Həmidə Ömərova yeni təkliflə çıxış etdi 

 

Aktrisa kinoprokatın bərpasını vacib sayır

 

Xalq artisti, aktrisa Həmidə Ömərova kinonun mənfəət verməsi üçün yeni çıxış yollarının axtarılmasını vacib sayır. Onun fikrincə, bu barədə bir sıra mülahizələr irəli sürmək olar.

Lakin o, çıxış yolu olaraq ilkin mərhələdə kinoprokatın yaradılmasını zəruri sayır: "Hamımız gileylənirik ki, kinoteatrlara tamaşaçı gəlmir, yeni çəkilən filmlərə tamaşaçı marağı azdır. Mənə elə gəlir ki, kinoprokatın fəaliyyəti tezliklə bərpa olunmalıdır. Bunun üçün lazımi tədbirlər görülməlidir".

 Aktrisanın əlavəsinə görə, bu gün kinoya puldan çox avadanlıqların lazım olduğunu iddia edən xadimlər yanılırlar: "Axı həmin avadanlığı əldə etmək üçün əvvəlcə bizim pulumuz olmalıdır. Ucuz qiymətə keyfiyyətli mal əldə edə bilmərik. Əgər biz kinonun inkişafını düşünürüksə, mütləq pul xərcləməliyik. Əgər istehsala buraxılan hər hansı bir film damğasını vura bilirsə, o, müəyyən qədər pul da qazandıra biləcək. Onu da qeyd edim ki, mənfəəti olmayan sahəyə sahibkarlar pul ayırmayacaq".

Rəhbərlik etdiyi Aktyorlar Gildiyasının bu amal uğrunda çalışdığını qeyd edən Həmidə xanım daha bir məsələyə toxundu. Aktrisa qeyd etdi ki, kinonun inkişaf mərhələsini keçməsində tənqidçilərin rəyi önəmli yerlərdən birini tutur: "Müşahidələrimə əsaslanaraq deyərdim ki, son illər kino tənqidçilərində bir passivləşmə hiss olunmaqdadır. Kinonun hansı vəziyyətdə olduğunu öncə tənqidçilər müəyyən edirlər. Lakin bu sahədə boşluqlar hiss edirəm. Kino tənqidçiləri ilə yanaşı, teatr tənqidçiləri barmaqla sayılacaq qədər azlıq təşkil edirlər. Bu boşluq kadrların da yetişməsinə mənfi təsirini göstərir. Sadaladığım problemlər bu gün məni ən çox narahat edən məsələlərdəndir bunların tezliklə həll olunmasına ümid edirəm".

 

 

İbrahimova, S.

 

Kaspi.-2009.-16-18 may.-S.16.