Türkmənistan "Nabukko"ya meyillənir 

 

Moskvanın qaz nəqlini dayandırması başqa çıxış yolu qoymur

 

Moskvanın Türkmənistandan qaz nəqlini yarım ildən çox bir müddətə dayandırması Aşqabadı daha çevik hərəkət etməyə öz qazının nəqlində "Nabukko" kimi layihələrə bel bağlamağa məcbur edib. Mərkəzi Asiyada ən iri qaz istehsalçısı olan Türkmənistan artıq Rusiyadan yan keçən "Nabukko" qaz kəməri layihəsinə maraq göstərdiyini ifadə edib. Türkmənistandan Rusiyaya qazın nəqli aprel ayında boru kəmərində baş vermiş partlayışdan sonra dayandırılıb o vaxtdan bəri tərəflər qazın alqı-satqısı barədə sazişi təkrar danışıqlara çıxarsalar da, razılığa gələ bilməyiblər. Bu xüsusda nüfuzlu "Medley Qlobal Advayzers" təhlil mərkəzindən Kaan Nazlı "Röyters" agentliyinə bildirib ki, Rusiyanın Türkmənistandan qaz nəqlini dayandırması Aşqabada böyük zərbə olub. Belə ki, ölkənin gəlirlərinin böyük bir hissəsini qaz ixracından alınan pullar təşkil edir. Nazlının fikrincə, məhz bu, Aşqabadı "Nabukko" layihəsi barədə ciddi düşünməyə vadar edəcək. "Qazprom"un Türkmənistana təkrar danışıqlarda etdiyi təkliflər Aşqabad üçün çox sərfəli idi, lakin elə bu müddətdə qazın qiyməti sərt şəkildə endi tələbat xeyli azaldı. Adının çəkilməsini istəməyən qaz üzrə ekspert isə agentliyə bildirib ki, Aşqabadın "Qazprom"dan istədiyini Moskva verə bilməzdi, çünki bu, "Qazprom"un reputasiyasına xələl gətirər onu axmaq vəziyyətdə qoya bilərdi.

Karnegi İnstitutundan Mərkəzi Asiya regionu üzrə ekspert Aleksey Malaşenko isə vurğulayıb ki, Moskva indi bu məsələyə ciddi baxmır, çünki Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov müxtəlif istiqamətlərə üz tutmağı sevən şəxs kimi ad çıxarıb. Rusiyaya qazın nəqli dayanandan az sonra Aşqabad Tehranla qaz sazişi bağladı. Bu sazişə əsasən, İrana verilən türkmən qazının həcmi iki dəfə artırılacaq. Aşqabad həmçinin Çinə qaz boru xətti çəkilməsinə hazırlaşır.

Bu, Türkmənistana 2010-cu ildə Rusiyaya nəql edəcəyi qaz həcmlərinin heç olmasa üçdə ikisini realizə etmək imkanı verəcək.

"Nabukko" layihəsinin arxasında duran Qərb şirkətləri Türkmənistanı bu layihəyə cəlb etmək səylərini artırıblar. Qərb şirkətləri deyirlər ki, Türkmənistan Xəzərdəki qaz yataqlarından birini Azərbaycanın Xəzər platformalarından biri ilə bağlamaqla Avropaya qaz nəqlini tezliklə başlaya bilər. Bununla belə, Türkmənistan bu barədə rəsmi danışıqlara hələ başlamayıb. Kaan Nazlı bildirib ki, "Nabukko" Türkmənistan üçün cazibədarlığını itirməyəcək. Belə ki, prezident ölkənin qaz strukturlarında bu günlərdə etdiyi dəyişikliklə "Qazprom"la mehriban münasibətləri olan bir çox şəxsi bu sahədən uzaqlaşdırıb.

 

 

Nuriyev Azər

 

Kaspi.-2009.-14-16 noyabr.-S.3.