BDU-nun dilçi alimləri Polşada XIII Uluslararası böyük türk dili qurultayında

Türkiyənin İhsan Doğramacı adına Bilkənd Universiteti, Yunus Əmrə İnstitutu və Varşava Universitetinin birgə təşkilatıçılığı ilə Polşa Respublikasının Varşava Universitetində XIII Uluslararası Böyük Türk Dili Qurultayı keçirilib. 26 sentyabr Türk dili bayramı gününə və Türkiyə-Polşa diplomatik münasibətlərinin 600 illiyinə təsadüf edən qurultaya dünyanın müxtəlif ölkələrindən 120 elm adamı, o cümlədən Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının professoru Zemfira Şahbazova, Türkologiya kafedrasının dosenti Qızılgül Abdullayeva və Türkoloji araşdırmalar ETL-in kiçik elmi işçisi Pərvin Eyvazov qatılıb.

Qurultayın açılış mərasimində türk coğrafiyasının elmi-mədəni mühitindən, xüsusilə türkologiya sahəsində qarşılıqlı əlaqələrin inkişafından, qarşıda dayanan əsas vəzifələrdən və gələcək perspektivlərdən danışıb, qurultayın əhəmiyyətindən söz açılıb. Açılış mərasimindən sonra öz işinə başlayan bölmə iclaslarında Zemfira Şahbazova “Türk dillərində sual əvəzlikləri və onların linqvistik xüsusiyyətləri”, Qızılgül Abdullayeva “XVII əsrdə aparıcı dil anlayışı və normada xəlqiləşmə”, Pərvin Eyvazov isə “Professor Bəkir Çobanzadə və türkcənin söz varlığı” adlı məruzələrlə çıxış edib.

Ölkəmizin Polşadakı səfiri, professor Həsən Həsənov Azərbaycandan qurultaya qatılmış akademik heyətlə görüşüb. Azərbaycan-Polşa münasibətlərindən danışan Həsən Həsənov səfirliyin həyata keçirdiyi mühüm işlərdən söz açaraq elm sahəsində əlaqələrin möhkəmlənməsinin vacibliyini vurğulayıb, bu cür tədbirlərin təşkil edilməsini müsbət hal kimi dəyərləndirib və BDU təmsilçilərini “Azərbaycan-Polşa əlaqələrinin möhkəmlənməsində xidmətlərinə görə” medalı və diplomu ilə təltif edib. 

Qurultayın bağlanış mərasimində Azərbaycan nümayəndə heyəti adından BDU-nun Türkologiya kafedrasının dosenti Qızılgül Abdullayevaya çıxış edib. Sonda bütün iştirakçılara təşkilat komitəsi tərəfindən sertifikatlar təqdim olunub.

Onu da qeyd edək ki, BDU alimləri 1918-1920-ci illərdə Azərbaycan Milli Ordusunun Baş Qərargah rəisi olmuş polyak əsilli Matsey Sulkeviç və Polşa Respublikası Ordusunun və Milli Ordunun (Armiya Krayova) polkovniki olmuş Azərbaycan əsilli Vəli bəy Yadigarın xatirəsinə ucaldılmış “Müstəqil Azərbaycan və Polşa uğrunda mübarizlərin xatirəsinə” abidəsini ziyarət ediblər.

Eyvazov, Pərvin.

Kredo  2018.- 4 oktyabr. - S.16.