Xəlil İSMAYILOV

Əməkdar mədəniyyət işçisi

tarix elmləri doktoru,

professor

 

KİTABXANA RESURSLARINDAN İSTİFADƏNİN TƏŞKİLİNDƏ İNFORMASİYA-KOMMUNİKASİYA TEXNOLOGİYALARININ TƏTBİQİ

(Milli kitabxananın iş təcrübəsi əsasında)

 

Açar sözlər:kitabxana resursları,milli kitabxana,informasiya texnologiyaları,beynəlxalq təcrübə

e : , , , .

Keywords:library resources, the national library. information technology, international experience

XX əsrin axırlarında dünyada baş verən qlobal proseslər, o cümlədən, SSRİ-nin dağılması, beynəlxalq aləmdə ümumi siyasi mühitin ciddi şəkildə dəyişməsinə və yeni giosiyasi vəziyyətin yaranmasına səbəb oldu. Bu proseslərin həyata keçirilməsində keçmiş SSRİ-nin tərkibində olan müttəfiq respublikalar öz müstəqilliklərini əldə etdilər. O cümlədən, Azərbaycan Respublikası ikinci dəfə öz müstəqilliyini 1991-ci ildə qazanaraq, dünya dövlətləri tərəfindən tanınmağa və diplomatik münasibətlər yaratmağa, dünya birliyinə sistemli surətdə inteqrasiyasına geniş yol açdı. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçilik mənafelərinin qorunmasında ölkənin zəngin iqtisadi potensialı və əlverişli giosiyasi mövqeyi mühüm əhəmiyyət kəsb edir. Dünya ölkələri ilə ikitərəfli siyasi münasibətlərin qurulması iqtisadi, elmi-mədəni əlaqələrin inkişafına əlverişli şərait yaratdı. Qarşılıqlı faydalı elmi əməkdaşlıq, siyasi münasibətlərin dərinləşməsi respublikamızda ümumi inkişafa, xalqın rifah halının yaxşılaşmasına, siyasi mühitin stabilləşməsinə, dövlət quruculuğunun möhkəmləndirilməsinə öz təsirini göstərir.

Hazırda cəmiyyətdə baş verən qlobal proseslər ictimai həyatın bütün sferalarına əhəmiyyətli dərəcədə öz təsirini göstərir. Əlbəttə bu proseslərin həyata keçirilməsi və onu fərqləndirən əsas cəhətlərdən biri və ən başlıcası cəmiyyətin yaşaması və inkişaf etməsi üçün ilk növbədə informasiyanın fundamental faktora çevirməklə və insanların şüuruna təsir göstərməsidir.

Vaxtilə cəmiyyətini inkişafını mütəxəsislər əsasən, maddi istehsalın varlığı ilə əlaqələndiriblərsə, hazırki informasiya cəmiyyəti dövründə müxtəlif növ informasiyalar əldə etmədən mümkün olmadığını iddia edirlər. Qeyd etmək lazımdır ki, hazırki dövrdə informasiya ictimai tələbat kimi yeni tələblər irəli sürür və elə buna görə də informasiya müəssisələri kimi kitabxanaların qarşısında çox mühüm vəzifələr qoyur. Bu vəzifələrin yerinə yetirilməsində son illərdə kitabxanalarda olduqca mütərəqqi iş prosesləri, yeni informasiya texnologiyaları həyata keçirilir.

Dünyada baş verən kommunikasiya texologiyalarının artması, informasiyanın oxuculara operativ olaraq çatdırılması, məsafədən asılı olmayaraq xidmət göstərilməsi, elektron kataloqun yaradılması və bütövlükdə informasiya bazalarının formalaşması, informasiya təminatının mötəbərliliyinə imkan verir və tələbatçıların informasiya tələbatına şərait yaradır.

Ənənəvi kataloq kartoteka sistemlərindən fərqli olaraq, elektron kataloq vasitəsilə dünya kitabxanalarında olan sənəd informasiya fondları haqqında məlumat əldə etmək imkanı yaranır, onların operativ axtarışı təmin edilir.

Müasir kitabxana-informasiya sistemlərindən istifadə etməklə tələbatçılar zaman və məkan problemi olmadan lazımi informasiyanı əldə etmək məqsədilə, müasir tipli informasiya texnologiyalarından istifadə etməklə bilavasitə yaşayış və iş yerlərindən dünyanın ən zəngin informasiya fondlarına daxil olaraq özünə lazım olan informasiyaları operativ şəkildə əldə edirlər.

Respublikamızda zəngin informasiya fonduna malik olan M.F.Axundov adına Milli Kitabxana son illərdə məlumat- axtarış sistemlərinin təşkili və istifadəsi üzrə olduqca mütərəqqi tədbirlər həyata keçirir. Görülən bu mütərəqqi işlərin nəticəsi olaraq artıq demək olar ki, Milli Kitabxanada informasiya kommunikasiya sistemləri işlək vəziyyətə gətirilmiş, kitabxana veb saytı elektron kataloqu və elektron kitabxanası bir sıra problemlərin həlli istiqamətində xeyli işlər görmüşdür. Bu gün bir məsələni xüsusi qeyd etmək olar ki, artıq, məsafədən virtual kitab sifarişi sistemi tətbiq edilir.

Respublikamızın Milli Kitabxanasının ən başlıca müvəffəqiyyətlərindən biri də Kitabxana işi haqqında Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə müvafiq olaraq, M.F.Axundov adına Dövlət Kitabxanasına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 2004-cü il qərarı ilə Milli kitabxana statusu verilmişdir [1, 143].

Qeyd etmək lazımdır ki, kitabxanaya verilən bu mötəbər status kitabxananın qarşısında duran vəzifələrin əhatəliliyini xeyli genişləndirmiş, elmi-tədqiqat və informasiya təminatı sahəsindəki əməli fəaliyyətini xeyli genişləndirmişdir.

Son illərdə kitabxana işi sahəsində baş verən yeniliklər, xüsusilə, informasiya texnologiyalarının tətbiqinin elektron kitabxana və elektron kataloqların yaradılması Milli Kitabxanada həmişə yaradıcı şəkildə aparılmış, kitabxana proseslərinin avtomatlaşdırlması istiqamətində ilk addım atan kitabxanalardan biri olmuşdur.

Bir məsələni qeyd etmək lazımdır ki, müstəqillik illərinin bir sıra beynəlxalq təsnifatların Azərbaycana gəlməsi və respublikamızda fəaliyyətə başlaması kitabxana-informasiya müəssisələrinin işinə xüsusi təkan verdi. Bu təsnifatların başlıca məqsədi qrant vermək yolu ilə inkişaf etməkdə olan ölkələrə yardım göstərməkdən ibarət idi. Həmin təsnifatlar kitabxana işinə müsabiqə yolu ilə qrant ayırmaqla onların fəaliyyətini yaxşılaşdırmaq məqsədilə ilə ayrılırdı. Bu dövrdə, yəni müstəqilliyin ilk illərində Açıq Cəmiyyət İnstitutu (SOROS fondu) qrantlar ayırmaqda xüsusi fəallıq göstərirdi. Respublikamızda fəaliyyət göstərən respublika əhəmiyyətli dövlət və sahəvi kitabxanaların, kütləvi və uşaq kitabxanaları, hətta bir sıra kənd və qəsəbə kitabxanaları qrantlar udmuş, vəsait əldə etməklə öz kitabxanalarının fəaliyyətini təkmilləşdirmişdir. Milli Kitabxananın kollektiv qrantlar əldə etməklə, öz işlərində xeyli yenilik və dəyişiklik etmişlər.

Milli Kitabxana avtomatlaşdırma işinə də xüsusi əhəmiyyət verməklə, bir çox kitabxana-informasiya proseslərinin yeni kommunikasiya texnologiyaları ilə təmin edilməsi işində xüsusi fəaliyyət göstərirlər.

Milli Kitabxana son illərdə texnologiyalarının tətbiqi ilə bağlı çox mühüm tədbirlər həyata keçirmişdir. Bütün bunlar digər məsələlərlə, yanaşı Milli Kitabxananın kitab fondunun formalaşmasına çox ciddi təsir göstərmişdir.

Son illərdə respublikamızda kitabxanaların fəaliyyətini ümumiləşdirmək, uçot hesabat işlərinin təhlili kitabxanaların potensial imkanlarını təhlil etməyə imkan verir. İstər statistika idarələrinin, istərsə də kitabxanalara rəhbərlik edən Nazirlik və baş idarələrin həyata keçirdiyi statistik hesablamalar, informasiya orqanları kimi kitabxanaların kəmiyyət göstəriciləri haqqında fikir söyləməyə imkan verir.

Azərbaycan Respublikası Statistika Komitəsi son dövrlərdə bir sıra samballı statistik məcmuələr hazırlayıb çap etdirmişdir ki, burada xalq təsərrüfatının bütün sahələri o cümlədən, kitabxanaların fəaliyyəti ilə bağlı çox mükəmməl statistik məlumatlar geniş şəkildə şərh edilmişdir. Yeri gəlmişkən, bir məsələni qabarıq şəkildə göstərmək lazımdır ki, Azərbaycanda fəaliyyət göstərən bütün kitabxana şəbəkələri və sistemləri haqqında mükəmməl məlumatların olmaması, müəyyən obyektiv və subyektiv maneələrin və problemlərin həllində ciddi çətinliklər yaradır. Məsələn, eyni tipli kitabxanaların bir-birindən fərqli istər fond, kadr təminatı, avadanlıqlar və əşyalarla təminatı əsaslı şəkildə fərqlənir. Halbuki ərazi, oxucu, kitabxana fondu, regionun fərqli və üstün cəhətləri mütləq nəzərə alınmalıdır. Çox təəsüflər olsun ki, bəzən ərazisi oxucuların sayı, kitabxana fondu çox kiçik olan kitabxanaların bu keyfiyyətləri nəzərə alınmadan vəsait qoyuluşu və digər təminatlar üstünlüklər təşkil edir. Ona görə də bütün kitabxanaların, o cümlədən, onların fondu, oxucuları, ərazisi, əhatə dairəsi və digər əlamətlər öurənilməklə, xüsusi müşahidələr nəzərə alınmaqla respublikanın bütün regionlarında kitabxanaların hərtərəfli posportlaşdırılması, statistik ümumiləşmələr aparılmalıdır. Əlbəttə, statistik ümumiləşdirmənin aparılması daim diqqət mərkəzində olmuş bir sıra tədqiqatlar aparılmış və onların nəticələri nəşr olunmuşdur. Son dövrlərdə Respublika Statistika İdarəsi ardıcıl olaraq belə tədqiqatlar aparmış və kitabxanaların inkişaf istiqamətlərini statistik bülleten kimi çap etdirmişdir. Respublika Statistika Komitəsinin 2009-cu ildə çap etdirdiyi Kitabxanaların fəaliyyəti haqqında statistik müayinənin nəticələri barədə statistik bülleten diqqəti daha çox cəlb edir. Kitabxanların fəaliyyəti haqqında statistik müayinə Azərbaycan Respublikası Prezidentinin 6 oktyabr 2008-ci il tarixli 3072 nömrəli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı nın 2.1.8-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Statistika Komitəsinin tərəfindən 2009-cu ilin sentyabr ayının 1-dən 10-dək keçirilmişdir.

Statistik müayinənin keçirilməsində əsas məqsəd əhaliyə göstərilən kitabxana-informasiya xidmətinin səviyyəsinin yüksəldilməsi, kitabxana-informasiya sahəsində yeni texnologiyaların tətbiqi və istifadəsi nəticəsində onun dünya standartları səviyyəsinə çatdırılması, elektron informasiya fondlarının formalaşdırılması və virtual kitabxanaların inkişaf etdirilməsi, kitabxanaların kadr təminatının yaxşılaşdırılması, habelə, fasiləsiz təhsilin təmin edilməsi üçün şərait yaradılması istiqamətlərində aparılan işlərin vəziyyətini öyrənməkdən ibarət olmuşdur. Bülletendəki məlumatlar 2009-cu ilin sentyabr ayının 1-nə olan vəziyyəti, istifadəçilərə verilən kitab və digər informasiya mənbələrinin, habelə, istifadəçilərin sayı, 2009-cu ilin birinci yarısına olan vəziyyəti əks etdirir. Bütün kitabxana şəbəkələri və sistemlərində olan kitabxanalar müayinə ilə əhatə olunmuş kütləvi, uşaq, gənclər, elmi, elmi-texniki və digər ixtisaslaşdırılmış, həmçinin müəssisələrin nəzdində olan 8507 kitabxananın təxminən üçdə biri, yəni 2322-ci və ya 27,3%i şəhər yerlərində 6125-i və ya 72,2%i kənd yerlərindədir [2, 87].

Əlbəttə, bu cür statistik ümumiləşmə demək olar ki, qaneedicidir. Belə ki, Azərbaycanda yaşayan təxminən 9 milyon əhalinin 3 milyonundan çoxu Bakı və digər respublika tabeliyindəki sahələrdə, qalan 6 milyonundan çoxu isə kənd yerlərində yaşayır. Şəhər kitabxanalarında informasiya-kommunikasiya texnologiyalarının təminatında kənd yerlərindəki kitabxanaların kommunikasiya vasitələrindən daha zəngindir. Əlbəttə, belə olan tərzdə şəhər yerlərində yeni texnologiyaların geniş tətbiq olunması, kitabxana proseslərinin avtomatlaşdırılması yeni kitabxana proqramlarının tətbiqi daha çox məqsədə uyğundur. Bu baxımdan Axundov adına Milli Kitabxanada kitabxana işini müasir tələblərini ödəmək imkanı daha çoxdur. Milli Kitabxanada hələ 1975-ci ildən başlayaraq, kitabxana işinin informasiyalaşdırılması ilə bağlı bir sıra tədbirlər həyata keçirilməyə başlamışdır. Bu məqsədlə, Milli Kitabxanada mədəniyyət və incəsənət üzrə elmi informasiya şöbəsi yaradılmışdır. Bu şöbə kitabxanaya daxil olan sahə üzrə kitab, məcmuə, qəzet və jurnal məqalələri əsasında 1976-cı ildən etibarən, informasiya göstəricisi nəşr etməyə başlamışdır. Milli Kitabxanada son illərdə elektron məlumat bazasını yaradılması istiqamətində xeyli işlər görülmüş, bu məqsədlə Analitik elektron məlumat bazasının təşkili şöbəsi yaradılmış və az bir müddət ərzində xüsusi proqrama uyğun olaraq konkret tədbirlər həyata keçirilir. Hazırda şöbədə 80-dan çox dövri mətbuatda verilən məqalələr sahələr üzrə qruplaşdırılır, çeşidlənir və kitabxananın elektron kataloqunda yerləşdirilir. Əlbəttə, bu xidmət növündən kitabxananın saytından istifadə etməklə dünyada yaşayan bütün insanlar istifadə edə bilərlər. Hazırlanan bu sistem, bu xidmət növü dövri mətbuat səhifələrində çap olunan bütün məlumatların toplanaraq istifadəçilərə çatdırılır. Kitabxanada yaradılan Analitik elektron məlumat bazasının təşkili şöbəsi avtomatlaşdırılmış proqrama uyğun olaraq aparılır və 80 adda dövri mətbuatın materialları həmin sistemə daxil edilir [3,121].

Dövri mətbuatda dərc olunan məqalələr bütün sahələr üzrə qruplaşdırılaraq analitik təsvir edilir və iki dildə, rus və azərbaycan dillərində elektron kataloqa daxil edilir. Hazırlanmış həmin materiallar elektron kataloqda biblioqrafik yazıların VİRTUA proqramında, MARC-21 formatında yazılaraq dünya informasiya sisteminə, bütün tələbatçılara ötürülür.

Bu sistem digər sistemlərdən əsaslı şəkildə fərqlənir və VTLS proqramı vasitəsilə bütün mobillər Milli Kitabxana tərəfindən əldə edilmiş, sistemdə komplektləşdirmə, kataloqlaşdırma tələbatçıların uçotu və qeydiyyatı və məlumat axtarışı üçün xüsusi proqram OPAC fəaliyyət göstərir, həmçinin digər mobillərdən istifadə məqsədilə müəyyən hazırlıq işləri də aparılır. Milli Kitabxanada tətbiq edilən VTLS proqramı ilə oxuculara xidmətlə bağlı informasiya bazasının yaradılması üçün kompleks sistem yaratmağa imkan verirdi.

Respublika Milli Kitabxanasında artıq 2006-cı ildən etibarən yeni informasiya texnologiyaları vasitəsilə tələbatçılara kitabxana-informasiya xidmətinin göstərilməsi müasir dünya təcrübəsinə uyğun yenidən qurulması əsas vəzifələrdən biri kimi yerinə yetirilməyə başlanır. Artıq Respublika Milli Kitabxanası ölkədə kitabxana proqramlarının tətbiq sahəsində aparıcı müəssisələrdən biri kimi fəaliyyətə başladı. Bu fəaliyyət dəstəyi ilə yanaşı bir sıra beynəlxalq təşkilatların maliyyə dəstəyi ilə həyata keçirilməyə başlandı. Maşınlaoxunan elektron kataloqun yaradılması layihəsi əsasən, Avrasiya Fondu, SOROS Fondu və İRTCL qrant verən təşkilatların maliyyə dəstəyi hesabına həyata keçirilmişdir. Hazırda elektron kataloq vasitəsilə kitabxananın (www.anl.az) saytına girməklə fondda olan çap məhsulatı vasitəsilə istənilən məlumatları əldə etmək mümkündür. Bütün məlumatlar MARC-21 formatında fonda daxil edilir.

Milli Kitabxanada məlumat bazası yaradılarkən komplektləşmə zamanı ədəbiyyat ayrı-ayrı sahələr üzrə fonda daxil edilir. İlk növbədə:

Fonda daxil olan yeni ədəbiyyat;

Arxiv şöbəsində toplanmış və əks xronoloji ardıcıllıqla seçilən ədəbiyyat;

Tammətnli resursların biblioqrafik yazılarının tərtib edilməsi üçün kitabxananın fondunda olan ədəbiyyat;

Ümumi fonda olan və format üzrə düzülmüş rus dilində olan ədəbiyyat [4, 32].

Bundan başqa məlumat bazasına azərbaycan və rus dillərində olan ədəbiyyatın növlərinə görə biblioqrafik yazılar daxil edilir [4, 32].

Monoqrafiyalar

Seriya ilə nəşr olunan monoqrafiyalar

Dissertasiyalar və avtoreferatlar

Not musiqi nəşləri

Kartoqrafik nəşrlər

Elektron resurslar

Bütün bunlarla yanaşı, məlumat bazasında digər xarici dillərdə olan ədəbiyyat növlərinin bilioqrafik yazıları elektron kataloqa daxil edilir.

Azərbaycanda respublika səviyyəli kitabxanalar içərisində Axundzadə adına Milli Kitabxana avtomatlaşdırılmış kitabxana-informasiya sistemlərinin tətbiq edilməsinə demək olar ki, hələ 2000-ci illərdən başlamışdır. Belə ki, Milli Kitabxanada həmin ildən ilk internet zalı və ilk tədris kursları məhz bu kitabxanada yaradılmış, republikamızın kitabxana işçiləri üçün komputer təlimi üzrə treyninqlər həyata keçirilmişdir. Əlbəttə bu kimi tədbirlərin həyata keçirilməsi kitabxana ictimaiyyəti tərəfindən olduqca rəğbətlə qarşılanmış, respublikanın digər kitabxanalarında xeyli kitabxana işçiləri bu tədbirlərə qatılmışdır. Nəticədə Axundzadə adına Milli Kitabxanada yeni texnologiyaların tətbiqi və proqramların mənimsənilməsi ilə bağlı xüsusi kursların (treyninqlərin) keçirilməsi kitabxanaların işində xeyli canlanma yaratmış, faktiki olaraq yeni kitabxana texnologiyasının öyrənilməsi, məzmunu və tətbiq olunmasında mühüm əhəmiyyət kəsb etdi. Bu mənada, Milli Kitabxanada kitabxana proqramlarının tətbiqi ilə bağlı olduqca əsaslı dəyişikliklər baş verdi. Xüsusilə, bir məsələni qeyd etmək lazımdır ki, milli ədəbiyyat fonda daha çox daxil olmağa başladı. Belə ki, bu dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin imzası ilə kitabxana işinə dair dövlət əhəmiyyətli bir sıra sərəncamları oldu ki, burada ilk növbədə Azərbaycan kitabxanalarının fəaliyyətinin yaxşılaşdırılması haqqında sərəncamının kitabxana fəaliyyətinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əhəmiyyətlidir. Bundan başqa, hələ 1996-cı ildə Azərbaycan höküməti Azərbaycan Respublikasında kitabxana işinin vəziyyəti və onun yaxşılaşdırılması tədbirləri haqqında qərar qəbul olunmuşdur. 1999-cu ildə Kitabxana işi haqqında Qanun qüvvəyə minmişdir. Qanunun qəbul olunması və yuxarıda göstərilən sərəncamlarla yanaşı, Azərbaycan Respublikasının Prezidentinin Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında 2004-cü il 12 yanvar və 2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında 2004-cü il 27 dekabr tarixli sərəncamlarına əsasən, bu sərəncamlardan 3 il ərzində ümumi sayı 9 milyona yaxın ədəbiyyat nəşr olunmuş və ölkə kitabxanalarına təqdim edilmişdir. Kütləvi halda latın qrafikası ilə kitabların nəşr edilməsi kitabxana fondlarının qaydaya salınması və yerləşdirilməsində xeyli çətinliklər yaratmışdır. Belə olan tərzdə müasir Azərbaycan cəmiyyətinin informasiya təminatının həyata keçirilməsində ölkə kitabxanalarının tutduğu mühüm yer mədəniyyətin bu sahəsində informasiya cəmiyyətinin tələblərinə uyğun olaraq, müasir texnologiyaların tətbiqini zəruri edir. Odur ki, Azərbaycan kitabxanalarının fəaliyyətinin yaxşılaşdırılması haqqında sərəncamda birinci növbədə Azərbaycan Milli Kitabxanasının modernləşdirilməsi, müasir informasiya texnologiyaları ilə təmin edilməsi və maddi texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər, plenium hazırlanması və həyata keçirilməsi nəzərdə tutulmuşdur. Əlbəttə, Respublika Milli Kitabxanasında hələ müstəqilliyimizin ilk illərində bir sıra addımlar atılmış, bir sıra konkret tədbirlər həyata keçirilmiş, ilk növbədə texnoloji proseslərin öyrənilməsi məqsədilə xüsusi treyninqlər vasitəsilə kadrlar hazırlanmış, kitabxanada köhnəlmiş, əhəmiyyətini itirmiş, cırılmış və ya lazımsız hala düşmüş ədəbiyyatlar fonddan çıxarılmışdır. Son illərdə Milli Kitabxananın fonduna milli ədəbiyyatın daxil olmasının ildən-ilə artması, kitabxananın ümumkitab fondunda milli ədəbiyyatın xüsusi çəkisinin xeyli artımına səbəb olmuşdur. Belə ki, əgər 1994-cü ildə kitabxananın ümumi fondunun 10-12%ni təşkil etdiyi halda, artıq 2004-cü ildə milli ədəbiyyat fondun 25%ni, 2012-ci ildə 38%ni təşkil edirdi. [6, 166].

Milli kitab fondunun bu cür surətlə artması kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması 2006-cı ilin may ayında Milli kitabxananın veb saytının və elektron kataloqunun tədqiqatı ilə başlamışdır. 2006-cı ildən Milli kitabxananın saytı vasitəsilə bir sıra beynəlxalq məlumat bazalarında ABŞ-ın Konqres Kitabxanasının və Rusiyanın Milli Dövlət Kitabxanasının bazasında axtarış aparmaq imkanı əldə edilmişdir[6, 166].

Bir məsələni xüsusilə qeyd etmək lazımdır ki, son illərdə Milli Kitabxananın strukturunda əsaslı dəyişikliklər aparılmış, mədəniyyət və turizm idarəsi tərəfindən təsdiq olunmuş yeni struktur və müasir tələblərlə səsləşən şöbələr yaradılmışdır. Elektron informasiya xidməti avtomatlaşdırma və informasiya texnologiyaları, İnfrastrukturun təşkili və proqram təminatı, Elektron resursların yaradılması, Analitik elektron məlumat bazası yaradılması, Elektron kataloqun formalaşdırılmasına dəstək, Elektron dissertasiya fondunun təşkili və ondan istifadə, Elektron resurslardan istifadə, Lokal şəbəkə vasitəsilə virtual xidmət, Kitabxanaların metodiki təminatı və s. şöbələrin yaradılması Azərbaycan kitabxana ictimaiyyəti tərəfindən yeni konsepsiya kimi dəyərləndirilirdi. Yeni strukturların yaradılması kitabxanaların fəaliyyətində yeni inkişaf istiqamətlərini ortaya qoydu. Axundzadə adına Milli Kitabxana özünün surətli keçid dövrünü yaşayır ki, burada kitabxana fondunun elektron versiyalarının hazırlanması, sistemin bütün versiyalarının avtomatlaşdırılması işi müvəffəqiyyətlə həyata keçirirlir. Bu məqsədlə, təkcə 2006-2012-ci illərdə elektron sənədlər hazırlanmışdır ki, onların sayı 58842ə çatdırılmışdır.

Yekun olaraq bu qənaətə gəlmək olar ki, Axundzadə adına Milli Kitabxanada kompleks proseslərin avtomatlaşdırılmasına cavab verən bir sıra mükəmməl kitabxana-informasiya sistemi mövcuddursa, bunlardan biri də VTLS / VİRTUA proqramıdır. Bu proqram artıq neçə illərdir ki, Respublika Milli Kitabxanasında tətbiq edilir və sistem gücü şəbəkə imkanına malikdir, onun respublikanın kitabxanalarında tətbiqi vacib və olduqca zəruridir. Bu sistem vasitəsilə hazırda oxucuların kitabxananın elektron resurslarına uzaq məsafədən giriş artıq 2006-cı ildən mövcuddur. Azərbaycan Milli Kitabxanasının elektron kataloqundan istifadəçilər kitabxananın saytı vasitəsilə (www.anl.az) Elektron kataloq bölməsinə daxil olmaqla istifadə edə bilərlər.

 

 

 

 

ƏDƏBİYYAT

1.       Azərbaycan Respublikasının Qanunvercilik toplusu, 2004, 4, naddə 298-299, s.143.

2. Azərbaycan Respublikası Statistika Komitəsi Kitabxanaların fəaliyyəti haqqında statistik müayinəsinin nəticələri barədə statistik bülleten, Bakı, 2009, 87 s.

3. Azərbaycan Milli Kitabxanası-90 məqalələr məcmuəsi. Bakı, 2013.-150s.

4. Əsədova R. Azərbaycan Milli Kitabxanası məqalələr məcmuəsi, Bakı, 2013.

5. M.F.Axundzadə Azərbaycan Respublikası Dövlət Kitabxanasının əməkdaşlarının əsərləri (1923-1993). Tərtib edəni: F.Məmmədov.- Bakı, 1993.- 150s.

6. Tahirov K. Dünya Milli Kitabxanaları. M.F.Axundzadə Azərbaycan Milli Kitabxanası. Dərs vəsaiti. Bakı, 2013.- 211s.

7. Tahirov K. Axundov adına Milli Kitabxananın beynəlxalq əlaqələri// Kitabxanaşünaslıq-informasiya.-2011.- 1.-s 32-40

8. Azərbaycan kitabxanaları XXI əsrin informasiya məkanında. IIIcild.-Bakı, 2010.-367s.

9. Kitabxanaların fəaliyyəti haqqında statistik müayinənin nəticələri barədə. Statistik bülleten. Bakı, 2009.- 86s.

 

 

 

 

 

.

 

-

( )

 

- . ... .

 

 

K.Ismayilov

 

APPLYING OF INFORMATION AND COMMUNICATION TECHNOLOGIES IN THE ORGANIZATION OF THE USE OF LIBRARY RESOURCES (BASED ON THE EXPERIENCE OF THE NATIONAL LIBRARY)

 

SUMMARY

The article highlights the role of information and communication technologies in the organization of effective use of library resources. Also, special attention is paid to the experience of the National Library after M.F.Akhundov and international experience relevant libraries.

 

 

Kitabxanaşünaslıq və biblioqrafiya: Elmi-nəzəri, metodik və təcrübi jurnal.- 2014.- 2.- S.13-21.