"Siyasi partiyaların təmərküzləşməsini hələ çox gözləməli olacağıq" 

 

Bahar Muradova: "Dövlət maliyyələşməsi bütün partiyalara şamil edilə bilməz"

 

Bir müddətdir Azərbaycanın siyasi gündəmini zəbt edən əsas məsələlərdən biri də "Siyasi partiyalar haqqında" qüvvədə olan mövcud qanunun dəyişdirilməsidir. Bu təkliflə parlamentdə təmsil olunan bütün partiyaların təmsilçiləri çıxış etməkdədirlər. Yeni Azərbaycan Partiyasının təmsilçiləri də bir neçə dəfə ölkədə siyasi partiyaların fəaliyyətini tənzimləyən yeni qanuna ehtiyac olduğunu bildiriblər. Ölkə rəsmiləri, Prezidentin İcra Aparatının təmsilçiləri də "Siyasi partiyalar haqqında" yeni qanuna ehtiyac olduğunu vurğulayıblar. Burada əsas məsələlərdən biri siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi ilə bağlıdır. Ölkədəki bütün siyasi partiyalar ümid edirlər ki, onlara dövlət büdcəsindən yardım ayrılacaq. Ekspertlərə görə, partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi onların xaricdən asılılığını da azalda bilər. Amma bütün bunlara baxmayaraq, indiyədək yeni qanun layihəsi hazırlamaq mümkün olmayıb. Bu barədə suallarımızı Milli Məclis sədrinin müavini Bahar Muradovaya ünvanladıq. Vitse-spiker hesab edir ki, partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi üçün bir neçə məsələ həllini tapmalıdır.

- Bahar xanım, siyasi partiyalarla bağlı yeni qanunvericilik aktının hazırlanması, siyasi təşkilatların dövlət tərəfindən maliyyələşdirilməsi mexanizminin müəyyənləşdirilməsi nə vaxt mümkün olacaq?

- Biz siyasi partiyalarla bağlı qanunvericilik aktının yeniləşdirilməsi, siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi məsələsi ilə bağlı mövqeyimizi dəfələrlə ortaya qoymuşuq. Bildirmişik ki, siyasi partiyalar hansısa prinsiplərə uyğun olaraq dövlət tərəfindən maliyyələşdirilməlidir. Bu prinsiplər nə olacaq, mən indidən onu söyləyə bilmərəm. Ancaq bu prinsiplər necə ola bilər, hər kəs ehtimallara söykənərək və mövcud reallıqları dəyərləndirərək, fikirlərini ifadə edə bilər. Onu qeyd edim ki, partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi mexanizmi müəyənləşdirilərkən beynəlxalq təcrübə də nəzərə alınmalıdır. Biz bir hakim partiya və onun təmsilçiləri olaraq düşünürük ki, ilk növbədə siyasi təşkilatların dövlət tərəfindən maliyyələşməsi olmalıdır. İkincisi isə belə hesab edirik ki, bu dövlət maliyyəşməsi ucdantutma bütün partiyalara şamil edilə bilməz və edilməməlidir. Bunun üçün müvafiq kriteriyalar olmalıdır, siyasi partiyaların seçkilərdə iştirakı, əldə etdikləri səslərin faizlə göstəricisi, onların Azərbaycan ərazisindəki struktur şəbəkəsi, üzvlərinin sayı, parlamentdə təmsilçiliyi və sair bu kimi məsələlər nəzərə alınmalıdır. Bunlarsız heç nə mümkün deyil.

- Sizcə qeydiyyatdan keçmiş bütün siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsinin hansı ziyanı ola bilər?

- Bilirsiniz, bu gün Azərbaycanda, sadəcə, adını elan etmiş 100-dən çox partiya var. Bu baxımdan, heç şübhəsiz ki, onların hamısı ucdantutma maliyyələşdirilə bilməz. Mənə elə gəlir ki, buna heç digər ciddi siyasi partiyalar da razı olmazlar. Maliyyələşmə fəaliyyəti stimullaşdıran bir amildir. Əgər maliyyələşmə olacaqsa, partiyalar da bu maliyyəni əldə etmək uğrunda hansısa kriteriyalara cavab vermək zorunda qalacaqlar. Məhz müəyyənləşdirilmiş kriteriyalara cavab verən siyasi qüvvələr həmin maliyyəni əldə edəcəklər. Bu isə sonda nəticədə dövlət maliyyələşməsi əldə edən həmin siyasi partiyaların inkişafına, fəallaşmasına gətirib çıxaracaq. Ümumiyyətlə, bu məsələ özlüyündə Azərbaycanda siyasi partiyaların yerinin və rolunun artırılmasına yönəlikdir. Bildiyiniz kimi də bu ilin büdcəsində siyasi partiyaların maliyyələşdirilməsi nəzərdə tutulmadı. Ən azı ona görə ki, "Siyasi partiyalar haqqında" qanun yenidən işlənməlidir.

- Amma bu qanunun qəbulu da xeyli müddətdir ki, uzanır.

- Bu barədə ən müxtəlif fikirlər, təkliflər mövcuddur. Bu qanun elə bir qanundur ki, mən onun yenidən işlənməsinin, qəbulunun uzanmasına haqq qazandırıram. Çünki burada maraqlı tərəflər də çoxdur, fikirlər də müxtəlifdir. Bunların hamısını bir araya gətirmək, əksəriyyəti razı sala biləcək normaları, qaydaları müəyyənləşdirmək özü çətin bir prosesdir. Ona görə bu məsələni gündəlikdə saxlamağı və üzərində işləməyi çox vacib hesab edirəm.

- Bu qanun layihəsi, dövlət maliyyələşdirilməsi ilə bağlı məsələ üzərində hansısa işlər gedirmi?

- Əlbəttə, elə bu məsələ ilə bağlı ictimai müzakirələrin aparılmasının özü bir işdir. İctimai müzakirələrdə partiyaların maliyyələşdirilməsi normalarının necə olması ilə bağlı müxtəlif fikirlər səslənir, biz də təbii ki, qanunu işləyərkən mütləq bunları nəzərə alacağıq. Yəni bu təkliflər toplanır, yığılır, nəzərdən keçirilir, məqbul olanlar nəzərə alınır. Bu baxımdan, yəqin ki, nə vaxtsa belə bir qanun layihəsi mütləq parlament müzakirələrinə çıxarılacaq.

- Sözlərinizdən belə başa düşmək olur ki, hər halda yaz sessiyasında bu məsələ parlamentin gündəminə gətirilməyəcək...

- Bəli, mən də düşünmürəm ki, bu məsələ yaz sessiyasının gündəliyinə və müzakirələrinə çıxarılsın.

- Yeri gəlmişkən, siyasi partiyaların dövlət qeydiyyatına alınması məsələsi də neçə illərdir müzakirə mövzusudur. Məsələn, bəzi partiyalar dövlət qeydiyyatına alınmaq üçün tələb olunan 1000 nəfərlik imzanın artırılaraq 5 minə, 10 minə, hətta 20-25 minə çatdırılmasını təklif edirlər. Siz bu haqda nə düşünürsünüz?

- Bilirsiniz, mən durub desəm ki, partiyaların dövlət qeydiyyatına alınması üçün 1000 nəfərin imzası yox, 2000 və ya 5000 nəfərin imzası olmalıdır, o zaman dərhal müxalifət partiyalarının bir çoxu başlayıb deyəcək ki, iqtidar siyasi partiyaları ortadan çıxarmaq üçün rəqəm müəyyənləşdirmək niyyətindədir. Ona görə mən bu məsələ ilə bağlı indi hər hansı konkret rəqəm söyləmək istəmirəm. Bu, müvafiq qurumların səlahiyyətinə aid olan məsələdir. Daha doğrusu, bu məsələ yeni hazırlanacaq qanun layihəsində öz əksini tapa bilər. Odur ki, bununla bağlı heç nə demək istəmirəm. Eyni zamanda, çoxminli partiya olduğumuz üçün bizim bu məsələ ilə bağlı hər hansı problemimiz və narahatçılığımız yoxdur. Ancaq şəxsən mən öz-özlüyümdə partiyaların dövlət qeydiyyatına alınması ilə bağlı ciddi şərtlərin qoyulmasının tərəfdarıyam.

- Ümumiyyətlə, tez-tez belə fikirlər səslənməkdədir ki, nəhayət, Azərbaycanda da bir sıra aparıcı Qərb ölkələrində olduğu kimi, iki və yaxud üç partiyalı sistemə keçməyin zamanıdır...

- Azərbaycanda iki və yaxud üç partiyalı sistemi süni şəkildə yaratmaq mümkün deyil. Gərək cəmiyyət özü o hala gəlsin. Daha doğrusu, siyasi partiyalar xarakterinə, ideoloyi yönümlərinə, məqsədlərinə, fəaliyyət prinsiplərinə görə o qədər təmərküzləşməlidirlər ki, gəlib sonda iki və üç partiya olmaq həddinə çatsınlar. Qeyd edim ki, biz hələ ölkədəki siyasi partiyaların bir-birinə yaxınlaşması prosesini də müşahidə etmirik. Əslində, bu gün Azərbaycanda daha çox yeni partiyaların yaranması prosesi gedir. Görünür, bu proses özünün hansısa pik nöqtəsinə çatmalıdır ki, sonda oradan geriyə qayıtma da olsun. Belə demək mümkünsə, insanlar nəhayət, anlamalıdırlar ki, bu qədər çox sayda partiya yaratmaq sadəcə, çox sayda adamın özünü partiya sədri elan etməsindən başqa bir şey demək deyil. Ümumiyyətlə, bu partiyaların yaradılması daha çox kimlərinsə partiya sədri olduğunu nəzərə çatdırmasını ehtiva edir, nəinki yeni siyasi qüvvənin meydana gəlməsini. Ona görə mən hələ burada təmərküzləşmə prosesini görmürəm, bu düşərgədə daha çox parçalanma gedir. İndi gözləyək, görək bu proses nə vaxt başa çatacaq. Eyni zamanda, bir daha qeyd edirəm ki, bu məsələni süni şəkildə reallaşdırmaq da düzgün deyil. Bunu ilk növbədə siyasətə qoşulan, siyasətlə məşğul olan insanlar özləri düşünməlidirlər. Onların adına bu və ya digər siyasi partiyaya üz tutan Azərbaycan vətəndaşları dərk etməlidirlər ki, bu qədər geniş spektrdə partiyalaşma düzgün deyil. Partiyalar heç olmasa ideologiyalarına görə təmərküzləşməli, cəmləşməlidirlər, ya sağçı, ya solçu, ya da mərkəzçi olmalıdırlar. Bu gün o qədər çox tərəf var ki, çoxları özlərini sağçı elan edir solçu kimi fəaliyyət göstərir, solçu elan edir sağçı kimi fəaliyyət göstərir. Bu gün fəaliyyət göstərən partiyalar heç elan etdikləri ideyalara, məqsədlərə uyğun yol tutmurlar. Bu cəhətdən də naqisliklər, problemlər var. Bu baxımdan düşünürəm ki, siyasi partiyaların təmərküzləşməsi prosesini biz hələ deyəsən, çox gözləməli olacağıq.

 

 

İ.QULİYEV 

 

Kaspi.- 2009.- 5 mart.- S.5.