DOĞMA
İRSİ DAHA YAXŞI TANIMAQ VƏ TANITMAQ
VƏZİFƏSİ
“Konstitusiya və Suverenlik İli”nə
həsr edilmiş Azərbaycan Qeyri-Hökumət
Təşkilatlarının Əməkdaşlıq Forumunun
“Türkman irsi: tarixi köklərə sədaqət” adlı panelində akademik Rafael
Hüseynovun çıxışı
Əslində İraqda sayı çoxdan 4 milyona çatan, elə bizim kimi oğuz
türkləri olan soydaşlarımıza “İraq
türkmanları” deyil,
“İraq türkləri”
deməliyik.
Çünki 1958-ci ildə İraqda baş vermiş hərbi çevrilişdən
sonra siyasi məqsədlərlə dövriyyəyə
gətirilən və
daha əvvəlki uzun əsrlər boyunca sadəcə “türk” adlandırılmış
bu insanlara “türkman” demək həm tarixi və etnik dəqiqlik
baxımından doğru
deyil, həm də istər-istəməz
terminoloji qarışıqlıq
yaradır, bu səbəbdən də Orta Asiyadakı türkmənlərlə bu
türkmanlar qatışıq
düşməsin deyə,
guya konkretləşdirərək
“türkman” kəlməsinin
əvvəlinə “İraq”
sözü əlavə
edilir.
İraqda hələ
VII əsrdən var olan, Əməvilər dönəmində şücaətinə,
igidliyinə arxalanaraq
Bəsrədə yerləşdirilən
bir neçə min oğuz türkünün
miqdarı Səlcuqlar
və daha sonra Səfəvilər dönəmində yeni köçlərlə onminlərlə
artdı.
İraq türkləri
həm oğuz türkləri olaraq kökcə, həm də əsilcə oğuz olan digər türklərdən
bir sıra sabit milli əlamətləri,
ilk növbədə ləhcələri, deyiş
tərzləri, şirin
dillərində yaratdıqları
söz sərvətlərinin
ahəngi, məzmunu və ruhuyla seçilərək Azərbaycan
türkləri ilə
eynidirlər. “Yaxın”,
“çox bənzər”,
hətta “qohum” yox, məhz eynidirlər. Elə sadəcə bayatı və xoyrat tutuşdurmaları bunu anındaca isbat edir və heç
bir digər türk xalqının söz mirası arasında belə qəti səsləşmə
və eyniyyət yoxdur.
Bayatı və
xoyrat isə milli varlığın, düşüncənin, hissiyyatın
və özünüifadəetmənin
son dərəcə mühüm olan qurucu, mahiyyətmüəyyənedici
və genetik kod səciyyəli elə ünsürləri
və tərkib hissələridir ki, milli çöhrənin diaqnostikasında onlara əsaslanaraq alınan nəticə və çıxarılan qərarın
genetik informasiya daşıyıcısı DNT analizi
qədər sərrast
və dürüst sayılması gərəkdir.
2. Azərbaycanda yeni zamanda – XX yüzildə İraq türklərinin soydaşlarımız və
ruhdaşlarımız olaraq
tanıdılıb təbliğ
edilməyə başlanmasının
yaşı artıq
70 ilə çatır.
Mən ilk
dəfə İraqdakı
qardaşlarımız, onların
ədəbi və musiqi irsi haqqında
Azərbaycan radiosunda ayrıca verilişlər hazırlayanda 1970-ci illərin
sonları, 1980-ci illərin
əvvəlləri idi.
Sinan Səidlə Nərminə Məmmədovanın
ifasında Azərbaycan
radiosunda səslənmiş
Kərkük nəğmələrini
kənara qoysaq, əsl böyük kərküklü müğənni
Əbdülvahid Kuzəçioğludan
bəhs edilməsi və ifasının Azərbaycan efirində mənim verilişlərimdə
səslənməsinin yaşı
artıq 45 ildən çoxdur.
Arada bunca
uzun məsafə varkən, əslində həmin hesabla bu gün bir-birini
tanıma da, yaxınlaşma da daha irəligetmiş olmalı idi.
Təəssüf ki, ayrı-ayrı təşəbbüskar alim
və ədiblərin
– Rəsul Rza, Bəxtiyar Vahabzadə, Qasım Qasımzadənin
başladığı, Abbas
Zamanov, Qəzənfər
Paşayevin davam etdirdiyi çalışmaların
arxada qalan onillərdə arzulanan, umulan güclü axına çevrilməsi
mümkün olmayıb
və bununla da çox itirmişik.
Əlbəttə, bəlli
vaxt kəsiyində sərhədlərin qapalı
qalması, sovet nəzarətində olmağımız
da gedişata təsirini göstərib və qaçırılmış
fürsət illərində
İraq türklərinin
başda canlı klassik Əta Tərzibaşı olmaqla neçə görkəmli
şəxsiyyəti həyatdan
gedib, nəzərəçarpacaq
nəsil dəyişimi
baş verib.
Və bu
nəzərəçarpmaqlıq ilk növbədə o dəyişmələrin yalnız
fərqli yaş nəsillərinə mənsubluqla
deyil, həm də milli, ədəbi-mədəni düşüncəylə
əlaqədar olmasıdır.
O səbəbdən də
İraq və Azərbaycan türkləri
arasında bütün
istiqamətlər üzrə
vəhdətin, sıx
təmasların, qaynayıb-qarışmanın
artmasına indi ikiqat səylə çalışmaq vacibdir.
Həm dövlət, hökumət səviyyəsində,
amma beynəlxalq münasibətlərin, dövlətlərarası
əlaqələrin özünəməxsus
cəhətləri nəzərə
alınarsa, daha artıq ictimai təşkilatlar, ədəbi-mədəni-elmi
qurumlar və bir qədər də çox – qeyri-hökumət təşkilatları
biçimində. Bunu
zaman və siyasi xəttimizin fəlsəfəsi sifariş
edir.
3. Ölkə Prezidenti İlham Əliyev 2024-cü il fevralın 24-də yeni dönəmdə dövlətə
rəhbərliyə başlayarkən
keçirilən andiçmə
mərasimində “Bizim
başqa ailəmiz yoxdur. Bizim bir
ailəmiz var – türk dünyası!” söylədi.
Bu, fövqəladə
tarixi və siyasi mənası olan bəyanatdır. Prezident İlham Əliyevin bu sözləri hansısa başqa bir çıxışında deyil,
məhz andiçmə
mərasimində dilə
gətirməsi isə
çox simptomatik və rəmzi səciyyəlidir.
Bu, tək
bizimçün – Azərbaycandan
ötrü deyil, bütün türk dövlətləri və
xalqları üçün
taleyüklü bir çağırış, daha
düzgün ifadə
edilərsə – fəaliyyət
proqramı, yol xəritəsi, istiqamət
nişanverməsidir.
Prezident İlham
Əliyevin türklük
tarixinə həkk olunacaq bu müdrik,
qətiyyətli, cəsarətli
və ən önəmlisi ¬– tam dəqiq seçilmiş tarix kəsiyində elan edilən qiymətli bəyanatının
uzaq dünənində
böyük İsmayıl
Qaspıralının onillərcə
şüardan o yana gedə bilməsi mümkünsüz olmuş
“Fikirdə, dildə, işdə birlik” düşüncəsi dayanır.
XX yüzilin əvvəlindən ta XXI əsrin ilk iki onilliyinə qədərki tarixi gerçəkliyi və dünyanın siyasi maraqlar mənzərəsini
göz önünə
gətirərkən anlaşılan
əsas həqiqət
ondan ibarətdir ki, bütün arxadakı müddət ərzində sadəcə
şairanə arzu və çağırış
kimi qalmış, həm də müəyyən zaman parçalarında nəinki
icrası yolunda çalışmaq, hətta
səsləndirilməsi də
təhlükələr vəd
etmiş bu məramı Prezident İlham Əliyev məhz indiki reallıqlar müstəvisində nəzəriyyədən
təcrübəyə tətbiq
etməyə səsləyir
və ilk həlledici addımları
da atır.
Bu açılan
perspektivdə bizim İraq türkləri məsələsinə yanaşmamız
və hərəkətlərimiz
də keçmişdəkilərdən
köklü şəkildə
fərqlənməli, qat-qat
miqyaslı, intensiv və bəhrəli olmalıdır.
4. Türk birliyini
möhkəmləndirmək, ortaq ailəmizdə müştərək layihələr
və digər silsilə işlər görmək istiqamətində
çalışmalar nə
qədər çox olsa da, üstünlük
verdiyimiz başlıca
mövzulardan və ilklərindən biri İraq türkləri – ortaq türk ailəmizdə bizə oğuz kökənliliyi ilə bir köynək
də yaxın qardaşlarımız olmalıdır.
Qeyri-hökumət təşkilatlarının İraqdakı
ictimai birliklər, oxşar mahiyyətli qurumlarla rabitələri gücləndirilməli, onlara
dəstək göstərmək
yolunda səyləri artırılmalı, ortaq
layihələr ətrafında
səmərəli və
sistemli iş aparılmalıdır.
Güney və
Quzey Azərbaycan, eləcə də İraq türklərinin ifasında bədii parçaların, musiqi ifalarının, çeşidli
ədəbi proqramların
səslənəcəyi bir
sanballı internet televiziyasının fəaliyyətə
başlamasını ən
mötəbər yaxınlaşdırıcı,
qovuşdurucu körpü
kimi təsəvvür
edirəm. Bu televiziyanın fəaliyyət
göstərə bilməsi
hər üç tərəfdən səriştəli
şəxslərin işə
cəlb edilməsi ilə mümkün olacaq və bu təməl birlik tədricən daha da böyüyüb
artacaq birliyin təkançısına çevriləcək.
O televiziyada təqdim edilən və üç tərəfi təcəssüm etdirən
ayrı-ayrı bədii
parçalar, konsertlər
arasında müəyyən
saatlarda humanitar səciyyəli, ədəbi,
mədəni, elmi mövzulu xəbərlərin
də yer alması ortaq ədəbi dilimizin şəkillənməsinə doğru
daha artıq yaxınlaşmağımıza da şərait yaradar.
5. İraq türklərinin millik kimlik və
ana dili uğrunda mübarizələrinin
yaşı çoxdur
və bu fədakar çalışmaların
zəngin tarixində minnətdarlıqla xatırlanmalı,
ehtirama layiq xeyli
vətənpərvərin əməlləri
və adları, eyni zamanda, milli
yaddaşda həmin çalışmaların dərsləri
yaşayır.
Nəyə nail
olunub, daha nələr edilməlidir sualı bu baxımdan
həmişə ön
sırada dayanıb, bu günsə dünənkindən də
aktualdır.
Mən 1960-cı illərdə doktor Sinan Səidin yazıb müdafiə etdiyi “İraqda türk mətbuatı” mövzusunda dissertasiyasının
mətnini uzunmüddətli
ardıcıl səylərdən
sonra Moskvadan əldə edə bildim, tam mətni
çapa hazırlamışam,
bu yaxınlarda işıq üzü görəcək və həmin əsəri oxuyarkən oralarda ana dilinin mətbuatda
yerini tutması, radiodan səslənməsi
səmtində illərcə
nə qədər ağır yollardan keçildiyinə, nə qədər usanılmaz zəhmətlər çəkilməsinə
şahid olmuşam.
Bu təəssübkeş
xətt əsla dayanmamalı, bu gün daha modern
tərzdə irəlilədilməli,
bizlər də bacardığmız köməkləri
əsirgəməməliyik.
6. İraq türklərinin ədəbi-mədəni və
mənəvi irsinin Azərbaycanda daha artıq tanıdılması
üçün Nizami
Gəncəvi adına
Milli Azərbaycan Ədəbiyyatı Muzeyində
ayrıca ekspozisiya yaratmışıq. Gələcəkdə
həmin ekspozisiyanın
daha da genişləndirilməsi,
həmin muzeydə yaxın gələcəkdə
İraq türkləri
ilə bağlı beynəlxalq elmi simpoziumun keçirilməsi
planlaşdırılır.
Ancaq Azərbaycan
televiziya məkanında
və konsert səhnələrimizdə də
İraq türklərinə
vaxtaşırı günlər
ayrılması ehtiyacı
var.
Azərbaycan Yazıçılar Birliyinin
üzvləri sırasında
İraq türkləri
də var. Zənnimizcə, Azərbaycan
Yazıçılar Birliyinin
xarici ölkələrdəki
– Moskva, Borçalı,
Göyçə-Zəngəzur kimi bölmələri ilə yanaşı İraq türklərini əhatə edəcək bölməsinin də yaradılmasını məqsədəuyğun
hesab edirəm.
7. İraq türkmanlarının
irsi, ortaq dəyərlər, dərinləşməsi
və genişlənməsini
niyyət etdiyimiz mədəni əlaqələr
və digər bütün bağlılıqlar
və yaxınlaşmaların
əsas məqsədi
və hədəfi isə strateji səciyyəli olmalı, daha uzaqlara nəzər
dikməlidir.
İraq türklərinin
milli kimliklərini daha qətiyyətlə qorumaq, qabartmaq və təsdiqlətmək
mübarizələri, hüquqlarının
və milli diləklərinin daha vüsətli təmin olunması sahəsində
1990-cı illərin ortalarından
qabaqkı dövrlərdən
daha mütəşəkkil
halda təzahür edən və uğurlara da yetişən səyləri
bu gün türk dünyası həmrəyliyi və həmmövqeliyinin əhəmiyyətli
hədəflərindən biri
kimi qavranılmalı,
bu yöndə nailiyyətləri çoxaltmaqçün
tədbirlər tökülməli,
məqsədyönlü işlər
görülməlidir.
Söz yox,
həmin kontekstdə qeyri-hökumət təşkilatlarının
da çiyninə yetərincə məsul vəzifələrin düşdüyü
diqqətdə saxlanmalıdır.
Və sonda
bizim məramımızı
da, bu forumun
qayəsini də dolğunluğu ilə ifadə edən, Mosulun, Kərkükün,
Ərbilin, Səncərin,
Tuzxurmatunun, Bağdadın...
ətrini, havasını
daşıyan bir qocaman, amma köhnəlməz
xoyrat:
Ay azaldı,
Göy üzün
ayaz aldı.
Getdi, kömək
qalmadı,
Arxamız ay
azaldı.
Kredo .- 2025.- 23 oktyabr (¹30).- S.8.