Uşaq kino bayramı keçirildi 

 

Mərasimdə cizgi filmlərinin yeni toplusunun təqdimatı da olub

 

Dünən Dövlət Film Fondunun yeni binasında Mədəniyyət Turizm Nazirliyi tərəfindən Uşaq kino bayramı keçirildi. Uşaq ili çərçivəsində təşkil olunan tədbirə uşaq evlərinin yetirmələri, uşaq problemləri ilə məşğul olan dövlət ictimai təşkilatların nümayəndələri qatıldı.

3 nömrəli incəsənət məktəbinin şagirdlərinin ifasında təqdim olunan ayrı-ayrı xalqların rəqsləri tədbir iştirakçılarını xoş ovqatla qarşıladı.

Mədəniyyət Turizm Nazirliyinin aparat rəhbəri Firudin Qurbanov uşaqları bayram münasibəti ilə təbrik etdi: "Azərbaycan əhalisinin yarıdan çoxu gənclərdir. Uşaqları da bu siyahıya əlavə etsək, onlar ölkə əhalisinin əksəriyyətini təşkil edirlər. Mübaliğəsiz deyirəm ki, siz bizim gələcəyimizsiniz. Təsadüfi deyil ki, 2009-cu il cənab prezident tərəfindən Uşaq ili elan olunub. Bu münasibətlə ölkə daxilində bir çox tədbir keçirilir. Dövlətimiz uşaqların sağlam böyüməsində, onların incəsənəti sevməsində maraqlıdır"- deyə bildirdi.

Heydər Əliyev Fondunun eksperti İlqar Mustafayev fondun prezidenti Mehriban xanım Əliyevanın təbrikini tədbir iştirakçılarına çatdırdı. Ekspert vurğuladı ki, uşaqlar həmişə dövlətin diqqətindədir. Onların sağlam böyüməsi, tərbiyəsi üçün Heydər Əliyev Fondu tərəfindən müxtəlif layihələr həyata keçirilir bundan sonra da keçiriləcək.

YUNİSEF-in nümayəndəsi uşaqları təbrik edərək, incəsənətin uşaqların inkişaf tərbiyəsində mühüm rol oynadığını diqqətə çatdırdı.

Dövlət Film Fondunun direktoru Cəmil Quliyev tədbir iştirakçılarını tədbir çərçivəsində Uşaq Kino Evinin açılışı münasibəti ilə təbrik etdi. C.Quliyev uşaqlar üçün bundan sonra da yeni filmlər çəkiləcəyini, festivallar keçiriləcəyini diqqətə çatdırdı: "Biz uşaqların iştirakı ilə I Beynəlxalq Film Festivalı keçirmişik. II Uşaq Beynəlxalq Film Festivalı da təşkil edəcəyik".

Tədbirdə uşaq filmlərindən fraqmentlər nümayiş olundu. Daha sonra "Sehrli xalat", "Şir evdən getdi" "Asif, Vasif, Ağasif" filmlərinin qəhrəmanları səhnəyə dəvət edildi. "Sehrli xalat" filmində çəkilən Yusif Şeyxov kinonun həmişə uşaqların dostu olmasını arzuladı. Aktrisa Almaz Mustafayeva isə kino evinin açılışını uşaqlara bir hədiyyə olduğunu bildirdi: "Kino mənim həyatımda böyük rol oynayır. Kinoya gələndə 10 yaşım var idi. İndi isə artıq nənə olmuşam. Amma indi sizin üçün gözəl filmlər səsləndirirəm".

"Şir evdən getdi" filminin qəhrəmanı Elxan Cəfərov isə kinonu möcüzəli dünya adlandırdı: "Bu dünyanın qapılarının yenidən üzünüzə açılması üçün sizə uğurlar arzulayıram!"

Tədbirdə Heydər Əliyev Fondu ilə birgə hazırlanmış "Bir nağıl söylə mənə" cizgi filmlərinin yeni toplusunun təqdimatı, "Mən kino çəkirəm" uşaq rəsmləri sərgisinin açılışı, reyissor Firəngiz Qurbanovanın "Nuş olsun" cizgi filminin ilk baxışı da keçirildi.

 

 

Təranə

 

Kaspi.-2009.-20 noyabr.-S.15.