Mərkəzi Bank manatı qorumaq üçün vəsait sərf etmir

 

Valyuta ehtiyatlarının bərpası prosesi gedir

 

Dünyadakı maliyyə böhranı Azərbaycanın maliyyə sektoruna daha çox 2009-cu ilin əvvəlində ziyan vurub. Bu barədə Mərkəzi Bankın Departament rəhbəri Xəqani Abdullayev məlumat verdi. Onun sözlərinə görə, keçən ilin ikinci yarısından Mərkəzi Bank böhranın təsirinin neytrallaşdırılması üçün qabaqlayıcı tədbirlər görməyə başlayıb.

Tədbirlər nəticəsində keçən il ölkədə kredit aktivliyi qorunub saxlanılıb. Lakin bu ilin əvvəlində ölkənin maliyyə bazarı qlobal böhranın əhəmiyyətli təsirini hiss etməyə başlayıb. Bunun səbəbi ölkə banklarının dünya maliyyə bazarlarına aktiv şəkildə inteqrasiya etməsi olub. Mərkəzi Bankın tövsiyəsi ilə banklar xarici borclarını intizamlı şəkildə ödəməyə başlayıblar. Keçən ilin oktyabrından bugünədək ölkə bankları 1,5 milyard dollarlıq xarici borcu geri qaytarıblar. Bütün bunlar yerli bankların resurs banklarına mənfi təsir göstərib. Nəticədə ilin əvvəlində kredit aktivliyi bir qədər aşağı düşüb. Vəziyyətdən çıxmaq üçün Mərkəzi Bank pul-kredit siyasətini yumşaldıb. Uçot dərəcəsi qısa müddət ərzində 15 faizdən 3 faizə endirilib. Mərkəzi Bank bu istiqamətdə növbəti addımlar barədə də düşünür. Mərkəzi Bankın əsas məqsədi bank sistemində likvidilik kanallarını genişləndirməkdir. Hesablamalara görə, məcburi ehtiyatların azaldılması, maliyyə-kredit siyasətinin yumşaldılması hesabına keçən ilin oktyabrından bugünədək təxminən 900 milyon dollarlıq likvidlilik bank sisteminə qaytarılıb. Bu, xarici mənbələrdən azalan likvidliliyin əhəmiyyətli dərəcədə kompensasiyasına imkan verib. X.Abdullayev dedi ki, buna baxmayaraq, ilin ilk dörd ayında kredit qoyuluşlarında müəyyən azalmalar qeydə alınıb. "Əgər likvidliyin kompensasiyası olmasaydı, kredit qoyuluşlarındakı azalma indikindən də çox olardı" - deyə Mərkəzi Bank təmsilçisi vurğuladı.

X.Abdullayev onu da dedi ki, dünyadakı qlobal böhranın təzahürlərindən biri də bank sisteminin kredit portfelinin pisləşməsidir. Ancaq Azərbaycanda bu problem müşahidə olunmur. Mərkəzi Bankın özəl bankları ehtiyatlı davranış strategiyasına dəvət etməsi və müvafiq makropotensial tənzimləmə siyasəti nəticəsində Azərbaycan banklarının kredit portfelində elə bir əhəmiyyətli pisləşmə yoxdur. Vaxtı keçmiş kreditlərin kredit portfelindəki xüsusi çəkisi təxminən 3-4 faiz səviyyəsindədir.

Mərkəzi Bankın departament müdiri dedi ki, ilin ilk 3 ayında əhalinin banklardakı əmanətlərinin azalması tendensiyası da narahatlıq yaradıb. Azalma təqribən 6-7 faiz səviyyəsində olub. Amma aprel ayından etibarən bu tendensiyanın qarşısı alınıb. Həmin aydan başlayaraq, vətəndaşlar yenidən pullarını banklara qoymağa başlayıblar. Bu müddət ərzində əhalinin banklara qoyduğu kreditlərdəki azalmanın böyük bir hissəsi bərpa olunub.

X.Abdullayev onu da bildirdi ki, bu gün Azərbaycanın valyuta bazarında tam sabitlikdir. Qonşu ölkələrdə ilin ilk iki ayında milli valyutalarının qiymətdən düşməsi - devalvasiya baş verib. Azərbaycanda da manatın devalvasiyaya uğrayacağı barədə proqnozlar verilib. Lakin aparılan təhlillər bunun məqsədəuyğun olmadığını sübut edib. Məlum olub ki, ölkənin valyuta balansı ümumən əlverişli səviyyədədir. X.Abdullayev dedi ki, keçən ilə nisbətən Azərbaycanın valyuta mübadiləsindəki profisiti 3 dəfə azalıb. Buna baxmayaraq, mübadilə prosesində profisit hələ də qalmaqdadır. "Bu profisit həm də ölkənin kapital hesabının kəsirini tam bağlayır. Bu baxımdan biz manatın məzənnəsinin korreksiyasına heç bir ehtiyac görmədik" - deyə Mərkəzi Bank təmsilçisi vurğuladı. Onun sözlərinə görə, manatın qiymətdən düşməsinin Azərbaycan iqtisadiyyatına ziyanı xeyirdən çox ola bilərdi. Ona görə də Mərkəzi Bank buna getməyib. Hazırda da manatın məzənnəsinin qorunması siyasəti davam etdirilir. X.Abdullayev dedi ki, ilin ilk iki ayında Mərkəzi Bankın valyuta bazarında apardığı intervensiya nəticəsində ölkədə 1 milyard dollar satılıb. Çünki həmin aylarda ölkədə valyutaya böyük tələbat olub. Amma aprel ayından etibarən dollara tələbat azalmağa başlayıb. Araşdırmalar nəticəsində müəyyən edilib ki, ilin əvvəlində dollar satışının artması heç də tədiyyə balansı ilə bağlı olmayıb. Bunun səbəbi qonşu dövlətlərdəki proseslərin təsiri ilə Azərbaycanda da nağd dollarlaşmanın getməsi olub. Artıq may ayından etibarən bazarda tam sabitlik yaranıb. İndi Mərkəzi Bank manatı qorumaq üçün vəsait sərf etmir, əksinə, artıq Mərkəzi Bank dollar almağa başlayıb və valyuta ehtiyatlarının bərpası prosesi gedir. X.Abdullayev dedi ki, neftin qiyməti 50 dollar olarsa, 2009-cu ilin sonuna qədər Azərbaycanın tədiyyə balansında təqribən 5 milyard dollar profisit olacaq. Hazırda neftin qiymətinin 60 dollara yaxınlaşdığı nəzərə alınarsa, profisit daha çox olacaq. "Bu baxımdan da ilin sonuna qədər manatın məzənnəsində hər hansı korreksiyanın aparılmasına heç bir iqtisadi əsas yoxdur" - deyə Mərkəzi Bank təmsilçisi bildirdi.

 

 

İlham QULİYEV

 

Kaspi.-2009.-21 may.-S.3.