Daşqın MƏHƏMMƏDLİ

BDU-nun Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının magistrantı

 

 

KİTABXANALARDA TEXNOLOJİ PROSESLƏR VƏ ƏMƏLİYYATLAR

 

 

Açar sözlər: Texnologiya anlayışı, texnoloji proseslər, texnoloji əməliyyatlar, kitabxana texnologiyaları, kitabxana-informasiya istehsalı,kitabxana resursları

Keywords: Technology concept, technological processes, technological  operations, library technologies, the production of library- information, library resources

: , , , , -,

Məqalədə daha çox kitabxana praktikası üçün səciyyəvi olan mühüm proseslər-texnoloji proseslər və əməliyyatlar və bu proses və əməliyyatların kitabxana praktikasında yerinə yetirdiyi funksiyaları, vəzifələri barədə, eləcə də müasir vəziyyəti və bəzi təkmilləşdirilməsi məsələləri haqqında bəhs olunur.

Kitabxana texnologiyası anlayışı kitabxanaşünaslıq nəzəriyyə və praktikasında ən əhəmiyyətli məsələlərdən biri kimi bütün növ və tipdən olan kitabxanalara aiddir və fondun komplektləşdirilməsində, oxuculara xidmət işində, məlumat və metodiki işlərdə özünü əks etdirir. Bununla yanaşı, kitabxana fəaliyyətinin ayrı ayrı iş növlərinin özünün texnologiyası da mövcuddur və bunlar bütövlükdə hər hansı iş prosesinin yerinə yetirilməsinə yönəldilir. Məsələn, kitabxana fondunun komplektləşdirilməsi texnologiyası, fondun saxlanılması texnologiyası, metodik köməklik işinin texnologiyası, kompleks texnoloji proseslər və əməliyyatlar və s. (1, s.52)

Ümumiyyətlə, bəhs edtiyimiz mövzunun elmianalitik təhlili onun məzmun etibarilə aşağıdakı iki mərhələdə şərhini tələb edir:

1.Kitabxanalarda texnoloji proseslər.

İstehsal prosesi anlayışı kitabxana təcrübəsi üçün adi deyil və kitabxanaşünaslıq elmi tərəfindən başa düşülmür. Fikrimizcə, kitabxana fəaliyyəti strukturunda kitabxana fondunun formalaşdırılması və konkret məhsul və xidmətin istehsalı prosesləri istehsal statusuna daha yaxındırlar.

Əgər fikrimizi məntiqi sonluqla yekunlaşdırsaq, o zaman deyə bilərik ki, kitabxana istifadəçilərə göstərilən xidmət (kitabxana, biblioqrafik, tədris və s.) və istehsal etdiyi informasiya məhsulları (faktoqrafik, tammətnli, analitik, reklam, digərləri) qədər istehsal proseslərini də həyata keçirir.

Görkmli kitabxanaşünas alim M.Y.Dvorkin nəticə verən məhsul əlamətinə görə kitabxananın istehsal fəaliyyətinin üç növünü fərqləndirir: kitabxana fondunun formalaşdırılması, soraq biblioqrafiya aparatının formalaşdırılması və istifadəçilərə xidmət. (3, s.48). Kitabxana fəaliyyətinin hər bir növü özünün texnologiya, metodika və təşkilati strukturuna malikdir.

İstənilən istehsal sistemi özünün strukturu ilə xarakterizə olunur. Bu struktur kitabxananın nizamnaməsi, şöbələr haqqında əsasnamələr, texnoloji sənədləşmə ilə qaydaya salınır,funksional və ya xidməti altbölmələrlə yanaşı, köməkçi xidmətləri də, (dəftərxana, ekspedisiya (göndərici müəssisə), mühasibat, cildxana və s.)bu struktura daxil edir.

Belələliklə, istehsal strukturu dedikdə, tam bir sistem başa düşülür ki, onun da elementləri informasiya məhsulları və xidmətlərinin istehsalı prosesində resursların effektli ifadəsi, əməyin, funksiya və vasitələrin bölüşdürülməsi bazası əsasında yaranan texnoloji proseslərlə bağlıdır.

İstehsal sisteminin effektli fəaliyyəti üçün əsas şərt əməyin rasional bölgüsüdür. Əmək bölgüsünün əsas vahidləri isə proses və əməliyyatlar hesab edilir.

Texnoloji proses istehsal prosesinin bir hissəsi olub, əmək vəziyyətinin dəyişdirilməsi ilə əlaqədar müstəqil məsələlərin həlli ilə bağlı məqsədyönlü, qarşılıqlı əlaqəli fəaliyyətidir. (6, s.109)

Kitabxana istehsal prosesinin nəticəsi - hazır informasiya məhsulu və ya göstərilən xidmətdir (məsələn, əgər biblioqrafik göstəricinin kartoçka, çap və ya kompüterdə yığılmış variantı hazırdırsa, demək, onun hazırlıq prosesi bitmiş hesab edilə bilər). (3, s.26)

Kitabxana texnologiya prosesi istehsal prosesinin tərkib hissəsi olub, çıxışda fəaliyyətin aralıq nəticəsinə malikdir. Məsələn, biblioqrafiyalaşdırmanın ənənəvi texnologiyasının aralıq məhsulu kimi aşağıdakıları göstərmək olar:

-Prospekt gələcək vəsaitin modelləşdirilməsi texnoloji prosesin nəticəsidir;

-İşçi kartoteka -ədəbiyyatın aşkarlanmasının (üzə çıxarılmasının) nəticəsidir;

-Biblioqrafik yazı kütləsi sənədlərin və s. analitik işlənməsinin nəticəsidir;

-Avtomatlaşdırılmış texnologiyada isə bu lokal verilənlər bazası üçün orijinal proqram təminatı, biblioqrafik yazı formatlarıdır və s.

Biblioqrafik fəaliyyətin istehsal və texnoloji proseslərinin qarşılıqlı əlaqəsini kitabxana fondunun formalaşdırılması nümunəsində göstərək:

1.Texnoloji proses (modelləşdirmə) onun nəticəsi (fondun mövzu tipoloji modeli);

2.Texnoloji proses (komplektləşdirmə) onun nəticəsi (yeni daxil olan sənədlər);

3.Texnoloji proses (uçot) onun nəticəsi (uçot formaları);

4.Texnoloji proses (kitabxana qaydası ilə işləmə) onun nəticəsi (istifadəyə hazırlanan sənədlər);

5.Texnoloji proses (yerləşdirmə) onun nəticəsi (qəbul olunmuş sxemə uyğun olaraq fonda yerləşdirilmiş yeni daxil olan sənəd kütləsi);

6.Texnoloji proses (mühafizə) onun nəticəsi (istifadəyə yarayan kitabxana fondu).

Kitabxana proseslərinin layihələşdirilməsi və rasional təşkili üçün sənaye texnologiyasında qəbul edilmiş texnoloji proseslərin tiplərə bölünməsi prinsipal mənaya malikdir. Ümumi və spesifik əsasa görə əməyin məzmununda vahid, tip və qrup texnoloji proseslər fərqləndirilir.(4. s.32)

Vahid texnloji proses eyniadlı və icralı xidmətlərin və məhsulların istehsalının texnoloji prosesidir və yeni istehsal və sosial texnologiyaların hazırlanmasında, unikal məhsul və xidmətlərin yaradılmasında əhəmiyyətli rola malikdir.

Belə proseslər müxtəlif fəaliyyət sahələrində (informasiya, təhsil, mədəni və s.) öz təsdiqini tapmış perspektivli texnologiyaların bilavasitə alınması və uyğunlaşdırılması hesabına inkişaf edən müasir kitabxana istehsalı üçün xarakterik deyildir. Vahid texnoloji proseslər, məsələn analoqu olmayan analitik informasiya məhsullarının hazırlanmasına, orijinal metodika üzrə elmi informasiya tədqiqatlarının keçirilməsinə aiddir.

Vahid texnoloji proseslər eksperimental layihələrin, müasir texnikanın yeni texnoloji imkanlarının (informasiyanın kompüterdə işlənməsinin yeni üsulları, verilənlərin ötürülməsi, elektron kitabxanaların formalaşdırılması və fəaliyyəti və s.) tətbiqinin nəticəsi ola bilər. Bu proseslər informasiya istehsalına tətbiq olunma baxımından qrup və ya tip proseslər sırasına keçə bilərlər.(5, s.110)

Tipoloji texnoloji proses ümumi struktur və texnoloji əlamətlərə malik məhsul və xidmətlərin istehsalının texnoloji prosesidir.

Ümumi struktur və texnoloji xarakteristikaya malik informasiya məhsulları və xidmətlərinə nümunə olaraq mövcud strukturun biblioqrafik yazıları (biblioqrafik təsvir, biblioqrafik təsvir + annotasiya, biblioqrafik təsvir + referat və s.) açar sözlərin sözönlüyünü, predmet rubrikalarının lüğətlərini, avtoritet fayllarını, çap nəşrlərinə köməkçi göstəriciləri (müəllif, ad, coğrafi və s.), nəşriyyata təqdim edilən əlyazmaları, kitabxanaların statistik hesabatlarını, ünvan arayışlarını və s. misal göstərmək olar. Onların hazırlanmasının texnoloji prosesləri istehsalın şərait və üsullarından asılı olmayaraq tipoloji hesab edilirlər.(3, s.39)

Qrup texnoloji proses müxtəlif struktura, lakin ümumi tipoloji əlamətlərə malik məhsul və xidmətlərin istehsalının texnoloji prosesidir.

Müxtəlif struktura, lakin ümumi tipoloji əlamətlərə malik informasiya məhsulları və xidmətlərinə nümunə olaraq aşağıdakıları göstərmək olar:

-Mövzu biblioqrafik göstəriciləri;

-Mövzu arayışları;

-Kitab sərgiləri;

-Tammətnli verilənlər bazaları və s.

Struktur müxtəlifliyinə baxmayaraq, onların istehsalının əsasında qrup texnoloji prosesi informasiyanın mövzu axtarışı durur. Qrup texnoloji proseslərə - redaksiya nəşriyyat texnoloji prosesləri (prospektin işlənilməsi, redaktə, orijinal maketin yaradılması və s.) aiddir.(1, s.69)

Onlar strukturca fərqlənən məhsulların, məsələn monoqrafik nəşrlər, ardı davam edən məcmuələr, biblioqrafik göstəricilər və s. istehsalında tələb olunanlardır.

2. Kitabxananın texnoloji əməliyyatları

Texnoloji prosesin həmcins elementar tərkib hissələrə ayrılması texnoloji əməliyyat anlayışı ilə əlaqədardır.

Sənaye istehsalında texnoloji əməliyyat eyni bir iş yerində icra edilən texnoloji prosesin tamamlanmış (bitmiş) hissəsi kimi müəyyənləşdirilir. Belə ki, kitabxana istehsalında iş yeri sənaye istehsalında olduğu kimi daha dəqiq və birmənalı deyildir, eyni bir iş yerində (kataloqla, kompüterlə, surətçıxarma aparatı ilə işdə ) müxtəlif icraçılar işləyə bilərlər. İndi isə kitabxana texnologiya əməliyyatı anlayışına verilən tərifi dəqiqləşdirək:

Texnoloji əməliyyat - bir işçi tərəfindən icra edilən və fəaliyyətin həmcinsliyi ilə xarakterizə olunan texnoloji prosesin tamamlanmış hissəsidir.

Məsələn, tematik sorğunun dəqiqləşdirilməsinin texnoloji prosesi aşağıdakı əməliyyatlaradan ibarətdir:

-Sorğu leksikonundan açar sözlərin seçilməsi;

-Axtarışın predmet və aspektlərinin müəyyənləşdirilməsi;

-Sorğunun indeksləşdirilməsi;

-Axtarış əlamətinin məzmununun dəqiqləşdirilməsi;

-Mövzunun leksik əhatəsinin seçilməsi (mənaca yaxın olan söz və anlayışlar);

-Sorğu bankında nəticələrin qeyd edilməsi;

-Tələbatçılatla birgə sorğuların dəqiqləşdirilməsi və s. (1, s.79).

Eyni texnoloji proses hansı informasiya məhsulunun (xidmətinin) istehsalından və istehsalçının hansı texnologiyadan (ənənəvi, avtomatlaşdırılmış) istifadə etməsindən asılı olaraq müxtəlif əməliyyat strukturuna malik ola bilər. Məsələn, çap sənədinin maşınlaoxunan formaya (yəni informasiyanın texniki işlənilməsi) keçirilməsi müxtəlif üsullarla həyata keçirilə bilər.Onlardan daha geniş yayılanları aşağıdakı əməliyyatlar ardıcıllığı ilə reallaşır:

1.İnformasiyanın klaviaturadan daxil edilməsi;

2.Verilənlərin düzgünlüyünün yoxlanılması;

3.Yazıların redaktəsi.

Əgər icraçının iş yerində skaner aparatı varsa, o zaman klaviaturadan informasiyanın daxil edilməsinə ehtiyac qalmır.

Nəhayət, böyük həcmə malik informasiyaların maşınla oxunan formaya keçirilməsi üçün yazıların xüsusi şifrələnmə texnologiyası işlənib hazırlanmışdır.

Kitabxana texnoloji əməliyyatını mürəkkəblik səviyyəsinə görə tiplərə ayırmaq olar. Buna əsas kimi ilkin şəraitlə son nəticə arasındakı səbəb nəticə göstərilə bilər. Bu prosesi aşağıdakı formada göstərmək daha məqsədəuyğun olardı (cədvəl 1).

 

Kitabxana texnoloji əməliyyatlarınıbn tiplərə bölünməsi

 

Cədvəl 1.

Əməliyyatın tipi

İlkin şərtlər

Nəticə

Elementar

Birmənalı

Birmənalı

Məntiqi

Müxtəlif

Birmənalı

Yaradıcı

Birmənalı

Müxtəlif

 

Elementar texniki əməliyyatlar birmənalı ilkin şərtlərdə (oxucu tələbatına uyğun nəşrin verilməsi, mətnin kompüter yığımı, kitabın fondda mövcudluğunun müəyyən edilməsi) nəticənin birmənalılığı ilə xarakterizə olunur. Müxtəlif nəticə isə ancaq səhvən alına bilər.

Məntiqi (formal məntiqi) əməliyyatlar - müxtəlif ilkin şərtlərdə (tələbatçını maraqlandıran məlumatların dəqiqləşdirilməsi müxtəlif mənbələr üzrə aparıla bilər, informasiyanın ötürülməsi optimal əlaqə kanalının seçilməsini tələb edir, informasiyanın axtarış proqramının işlənilməsi, resurs bazasının təhlili və optimal alqoritm və s. seçimi ilə əlaqədardır) nəticənin birmənalılığı ilə xarakterizə olunur.

Yaradıcı (evristik) əməliyyatlar eyni cür ilkin şərtlərdə (referatlaşdırma, prosesin blok sxeminin işlənilməsi, yazıların məntiqi qruplaşdırılması, kitab sərgisi üçün illüstrasiya seçimi və s.) müxtəlif nəticələrlə xarakterizə olunur. Nəticənin birmənalı olmaması mürəkkəb intellektual fəaliyyətin evristik xarakteri, icraçıların ixtisasları arasındakı fərqlərlə, eləcə də digər şəxsi amillərlə bağlıdır.

Konkret istehsal prosesinin strukturunda texnoloji əməliyyatların mürəkkəblik dərəcəsinə görə tiplərə ayrılması əməyin ixtisaslı bölgüsünün aparılmasına, fəaliyyətin növlərinin seçilməsinə imkan verir:

-          İxtisas təhsili olmayan texniki işçilərə əldə edilməsi mümkün olan əməliyyatlar;

-          Peşəkar bilik və xüsusi bacarıq tələb edən əməliyyatlar;

-          Böyük istehsal təcrübəsinə və yaradıcı bacarığa malik yüksək ixtisaslı mütəxəssislərə mümkün olan əməliyyatlar.

Hər tip üzrə əməliyyatın xüsusi çəkisinin hesablanması kitabxana əməkdaşlarının optimal kadr və ixtisas tərkibinin müəyyənləşdirilməsinə imkan verir.

Müxtəlif kateqoriyalı kitabxana mütəxəssisləri arasında apardığımız ekspert sorğularının və keçirilən tədqiqatların nəticələrinə əsasən ənənəvi (avtomatlaşdırılmış) kitabxana texnologiyasının strukturunda texniki texnoloji əməliyyatların payı təxminən 57 %, məntiqi 33%, evristik əməliyyatların payı isə 10 faizi təşkil edir.(1, s.268).

Kitabxanaçı əməyinin ixtisaslı bölgüsü məsələsi isə xarici kitabxanaşünaslıqda daha fəal şəkildə tədqiq edilir. Belə ki, ABŞ da fəaliyyət göstərən menecment personalında kitabxana işçilərinin əmək fəaliyyətini üç kateqoriyaya peşəkar ümümi (rəqəmin təxminən 33 % - i); texniki (21 %); kargüzarlıq (46 %) bölən kitabxana əməliyyatlarının klassifikatorları yaradılmış və fəal şəkildə istsifadə edilir. Bu bölgüyə əsasən ABŞ da kitabxana işçilərinin 45 % - ni kitabxana təhsilli mütəxəssislər (ali və orta təhsilli), 5 % - ni qeyri kitabxana profilli mütəxəssislər, 50 % - ni köməkçi personal təşkil edir.

İFLA nın dünya təcrübəsini əks etdirən standartına əsasən kitabxana personalı içərisində 33 40 % profil üzrə təhsil alan mütəxəssislərin olması kifayət hesab edilir. (3, s.98).

Azərbaycan kitabxanaşünaslığında isə əməyin ixtisaslı bölgüsü məsələsi uzun müddət müzakirə edilməmişdir. Bunun əsas səbəblərinə isə aşağıdakıları aid etmək olar:

-Əl əməyinə əsaslanan kitabxana texnologiyalarının hökm sürməsi;

-İxtisaslı mütəxəssisin və texniki icraçının əməyini bərabərləşdirən tarazlanmış vəzifə məvacibləri;

-Əmək bölgüsünün prinsipcə mümkün olduğu iri kitabxanaların kadrlarının yüksək təhsil səviyyəsi və s.

Lakin müasir şəraitdə respublika kitabxanalarının maddi texniki və kadr potensialının güclənməsi, onlara dövlət qayğısının artırılması, bütövlükdə kitabxana informasiya fəaliyyətinin kompleks inkişafının təmin edilməsi üçün konkret əməli tədbirlərin həyata keçirilməsi bu müəssisələrdə artıq yuxarıda bəhs edilən əməyin ixtisaslı bölgüsü məsələsini inkişafın mühüm amillərindən biri kimi ön mövqeyə çıxarmış və bu prosesdə yerli xüsusiyyətlər nəzərə alınmaqla bərabər qabaqcıl dünya təcrübəsinin tətbiqinə ciddi diqqət yetirilmiş və mühüm uğurlar əldə edilmişdir.

Texnoloji əməliyyat sənaye istehsalında elementar texnoloji proseslərin bölünməyən tərkib hissəsi hesab edilmir. Aviasiya sənayesi və maşınqayırmada onların bir qayda olaraq drob şəklində bölgüsü qəbul edilmişdir.

Kitabxana təcrübəsində texnoloji üsul icraçının fəaliyyətinin təşkili üsulu anlayışı da öz əksini tapmışdır.

Beləliklə, kitabxana istehsal sistemi kimi texnoloji funksiyaların müəyyən yığımını həyata keçirir və texnoloji model kitabxana fəaliyyətinin mikroiqtisadi modeli ilə çox yaxşı uyğunlaşır və onun strukturunda texnoloji blokun (resurs təminatı, texnologiyanın hazırlanması və təkmilləşdirilməsi, xidmətlərin, məhsulların yaradılması, keyfiyyətə nəzarət, fəaliyyətin nəticələrinin toplanılması və mühafizəsinin) üzə çıxarılması xeyli asanlaşır.

 

 

ƏDƏBİYYAT

1.İsmayılov X.İ. Kitabxana işinin təşkili və idarə olunması:(Dərslik).-B.: Nurlar, 2010.-328 s.

2.İsmayılov X.İ. Kitabxana-informasiya texnologiyaları:(Dərs vəsaiti).-B.: Nurlar, 2009.-312s.

3.İsmayılov X.İ. Kitabxana menecmentinin əsasları: (Dərs vəsaiti).-B.: BUN, 2005.-199 s.

4.İsmayılov X.İ. Kitabxanaların idarə edilməsinin müasir problemləri: Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri, metodik və təcrübi jurnal.-2009.-1.-s.27-39.

5.Xələfov A.A., Qurbanov A.İ. Kitabxanaların kompüterləşdirilməsinin əsasları: (Dərslik).-B.: Bakı Universiteti Nəşriyyatı, 2006.-250s.

6.Rüstəmov Ə.M., Mustafayeva N. Avtomatlaşdırılmış kitabxana-informasiya sistemləri və şəbəkələri: (Monoqrafiya).-B., 2007.-234s.

 

 

 

D.H.Mahammadli

 

 

TECHNOLOGICAL PROCESSES AND OPERATIONS IN THE LIBRARIES

 

SUMMARY

In the article deals about  the more important processes specific to the practice of library operations and the process of technological processes and operations carried out by the practice of library functions and responsibilities, as well as improving the current situation and some improvement problems

 

 

 

..

 

 

, , , , .

 

 

Kitabxanaşünaslıq və biblioqrafiya: Elmi-nəzəri, metodik və təcrübi jurnal.- 2014.- 2.- S. 98-104.