"Dondurulmuş münaqişələr" məfhumundan əl çəkilməlidir" 

 

Rəbiyyət Aslanova: "İşğal olunmuş ərazilər iqtisadi sabitliyin bərpasına mənfi təsir göstərir"

 

Məlum olduğu kimi, iyunun 29-dan iyulun 3-dək Litvanın paytaxtı Vilnüs şəhərində ATƏT Parlament Assambleyasının (PA) 18-ci illik yay sessiyası keçirilib. Sessiyaya ATƏT-ə üzv olan 56 ölkədən 250-dən artıq parlamentari qatılıb. Tədbirdə Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvləri - Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov və millət vəkili, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa da iştirak ediblər. Sessiyanın müzakirə mövzusuna gəlincə, parlamentarilər "ATƏT: Təhlükəsizlik arxitekturasında yeni çağırışların həlli" mövzusunda müzakirələr aparıblar. Ümumiyyətlə, sessiyada adıçəkilən qurumda islahatların aparılması, insan haqları və vətəndaş azadlıqlarının təmin olunması, ərzaq təhlükəsizliyi, iqtisadi təhlükəsizlik, iqlim dəyişiklikləri, su resurslarından rasional istifadə, söz azadlığı, silahlanmaya nəzarət məsələləri müzakirə olunub. Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü, parlamentin İnsan hüquqları komitəsinin sədri R.Aslanova deyib ki, sessiya çərçivəsində qurumun 3 daimi komitəsinin ayrı-ayrılıqda iclasları reallaşdırılıb:

- Bildiyiniz kimi, ərzaq təhlükəsizliyi, iqtisadi təhlükəsizlik bu gün Avropanı, bütövlükdə dünyanı narahat edən əsas məsələlərdəndir və zamanında bu məsələlər çözülməzsə, bəşəriyyəti yaxın gələcəkdə çox böyük problemlər, təhlükələr gözləyə bilər. Məhz elə bu baxımdan da ATƏT PA-nın sonuncu sessiyası bu məsələlərə həsr olunmuşdu. Yəni ərzaq təhlükəsizliyi, iqtisadi təhlükəsizlik məsələlərinin gündəmə gətirilməsi bu zərurətdən irəli gəlmişdi. Mənim də iştirak etdiyim ATƏT PA-nın Siyasi Məsələlər və Təhlükəsizlik Daimi Komitəsində İtaliyadan olan məruzəçi Rikkardo Miglorinin "ATƏT regionunda ərzaq böhranı və təhlükəsizliyi" adlı məruzəsi dinlənildi. Məruzəçi qeyd edirdi ki, əgər yaxın zamanlarda ərzaq təhlükəsizliyi, iqtisadi təhlükəsizlik məsələləri həll edilməzsə, vəziyyət çox kritik həddə gəlib çata bilər. Çünki bir sıra ölkələr var ki, - söhbət Çindən, Hindistandan və digərlərindən gedir, - orada əhalinin sayının durmadan artması yaxın gələcəkdə ərzaq təhlükəsizliyi, iqtisadi təhlükəsizliklə bağlı məsələlərin həllini tapmadığı təqdirdə, çox ciddi fəsadların ortaya çıxması ilə sonuclanar. Məruzəçi həmçinin qeyd edirdi ki, 2008-ci ilin 3-5 iyun tarixində İtaliyanın paytaxtı Roma şəhərində 181 ölkənin təmsilçisinin iştirakı ilə ümumdünya ərzaq təhlükəsizliyinə həsr olunmuş böyük konfrans keçirilib. Bunun ardınca - bu ilin yanvarında İspaniyanın paytaxtı Madrid şəhərində 126 ölkənin nümayəndəsinin iştirakı ilə bu yöndə daha bir beynəlxalq konfrans keçirilib və sonda Madrid Bəyannaməsi qəbul olunub. Məruzəçinin sözlərinə görə, bu bəyannamə bütün ölkələri ümumdünya ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı birgə əməkdaşlığa və ümumi strategiyanın müəyyən olunmasına çağırıb. Məruzəçi onu da qeyd edirdi ki, ərzaqla bağlı yaranmış problem bu gedişlə təkcə kasıb ölkələri deyil, həmçinin varlı ölkələri əhatə edəcək...

- Məruzəçini belə bir acı və kəskin qənaətə gəlməyə vadar edən hansı məqamlar idi?

- Son dövrlər dünyada taxıla tələbat xeyli artıb və bu səbəbdən də taxılın qiyməti xeyli dərəcədə yüksəlib. Mənə elə gəlir ki, məhz bu baxımdan məruzəçi belə bir qənaətə gəlməyə vadar olub. Məruzəçi daha sonra qeyd edirdi ki, BMT-nin araşdırmalarına görə, son illər dünyada ərzağın qiymətinin qalxması nəticəsində 100 milyondan artıq insanı ölüm təhlükəsi gözləyir. Məruzəçiyə görə, son bir neçə il ərzində dünya əhalisinin təxminən səkkizdə bir hissəsi, yəni 850 milyonu aclıq, səfalət içindədir. O, təəssüf hissi ilə onu da qeyd etdi ki, proqnozlara rəğmən, aclıq, səfalət içində olan insanların sayı nəinki 2015-ci ilə kimi azalacaq, əksinə, bu yöndə daha yüksək "artım tempi" müşahidə olunacaq. Bu yerdə belə bir məqamı mütləq dilə gətirmək istəyirəm ki, istər sözügedən məruzəçinin məruzəsində, istərsə də sessiyanın gedişatında bu gün Rusiya, Ukrayna və Qazaxıstana məxsus olan 13 milyon hektar torpağın yenidən əkinə yararlılığı məsələsi gündəmə gətirilib. Hətta sessiyanın gedişatından belə məlum oldu ki, Avropa Yenidənqurma və İnkişaf Bankı da həmin torpaqların əkinə yararlılığını və məhsuldarlığını bərpa etmək üçün böyük həə maliyyə vəsaiti ayırmağa hazırdır. Yəni onların fikrincə, bu torpaqların əkinə yararlılığını təmin etməklə dünyanı yaxın gələcəkdə gözləyən aclıqdan, taxıl qıtlığından xilas etmək mümkün olar. Bir sözlə, məruzəçi dünyanı aclıqdan, yoxsulluqdan, ərzaq qıtlığından, ərzaq böhranından xilas etmək üçün dövlətləri siyasi iradə ortaya qoymağa çağırırdı...

- Yuxarıda qeyd etdiniz ki, sessiyanın sonunda Vilnüs qətnaməsi qəbul olunub. Bu qətnaməyə Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin özünün əlavələri, düzəlişləri oldumu?

- Bəli, sessiyanın sonunda qəbul olunan məlum qətnaməyə təklif etdiyimiz 5 əlavə-düzəlişdən 4-ü nəzərə alındı və onlar həmin sənəddə öz əksini tapdı. Məsələn, qətnamədə göstərilirdi ki, münaqişə zonalarında - konkret olaraq, nəzarətdən kənarda qalmış ərazilərdə qeyri-qanuni fəaliyyət aradan qaldırılmalıdır. Qeyri-qanuni fəaliyyət dedikdə isə burada narkotrafik, insan alveri və sair məsələlər nəzərdə tutulur. Doğrudan da, 21 ildən bu yana yaşadığımız Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində torpaqlarımızın işğalı, 20 faiz ərazilərimizin bu gün nəzarətdən kənarda qalması bir acı reallıqdır. Bu gün həmin ərazilər faktiki olaraq Azərbaycan dövlətinin nəzarətindən kənardadır. Bu ərazilər ötən illər ərzində dəfələrlə yandırılıb, oradakı təbii sərvətlərimiz məhv edilib. Bu baxımdan, münaqişə həll olunmayınca, həmin nəzarətdən kənar qalmış ərazilərin yenidən istifadəsi, əkinə və məhsuldarlığa hazır vəziyyətə gətirilməsi mümkün olmayacaq. Mən çıxışım zamanı bu məsələ ilə bağlı qeyd etdim ki, Azərbaycan bu gün dünyanın, o cümlədən Avropanın eneryi təhlükəsizliyinin təmin edilməsində yaxından iştirak edir. Eyni zamanda dedim ki, Azərbaycan nəinki öz vətəndaşlarını, hətta dünya əhalisini ərzaqla, taxılla, kənd təsərrüfatı məhsulları ilə təmin etməyə də qadirdir. Bir şərtlə ki, Qarabağ problemi tezliklə həll olunsun, işğal olunmuş torpaqlar geri qaytarılsın, yenidən əkinə hazır vəziyyətə gətirilsin. Bu yerdə qeyd edim ki, mənim bu fikirlərim sessiyada iştirak edən erməni nümayəndə heyətini çox narahat etdi. Onlar sanki bu fikirləri eşidərkən qızışmağa, özlərindən çıxmağa başladılar. Ancaq buna baxmayaraq, mən bir daha bildirdim ki, bu gün 20 faiz torpaqlarımız işğal altındadır, Azərbaycan dövlətinin nəzarətindən kənardadır və bu baxımdan, bu problem tezliklə öz həllini tapmalıdır. Demək istəyirəm ki, bizim qətnaməyə ilk əlavəmiz bununla bağlı oldu. Bizim ikinci əlavəmizlə qətnaməyə belə bir bənd əlavə olundu ki, münaqişələr, işğal olunmuş ərazilər iqtisadi sabitliyin bərpasına mənfi təsir göstərir, təbii sərvətlərin, resursların məhv olmasına gətirib çıxarır. Üçüncü düzəlişimiz qətnamədəki 29-cu bəndlə bağlı idi ki, sessiyada iştirak edən Rusiya nümayəndə heyəti əslində bu bəndin bütövlükdə həmin sənəddən çıxarılmasını tələb edirdi. Həmin bənddə Rusiya, Ukrayna və Qazaxıstana məxsus olan bütövlükdə 23 milyon hektar ərazinin 13 milyon hektarının yenidən əkinə yararlı vəziyyətə gətirilməsini təmin etmək məsələsi əksini tapırdı. Orada qeyd olunurdu ki, həmin ərazilərin işlək vəziyyətə gətirilməsi üçün beynəlxalq strategiya müəyyən olunmalıdır. Eyni zamanda, bu strategiyanın reallaşdırılması, həyata keçirilməsi üçün dünya maliyyə institutları nə lazımdırsa, onu etməyə hazırdırlar. Lakin yuxarıda qeyd etdiyim kimi, Rusiya nümayəndə heyəti nədənsə həmin bəndin bütövlükdə qətnamənin mətnindən çıxarılması tələbini ortaya qoydu. Buna baxmayaraq, bizim təklif etdiyimiz əlavə nəzərə alınmaqla həmin bənd qətnamədə olduğu kimi saxlanıldı. Bizim dördüncü düzəlişimiz "dondurulmuş münaqişələr"in Helsinki Yekun Aktının tələbləri əsasında həlli məsələsi ilə bağlı oldu. Sessiyadakı çıxışımda da bu mövqeni ortaya qoydum ki, bu gün artıq "dondurulmuş münaqişələr" məfhumundan əl çəkilməlidir. Bunlar - konkret olaraq Ermənistan-Azərbaycan münaqişəsi "dondurulmuş münaqişə" adlandırıla bilməz. Çünki bu münaqişə davam edir. Hər il neçə-neçə azərbaycanlı - mülki insanlarımız, əsgərlərimiz qətlə yetirilirlər, minaya düşür, əsir götürülürlər və sair. Bizim bu yöndəki düzəlişimiz də qətnamədə nəzərə alındı. Eyni zamanda, nümayəndə heyətimizin üzvü Eldar İbrahimovun iştirakçısı olduğu İqtisadi Məsələlər, Elm, Texnologiya və Ətraf Mühit Daimi Komitəsinin təklif etdiyi əlavə də qətnamədə öz əksini tapdı.

- Sessiya zamanı ATƏT PA-nın prezidenti Yoao Soares və sözügedən şəxsin Cənubi Qafqaz üzrə səlahiyyətli nümayəndəsi Qoran Lenmarkerlə görüşdünüzmü?

- Biz sessiyanın axırıncı iş günü - ayın 3-də səhər tezdən həm ATƏT PA-nın prezidenti Yoao Soares, həm də sözügedən şəxsin Cənubi Qafqaz üzrə səlahiyyətli nümayəndəsi Qoran Lenmarkerlə görüşdük. Özü də bu görüş cənab Lenmarkerin təşəbbüsü ilə baş tutdu və bu görüşdə tək Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvləri deyil, həmçinin Cənubi Qafqazın digər iki ölkəsinin - Gürcüstanın və Ermənistanın ATƏT PA-dakı parlamentariləri iştirak edirdi. Biz - yəni Cənubi Qafqaz ölkələrinin ATƏT PA-dakı nümayəndə heyətlərinin üzvləri ilk dəfə birgə olaraq ATƏT PA-nın prezidenti Yoao Soareslə bir araya gəlirdik. Görüş zamanı cənab Yoao Soares də bildirdi ki, yaxın zamanlarda bölgəyə, o cümlədən Azərbaycana ilk rəsmi səfərini planlaşdırır. Bu səfər zamanı Azərbaycan rəsmiləri ilə görüşməyi nəzərdə tutur. Qoran Lenmarkerə gəlincə, o, yenə də bildirdi ki, tez-tez bölgəyə səfər edir və Ermənistan-Azərbaycan münaqişəsini çox gözəl bilir. O, eyni zamanda, tərəflərə müraciət edərək bildirdi ki, yaranmış şansı əldən buraxmaq lazım deyil, bu şans "qızıl imkandır". Həmçinin dövlət başçılarının bu münaqişə ilə bağlı görüşləri çərçivəsində irəliyə doğru addımlar atılıb. Tərəflər arasında bir-birini dinləmək arzusu yaranıb. Bu isə o deməkdir ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün beynəlxalq təşkilatlar, xüsusilə ATƏT, Minsk qrupunun üzvləri öz fəaliyyətini göstərir. O bildirdi ki, Azərbaycan, Ermənistan və həmçinin Gürcüstan Avropanın ayrılmaz bir hissəsidir.

 

 

Quliyev İlham

 

Kaspi.- 2009.- 8 iyul.- S. 5.