Üzeyir bəyin davamçısı

 

Səid Rüstəmov öz əsərlərində yaşadığı ağrı-acını göstərirdi

 

Səid Rüstəmov Azərbaycan musiqisinin zirvəsini fəth edənlərdəndir. Azərbaycan tar məktəbinin yaranması onun adı ilə bağlıdır. Bu məktəbin bünövrəsi Üzeyir bəylə birlikdə qoyularaq inkişaf edib. Səid Rüstəmovun Şərqdə ilk dəfə yazdığı I not tar dərsliyi bu günə kimi tar məktəbi üçün yeganə kitabdır ki, bütün Şərq aləmində ondan istifadə olunur. Onun mahnıları hər bir azərbaycanlıya doğmadır, əzizdir.

Həyatın məhrumiyyətlərini hələ uşaq ikən yaşamışdı Səid Rüstəmov. 7 yaşı olanda həyat ona atasızlığın acısını daddırmışdı. Anası ikinci dəfə ailə qurduğundan Səid yarıyetim qalaraq qohumlarının, əsasən də böyük qardaşının yanında böyümüşdü. Erməni-müsəlman davası başlayanda ermənilər yeganə pənahı olan böyük qardaşını öldürürlər. Sağ qalan qohum-əqrəba da İrəvandan qaçaraq Gəncəyə, daha sonra Ağdaşa köçür. Onlar İrəvandan qaçanda üstlərində olan bütün qiymətli əşyalar və pullar yolda oğurlandığından qərib yerdə pulsuz-parasız və köməksiz qalırlar. Səidin böyük bacısı Gəncədə ailə qurur. Ortancıl qardaşı Seyidrza isə oxuyub-işləmək üçün Bakıya gəlir. O, Bakıda işləyib onlara pul göndərirdi. Beləcə, ağır güzəran keçirə-keçirə balaca Səid böyüyürdü. Gördüyü çətinliklər, yaşadığı acılar onu içindən də böyüdürdü. Böyüdükcə də qəribə, anlamadığı sirli bir dünyanın sehri get-gedə onu özünə çəkirdi. O, musiqinin sehrinə düşürdü.

İlk dəfə musiqi ilə tanışlığı Ağdaşda yaşayarkən başladı. Tarda çalmağı öyrəndi. Tarı balaca sinəsinə sıxıb, sanki yaşantılarının ağrı-acısını sarı simlərə tökürdü. Bu ifaya hamı heyran kəsilirdi.

Çox keçmir ki, artıq özünə müəyyən mövqe qazanan qardaşı Seyidrza onu Bakıya çağırır. Səid Darülmüəllimlikdə oxumağa başlayır. Həmin məktəbdə S.S.Axundov, A.Şaiq kimi görkəmli yazıçı və pedaqoqlardan dərs alır. Sonra Səid təhsilini davam etdirərək, Pedaqoyi İnstitutun kimya-biologiya fakültəsini qurtarır və "Sovestki"də I-IV sinifli məktəbdə dərs deyir.

"O vaxt Azərbaycan musiqisinə Üzeyir bəy rəhbərlik edirdi" - deyə böyük sənətkarın oğlu Eldar Rüstəmov xatırlayır: "Peşəkar musiqi təhsili təzə-təzə yaranırdı. Atam Üzeyir bəylə ilk görüşdən sonra həmişə onun yanında olmağa başlayır. Atam tarda yaxşı çalırdı. Bir gün Üzeyir bəy onun tar çalmağını eşidir. O vaxt xalq çalğı alətləri üçün not yazısı yox idi. Üzeyir bəy həm tar, həm də digər alətlər üçün not yazısını yaradırdı. Atam Üzeyir bəyin not sistemində birinci şagirdi olur. Eyni zamanda, atam özü də oxumaq, musiqi təhsili almaq istəyirdi. O, özünün musiqi istedadını Üzeyir bəyin köməyi ilə canlandırırdı.

Çox keçmir ki, tar məktəbini yaratmaq Səid Rüstəmovun adı ilə bağlanır. Bu məktəbin bünövrəsi Üzeyir bəylə birlikdə qoyularaq inkişaf edirdi. Atam Konservatoriyanın Şərq şöbəsini qurtaran ilk azərbaycanlı idi. O, Üzeyir bəydən dərs alaraq, Şərqdə I not tar dərsliyini yazır. Bu dərslik 1935-ci ildə çap olunur. I nəşr bu günə kimi tar məktəbi üçün yeganə kitabdır ki, bütün Şərqdə tar və tara oxşar alətləri həmin kitabdan öyrənirlər. Birinci nəşrdə tarçalan atamın öz şəkli, qalan nəşrlərdə isə siluetidir. Bu nəşr Üzeyir bəyin gördüyü işlərin davamıdır.

Üzeyir bəy Azərbaycan Xalq Çalğı Alətləri Orkestrini yaratdıqdan sonra atam orkestrin konsertmeystri, həm də diriyor köməkçisi olur. Bir il işlədikdən sonra o, orkestrdə Üzeyir bəyin köməkçisi vəzifəsini icra edir. 1935-ci ildə isə Üzeyir bəy orkestri atama etibar edir. 73-cü ilə qədər atam orkestrin rəhbəri və diriyoru olur. Bu orkestr Şərqdə birinci professional not çalğı alətləri orkestri idi. Bu orkestrin ifasında dünya bəstəkarlarının klassik və Azərbaycan bəstəkarlarının əsərləri ifa olunurdu".

38-ci ildə Səid Rüstəmov Moskvada keçirilən ilk dekadaya həmin orkestrlə gedir. O, "Arşın mal alan" musiqili komediyasını orkestr üçün köçürmüşdü. Dekada günlərində orkestrin bu əsərlə Moskvada müvəffəqiyyətli çıxışı Stalinin də xoşuna gəlir. Səid Rüstəmov Moskvadan qayıtdıqdan sonra Əməkdar incəsənət xadimi fəxri adına və ilk dəfə "Şərəf nişanı" ordeninə layiq görülür. Onda Səid Rüstəmovun cəmi 31 yaşı vardı.

Təxminən elə o vaxtlar Səid Rüstəmov öz gücünü bəstəkar kimi də sınaqdan keçirir. Ancaq onun bəstəkarlıq təhsili yox idi. Bəstəkarlıq istedadı onda Allah vergisi idi. O vaxt peşəkar bəstəkarlar təkcə Müslüm Maqomayev, Üzeyir bəy, Zülfüqar Hacıbəyli idi. Təsadüfən Səidi Milli Dram Teatrında Cəfər Cabbarlının pyeslərindən birinə musiqi yazmağa dəvət edirlər. İlk sınaq onun bəstəkarlığında körpü rolunu oynayır. Tamaşaya yazdığı musiqi Səidə məşhurluq gətirir. Sonralar dəgər tamaşaların musiqiləri də ona həvalə olunur. İlk tamaşasına yazdığı "İntizar" mahnısının isə sonra ayrıca həyatı başlanır. Beləliklə, Səid Rüstəmov 20-yə yaxın tamaşaya musiqi yazır. Mahnı yaradıcılığı da Səid Rüstəmova şan-şöhrət gətirir. Təkcə bəstəkarın "Anamın laylası" mahnısını sadalamaq kifayətdir ki, onun bizə qoyub getdiyi irsin necə zəngin olduğunu biləsən. "Anamın laylası"nda bəstəkar bütün hisslərini ifadə edib. Anasının nə vaxtsa geri dönərək ona yenidən doğma səslə lay-lay deməsini istəyən körpənin arzuları var bu mahnıda. Şövkət xanımın ifasında bu mahnıya qulaq asdıqca məhz belə əsərlərin musiqimizin Qızıl Fondunu təşkil etdiyini bir daha özün üçün təsdiqləyirsən. Səid Rüstəmovun mahnıları səhnəmizin korifeyləri Şövkət xanım və Gülağa Məmmədovun repertuarında tez-tez səslənirdi. Onun mahnılarının sayı 100-dən çoxdur. Səid Rüstəmov orkestr üçün əsərlər və pyeslərə yazdığı musiqilərdən başqa, komediyalara da musiqi yazırdı. "5 manatlıq gəlin" (M.S.Ordubadinin mətninə), daha sonra "Durna" musiqili komediyası və "Rəisin arvadı" komediyalarına musiqi yazır. Komediyalara yazdığı musiqi də ona böyük şöhrət gətirir.

E.Rüstəmov danışır: "Atam öz əsərlərində, mahnılarında yaşadığı ağrı-acını göstərirdi. Ona görə də onun mahnıları sevilirdi, ürəklərə yol tapırdı. Elə təkcə "Anamın laylası" mahnısını sevməyən çətin tapılar. O özü də bu mahnını çox sevirdi. Qəribə bir şey var: bəstəkar öz əsərlərinə qulaq asmağı xoşlamır. Ancaq o, "Anamın laylası"na həmişə həvəslə qulaq asırdı. Bir də görürdün Şövkət xanımla sözləşib ayrılırdılar. Çox keçmirdi ki, yenə də barışırdılar. Çünki nə Səid kimi mahnı yazan vardı, nə də Şövkət xanım kimi oxuyan.

Atam ilk dəfə olaraq Azərbaycanın xalq musiqisini nota yazıb. 200-ə yaxın xalq mahnısının toplanıb nota köçürülməsi onun adı ilə bağlıdır. Eləcə də atam Azərbaycan xalq rənglərini nota köçürüb. Bu not nəşri Musiqi Akademiyasında dərslik kimi işlənir. Bütün dünyada xalq folklorunun nota yazılması çox vacib işdir. F.Əmirov, T.Quliyev, Z.Bağırov da bu işlə məşğul olub. Ancaq sayına görə atam daha çox iş görüb. Xalq muğamlarına görə rəngləri sistemə salıb.

Üzeyir bəy dünyasını dəyişəndən bir il sonra atam onu əvəz edərək, Bəstəkarlar İttifaqının sədri oldu. O, 53-cü ilə qədər bu vəzifədə çalışdı. 57-ci ildə 50 yaşının tamam olması münasibətilə ona Xalq artisti adı verildi. Atam 73-cü ildə orkestrdən çıxdı. Orkestrdən getməyi onun yaradıcılığına da təsir etdi. O, yalnız Konservatoriyada həm bəstəkar, həm də diriyor kimi dərs deyirdi".

"Atam ailəmizdə hamını incəsənətə məhəbbət ruhunda tərbiyə edib" - deyə Eldar müəllim sözünə davam edir: "Mən də atam kimi musiqiçi oldum. Adətən uşaqlar həmişə valideynlərinin yolu ilə getmək istəyir. Əgər atam həkim olsaydı, mən də həkim olardım. Düzdür, bir vaxtlar həkim olmaq istəyirdim. Çünki anam həkim idi. Atam məni musiqiçi olmağa məcbur eləmirdi. Mən Konservatoriyada bəstəkarlıq və diriyorluq sinfini bitirdim. Hazırda diriyorluqdan və bəzi musiqi fənlərindən dərs deyirəm. Mənim də bir neçə əsərim var. Ancaq atam kimi məşhur olmadım. Ciddi yanaşmadım bu işə. Biz ailədə 4 uşaq idik. Üçümüz musiqiçi olduq. Böyük qardaşımla bacım Moskvada Nesin adına Musiqi İnstitutunu qurtarmışdı. Qardaşım bu yaxınlarda rəhmətə gedib. Bacım Tamilla isə təqaüddədir. O, hazırda Moskvada yaşayır. Tamilla Azərbaycan kinosundan da tamaşaçılara yaxşı tanışdır. "Böyük dayaq", "Ulduz", "Dəli Kür" filmlərində çəkilib. İndi də onu görənlər "Maya bacı" - deyə müraciət edirlər. Kiçik bacım isə Xarici Dillər İnstitutunda dilçidir.

O, bizim üçün mehriban və qayğıkeş ata idi. Onun bütün insanlara münasibəti gözəl idi. "Əziz balalar"-deyə hamıya müraciət edirdi. Bu onun sevimli sözü idi. Atam 3 çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdi. Deputat olanda ona kömək üçün çox müraciət edirdilər. Atam hamıya kömək edirdi, heç kəsi boş qaytarmırdı. Dostlarını çox sevirdi. Orkestrdə çalan Hafiz Mirzəyevlə yaxın dost idilər. Bir yerdə hərbi xidmətdə olmuşdular. Şair Tələt Eyyubov, yazıçı-dramaturq Məhərrəm Əlizadə, məşhur geoloq Həsən Əzizov onun yaxın dostları idi.

Atam təbiətən çox sadə, mehriban və zarafatcıl adam idi. Gülməli şeirlər yazırdı. Tanıdığı adamlara qoyduğu ləqəblər indiyə kimi yaşayır. Bir bəstəkar həmişə atamın yanına utana-utana, əzilib-büzülərək əsər gətirirdi. Atam əsəri oxuduqdan sonra "zəifdir"-dedi. Bəstəkar isə yenə həmin obraza girərək öz əsəri haqqında: "Əsər çox gözəldir, onu eşidəndə tüklərim biz-biz olur"-deyə dilləndi. Atamın onun haqqında dediyi "Utancaq-həyasız" ləqəbi indiyə qədər məşhurdur. O, insanlara çox dəqiq xarakteristika verirdi.

Atamın gözəl tar çalmağı həmişə qulağımdadır. Onun 2 tarı vardı. Hərdən qohumlar xahiş edəndə çalardı. Onun sevimli tarzəni Hacı Məmmədov olub. Hacı müəllim isə həmişə mənə deyirdi ki, əgər atan çalmağa davam eləsəydi, mən tarı əlimə götürməzdim. Onun tarını Musiqi Mədəniyyət Muzeyinə vermişik. Eləcə də bəzi əsərlərinin əlyazması da muzeydədir. İkinci tarını isə kiməsə bağışlayıb".

Səid Rüstəmov xəstəlik üzündən - 76 yaşında keçirdiyi infarktdan dünyasını dəyişib. Ailəsi onun sonuncu ad gününü xəstəxanada qeyd edib. E.Rüstəmov danışır ki, atası xəstəxanada yatanda onun əkiz qızı dünyaya gəlib. Bu şad xəbəri xəstəxanada atasına söyləyərək, uşaqlardan birinin adını Səidə qoyduqlarını deyərək onu sevindirirlər. Xəstəxanadan çıxandan sonra əkizləri görmək ona qismət olur. Ancaq 2-3 gündən sonra Səid Rüstəmov müalicəsini davam etdirdiyi Mərdəkan sanatoriyasında ikinci dəfə infarkt keçirərək dünyasını dəyişir.

Ölümündən sonra Səid Rüstəmovun adının əbədiləşdirilməsi üçün müəyyən işlər görülüb. Radio Komitəsinin Xalq Çalğı Alətləri Orkestri və Xətai rayon musiqi məktəbi Səid Rüstəmovun adını daşıyır.

1987-ci ildə böyük bəstəkarın 80 illik yubileyi Filarmoniyada, 90 illik yubileyi isə Musiqi Akademiyasında keçirilən elmi konfransda qeyd olunub. Filarmoniyada keçirilən yubiley vaxtı Şövkət xanım xəstəxanadan təzə çıxmasına baxmayaraq, "mütləq iştirak edəcəyəm" - deyə sənət dostunun xatirəsinə sədaqətini bir daha sübut edərək xəstə-xəstə Filarmoniyanın səhnəsinə çıxıb. Tamaşaçılar Şövkət xanımın xəstə olduğunu bilirdi. Hamı bu böyük sənətkarı ürəkdən alqışlayıb. Bu alqışlar həm də Şövkət xanımın böyük bəstəkarın xatirəsinə olan məhəbbətinin ünvanına idi. Ancaq Səid Rüstəmovun mahnılarının digər ifaçısı - Gülağa Məmmədov xəstə olduğu üçün gecədə iştirak edə bilmədi...

 

P.S. 7 may Səid Rüstəmovun doğum günüdür.

 

 

Təranə MƏHƏRRƏMOVA

 

Kaspi.-2009.-6 may.-S.11.