Elza Seyidcahan heyvanlar üçün keçirəcəyi konsertinin tarixini açıqladı

 

Müğənni Bakı Dövlət Sirkində oxumaq istəyir

 

Fərqli ifa tərzi ilə tamaşaçılarında maraq oyadan müğənni Elza Seyidcahanın son açıqlaması nəinki Azərbaycanda, başqa ölkələrdə danışılır. Bir müddət əvvəl Türkiyədə olarkən bir neçə telekanal rəhbərliyi Elza xanımın heyvanlar üçün konsert ideyasını dəstəkləyərək, onu zooparklardakı heyvanlarla tanış etmişdilər.

Türkiyədən böyük həvəslə qayıdan müğənni əvvəlcə tərəddüdlə yanaşdığı layihəsinin gerçəkləşməsi üçün son qərarını verdi. Öyrəndik ki, onun qeyri-adi konserti iyunun 5-də keçiriləcək. Məkan seçimi üzərində fikrini qətiləşdirməyə çalışan E.Seyidcahan bizə bunları dedi: "Əslində, bu layihə üçün ən münasib yer Bakı Dövlət Sirkidir. Eyni zamanda açıq stadionlardan birini də nəzərdə tuturuq. Seçimi gələn həftəyə kimi yekunlaşdırmalıyam. Hazırda proqram üzərində çalışırıq. Qeyd edim ki, konsertdə heyvanlarla yanaşı, onların sahibləri də iştirak edə bilərlər. Heyvanı olmayan tamaşaçılara da şans verilib. Onlar üzərində hər hansı heyvanın əksi olan köynəklərdən istifadə edə bilərlərsə, konsertə buraxılacaqlar".

Tamaşaçılarını maraqlandırmaqda davam edən E.Seyidcahan onların təhlükəsizliyini təmin etmək barədə də düşünüb. Öyrəndik ki, bunun üçün xüsusi mütəxəssislər çalışırlar: "Məsələn, itlər ayrı, pişiklər isə bir ayrı sırada oturacaqlar ki, birincilər ikincilərə hücum etməsinlər. Eyni zamanda, itlərin ağızlarında onları təhlükəli olmaqdan qoruyan vasitələrin istifadəsi vacib sayılıb".

Müğənni şou-biznes nümayəndələrinin layihəsinə biganə qalmayacaqlarını hesab edir. O bildirdi ki, sənət adamları heyvan saxlamağa meyillidirlər onların hər bir istirahətini təmin etmək istəyini əsas tutaraq bu konsertə biganə qalmayacaqlar: "Əgər həmkarlarım sırasında heyvanları ilə konsertə gəlmək istəyənlər olsa, onlar ilk sıralarda əyləşəcəklər".

Lakin müğənni onlara dəvətnamə göndərməyi düşünmür. Deyir ki, sənət dostlarına sərbəstlik verib. Kimin ürəyi istəyirsə, bunun üçün ona müraciət edə bilərlər.

Sonda öyrəndik ki, E.Seyidcahan eyniadlı konsert proqramını Türkiyədə təşkil etmək niyyətindədir. Sonuncu Türkiyə səfərində belə bir təklif alan müğənni bu istiqamətdə düşündüyünü söylədi.

 

 

Kaspi.-2009.-5 may.-S.16.