Son görüş...

 

Azərbaycanın incisi sayılan Şuşa şəhərinin işğalından 17 il ötür

 

Lap sonralar mənə aydın olacaqdı ki, ilbəil, aybaay, günbəgün bu görüşə yaxınlaşırmışam. 1988-ci ilin ilk payız günlərində Şuşaya qalxanda heç ağlıma gəlməzdi ki, doğma və əziz yerlərə bu gəlişim sonuncu olacaq. Doğrudur, 91-ci ilin yazında bir qrup yurnalist həmkarımla, əsgərlərin müşayiəti ilə zirehli maşında Xankəndinə, Kərkicahana, oradan da bir neçə saatlığa Şuşa şəhərinə səfər edəcəkdim. Amma o səfər tamam ayrı məqsəd daşıdığından ayrı da yazının mövzusu olacaqdı...

Tək deyildim. Fizika professoru, İnşaat Mühəndisləri İnstitutunun müəllimi Vidadi Əliyev, təhlükəsizlik xidmətində çalışan, xalq ədəbiyyatımızın vurğunu olan polkovnik Fuad Mahmudov və həyat yoldaşlarımız bu səfərin iştirakçıları idilər. Dostluq telləri ilə bağlanan bu insanların "həmrəylik" nümayiş etdirərək, birlikdə belə bir səfərə çıxmaları təsadüfi deyildi. O zaman Qarabağın ağır günləri təzə başlamışdı. Hər gün bu diyardan həyəcanlı xəbərlər yayılırdı. Erməni xəyanəti yenidən baş qaldırmışdı və gündən-günə tüğyan edirdi...

Odur ki, hər birimizin ürəyindən Yuxarı Qarabağa qalxmaq, orada baş verən hadisələri öz gözlərimizlə görmək, gözəl Şuşanın havasını udmaq, müqəddəs sənət ocaqlarını ziyarət etmək istəyi keçirdi. Amma bundan əlavə, hər kəsin bir "iç məqsədi" də var idi. Vidadi müəllim Xankəndi ata yurduna baş çəkmək, orada müəllim işləyən anasının vəziyyətini öyrənmək istəyirdi. Fuad müəllim Şuşadan enərkən Füzuliyə dönməyi, doğma Sarıca kəndində uyuyan anasının məzarını ziyarət etməyi "planlaşdırmışdi". Mən isə...

Səkkizinci il idi ki, "Azərbaycan gəncləri" qəzetinin redaktoru vəzifəsində çalışırdım (daha səkkiz il bu işin başında və Qarabağ faciəsinin fəal şahidlərindən biri olacaqdım). Həmin vəzifəyə başladığım gündən Dağlıq Qarabağ Muxtar Vilayəti, onun baş təşkilatları və rəhbərləri ilə sıx ünsiyyət yaratmağa çalışırdım. Bunu adi maraq və "peşəkar qəzetçilik vəzifəsi" xatirinə etmirdim. Mən Aşağı Qarabağda (Bərdə şəhərində) doğulub-böyüsəm də, uşaqlıq və gənclik illərimin bir sıra yaddaqalan hadisələri Yuxarı Qarabağla, onun tacı olan Şuşa ilə bağlı idi. Ailəmizin daimi yaylaq yeri olan həmin diyar mənim üçün doğmalaşmış, sevinci və qüssəsi qanıma hopmuşdu. Ən vacibi də o idi ki, lap uşaqlıqdan həmin yerlərdə erməni xəyanəti ilə üzləşmiş, bu millətin naqis siqlətinə bələd ola bilmişdim...

"Azərbaycan gəncləri" qəzeti çoxillik fəaliyyətinin bütün mərhələlərində Dağlıq Qarabağı diqqət mərkəzində saxlamışdı. Bu ənənə mənim redaktorluğum dövründə də qorunub saxlanırdı. Vilayətin uğurlarından fərəhlə yazmaqla bərabər, nöqsanlarını da kəskin tənqid edirdik. Azərbaycanın bu bölgəsində zaman-zaman pozulan "milli tarazlıq" halları daimi mövzularımızdan idi. Vilayətin erməni rəhbərlərinin ikili siyasət yürütməsi bölgədə köklü sakinlərin - azərbaycanlıların hüquqlarının pozulmasına, onların sıxışdırılmasına və sayca azalmasına zəmin yaradırdı. Digər tərəfdən, Muxtar Vilayətin ayrı-ayrı obyektlərində, idarə və müəssisələrində separatçılıq (Azərbaycan dövlətinə itaətsizlik) elementləri üzə çıxırdı. DQMV-nin 60 illik yubileyi (1983-cü il) ərəfəsində mən "Oqonyok" jurnalının əməkdaşı ilə birlikdə vilayətin əksər müəssisələrində, təsərrüfatlarında olmuşdum. Gördüyüm mənzərə olduqca ürəksıxıcı idi. Mindən çox işçisi olan Xankəndi lampa zavodunda cəmi on dörd azərbaycanlı çalışırdı. Daş-mərmər kombinatında isə "azərbaycanlıdan daşyonan olmaz" şüarını tətbiq edərək, köklü sakinləri işə götürmürdülər. Bu müəssisə Azərbaycanın zərbəçi tikintilərini mərmər məhsulları ilə təmin etmək öhdəliyini pozaraq, itaətsizlik nümunəsi göstərirdi. Qarabağın daş-mərmər sərvəti gizli yollarla Ermənistana, Rusiyanın şəhərlərinə axırdı. Ən acınacaqlı vəziyyət maddi-mədəniyyət abidələrinə münasibətdə özünü göstərirdi. O zaman vilayətdə 470 abidə qeydə alınmışdı. Onların səksən faizi sırf Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı idi. Qalan abidələrin isə bir qismi qədim alban mədəniyyətindən yadigar qalmışdı. Azərbaycan hökuməti vilayətdəki maddi-mədəniyyət abidələrinin təmiri və yenidən qurulması üçün hər il xeyli vəsait ayırırdı. Son illərdə bu vəsaitin doxsan faizdən çoxu yalnız bir abidəyə sərf edilmişdi. Erməni rəhbərləri Şuşadakı Qazançılar alban kilsəsini yenidən qurmaq, daha doğrusu, onu Qriqoryan kilsəsinə çevirərək, "erməniləşdirmək" üçün çox canfəşanlıq göstərirdilər...

"Azərbaycan gəncləri" qəzeti deyilən mövzularda çox yazırdı, özü də kəskin yazırdı. Bununla da vilayətin rəhbərləri arasında özünə "düşmən" qazanırdı. Bizdən respublikanın və İttifaqın yuxarı təşkilatlarına "donoslar" yazırdılar, bizi məhkəməyə verirdilər. Budəfəki səfərimin yekununda da DQMV rəhbərləri ilə münasibətimizi kəskinləşdirəcək yazıların meydana gələcəyinə şübhə etmirdim. Lakin heç ağlıma gəlməzdi ki, Yuxarı Qarabağda baş verməkdə olan hadisələr bir qəzet mövzusundan çıxaraq, ümummilli faciəmizə səbəb olacaq.

... Bizi Xankəndinə buraxmadılar. Milis işçiləri bunun səbəbini şəhərdəki növbəti "qarışıqlıq"la izah etdilər. Bu, o vaxtlar idi ki, millətçi-şovinist qüvvələrin təhriki ilə paytaxtın erməni əhalisi tez-tez meydanlara axışır, "miatsun" şüarı altında ekstremist aktlara qoşulurdular.

Şuşada sakitlik idi. Lakin onun da simasında qüssə dumanı görünürdü. Bu qüssə payızın gətirdiyi duman örtüyündən doğmurdu. Qabaqkı illərdə bu vaxtlar Şuşa daha şux, daha şən görünərdi. Adətən aran ellərindən yaylaqlanmağa gələn ailələr bu vaxtlar yır-yığış edib, aşağılara köç edərdilər. Ötən yay isə Şuşanın həndəvərində, Turşsuyun taxtasında çadır şəhərcikləri görünməmişdi. Aranlılar "qızışmış" ermənilərin hücumuna məruz qalacaqlarından ehtiyatlanaraq, bu tərəflərə üz tutmamışdılar. Qonaq-qarası əskik olmayan Şuşa qonaqlarını itirməyə başlamışdı...

Şuşaya gəlişimizdən, Cıdır düzündən Qırxpilləkəni, İbrahim xanın kahasını seyrə dalmağımızdan, Vaqifin, Nəvvabın məzarlarını, Natəvanın, Üzeyir bəyin, Bülbülün ev-muzeylərini ziyarət etməyimizdən məmnun qalsaq da, eşitdiyimiz həyəcanlı xəbərlər qəlbimizi üşüdürdü. "Aşağıdan", yəni Xankəndindən gələn xəbərlər daha vahiməli idi. Şəhərin azərbaycanlı əhalisi evlərini tərk edirdilər. Onların bir qismi hələ də "etibarlı qala" rolunu oynayan Şuşaya köçürdü.

Köhnə tanışımız, Şuşa rayon milis şöbəsinin rəisi Ələmdar Tağıyev axşamdan xeyli keçmiş mehmanxanaya görüşümüzə gəldi. Bərk həyəcanlı idi. Gətirdiyi xəbər isə görkəmindən də betər idi. Sən demə, vilayət prokuroru İqor Plavski erməni silahlılarının hücumundan yayınaraq, gecəykən Şuşaya gəlib, buradan da milis işçilərinin müşayiəti ilə Qubadlı yoluna çıxaraq, Bakıya yollanıb. Rəis onu da dedi ki, vilayət prokurorunun ailəsi Xankəndidə girov vəziyyətində qalıb və onları azad etmək üçün tədbir görməlidir... Azərbaycanda doğulub-böyümüş və Azərbaycanın şərəfini həmişə uca tutmuş istedadlı hüquqşünas İqor Plavski 1992-ci ilin noyabrında Qarakənd üzərində erməni silahlıları tərəfindən vurulan vertolyotda vətənin ən seçmə oğulları ilə birlikdə şəhidlik zirvəsinə ucalacaqdı.

... Yaxşı xatırlayıram, sentyabr ayının 16-sı idi. Vidadi müəllimin dədə-baba yurdu Malıbəyli kəndindən enib, Xankəndi tərəfə boylana-boylana Əsgəran yoluna çıxmışdıq. Qəlbimizdə təlaş dolu təəssüratla Dağlıq Qarabağı tərk edirdik. Xocalıya təzəcə çatmışdıq ki, arxadan sürətlə gələn bir "Jiquli" bizi haqladı. Vidadi müəllimin qardaşı maşından düşüb, hövlənak bizə yaxınlaşdı. Görkəmindən və səsindən bərk döyüldüyü və qorxduğu hiss olunurdu.

- Bizi ağır dəyənəklə döydülər, sonra da stansiyadan çıxarıb qovdular... - deyib kövrəldi. Vaqif Xankəndi dəmir yol stansiyasında mühəndis-ekspeditor işləyirdi. Soruşduq:

- Sizi döyən kimlər idi?

- Milliyyətcə erməni idilər, amma yerli adamlara oxşamırdılar, üzdən heç birini tanımadım...

Bu sözlərdən aydın olurdu ki, Dağlıq Qarabağa kənardan silahlı və dəyənəkli dəstələr axışır. Vaqif ondan təsəlli tapırdı ki, bir neçə gün əvvəl ailəsini Xankəndindəki mənzilindən çıxarıb, Ağdama aparıb. İndi daha bir təhlükə barədə bizi xəbərdar etdi:

- Buralarda çox ləngiməyin - dedi. - Silahlanmış dəstələr Xankəndinin yol ayrıcında yük maşınlarına doluşurdular. Danışıqlarından başa düşdüm ki, Xocalıya basqın etmək istəyirlər.

Ayrıldıq. Vaqif Xocalı camaatını xəbərdar etmək üçün kənd sovetinə yollandı. Biz isə qadınlarımızı təhlükədə qoymamaq üçün yolumuza davam etdik. Ertəsi gün Ağdamda eşitdik ki, dünən gecə erməni silahlıları Xocalıya basqın ediblər. Xocalılar da basqınçıların burnunu yaxşıca əziblər. Bununla belə, kəndə çoxlu ziyan dəyib. Bir neçə ev, ictimai tövlə, ot tayaları yanıb. Amma sonralar aydın olacaqdı ki, bu basqın erməni muzdlularının Xocalıya "sınaq yürüşü" imiş. Xocalının əsl müsibəti qabaqda idi.

... Hə, Şuşa şəhəri ilə son görüşüm kədərli notlarla yaddaşımda qaldı. Bununla belə, o zaman ağlıma gəlməzdi ki, dörd ildən sonra mayın 8-də "alınmaz qala" bildiyimiz gözəl Şuşamız xain ermənilər və onların havadarları tərəfindən işğal olunacaq. Lakin "ümid sonda ölür" deyiblər. İndi mən Şuşa ilə "ilk görüşə" hazırlaşıram. Ömür aman versə, əsirlikdən qurtaran Şuşanın görüşünə tələsənlərdən biri də mən olacağam.

 

 

Yusif Kərimov

 

Kaspi.-2009.-8 may.-S.14.