Elm, Təhsil Məsələləri üzrə Komitəsinin gündəmindədir. Ancaq bir neçə ildir məruzəçinin regiona səfəri reallaşmır. Hətta bir qədər əvvəl E.Ohara regiona səfər etməkdən imtina etmişdi. R.Hüseynovun sözlərinə görə, artıq məruzəçi inadından dönüb və regiona səfər etməyə hazır olduğunu bildirib.

Millət vəkili dedi ki, E.Oharanın regiona səfəri kompleks araşdırmanı əhatə etməlidir. Məruzəçi həm Azərbaycanın işğal olunmuş ərazilərindəki, həm də Ermənistanda qalan abidələrin vəziyyətini öyrənməlidir. Eləcə də Gürcüstandakı Azərbaycan abidələri və Azərbaycandakı erməni abidələrinin vəziyyəti araşdırılmalıdır. Amma Ermənistan təkid edir ki, E.Oharanın səfəri Naxçıvan Muxtar Respublikasının Culfa rayonundakı erməni qəbiristanlığından başlasın. Azərbaycan tərəfi isə araşdırmaların Dağlıq Qarabağdan, işğal altındakı digər rayonlardan başlamasını istəyir. Bundan əlavə, Azərbaycan istəyir ki, məruzəçi Dağlıq Qarabağa Ermənistandan deyil, Azərbaycan ərazisindən getsin. Çünki Dağlıq Qarabağa Ermənistan ərazisindən getmək Azərbaycanın müstəqilliyinə aşağıdan yuxarı baxmaq deməkdir. R.Hüseynovun sözlərinə görə, bütün bunlar Avropa Şurasının özünün müəyyənləşdirdiyi prinsiplərə uyğundur: "Bu baxımdan əgər cənab Ohara səfərin baş tutmamasının günahını bizdə axtarırsa, məsələyə düzgün yanaşmır. Avropa Şurası daim Azərbaycanın müstəqilliyini tanıdığını bildirib. Ermənistanın təcavüzkar olduğu da təşkilatın qəbul etdiyi sənədlərdə əksini tapıb. E.Oharanın regiona səfər formatı da elə olmalıdır ki, o, Cənubi Qafqaz ölkələrinin üçünə də eyni vaxtda səfər etməlidir".

R.Hüseynov onu da bildirdi ki, əgər E.Oharanın regiona səfəri mümkün olmasa, digər bir missiya Cənubi Qafqazdakı mədəni irsin vəziyyətini araşdırmaq üçün bölgəyə səfər edəcək. Bu missiya Avropa Şurasının baş katibi Terri Devis tərəfindən formalaşdırılıb. Missiyanın tərkibinə müxtəlif sahələr üzrə ixtisaslaşmış çoxlu sayda mədəniyyət mütəxəssisi daxil edilib. Millət vəkili hesab edir ki, regiona məhz bu missiyanın səfər etməsi məqsədəuyğundur. Artıq bu istiqamətdə müvafiq addımlar atılmaqdadır.

 

 

İlham QULİYEV 

 

Kaspi.- 2009.- 19 fevral.- S. 5.