Özgələr arasında doğma, doğmalar arasında yad olanlar 

 

Uşaq hüquqlarının qorunması vətəndaş olaraq hər birimizin borcudur

 

Bu il noyabrın 20-də bütün dünyada Uşaq Hüquqları Konvensiyasının 20 illiyi qeyd olunur. Baxmayaraq ki, Konvensiyanı demək olar ki, hər ölkə imzalayıb, ancaq dünyada heç bir ölkə Konvensiyanın bütün maddələrinin tələblərini tam şəkildə həyata keçirdiyini iddia edə bilməz.

Bir çox ölkədə uşaqların müdafiəsi üçün qanunlar mövcuddur. Lakin reallıq budur ki, bir çox ölkə hətta özü təyin etdiyi standartları belə həyata keçirmir. Bundan əlavə, qaçqın və immiqrant olan bir çox uşaq öz dövlətlərinin vətəndaşlıqlarından bəhrələnə bilmir. Uşaqlar yoxsulluqdan, sui-istifadə, sayğısızlıqdan, istismardan, kimsəsizlikdən və xəstəliklərdən əziyyət çəkirlər. Uşaq hüquqlarının pozulmasına yüksək ölüm səviyyəsi, tibbi xidmətin çatışmazlığı, uşaq əməyi və təhlükəli iş şəraiti, uşaq qaçaqmalçılığı, uşaq fahişəliyi və pornoqrafiyası, təhsil almaq imkanlarının məhdud olması, uşaqların əsas ehtiyaclarını tanımayan uşaq təcridxanaları və məhkəmə sistemləri səbəbdir. Bəzi ölkələrdə uşaqlar həmçinin əsgər kimi müharibələrə cəlb edilirlər və silahlı münaqişələrin qurbanlarına çevrilirlər. Mütəxəssislər iddia edirlər ki, uşaqlarla bağlı heç bir mühüm sənəd onların hüquqlarının tam qoruyucusuna çevrilə bilməyib.

 

Özgə olmayan uşaqlar

 

2009-cu il ölkəmizdə "Uşaq ili" elan olunub. Bu il ərzində onların sağlamlığı, təhsilə cəlb olunması, incəsənətə maraqlarının artması və s. üçün müxtəlif layihələr həyata keçirilib. Kimsəsiz uşaqlar dövlətin qayğısı ilə əhatələnib. Heç şübhəsiz, bu gün mərhəmət və qayğıya ən çox ehtiyacı olan yenə də uşaqlardır. Təəssüf ki, rəsmi dairələrdə uşaqlarla bağlı problemlərin mövcudluğu çox vaxt inkar olunur. Əgər faktların dili ilə danışsaq, bizdə uşaqlarla bağlı vəziyyətin heç də qənaətbəxş olmadığını görərik. Məsələn, küçə uşaqları barədə çox danışılsa da, hələlik problem çözülməyib. Respublikamızda küçə uşaqları problemi keçid dövrünün sosial bəlası kimi meydana çıxıb və yüzlərlə uşaq küçəni özünə yaşayış yeri seçib. Onların arasında həm baxımsız, həm də kasıb ailələrdən, müvafiq dövlət strukturlarında qeydiyyata alınmamış 18 yaşına qədər olan uşaqlar var. Küçə uşaqlarının ailələrinin analizi göstərir ki, onlar əsasən cəmiyyətin dibində yaşayanlardır. Küçədə yaşayan uşaq - bu, pis ailədaxili münasibətlərin, ailədə pis iqlimin nəticəsidir. Məhz belə ailələrin uşaqları yaşamaq üçün küçəyə çıxırlar. Küçə uşaqlarının anaları əsasən kənd yerlərinin sakinləridir ki, onlar pis güzəran, yaxud hərbi münaqişələr üzündən doğma yerlərini dəyişməyə məcbur olublar. Onların əksəriyyəti orta təhsilli, evdar qadın, işsiz, öz talelərinə müqavimətsiz baş əyən insanlardır.

Psixoloqların fikrincə, küçə uşaqlarının çoxluğunu təşkil edən qaçqın uşaqlar üçün diqqətlə hazırlanmış kompleks Dövlət Proqramı lazımdır. Əks təqdirdə bir neçə ildən sonra yarım milyon qaçqın uşağın çox böyük hissəsi cəmiyyətdə öz qüvvələrinin tətbiqi üçün yer tapmayaraq, ölkədəki kriminal durumu pisləşdirə bilər. Yenə də pul sərf etmək lazım gələcək. Ancaq bu dəfə həbsxana tikintisinə.

Psixoloqlar bildirirlər ki, bu problemi həll etmək üçün həyatın yaxşı şərtlərini gözləmək lazım deyil. Hazırda zaman bizim əleyhimizə işləyir. Özgə uşaqlar yoxdur. Əgər hər birimiz onların taleyinə biganə olmasaq, kimsəsiz uşaqlar üçün nəsə etsək, onların talelərinin xoş məcraya yönəlməsinə və gələcəklərinə kömək etmiş olarıq.

 

İnsan eqoizminin qurbanları

 

Ölkəmizin 2000-dən çox sakini bu gün uşaq evlərində yaşayır və belə sığınacaqların faktiki tutumu ilə tələbat arasında çox kəskin fərq hiss olunur. Ölkədə cəmi iki internat evi və yetim uşaqlar üçün beş uşaq evi (burada 3 yaşına çatmamış atılmış uşaqların sığınacaq tapdığı körpələr evi hesaba alınmayıb - T.M.) mövcuddur. 20 mindən çox yetim uşaq yaxın qohumlarının himayəsindədir ki, bu qohumların da çoxu indiki vəziyyətdə uşaqları saxlamaq imkanında deyil. O da çox mümkündür ki, bu uşaqların bir hissəsi bu gün-sabah uşaq evləri və internatlarda tərbiyə olunanların sırasına düşəcək.

Mütəxəssislərin bir fikri də maraq doğurur: uşaq evlərində və internatlarda tərbiyə olunanların əksəriyyəti psixikası pozulmuş uşaqlardır. Onlar psixoloyi reabilitasiyaya möhtacdırlar. Bunu hiss etmək üçün heç də psixiatr olmaq vacib deyil: yetimlərin sığınacaq tapdığı uşaq evlərində uşaqlara xas olmayan bir xəstəxana sakitliyi hökm sürür, burada uşaqların hay-küyünü, cingiltili səslərini və qayğısız gülüşlərini eşitməzsən. Onların arasında valideyn zorakılığının qurbanı olanlar da az deyil. Valideynləri tərəfindən fiziki və mənəvi təhqirə məruz qalan uşaqlar böyüyərək başqalarına da eyni sifəti göstərirlər. Mütəxəssislər statistikaya istinad edərək bildirirlər ki, valideynlərin qəddarlığı ucbatından fiziki və psixoloyi düşkünlük vəziyyətində olan uşaqların əksəriyyətini kədərli tale gözləyir. Onların çoxu həddi-buluğa çatmamış cinayət aləminin təsiri altına düşür. Bu uşaqlar həyatlarının ən gözəl dövrünü çox çətinliklə keçirirlər. Amma bununla belə, daşürəkli valideynlərindən fərqli olaraq, uşaqlar onlara qarşı doğma hisslərini hələ uzun müddət saxlayırlar.

İnsan eqoizmi hüdudsuzdur. Çox vaxt valideynlər uşaqlarını ancaq onlar həddi-buluğa çatdıqda, bir tikə çörək qazanmağa qadir olduqdan sonra xatırlayırlar. Bax, elə bu zaman valideynlər peyda olur və öz hüquqlarını bildirirlər. Elə fərasətli ata-analar da tapılır ki, bir vaxtlar amansızlıqla atdıqları uşaqlardan pul tələb edir, bunu özlərinin ağır vəziyyətləri ilə əsaslandırırlar. Ancaq bir qayda olaraq, təbii ki, bu vaxt iki nəsil qarşılıqlı anlaşma tapa bilmir: mənəvi boşluğu bir tərəfin ikrah və qəddarlıq hissi, digər tərəfin isə peşmançılıq hissi doldurur...

"Bu uşaqlar bizə niyə yaddır?"

Yuxarıda qeyd etdiyim kimi, kimsəsiz uşaqların bir qismi uşaq evlərində məskunlaşıb. Onlar fəlakət nəticəsində yetim qalmayıblar. Valideynlərini avtomobil qəzasında, güllə yağışı altında, bombardmanda itirməyiblər. Onlar ata-anaları tərəfindən atılaraq taleyin ümidinə buraxılmış kimsəsiz, köməksiz uşaqlardır...

Nizami rayon 1 saylı uşaq evində olarkən uşaqların doğrudan da dövlət qayğısı ilə yüksək səviyyədə əhatələndiyinin şahidi olduq. Təxminən 1960-cı illərdə yaranan uşaq evi 4 il bundan qabaq Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə əsaslı təmir olunub. Demək olar ki, burada uşaqlar üçün hər cür şərait yaradılıb. Uşaq evinin direktoru Nərminə Zöhrabovanın bildirdiyinə görə, hətta uşaq evinin balansında Şüvəlanda yay istirahətləri üçün bağ da mövcuddur. Uşaqların yay aylarında istirahət etdikləri həmin bağ Mehriban xanımın təşəbbüsü ilə qaydaya salınıb.

Uşaq evində 3 yaşından 17 yaşınadək, ümumilikdə respublikanın hər yerindən 120 uşaq saxlanılır. N.Zöhrabovanın dediyinə görə, onlar əsasən təbəqələrə bölünmüş - imtina edilmiş, müvəqqəti (məhkəmə qərarı ilə gələn uşaqlar), imkansızlıq və s. səbəblərdən gələn uşaqlardır. Onların çoxunu oğlanlar təşkil edir. 17 yaşdan sonra onlar üçün müstəqil həyat başlayır. Uşaq evi sonra da onların taleyinə biganə qalmır. Məsələn, 17 yaşı yetimxanada tamam olan qızlar üçün ilk dəfə olaraq müvəqqəti yaşayış binası tikilir. Mehriban xanımın təşəbbüsü ilə tikilən bu binada tam kimsəsiz qızlar, müvəqqəti də olsa mənzillə təmin olunacaqlar.

"Uşaq evindəki uşaqlar 220 saylı litseydə oxuyurlar. Boş vaxtlarında onların mədəni istirahətləri təşkil edilir - teatrlara, konsertlərə, gəzintilərə gedirlər. Bir neçə ildir ki, uşaqlar hər il İzmirdə keçirilən çocuq bayramı festivalında iştirak edir və müəyyən uğurlar qazanırlar. Uşaqlar həmçinin Mədəniyyət və Turizm, Təhsil nazirlikləri, eləcə də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən keçirilən bütün tədbirlərdə, idman yarışlarında iştirak edirlər. Uşaqlar həmçinin kompyuter, bədii toxuma, xalçaçılıq, bədii gimnastika, milli və bal rəqsləri dərnəklərində məşğul olurlar. Bu dərnəklər elə uşaq evinin öz təşəbbüsü ilə açılıb. Çalışmışıq ki, uşaqları hərtərəfli əhatələndirək. Hər şey mədəniyyətdən başlayır. Burada uşaqlar cəmiyyətə hazırlanır. Qapalı müəssisə olsa da, uşaqlar qapalı saxlanmır. Bu günün tələblərinə uyğun tərbiyə olunurlar" - deyə uşaq evinin direktoru bildirdi.

Heç şübhəsiz, kimsəsiz uşaqların belə qayğı ilə əhatələnməsi çox yaxşıdır. Ancaq bu, problemin zahiri tərəfidir. Mənəvi tərəfinə gəlincə... "Təbii ki, bura heç kəs yaxşı həyat tərzindən gəlmir. Ona görə də uşaqlar bu mühitə tez alışırlar. Hətta onlar yay aylarında 10 günlüyə də olsa belə, analarının yanına getmək istəmirlər" - bunları da N.Zöhrabova söylədi.

Direktorun danışdıqlarından və uşaqlarla söhbətdən sonra istər-istəməz fikirləşirsən ki, doğrudan da analıq hissi cılızlaşır. Çox analar uşaqlarını imkansızlıqdan deyil, öz rahatlıqlarını təmin etməkdən ötrü uşaq evinə verirlər. "Əvvəllər kimsə öz uşağını belə qapalı müəssisələrə gizli verirdi. İndi isə bu, adiləşib. Heç bir utanc hissi keçirmədən: "Uşağımı müəvəqqəti qoymuşam, sosial durumum pisdir" - deyə valideynlər bildirirlər. Ancaq bütün bunlar bəhanədir. Bərdənin qaçqın şəhərciyində analar var ki, uşaqlarını o ağır şəraitdə böyüdürlər. Ancaq şəhərin mərkəzində, dəbdəbəli mənzildə yaşayan qadınlar özlərinə daha çox vaxt ayırmaq üçün uşaqlarını qapalı müəssisələrə verirlər. Doğrudanmı, o analar bir tikə yeməklərindən bu uşaqlara verə bilməzlər? Qəribədir ki, sonra da bu uşaqlardan övladlıq hissi, mərhəmət gözləyirlər. Hələ üstəlik, "Bu uşaqlar bizə niyə yaddır?" - deyə gileylənirlər də".

Uşaqlar isə ürəklərindəki ümid işartısını birdəfəlik silib atmayıblar. Burda elə uşaqlar var ki, özlərini bu uşaq evində tanıyıblar. "Buranı öz evin hiss edirsənmi?" sualına "Küçədə qalmaqdansa, burada qalmaq daha yaxşıdır" - deyə cavab verirlər. İbrahim adlı oğlanın "əgər əlimdə ixtiyarım olsaydı, yer üzündən uşaq evlərini birdəfəlik silərdim. Analar uşaqlarını saxlaya bilməyəcəklərsə, niyə dünyaya gətirirlər?" sözləri hələ də qəlbimi ağrıdır. İbrahim ağlı kəsəndən bu suala cavab axtarır...

14 yaşlı Nərmin Cəfərova bu uşaq evində məskunlaşana qədər 2 və 7 saylı uşaq evlərində də yaşayıb. Bir bacısı da 2 saylı uşaq evindədir. "İstərdim anamın yanında qalım!" Bu, balaca Nərminin və bacısının ən böyük arzusudur. Ancaq nə etsin ki, anası onu hərdənbir yoluxmağa gələndə "səni aparacağam" - deyə vədlər verir... "Gecələr darıxıram. İmkanım olsaydı, həyata keçməyən mümkünsüz şeyləri həyata keçirərdim!" Nə yazıq ki, bütün insanlara yaxşılıq etmək istəyən qızcığazın əlindən xəyallar qurmaqdan başqa heç nə gəlmir!

Burada valideynlərinin söz verib, amma unutduğu, arxasınca gəlmədikləri uşaqlar çoxdur, lap çox... Qəribəsi budur ki, zavallı uşaqlar neçə illərdir ki, eşitdikləri bu sözə inana-inana yaşayırlar...

 

Cəmiyyətin yarası

 

Bir sual adamı daha çox narahat edir: bu gün uşaqların atılması, dilənçi kökünə salınması, aldadılması, ələbaxımlığa öyrədilməsi, satılması, diləndirilməsi təkcə valideynlərin yox, həm də cəmiyyətin yarası deyilmi? Günahsız uşaqları zamanın nehrəsində çalxamaq, zəmanənin şələsini hələ bərkdən-boşdan çıxmamış çiyinlərinə yükləmək günahdır. Çünki bu ağır yükə onların tab gətirəcəyinə inanmaq sadəlövhlük olardı. Unutmayaq ki, Vətənin böyüklüyü onun sıravi vətəndaşlarının mənəvi böyüklüyü ilə ölçülür və bunu təmin etmək təkcə dövlətin yox, vətəndaş olaraq hər birimizin borcudur. Biz yalnız onda "Uşaqlar bizim gələcəyimizdir" deyə bilərik. Şüarsız-filansız...

 

 

Məhərrəmova Təranə

 

Kaspi.-2009.-20 noyabr.-S.11.